O, aşıq yaradıcılığının qaynar çeşməsindən su içmişdi...
O, aşıq yaradıcılığının qaynar çeşməsindən su içmişdi...

(Şair-aşıq Aydın Çobanoğlu haqqında düşüncələr)


Aşıq Aydın Çobanoğlu barədə danışarkən, ilk növbədə onun cəmi 42 il ömür sürməsi və bu yaşda faciəli şəkildə həyatdan getməsi ürək ağrıdır. Çünki yaşadığı bu qısa zaman kəsiyində o, çox iş gördü, Azərbaycan aşıq sənətinin inkişafına əvəzsiz töhfəsini verdi, bu sahədə öz dəst-xəttini qoyub getdi. Aydın Çobanoğlu 1951-ci ildə sazlı-sözlü, aşıqlar məskəni Tovuzda, daha dəqiqi, bu rayonun Əlimərdanlı kəndində sənətkar ailəsində doğulmuşdu. Uşaqlıqdan aşıq havacatı ilə yuxuya gedər, aşıq havacatı ilə də yuxudan oyanardı. Aşıqlıq sənətində ilk ustadı da doğmaca atası aşıq Çoban olmuşdur. Eyni zamanda da erkən yaşlarından ustad aşıqlardan Aşıq Əkbər və Aşıq İmranın, Aşıq Mikayıl Azaflı və Çopur Ələsgərin, Aşıq Mahmud Məmmədov və Aşıq Xanların məclislərində onları böyük maraq və həvəslə dinləyir, hər birinin yaradıcılığını diqqətlə izləyir, onlar kimi saz götürüb söz demək arzusu ilə yaşayır. Bu həvəslə günü-günə qatır, öz üzərində yorulmadan çalışırdı. Onu da qeyd edək ki, Ulu Tanrı Aşıq Aydından heç nəyi əsirgəməmişdi. Şümşüd boy-buxun, yaraşıqlı çöhrə, aydın baxışlar, böyük natiqlik məharəti, ilahidən gələn istedad, mizrabı tutmaq üçün uzun barmaqlar və möhkəm biləklər bəxş etmişdi. Bir də kişilik rəmzi olan Buxara papağı, qalın bığları onun işıqlı simasına necə də yaraşıq verirdi?! Gənc aşıq hələ sağlığında dəfələrlə etiraf etmişdi ki, ilk ustadım atam olsa da, sonradan qazandığım bütün uğurlarıma görə mənəvi ustadım Aşıq Əkbərə borcluyam. O da maraqlıdır ki, Aşıq Aydın gəncliyində müxtəlif mövzularda şeirlərini “Hicrani” təxəllüsü ilə yazıb çap etdirirdi. Sonra atasına - ilk müəlliminə tükənməz hörmət və ehtiram əlaməti olaraq “Çobanoğlu” təxəllüsü ilə məşhurlaşdı, saz-söz sərraflarının diqqətini cəlb elədi, onların cərgəsinə qoşuldu. Aydının qələmindən çıxan şeirlərini, poeziya çələngini küll halında oxuyub nəzərdən keçirdikdə, belə qənaətə gəlirsən ki, o sanki ömrünə erkən vədəsində balta çalınacağını, yaradıcılığının məhsuldar çağında əcəl qapısını döyəcəyini hiss etmişdi.
O, aşıq yaradıcılığının qaynar çeşməsindən su içmişdi...

Ona görə də hər dəqiqəsini ölçü-biçidə saxlayır, daha çox yaradıcılıqla məşğul olmağa, yazıb-yaratmağa, saz, söz və səsin varlığına güvənərək, çoşğun ilhamından yetərincə bəhrələnməyə səy göstərirdi. O, yaşının elə məqamında idi ki, yaradıcılığı dağ çayları kimi aşıb-daşır, bulaq kimi qaynayır, şəlalə kimi kükrəyir, vulkan kimi püskürürdü. Haradan idi onda bu qədər fiziki güc, yüksək enerji, yazıb yaratmaq ehtirası, işgüzarlıq? Haradan almışdı bu coşqunluğu, təpəri? Əlbəttə, bütün bunlar Ulu Tanrının izniylə, necə deyərlər, ona vəhy olunmuşdur. Çünki Rəbbimiz Aydın üçün qələm çalanda ona agah idi ki, gözəl bəndəsinin ömrü 42 baharlıq olacaq, yəni 42 bahar yaşayacaq. Qoy o yaşa qədər zəngin yaradıcılığını üzə çıxarsın, folklorumuz gələcək nəsillərə, elə onun 5 sevimli övladına layiqli töhfə kimi qalsın, illər və qərinələr uzunu dillərdə dasdan olaraq yaşasın. Aydın Azərbaycanın hər bir guşəsini ürəkdən sevir, hər bir kəndə, rayona və bölgəyə böyük həvəs və sevgiylə gedir, o yerlərdəki bənzərsizliklərdən, bu gözəllikləri yaradan zəhmətkeş insanlardan, hər yerdə rastlaşdığı qaynar həyatdan zövq alır və bütün bu görüb şahidi olduqları onun
yaradıcılığına impuls verir, mütəmadi yazıb-yaratmağa səsləyirdi. Kim bilir belə işgüzarlıq, qaynarlıq hələ nə qədər davam edəcəkdir?! Nə yazıqlar ki, Aydın Çobanoğlu bəd gözə gəldi, ömür köhlənini istədiyi qədər səyirdə bilmədi-nagahan fitnə-fəsadla üzləşdi qəfil ölüm qabağa düşdü və onu Azərbaycan aşıqlarının cərgəsindən qoparıb apardı. Yaşasaydı, bu il 64 yaşını qeyd edərdi. Aydın Çobanoğlu BDU-nun Filologiya fakültəsində ali təhsil almış ilk aşıq idi. Ona görə də həm aşıq poeziyasının nəzəriyyəsinə, həm də çağdaş Azərbaycanın zəngin poeziyasına kifayət qədər vaqif idi. Üstəlik də, coşub-daşan, məcrasına sığmayan ilhamı onun yol yolçusu idi. Aydın Çobanoğlu insani keyfiyyətlər və istedadına görə ziyallıların, saz-söz xiridarlarının, eləcə də aşıq sənəti pərəstişkarlarının sevimlisinə çevrilmişdir. Hələ BDU-da təhsil aldığı illərdə o, bölgələrdən gəlib bu təhsil ocağında konsert verən aşıqların konsertlərini təşkil edir və başqa tədbirlərdə fəallıq göstərir, özünü saz-söz adamı kimi yaxın gələcəyə hazırlayırdı. Elə hazırladı da. Az bir vaxtda uğurları gənc aşığın əlini sıxmağa başladı. Onu da əlavə edək ki, Aşıq Aydın Çobanoğlu Bakıda aşıq sənətini ən fəal və uğurla təbliğ edən, sazı bir növ Bakıya köçürən (professor Qara Namazov) sənətkarlardan biri idi. İlk yaddaqalan uğuru isə 1975-77 illərə (24-26 yaşlarında) təsadüf edir. Belə ki Aşıqların 1-ci Ümumittifaq Festivalına qatılan gənc aşıq həmin mötəbər festivalın laureatı adını qazanır ki, bu da onun sonraki fəaliyyətinə təkan verir. Məhs bundan sonra aşıq kimi Aydın Çobanoğlunun şöhrəti respublikamızın sərhədlərini aşır, səsi xarici ölkələrdən gəlir. Belə ki Polşanın Zelena-Qore şəhərində düzənlənən 11-ci Beynəlxaq Folklor Festivalında azərbaycanlı aşıq orada ifaçılıq bacarığını nümayiş etdirərək festivalın qalibi kimi Vətənə qayıdır. Uğurlarını bir-birinin ardınca davam etdirən A.Çobanoğlu 1985-ci ildə 2-ci Dünya müharibəsində qələbənin 40 illiyinə həsr olunmuş Ümumittifaq Festivalının, 1987-ci ildə 2-ci Ümumittifaq Xalq Yaradıcılığı Festivalının laureatı adını qazanır. Bu nailiyyətlər gənc aşığın öz sənətinə vurğunluğuna, üzərində ciddi surətdə çalışmasına, fitri istedadına dəlalət edirdi. Gənc nəslin estetik tərbiyəsinə göstərdiyi mühüm xidmətlərinə görə Aydın Çobanoğlu o zamankı SOV.İKP MKN-nın və SSRİ Nazirlər Sovetinin fəxri fərmanları və diplomlarına layiq görülmüşdü. Belə bir nailiyyət isə o dövrdə hər aşığa nəsib olmurdu. O, 1988-ci ildə Lelinqradda (indiki Sankt-Peterburq) keçirilən 16-cı “Folklor və gənclik” Ümumittifaq elmi-praktik konfransında “Aşıq sənətinin öyrənilməsi yolları” mövzusunda geniş məruzə ilə çıxış etmiş, dərin məzmunlu çıxışı ilə tədbirdə iştirak edən müxtəlif xalqların nümayəndələrində xalq sənəti, Azərbaycan aşıq musiqisi barədə dərin təsəvvür yaratmaqla, tədbir iştirakçılarının sürəkli alqışlarını qazanmışdır. Onun 1990-1991 illərdə qardaş Türkiyənin Konya şəhərində baş tutan “Konya Aşıqlar Bayramı”nda uğurlu çıxışı Atatürk qızıl medalına layiq görülməsi gənc aşığın özünə məxsus zəngin yaradıcılığına qardaş ölkədə də kifayət qədər bələd olduqlarına bariz nümunədir. Şair-aşığın Azərbaycanın müxtəlif kənd və rayonlarında, necə deyərlər, ayaq izləri qalmışdır. Elə bunun nəticəsidir ki, gəzdiyi ulu Naxçıvana, Cəlilabad və İsmayıllının yaraşıqlı kəndlərinə, eləcə də Kəlbəcər və Tovuza həsr etdiyi ürəyəyatımlı şeir nümunələrini oxuduqca, Vətənə, elə, yurda bağlı sənətkarın köksü altda sanki odlu bir qəlbin döyüntüsünü eşidirsən.
O, aşıq yaradıcılığının qaynar çeşməsindən su içmişdi...

Cəlilabada həsr etdiyi 1 qoşmasının son bəndində bu əsrarəngiz, cənub regionunu belə təsvir edir: Saf əllərin çiçək açıb burda, bax, Buyur, gülüstana dönən yurda bax, Aşıq Aydın, bu gülşənə bir də bax, Neməti bol, qəlbi gen Cəlilabad! Aşıq Aydın ömrünün ətirli bahar çağında - 23 yaşında ürəyinə yatan Nərgiz adlı məhsum baxışlı bir xanımla ailə qurur , bu xoşbəxt evlilikdən Tanrı o mehriban ailəyə 5 gözəl övlad payı qismət edir: 4 bacı, 1 qardaş - Aygün, Günay, Aytəkin, Aytən və Səyyad! Vəfalı ömür-gün yoldaşı Nərgiz xanıma həsr etdiyi 1 şeirin 2 misrası ilə: Pərvanələr kimi hər gün, hər axşam Xoşbəxtəm, başıma dolananım var- deyən şair-aşıq Nərgiz xanımın pərvanə kimi onun ətrafında dolandığını dilə gətirir. Aydın Çobanoğlu daim axtarışda olan yaradıcı, yenilikçi, novator aşıq idi. Özü də bir-neçə aşıq havası bəsdələmişdi: “Səyyadi”, “Aygünüm”, “Çobanoğlu”, “Niyazi”, “Ana laylası”. O, müxtəlif illərdə 3 aşıqlar ansamblı yaratmışdı: “Günay” ailə ansamblı, “Sazçı qızlar “ ansamblı və “İncəgülü” ansamblı. O, ailəcanlı, dəyanətli ər, mehriban ata idi. Azərbaycanın hər hansı bir guşəsinə yaxud hər hansı əcnəbi bir ölkəyə getsəydi, mütləq hər gün ailəsinə, sevimli Nərgiz xanıma telefon açar, şirin-şəkər övladlarının kefini soruşardı. Təsadüfü deyil ki, elə ən gözəl şeir nümunələrini də uşaqlarına və onların təlim-tərbiyəsi ilə məşğul olan Nərgiz xanıma həsr etmişdir. Elə övladları Aytən və Səyyad da atalarının onları erkən tərk edib dünyasını dəyişsə də, zəngin və çoxsahəli yaradıcılığını vaxtilə müxtəlif mətbu orqanlarda çap olunmuş əsərlərini “ Ömrün etməyəcək vəfa dedilər” adlı kitabında toplamışlar.
Kitabın tərtibatçısı və ön söz müəllifi professor Qəzənfər Paşayev, rəyçilər xalq şairi Zəlimxan Yaqub və filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlidir. Aydın Çobanoğlu təkcə istedadlı aşıq deyildi, həm də böyük müşahidə qabiliyyətinə malik publisist və jurnalist, tətqiqatçı və araşdırıcı, eyni zamanda alim səviyyəsində gözəl ziyalı idi. Təsadüfi deyil ki, BDU-nun Filologiya fakültəsini bitirərək Aşıq Nəcəfin həyat və yaradıcılığı barədə yazdığı sanballı diplom işinin müdafiəsində iştirak edən xalq şairi Bəxtiyar Vahabzadə demişdir: “ “Bu müdafiə işi həcminə və mövzu əhatəsinə görə namizədlik işinə layiqdir. Mövzunun adını dəyiş “ 2-ci Dünya müharibəsi illərində ”Tovuz aşıqları” adlandır və müdafiə et”. Bəli, Azərbaycan aşıq yaradıcılığında öz dəst-xətti olan aşıq Aydın Çobanoğlu “ Ya fələyin gərdişi, ya anamın qarğışı” atalar sözündəki kimi faciəli surətdə erkən yaşında dünyasını dəyişsə də, bircə təsəllimiz odur ki, övladları Aygün və Səyyadın bu gün saz götürüb oxuduqları aşıq havalarını dilə gətirir, atalarının ruhunu şad edirlər. Biz də“Müqəddəs ata ruhu övladlarına duaçı olsun!”- deyirik.
O, aşıq yaradıcılığının qaynar çeşməsindən su içmişdi...

İdris Hacızadə
Hüseyn Memmedov

04 sentyabr 2015 -ci il. "Qarabağa aparan yol" qəzeti.

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031