Xəbərlər
AĞSAQQAL MÖVQEYİ VƏ USTAD NƏSİHƏTİ
Sənət dostlarıma tövsiyə...
Əziz dostlar, hörmətli qələmdaşlar, günlərdir bir məsələ ömrünün 50 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş pedaqoq, habelə ədəbi cameəyə yaxın olan bir adam kimi məni rahatsız etməkdədir. Açıq desəm bu fikirləri bölüşüb-bölüşməmək məsələsi müddətdir məni düşündürürdü.
Məhəbbət dastanlarında, bildiyimiz kimi, aşiqin dilindən belə bir ifadə işlədilir: "Ürəyimdən bir söz keçir; desəm öldürərlər, deməsəm ölləm"
Düşündüm ki, hər iki halda son nəticə ölümdürsə, deməyərək "ölməkdənsə", deyərək "öldürülmək" daha yaxşıdır.
Azərbaycanımızın digər bölgələrində olduğu kimi, Cənub bölgəsində, o cümlədən doğma Cəlilabadımızda sözə-sənətə marağın artması sevindirici haldır. Yaşlı və orta nəslin nümayəndələri ilə bərabər, gənclərdən ibarət xanım və bəy yazarlarımızın səsi, sözü, imzası diqqət çəkir. Bunların arasında öz dəsti-xətti ilə seçilən, bədii sözə dəyər qatan sağlam ruhlu gənclərimiz az deyil. Əlbəttə, mən ad çəkmək fikrində deyiləm, bütün hər şey göz önündədir.
Əziz həmkarlar, etiraf edək ki, ədəbi yaradıcılıq sahəsində son vaxtlar bəzi bayağı meyllər özünü göstərməkdədir.
Söz sənətində nəyi demək və necə demək məsələsi hikmət elminin məzmun və forma vəhdətini reallaşdırır. Bu mənada tarixi minilliklərlər ölçülən klassik ədəbiyyatımız tükənməz xəzinədir.
Nümunələrə müraciət edək:
- "Üzündə göz yeri var, sənə kim baxdı yarım?!" (Şif. X. Ədəb.)
- "Çox danışmaq sənə bəlkə asandır, "çox oldu" - desələr böyük nöqsandır" (N.Gəncəvi)
- "Səni bu hüsn-kamal ilə görüb,
qorxdular haqq deməyə, döndülər insan dedilər" (İ.Nəsimi)
- "Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?" (M.Füzuli)
- "Nədir düşüncəmimyıxan bu sual, qalib gələcəkmi cahanda kamal?" (S.Vurğun)
- "Çox kitablar oxuyub zənn elədim bəxtiyaram.
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam." (B.Vahabzadə)
- "Eşidirsən, pıçıldayır yıxılan-duran dünya mənim, dünya sənin, dünya heç kimin" (M.Araz)
Nümunələrdən göründüyü kimi, klassiklərimiz mükəmməl məzmunu kamil formada təqdimata üstünlük vermişlər.
Bədii yaradıcılıqda söz oyunu oynayıb, boş, mənasız qafiyəbazlığa yol verilməməlidir. Necə deyərlər, "sağ əllə sol qulağı, sol əllə sağ qulağı qaşımaq" sənət deyil.
Hörmətli qələm dostlarım, ucuz, zövqsüz meyxana (bədyə) üslubunun ədəbiyyata yol tapmasına imkan vermək olmaz. Xüsusilə xanım yazarlarımızın bu janra müraciəti rüsvayçılıqdır. Bu, bizim milli-mənəvi dəyərlərimizlə, əxlaq kodumuzla daban-dabana ziddir.
Yaradıcılıq qüdrətinə bələd olduğum, gələcək uğurlarına inandığım və şəxsiyyətinə hörmət etdiyim qələm sahiblərinin bu sahədə imzalarını görəndə çox təəccüb və təəssüf etdim.
Əziz dostlar, xanımlar və bəylər, söz sənətimizin bugünkü və sabahkı cəfakeşləri. Ədəbiyyatımızın Dədə Qorqud, Məhsəti xanım, N.Gəncəvi, İ.Nəsimi, S.Təbrizi, M.Füzuli, X.Natəvan, S.Ə.Şirvani, M.Şəhriyar, M.Dilbazi, B.Vahabzadə və s. kimi zirvələrini mənasız və dəyərsiz yazılarla aşağılamaq olmaz. Bunu tarix bizə bağışlamaz.
Ədəbiyyatımızın düzgün, sağlam klassik irsə söykənərək inkişafı yolunda hər birinizə uğurlar arzulayıram!
Zülfi Vellidağ
(Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGYTB Məsləhət Şurasının üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, TYB-nin xüsusi ödülü, "Turan Ödülü" və "Əsrin yazarı" medalı laureatı, Turan Xalq şairi, veteran pedaqoq, ədəbi təhlilçi və tənqidçi, ədəbiyyatşünas, şair)
Cəlilabad rayonu - 18.12.2026













