Dünya elə bir yerdir ki, burada hər kəsin öz aynası var. Amma çoxunun aynası ya tozludur, ya da elə əyridir ki, özünü də, düzünü də tanımağa qoymur. Bax, belə bir vaxtda, bu qarışıq zəmanədə kiminsə "Obyektiv" bir baxışla ortaya çıxması təkcə peşə deyil, həm də bir cəsarət məsələsidir. Dünya çoxdan dəli olub, biz də onun dərdini çəkirik. Hörmətli söz dostum, həmkarım İradə Əbdurrahmanlı da o dərd çəkənlərin ən dözümlüsü, qələmini o dərdlərin üstünə süngü kimi çəkənlərdən biridir.

HƏM KÖVRƏK, HƏM DƏ MƏĞRUR


Mən jurnalistikaya, sadəcə, xəbər toplamaq yeri kimi baxmıram. Jurnalistika adamın ağlıdırsa, publisistika onun ürəyinin döyüntüsüdür. İradə xanım da illərlə o "Obyektiv"in baş redaktoru olanda təkcə qəzet buraxmırdı, həm də cəmiyyətin o ağrılı yerlərinə bir cərrah həssaslığı ilə toxunurdu. Yazıçı nəsri kimi, onun da redaktorluğu axıcı, səmimi və süni pafosdan uzaq idi. O, hadisələrin qabığını yox, elə birbaşa mahiyyətini görürdü. Çünki ziyalılıq diplomla olmur, ziyalılıq xarakterdir. İradənin xarakteri isə elə bütöv Azərbaycan kimidir – həm kövrəkdir, həm də məğrur.
Ad günü gələndə çoxu adama "xoşbəxtlik" arzulayır. Amma xoşbəxtlik nədir ki? Bir anlıq parıltı, ya da bir stəkan çayın buğunda gizlənən rahatlıq... Mən İradə xanıma arzulayıram ki, onun qələmi həmişə o "Obyektiv"liyini qorusun. Çünki indiki vaxtda obyektiv qalmaq, hər kəsin subyektiv mənfəətlərini qatlayıb cibinə qoymaq böyük hünərdir. Seyran Səxavət üçün insanı tanımaq bir andır. İradəni tanıyanlar isə bilirlər ki, onun baxışlarında həmişə bir ana şəfqəti ilə bərabər, həm də bir həqiqət aclığı var.

İndi bəlkə kimsə deyər ki, ay Daşdəmir, 2-3 vərəq yazmaqla İradəni necə sığışdıraq?" Sığmaz, vallah, sığmaz! Çünki insanın ruhunu vərəqlərə köçürmək mümkün olsaydı, şairlər çoxdan işsiz qalardı. O, mətbuatın o tozlu, hay-küylü yollarında öz ləyaqətini bir inci kimi qoruyub saxlaya bildi. Yaxın dostu, “Azərbaycan pioneri” qəzetinin baş redaktor müavini, mərhum Akif İsmayıl kimi ustadlar da İradə Abdurrahmanlıya nə qədər səmimi yanaşardılarsa, mən də İradəyə o qədər səmimiyyətlə yanaşmışam. Çünki onlar eyni cığırın yolçusudur – "Azərbaycan nəşriyyatı" adlı mötəbər bir məbəddə, müqəddəs ocaqda qaranlığı qovan, sönmək istəyən ümidləri alışdıran adamlar.

SABİRABAD MÜHİTİ


İradə Əbdurrahmanlı ömrünün və fəaliyyətinin mühüm bir hissəsini Sabirabadda keçirib, rayonun ictimai, mədəni və ədəbi həyatında fəal iştirak edi. O, bölgədə mənəvi dəyərlərə, sözə və sənətə böyük qiymət verən ziyalı kimi tanınır. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirdikdən sonra rayonda yaşadığı illərdə kirabxana sistemində çalışıb, rayonun fəallarından biri kimi formalaşıb. Bir müddətdən sonra Bakıya köçən İradə xanım yaardıcılığı ilə məşöul olmağa başlayıb.

Əvvəlcə bir neçə mətbuat orqanında fəaliyyət göstərdikdən sonra özü müstəqil “Obyektiv” qəzetinin qeydiyyatdan keçirib, təsisçi və baş redaktor kimi çalışıb. Həmin dövrlərdə mətbu sözün, qözdən salınmağa başlayan qələmin keşiyini çəkməyə başlayıb.
Bu dünya bir karvandır, biz də o karvanın içində bir-birimizə həm sirdaşıq, həm də yol yoldaşı. Amma hər adamla yola çıxmaq olmur. Elə adam var ki, yolu yarıda qoyar, eləsi də var ki, yolun ağırlığını elə sənə hiss etdirməz ki, mənzil başına necə çatdığını bilməzsən. İradə Əbdurrahmanlı məhz o "yol yoldaşı" dediyimiz nadir insanlardandır. Onunla yol getmək təkcə məsafə qət etmək deyil, həm də bir insanlıq dərsi keçməkdir. Biz də 36 ildən çoxdur ki, onunla mətbuatda yol yoldaşıyıq, qələm dostuyuq, ürək dostuyuq.

OBYEKTİVLİYİNİ ÜRƏYİNDƏN ALAN REDAKTOR


İradə xanım illərlə "Obyektiv" qəzetinin baş redaktoru olanda təkcə rəsmiyyəti və ya mətbuatın soyuq dilini yox, həm də o "Obyektiv"liyin içinə öz səmimiyyətini qatmışdı. İradə xanımın xarakteri də elə o rəhbərlik etdiyi qəzetin adı kimidir : düppədüz, əyri-üyrüsü olmayan, həqiqəti fokusdan yayındırmayan. İndiki dövrdə çoxu öz xeyrinə "subyektiv" baxışlarla dünyanı bəzəyəndə, İradə xanım o çətin redaktorluq yükünü ləyaqətlə, heç kimə əyilmədən çiynində daşıdı.

YARIMÇIQ QALMIŞ "OBYEKTİV" VƏ AMİDİN NAKAM İŞIĞI

Bu dünya bəzən elə bir "mizan-tərəzi" qurur ki, bütün çəkilər, bütün ölçülər alt-üst olur. Bir ananın öz övladını torpağa tapşırması, özü də iki il əvvəl Amid kimi nakam bir gəncin bu dünyadan köçməsi təkcə İradənin yox, elə bütün "insanlıq qeyrəti" çəkənlərin dərdi, qlobal bir kədərdir...

Allahın yarımçıq qoyduğu filmin ardını çəkmək ən ağır işdir. İradənin ömür "filmi"ndə Amidin gedişi o yarımçıq qalmış kadrların ən ağrılısıdır. İki il əvvəl Amidin bu dünyadan köçməsi ilə sanki İradənin illərlə qoruduğu o "Obyektiv"in fokusu dumanlandı, hər şey rəngini dəyişdi. Çünki bir ana üçün övlad dünyadakı ən parlaq işıqdır. O işıq sönəndə adam milyonların içində tək, tək olanda da tənha qalır. Amidin gedişi, sadəcə, bir ölüm deyil, bir gəncliyin, bir ümidin nakam qalmasıdır. İradə xanım indi bu dünyada həm öz ömrünü yaşayır, həm də Amidin yarımçıq qalmış arzularını çiynində daşıyır. O, indi o özünün yandırdığı şam işığında təkcə sözün işığına yox, həm də Amidin ruhunun işığına sığınır. Dünya çoxdan dəli olub, İradə də indi o "yaradıcı dəliqanlı”ların ən ağıllısı kimi bu dərdin ağırlığını çəkir. Amma o bilir ki, mömin insan üçün bu dünya bir imtahandır və övlad itkisinə səbir etməyin mükafatı böyükdür. İradənin yol yoldaşlığı indi təkcə dirilərlə yox, həm də o nakam köçən ruhlarla bir səmimiyyət körpüsü qurub. Onun hər yazısında, hər baxışında indi bir az da Amid var.

AMİDİN FIRÇASINDAKI "NAKAM" İŞIQ

Rəssamlıq təkcə boyaların kətana köçürülməsi deyil, o, ruhun rənglərlə çəkilən rəsmidir. İradə xanımın oğlu Amidin gözəl rəssam olması bu hekayəni daha da işıqlı və eyni zamanda daha da göynərtili edir. Bir ananın "Obyektiv"indəki o ən parlaq kadr, sən demə, elə fırçasından nur tökülən bir sənətkar imiş.

Amid də bu dünyaya, sadəcə, qonaq gəlməmişdi, o, buraları gözəlləşdirməyə gəlmişdi. Onun çəkdiyi rəsmlər bəlkə də bizim görmədiyimiz, amma onun o təmiz ruhu ilə duyduğu dünyanın mənzərələri idi. Bir rəssamın yarımçıq qalmış əsəri ən ağır sükutdur. İndi Amidin fırçası sussa da, o kətanlardan boylanan rənglər anası İradənin və onu tanıyanların qəlbində yaşayır.
Rəssamlıq elə bir sirrdir ki, adam əriyib o rənglərin içinə qarışır. Amid də elə etdi - o, özünü rəsmlərinə köçürüb, ruhunu o tablolarda əbədiləşdirib getdi. Əsl sənətkar ölmür, o, sadəcə, öz əsərinin içinə köçür. İndi İradə xanım hər dəfə Amidin rəsmlərinə baxanda, əslində onunla söhbət edir, o boyaların arasından oğlunun nəfəsini duyur.

ŞAM İŞIĞINDA BİR RƏSSAM KÖLGƏSİ


Arada İradə xanımın evində şamlar yananda sanki Amidin rəsmlərindəki o gizli işıqlar da alışır. Dostları onu həmişə o yaradıcı ruhu, o sakit və dərvişnamə xasiyyəti ilə xatırlayırlar. Onun rəssamlıq istedadı İradənin jurnalist obyektivliyini tamamlayan o poetik tərəf idi.
Amidin nakam köçməsi ilə mətbuatımızın və sənətimizin o ortaq mənzərəsinə bir kədər kölgəsi düşsə də, onun yaradıcılığı həmişə nur kimi qalacaq. Allahın rənglərlə sevdiyi adamlar heç vaxt unudulmur.

Və sonda. Əziz və dəyərli İradə xanım! Bu yeni yaşın sənə elə bir işıq gətirsin ki, o "Obyektiv"in heç vaxt fokusunu itirməsin. Sən bizim mətbuatın o təmiz, duru suyusan. Yaz, yarat, çünki sənin yazdığın hər sətir sabahın yaddaş kitabıdır. Sən dilimizin "təmizlik qurğusu", mətbuatımızın vicdan süzgəcisən.

Ad günün mübarək! Qələmin kəsərli, ömrün o yazdığın ən gözəl məqalələr kimi maraqlı və uzun olsun. Biz bu dəli dünyanın dərdini çəkməyə davam edəcəyik, sən isə o dərdləri bədii sözün süzgəcindən keçirib bizə yenidən sevdirəcəksən. Yaxşı ki varsan!
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31