Turaztv.az » Xəbərlər » TƏNZİLƏ RÜSTƏMXANLI – ÖMRÜNÜ MİLLƏTİNƏ, YOLUNU TÜRK DÜNYASINA HƏSR EDƏN XANIM!
Xəbərlər

TƏNZİLƏ RÜSTƏMXANLI – ÖMRÜNÜ MİLLƏTİNƏ, YOLUNU TÜRK DÜNYASINA HƏSR EDƏN XANIM!

28.11.2026, 23:10 6

Bu gün ömrünü xalqına, millətinə, milli ideallarına və türk dünyasının birliyinə həsr etmiş, ictimai-siyasi fəaliyyəti, prinsipial mövqeyi və əqidəsinə sədaqəti ilə seçilən Tənzilə Rüstəmxanlının doğum günüdür.

Tənzilə xanım haqqında yazarkən ilk növbədə onun şəxsiyyətində birləşən türkçülük ruhundan, milli təəssübkeşliyindən, mübarizliyindən və qadın iradəsindən söz açmaq lazımdır. O, təpədən dırnağa türkçüdür! Türk dünyasının birliyini sadəcə sözdə ifadə edən deyil, bu amal uğrunda illərdir yorulmadan çalışan, iki dövlət – bir millət düşüncəsini əməli fəaliyyəti ilə yaşadan insanlardandır.
Azərbaycan-Türkiyə Evinin başqanı, Azəri-Türk Qadınlar Birliyinin sədri, Milli Məclisin deputatı, VHP sədrinin müşaviri kimi fəaliyyəti onun ictimai həyatımızda tutduğu mövqenin göstəricisidir. Qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər onun həyat amalının ayrılmaz hissəsidir.
Təbii ki, ictimai həyatda fəal olmaq, öz sözünü demək, ideallarına sadiq qalmaq hər zaman alqışlarla qarşılanmır. Bəzən uğurlar qısqanclıq doğurur, zəhmətə kölgə salmaq, görülən işləri kiçiltmək istəyənlər tapılır. Haqqında əsassız sözlər söylənilir, müxtəlif fikirlər uydurulur. Amma bir həqiqət var: insanın kimliyini başqalarının söylədikləri deyil, illər ərzində ortaya qoyduğu əməli fəaliyyət müəyyən edir.
Tənzilə xanım da bütün bunların qarşısında öz yolundan dönməyən, mövqeyini qoruyan, mübarizəsini sözlə deyil, əməli ilə davam etdirən xanımlardandır. O, deyilənlərə deyil, gördüyü işlərə söykənir. Atalarımız demişkən, it hürər, karvan keçər! O karvanın istiqaməti isə bəllidir: milli ideallar, dövlətçilik, türk dünyasının birliyi və xalqına xidmət!
Onun şəxsiyyətinin başqa bir tərəfi də mərhəməti, səxavəti, insanlara münasibətdə həssaslığı və heç kimin haqqını danmamağıdır. Çünki əsl böyüklük yalnız tribunadan səslənən fikirlərdə, tutulan vəzifələrdə deyil, insanın ürəyində, davranışında, haqqı qorumaq əzmindədir.
Tənzilə xanımın ictimai-siyasi fəaliyyətinin dövlət səviyyəsində qiymətləndirilməsi də onun həyat yolunun əlamətdar səhifələrindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə imzaladığı Sərəncamla «Şöhrət» ordeninə layiq görülməsi onun çoxillik fəaliyyətinə verilən yüksək dövlət qiymətidir.

Bu xanımın həyatında xüsusi bir mənəvi dayaq da var. Xalq şairi Sabir Rüstəmxanlının ömür-gün yoldaşı olan Tənzilə xanım çıxışlarında həyat yoldaşından söz açarkən «Arxamda qocaman bir çinar ağacı dayanıb» deyir. Bu ifadədə həm böyük bir sevgi, həm qarşılıqlı hörmət, həm də illərin sınağından keçmiş ailə bağlılığı var. Bir-birinə dayaq olan iki ziyalı insanın ömür yolunda ailə dəyərlərinin necə mühüm yer tutduğunu görürük.
İki övlad anası olan Tənzilə xanımın övladlarına verdiyi bir tövsiyə isə onun ailə tərbiyəsinə, soy-kökə və mənəvi irsə münasibətini ifadə edir: «Daşıdığınız soyadını unutmayın, ona layiq olun!»
Əslində, bu sözlər yalnız övladlarına deyil, hər birimizə ünvanlanan bir mesajdır. Soyad sadəcə bir ad deyil, kökümüz, tariximiz, ailəmizin və nəslimizin daşıdığı mənəvi məsuliyyətdir.
Tənzilə xanımın həyat yolunda həm qadın iradəsi, həm ana həssaslığı, həm türkçü düşüncəsi, həm də ictimai mübarizə əzmi bir araya gəlib. O, öz varlığı ilə sübut edir ki, qadın həm ailəsinin dayağı, həm cəmiyyətin fəal üzvü, həm də milli idealların daşıyıcısı ola bilər.
Əziz Tənzilə xanım!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji və başladığınız bütün xeyirxah işlərdə uğurlar arzulayıram. Qoy yolunuz daim işıqlı, əqidəniz möhkəm, ürəyiniz Vətən sevgisi ilə dolu olsun. Övladlarınızın xoş günlərini görəsiniz, Sabir müəllimlə birgə uzun, sağlam və mənalı ömür sürəsiniz.
Qoy türk dünyasının birliyi naminə gördüyünüz işlər davamlı olsun, qəlbinizdə daşıdığınız milli ideallar gələcək nəsillərə də ötürülsün.

Yaxşı ki, varsınız, Tənzilə xanım!Doğum gününüz mübarək! Allah Sizi qorusun!

Sevgilərimlə,
TƏNZİLƏ RÜSTƏMXANLI – ÖMRÜNÜ MİLLƏTİNƏ, YOLUNU TÜRK DÜNYASINA HƏSR EDƏN XANIM!
Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist
28.11.2026 Bakı

Oxşar xəbərlər