Turaztv.az » Xəbərlər » MƏN BORÇALI TÜRKÜYƏM
Xəbərlər

MƏN BORÇALI TÜRKÜYƏM

16.07.2026, 01:20 220
Şərafəddin Ilkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.


Borçalının vətənpərvər oğlu, dəyərli dostum Ramiz Musa oğlu Həsənova ithaf edirəm.
Alovdan-oddan gəlir,
Tənburdan, uddan gəlir,
Köküm Qorquddan gəlir-
Mən Borçalı türküyəm.

Məni mərd doğub anam,
Haqqım yox haqqı danam!
Sözüm üstə duranam-
Mən Borçalı türküyəm.

Tarixinə düz mənəm,
Aşıq mən, oğuz mənəm,
Üçtelli qopuz mənəim-
Mən Borçalı türküyəm.

Ruhum göylərdə pərvaz,
Şirin diləm, xoş avaz...
Dəli Domrul, xan Eyvaz -
Mən Borçalı türküyəm.

Doğruyam, haqq yoluyam,
Hikmətlərlə doluyam,
Ululardan uluyam-
Mən Borçalı türküyəm.

Elim var, elatım var,
Bozatım, Qıratım var...
Göytək yeddi qatım var,-
Mən Borçalı türküyəm.

Koroğlutək var nərəm,
Həm dağım var, həm dərəm.
Namərdə baş əymərəm-
Mən Borçalı türküyəm.

Nuhdan böyükdür yaşım,
Nələr çəkməyib başım...
Mərd bacım, ər qardaşım -
Mən Borçalı türküyəm.
Mən Borçalı türküyəm!!!

Oxşar xəbərlər