Turaztv.az » Xəbərlər » Bir yumurta hüceyrəsinə 700 manat: Qadınları hansı təhlükələr gözləyir? - Foto
Xəbərlər

Bir yumurta hüceyrəsinə 700 manat: Qadınları hansı təhlükələr gözləyir? - Foto

30.10.2026, 11:21 3

Son günlər yenidən süni mayalanma üçün yumurtalıq follikulu donorlarının tələb olunması barədə elanlar paylaşılmağa başlanılıb. Donor olacaq şəxslərə isə 700 manat ödəniləcəyi vəd edilir. Bəzi xanımlar maddi qazanc niyyətinə bu yola əl atırlar.

Maraqlıdır, bəs görəsən, yumurtalıq follikulu donoru olmaq qadınların sağlamlığı üçün hansı risklər yaradır?

Bu barədə açıqlamasında baş həkim, mama-ginekoloq Arzu Məhərrəmova bildirib ki, donor olacaq xanımlar yüksəkdozalı hormonal preparatlardan, inyeksiyalardan istifadə edirlər:

"Qadının donorluğuna oosit donorluq deyilir. Sonsuzluq hallarında bundan istifadə olunur. Digər tibbi prosedurlar kimi bu prosedurun da mümkün riskləri var. Follikulların yetişdirilməsi zamanı həkimlər bir neçə follikul əldə etməyə çalışırlar. Buna görə də yüksəkdozalı hormonal preparatlardan, inyeksiyalardan istifadə olunur. Bu preparatların da qadınlara müəyyən yan təsirləri və əks göstərişləri var.

Əsasən, 8-12 gün müddətində hormonal inyeksiyalar təyin olunur. Bu qadınlarda yumurtalıqların böyüməsi, baş ağrıları, qarında köp, ağrılar və diskomfort yarada bilər.

Bundan başqa, yumurtalıqların hiperstimulyasiyası da baş verə bilər. Buna yumurtalıqların hiperstimulyasiya sindromu deyilir. Yüksək dozada hormonal preparatların təsirindən yumurtalıqlar və follikullar böyüyür. Nəticədə pasiyentlərdə ürəkbulanma, başağrısı və qarınağrısı yaranır. Çox nadir hallarda qarın boşluğunda maye toplanması, tromboz, böyrək çatışmazlığı və digər fəsadlar meydana çıxır.

Bundan başqa follikullar USM (ulrasəs müayinəsi) nəzarəti altında götürülür ki, bu da bəzən qanaxma və infeksiya halları yarada bilir. Çox nadir hallarda isə qonşu orqanlar zədələnə bilər".

Ginekoloq əlavə edib ki, qadının bir dəfə donor olması təhlükə yaratmır, lakin təkrar donorluqlar müəyyən riskləri artıra bilir:

"Bəzən qadınlar maddi qazanc əldə etmək məqsədilə bir neçə dəfə donor olurlar. Təkrar donor olmaq qeyd etdiyim riskləri artıra bilər.

Sonsuzluğa gəlincə, qadının yumurtalıqlarında yumurta hüceyrəsi ehtiyatı, yəni yumurtalıq rezervi var. Bəzi hallarda bu ehtiyat azala bilər. Qadın donor olduqda sonsuzluq riskinin yarana biləcəyini düşünürəm. Bu, həm qeyd etdiyim fəsadlarla, həm də çox sayda follikulun yetişdirilməsi ilə əlaqəli ola bilər.

Digər tərəfdən, məsələnin genetik tərəfi də var. Əgər donor olan qadının yumurta hüceyrələrində irsi xəstəliklərlə əlaqəli genetik dəyişikliklər və ya xromosom anomaliyaları varsa, həmin hüceyrələr digər qadınlara köçürüldükdə bu xəstəliklərin uşağa ötürülməsi riski yarana bilər. Bu da bəzi genetik xəstəliklərin nəsildən-nəslə ötürülməsinə səbəb ola bilər".

Oxşar xəbərlər