Xəbərlər
Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb
Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır.
Bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortaya çıxıb.
Noyabrın 16-da "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunan araşdırmada iştirakçılara pop, kantri və hip-hop janrlarında məşhur mahnıların 30 saniyəlik parçaları dinlədilib. Daha sonra onlardan musiqinin hansı xatirələri yada saldığını təsvir etmələri istənilib.
Tədqiqatçılar mindən çox xatirə təsvirini təhlil edərək müəyyən ediblər ki, eyni janr və ya dövrə aid mahnılar müxtəlif insanlarda oxşar xatirələr yarada bilir.
Alimlərin fikrincə, bunun səbəbi insanların şüurunda formalaşan ümumi mədəni təsəvvürlərdir. Məsələn, müəyyən musiqilər yay səyahətləri, ailə toyları və ya dostlarla keçirilən məclislərlə əlaqələndirilə bilər. Bu hadisələr hər kəsin həyatında fərqli olsa da, musiqi oxşar assosiasiyalar yaradır.
Araşdırma göstərib ki, xatirələrimiz təkcə şəxsi təcrübələrimizdən deyil, həm də eyni nəsildən olan insanları birləşdirən ümumi mədəni təsəvvürlərdən təsirlənir.















