Xəbərlər
18.08.2026, 23:42
VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU
Şəhidlik – Vətən torpağının azadlığı, dövlətimizin varlığı və xalqımızın milli qüruru uğrunda ömrünü fəda etmək, əbədiyyət zirvəsinə ucalmaqdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən igid oğullarımızın xatirəsini yaşatmaq, onların keçdiyi şərəfli ömür yolunu gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.
Bu ali məqsədə xidmət edən növbəti təsirli və yaddaqalan tədbir 17 avqust 2026-cı il tarixində Sumqayıt şəhər Tarix Muzeyində baş tutmuşdur.
Mərasim Anti-terror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Gizir Rəhimov Ramil Sucəddin oğlunun əziz xatirəsinə həsr edilmiş "Vətənə yazılan ömür" kitabının təqdimatına həsr olunmuşdu.
Tədbir müqəddəs ənənəyə uyğun olaraq, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Mərasimi Sumqayıt şəhər Tarix Muzeyinin rəhbəri Namiq İslamov açaraq gələn qonaqları, ziyalıları və şəhid doğmalarını salamladı, şəhid ailələrinə dərin hüznlə səbr, dözüm dilədi.
Daha sonra nitq söyləyən Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəhbəri, qəhrəman şəhidimiz Əbdülməcidin anası Ceyran xanım Haşımova şəhidlərimizin xatirəsinin bu cür nəfis nəşrlərlə əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki mühüm rolunu vurğuladı.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, kitabın müəllifi Raziyyə xanım Kamil qızı Rzayeva çıxışında kitabın ərsəyə gəlmə prosesindən və şəhid Ramil Rəhimovun döyüş yolundan geniş söhbət açdı. Raziyyə xanım öz çıxışında "Sosial Dövlət Naminə" İctimai Birliyinin fəaliyyətini xüsusi qeyd edərək, təşkilatın sədri Faiq müəllimə və tədbirdə iştirak edən Zülfiyyə xanım İsmayılovaya dərin minnətdarlığını bildirdi.
Tədbirdə "Sosial Dövlət Naminə" İctimai Birliyinin Abşeron rayon Qadınlar Şurasının sədri Zülfiyyə xanım İsmayılova da iştirak edərək məzmunlu və ətraflı çıxış etmişdir. Zülfiyyə xanım ilk növbədə gələn qonaqları, ziyalıları və başımızın tacı olan şəhid ailələrini səmimiyyətlə salamlamışdır. O, igid oğullarımızın 44 günlük Vətən müharibəsində və uğurlu Anti-terror əməliyyatları zamanı göstərdikləri misilsiz şücaətlərdən, xalqımıza bəxş etdikləri böyük zəfər tarixindən qürurla söz açmışdır.
Zülfiyyə xanım öz çıxışında eyni zamanda şəhid ailələrinə, qazilərə və həssas sosial qruplara qayğının təşkilatın əsas qayəsi olduğunu vurğulamışdır. O, "Sosial Dövlət Naminə" İctimai Birliyinin və birliyin sədri, tanınmış İctimai Xadim Faiq Əhmədovun bu sahədə həyata keçirdiyi xeyirxah, nəcib və ardıcıl işləri diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, İctimai Xadim Faiq Əhmədovun rəhbərliyi altında "Sosial Dövlət Naminə" İctimai Birliyi yarandığı ilk gündən şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanında olmağı özünə mənəvi borc bilmişdir. Birlik tərəfindən müntəzəm olaraq şəhid ailələri ziyarət olunur, onların maddi və mənəvi ehtiyaclarının qarşılanması, müraciətlərinin operativ həlli istiqamətində ardıcıl tədbirlər görülür. Faiq Əhmədovun şəxsi təşəbbüsü və qayğısı ilə həyata keçirilən bu xeyirxah aksiyalar, sosial dəstək layihələri və mənəvi bütövlüyümüzün qorunmasına xidmət edən təşəbbüslər cəmiyyətdə hər zaman böyük rəğbətlə qarşılanır.
Mərasim boyunca Raziyyə xanımın şəhidlərimizə həsr etdiyi təsirli şeirlər qiraət olunmuş, Vətənə aid ruhlandırıcı mahnılar səsləndirilmişdir.
"Sosial Dövlət Naminə" İctimai Birliyi olaraq bir daha bəyan edirik ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızı yaşatmaq, onların ailələrinə dayaq olmaq bizim ən müqəddəs vəzifəmizdir. Şəhid Gizir Rəhimov Ramil Sucəddin oğlu və bütün şəhidlərimiz qəlblərimizdə hər zaman yaşayacaqdır.
Bir daha uca şəhidlərimizə salam olsun, Məqamları Uca, Ruhları Şad Olsun! Amin!
Kəmalə Rüstəmova
"Sosial Dövlət Naminə" İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










