Turaztv.az » Xəbərlər » Məmməd Qədir : Halallığın ver - FOTO
Xəbərlər

Məmməd Qədir : Halallığın ver - FOTO

27.07.2026, 01:11 61
Əziz dostum Sabir Nemətova
Mən səni dostdan çox ata bilmişəm,
Bu hüsnün, rəğbətin halallığın ver.
Nə tuta, nə də ki, ata bilmişəm,
Mən tək biqeyrətin halallığın ver.

Dərd çox zirehlidən sökür qılafı,
Görünür dünyanın doğrusu, lafı,
Gorkündən öyrəndim saxtanı, safı,
Sonsuz məhəbbətin halallığın ver.

Sayəndə oxbatmaz kürək qazandım,
Kölgəndə duz tapdım, çörək qazandım,
Dərsindən elə bir ürək qazandım...
Bu milli sərvətin halallığın ver.

Sən ülvi hisslərə çəkmisən keşik,
Görk oldun, barışdı köpəklə pişik,
Ruhunun günündən bəhrələnmişik,
Odun, hərarətin halallığın ver.

Sən odpaylayansan, mənsə od yığan,
Çalışdım odundan alov, od yığam,
Sənin öyüdünlə başımdan yağan,
Xeyir-bərəkətin halallığın ver.

Namərdi öldürmür mərd yaşam, axı,
Çatmır namərdlərə mərd yaşam ahı,
Səndən öyrənmişəm mərd yaşamağı,
Haqqın, ədalətin halallığın ver...

Nə dövlət sevmədin, nə də cah-cəlal,
Əhli-var olmaqdan, oldum əhli-hal,
Bu haram dünyadan qoy gedim halal,
Gorbagor Məmmədin halallığın ver.

Oxşar xəbərlər