Xəbərlər
22.08.2026, 00:16
SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO
65 İLLİK YUBİLEYİNƏ HAZIRLAŞDIĞIMIZ KAMİLƏ SALMANLI ÜÇÜN DOSTLUQ BİR TƏRƏZİ DEYİL, ÜRƏK MƏSƏLƏSİDİR
Dünyanın elə bir vaxtıdır ki, adam adamı tapmaq üçün gərək əlinə çıraq alıb küçələrə düşə. Amma o çırağın da işığı hər qaranlığı yara bilmir. Çünki indiki qaranlıqlar bayırda yox, adamların içindədir. Bax, belə bir vaxtda, bu basabasda və kimsəsizlikdə birdən qarşına elə bir insan çıxır ki, onun varlığı sənə itirdiyin bütün insanlıq koordinatlarını təzədən xatırladır.
KAMİLƏ SALMANLI NAXIŞI
O adam bütöv olur. Sözü bütöv, özü bütöv, dərdi bütöv... Mənim üçün mətbuatın bu keşməkeşli, toz-torpaqlı yollarında, şeirin o dumanlı, sirli cığırlarında rast gəldiyim belə bütöv adamlardan biri, bəlkə də birincisi, mənim əziz dostum, dəyərli həmkarım Kamilə Salmanlıdır.
Mən həmişə demişəm, yenə də sözümün üstündə bərk dayanmışam: jurnalistika insanın ağlıdırsa, poeziya onun ürəyidir. İndi siz təsəvvür edin, bir adamda həm o iti, kəsərli ağıl olsun, həm də o kövrək, hər pıçıltıya diksinən ürək. Çətindir, vallah, çox çətindir! Kamilə xanım bax, bu iki odun arasında yaşayan, amma yanmayan, əksinə, o addan-alovdan sözün, həqiqətin rəsmini çəkən qələm sahibidir.
Jurnalistlik bir tərəfə, o, həm də şairdir. Şairlik isə peşə deyil, adamın canının, ruhunun rəngidir. Onun şeirlərini oxuyanda mənə elə gəlir ki, Kamilə xanım sözləri misralara düzmür, elə bil öz ürəyinin döyüntülərini kağızın üstünə köçürür. Onun poetik dünyasında bir təmizlik var, süni pafosdan, ucuz qafiyəbazlıqdan uzaq təmizlik. O, ağrını da elə gözəl yazır ki, adamın o ağrıya hörməti artır. Çünki bilirsiniz necədir? Yalançı sevinclərdənsə, gerçək və ləyaqətli kədər min dəfə yaxşıdır. Kamilə Salmanlı da mətbuatın o soyuq, rəsmi dili ilə poeziyanın o ilıq, doğma nəfəsini elə bir-birinə qovuşdurub ki, ortaya çıxan mənzərənin adı, sadəcə, "istedad"dır.
CƏRRAH HƏSSASLIĞI VƏ ANA ŞƏFQƏTİ
Biz çox vaxt elə bilirik ki, jurnalist reallığı yazmalıdır, vəssalam. Amma hansı reallığı? Axı bu dünyada görünən reallıqların arxasında bir də görünməyən, ancaq hiss edilən həqiqətlər var. Kamilə Salmanlı da jurnalist kimi o görünənləri yazır, şair kimi isə o görünməyənlərin ruhunu tutur. Onun qələmi heç vaxt kiminsə xoşuna gəlmək üçün yaltaqlanmadı, heç vaxt konyunkturaya xidmət eləmədi. Çünki o, sözün namusunu qorumağı bacaran mətbuat fədailərindəndir. İndiki zəmanədə sətirlərin arasından qonorar qoxusu yox, insan qoxusu, vicdan qoxusu gələn yazılar oxumaq böyük xoşbəxtlikdir. Kamilə xanımın hər yazısında, hər reportajında, hər publisistik qeydində o insanı tapırsan. O, cəmiyyətin yaralarına toxunanda qəddarlıqla yox, cərrah həssaslığı və ana şəfqəti ilə toxunur.
Dostluq məsələsinə gəlincə isə... Bilirsiniz, Kamilə Salmanlı elə bir dostdur ki, onunla susmaq da xoşdur. Bəzən saatlarla danışmazsan, amma bilərsən ki, haradasa doğma ruh var və o ruh sən qürbətdə olsan da, tənhalıqda qalsan da, sənin üçün dua edir. O, dostunun uğuruna öz uğuru kimi sevinən, dostunun dərdi gələndə isə ön cəbhəyə birinci atılan adamdır. Onun qadın zərifliyinin arxasında elə bir kişi mərdliyi, elə bir dağ vüqarı dayanır ki, adam heyran qalmır, sadəcə, bu dostluğun varlığına görə Tanrıya şükür edir.
Kamilə Salmanlı bu gün Azərbaycan mətbuatında və ədəbiyyatında öz cığırı olan, öz sözünü dik və məğrur deyən bir imzadır. O imza rüşvətlə, tapşırıqla, kimlərinsə kölgəsində daldalanmaqla qazanılmayıb. O imza gecələrin yuxusuzluğundan, göz nurundan, kağız üzərində quruyan göz yaşlarından və ən əsası, təmiz addan yoğrulub.
“ŞAM İŞIĞI”NIN DAİM YANAN ŞAMI
İndi gələk məsələnin o biri tərəfinə. Bilirsiniz, bəzən adamın taleyi elə adında, seçdiyi məkanda gizlənir. Kamilə Salmanlı həm də "Şam işığı" ədəbi məclisinin o sönməyən, həmişə titrəyən, amma inadla işıq saçan şamlarından biridir. "Şam işığı" – baxın, bu adda nə qədər fəlsəfə var! İndiki zəmanənin o bərq vuran, adamın gözünü qamaşdıran, amma içində zərrə qədər hərarət olmayan süni led-çıraqlarının yanında, o qədim, o doğma şam işığı nə qədər səmimi görünür, ilahi! O şam təkcə işıq vermir, həm də yana-yana əriyir. Kamilə xanım da o məclisdə elədir – yana-yana, əriyə-əriyə başqalarının yoluna işıq tutur.
"Şam işığı" məclisində Kamilənin yeri, sadəcə, üzv yeri olmayıb. O, həmin məclisin həm vicdanı, həm də ocağının külünü sovurmağa qoymayan keşikçisi idi. Ədəbi məclislər çox olub, amma çoxu elə "məclis" səviyyəsində qalıb – yeyib-içmək, pafoslu şeirlər, saxta təriflər... Amma "Şam işığı" başqa yadda qalıb. Orada sözün çəkisi olub, orada insan ruhunun pıçıltısı eşidilib. Kamilə Salmanlı o pıçıltını eşidən və onu car çəkmədən, zərifcəsinə dünyaya yayan adamdır.
Onun "Şam işığı"ndakı varlığı mənə o qədim dərvişlərin, söz ustalarının sakitliyini xatırladır. O, böyük-böyük iddiaların dalınca qaçmır, sadəcə, o kiçik şam işığında böyük həqiqətləri axtarır. Kamilə xanım o məclisdə həm şair kimi sözün sehirbazıdır, həm də jurnalist kimi o sehri reallığa çevirən ustadır. Onun üçün o məclis bir sığınacaqdır – dünyanın tozundan-torpağından, mətbuatın o hay-küylü və bəzən də insafsız gündəmindən qaçıb ruhunu təmizlədiyi guşədir.
Mən baxıram, o şamın işığında Kamilə Salmanlının üzünə elə bir nur düşür ki, adam elə bilir bu qız bu dünyadan deyil. Amma yox, elə bu dünyanın adamıdır, özü də ən ağır dərdlərini çiynində daşıyan, amma kimsəyə yük olmayan adamıdır. "Şam işığı" məclisinin üzvləri arasında o, həm bacı, həm sirdaş, həm də sözün namusunu hər şeydən uca tutan qələm dostudur.
Ziyalı olmaq xasiyyətdir, diplom deyil. Kamilə xanımın da xasiyyəti elə o şam kimidir – sakit, təmkinli, amma qaranlığa təslim olmayan. O, "Şam işığı"nda həm yanmağı bacarıb, həm də yandırmağı – yəni başqalarının ürəyindəki o sönmək üzrə olan ümid çırağını alışdırmağı. Bax, həqiqi sənətkar missiyası budur. Kamilə Salmanlı həmin missiyanın ən ləyaqətli daşıyıcısıdır.
SÖZÜN DÜZÜNÜ ADAMIN ÜZÜNƏ ŞEİR KİMİ DEYƏN ADAM
Bu dünya bir qatar kimidir – kimisi tez düşür, kimisi mənzil başına qədər gedir. Amma elə adamlar var ki, onlar qatardan düşsələr də, qoxuları o kupelərdən, o vaqonlardan illərlə çəkilmir. Mənim əziz dostum Kamilə Salmanlının taleyində də belə bir nuru olan insan vardı – mərhum şairimiz, "İlham çeşməsi" qəzetinin baş redaktoru və "Şam işığı" ədəbi məclisinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Əziz Musa.
Əziz Musa elə bir adam idi ki, sözün düzünü adamın üzünə şeir kimi deyərdi. O, Kamilə haqqında həmişə ağızdolusu danışardı. Niyə? Çünki Əziz müəllim "Şam işığı"nın təkcə rəhbəri deyildi, həm də o işığın sönməməsi üçün öz ömrünü şam kimi əridən insan idi. O, Kamilə Salmanlıdakı səmimiyyəti, "qara tellərdən asılan" poetik ruhu və mətbuatdakı prinsipiallığı hələ illər öncə görmüşdü.
Əziz Musanın Kamilə xanım barədə dediyi xoş sözlər, sadəcə, tərif yox, bir ustadın öz ləyaqətli davamçısına verdiyi xeyir-dua idi. Əziz Musa Kamilə Salmanlının qələmindəki o "vətən, torpaq həsrətini" duymuşdu və bilirdi ki, bu xanım sözü oyuncaq etməyəcək. O, Kamilə xanımı "Şam işığı"nın ən parlaq guşəsində əyləşdirmişdi, çünki onun yazdığı hər misrada bir dürüstlük naxışı vardı.
İndi Əziz müəllim yoxdur, amma onun o xoş sözləri Kamilə Salmanın çiynində məsuliyyət kimi qalıb. O da həmin sözlərin ağırlığını bilir və hər yazısında, hər yeni şeirində sanki o rəhmətlik ustadın ruhuna hesabat verir. "Şam işığı" məclisində o şamlar yenə yanırsa, deməli, Əziz Musanın ruhu şaddır, çünki Kamilə Salmanlı kimi sadiq dostlar həmin işığı söndürməyə qoymurlar.
ÖMRÜN MÜBARƏK ZİRVƏSİ
Mənim əziz dostum, şair və jurnalist Kamilə xanım! Siz bu boz dünyanın ən rəngli, ən işıqlı insanlarından birisiniz. Sizin qələminiz bu millətin mənəviyyat aynasıdır. Arzum budur ki, o aynaya heç vaxt toz qonmasın. Yazın, yaradın, çünki sizin yazdıqlarınız, sadəcə, bu günün qəzet səhifələrində qalan yazılar deyil, gələcəyin yaddaş kitabına düşən sətirlərdir. Yolunuz açıq, ilhamınız bol, dostluğunuz isə hər zaman bizim üçün sığınacaq olsun. Yaxşı ki varsınız, yaxşı ki bu çətin dünyada məhz sizin kimi bir dostla çiyin-çiyinə addımlayırıq!
Və sonda:
İllər bir sətirdir ömür kitabında,
Hər bir səhifəyə bir bəzək oldun.
Bu gün yubileyin uca taxtında,
Kamilə, söz mülkünün tacı sən oldun.
Sən dostluq elçisi, səmimi insan,
Qəlbin bir ümmandır, sevgin asiman.
Yubiley yaşını qarşılayan an,
Fəxr edir səninlə doğma bu cahan.
Misra-misra axır ilham çeşməsi,
Yazdığın hər şeir bir ömür payı.
Səndədir sətirin bədii nəfəsi,
Sözünlə bəzədin sən ili, ayı.
Dostluğun sadiqdir, qəlbin tərtəmiz,
Sən bizim camiədə hər zaman əziz.
Yubiley günündə sənə ürəkdən,
Cansağlığı arzulayır “Ziyalı” ailəmiz.
Yeni zirvələrə ucalsın səsin,
Qələmin hər zaman kəsərli qalsın.
Bu nurlu yubiley, bu xoş nəfəsin,
Ömrünə ən gözəl hədiyyə olsun!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















