Xəbərlər / Nesr
22.03.2026, 19:30
SƏFƏVİ DÖVRÜNDƏ ORDU QURUCULUĞU
Azərbaycan tarixşünaslığında Səfəvi dövlətinin hərbi təşkilatlanması hələ də dərindən araşdırılmağa ehtiyacı olan mövzulardan biri sayılır. Bu dövlətin idarəetmə sistemindən bəhs edən tarixi qaynaqlar arasında Mirzə Rafianın "Dəstur-ul Müluk", Mirzə Samianın "Təzkirət-ul Müluk" və Mirzə Əli Naqi Nasirinin "Əlqab və Məvacib-i Dövrə-i Salatin-i Səfəviyyə" adlı əsərləri xüsusi əhəmiyyət kəsb edir. Adı çəkilən bu mənbələr Səfəvi imperiyasının hərbi quruluşu, ordunun gündəlik həyat tərzi və hərbi vəzifələrin bölgüsü barədə olduqca dəyərli faktları özündə cəmləşdirir. Səfəvi hərbi sisteminin təməli dövlətin qurucusu Şah I İsmayıl (1501-1524) tərəfindən atılmış, sonradan inkişaf yolu keçmiş və Şah I Abbasın (1587-1629) reallaşdırdığı hərbi islahatlar sayəsində öz dövrünün ən qüdrətli hərbi güclərindən birinə çevrilmişdir.Səfəvi imperiyası mövcud olduğu 1501-1736-cı illər ərzində qonşu dövlətlər olan Osmanlı imperiyası və Şeybanilərlə mütəmadi olaraq müharibə şəraitində olmuşdur. Eyni zamanda, beynəlxalq dəniz ticarəti yollarında nəzarəti təmin etmək məqsədilə müstəmləkəçi Portuqaliya və İspaniya krallıqları ilə də hərbi münaqişələrə girmişdir. Belə nəhəng və güclü rəqiblərlə mübarizə aparmaq və qələbə qazanmaq üçün yüksək hazırlıqlı bir ordunun yaradılması həyati zərurət idi.
Şah I Təhmasib və Şah I Abbas ordu quruculuğu məsələsini hər zaman diqqət mərkəzində saxlamışlar. Məhz bu hökmdarların dövründə hərbi məsələlər dövlətin həm daxili, həm də xarici siyasətinin nüvəsini təşkil etmişdir. Həmin dövrdə Avropa ölkələrinə göndərilən diplomatik nümayəndələrin əsas məqsədi rəsmi olaraq ticarət əlaqələri görünsə də, pərdəarxasında duran əsas hədəf hərbi əməkdaşlığa nail olmaq idi. Səfəvi hərbi qüvvələrinin əsası Şah I İsmayıl zamanı qızılbaş tayfalarının gücü ilə qoyulsa da, Şah I Abbasın dövründə bu qüvvə 110-150 min nəfərlik, müasir standartlara cavab verən nizami orduya çevrildi.
Birinci Şah İsmayılın ordusundakı sarsılmaz nizam-intizam, əslində hökmdar ilə qızılbaşlar arasındakı mürid-mürşid bağından qaynaqlanırdı. Bütün əsgərlər öz rəhbərlərini kamil bir dini lider (mürşid) kimi qəbul edir və ona sonsuz sevgi bəsləyirdilər. Elə buna görə də, bəzi döyüşlərdə əsgərlər zireh geyinmədən "Ya Şeyx, Ya Şeyx!" sədaları ilə düşmən üzərinə atılaraq qalib gəlməyə çalışırdılar.
Dövlətin inzibati və siyasi sistemi ilə harmoniyada olan Səfəvi ordusu, strukturu etibarilə dövrün qabaqcıl hərbi sistemlərindən geri qalmırdı. Mirzə Rafianın qeydlərinə görə, imperiyadakı 162 dövlət vəzifəsinin 24-ü birbaşa ordu ilə bağlı idi. Ordunun idarə edilməsi iki əsas istiqamət üzrə həyata keçirilirdi. Birinci istiqamət mərkəzdə şahla birbaşa əlaqədə olan vəzirlərdən ibarət idi. Ordunun əsasını təşkil edən qorçuların, qulamların, tüfəngçilərin və topçuların fəaliyyətinə rəhbərlik edən vəzirlər, eləcə də onlarla çalışan müstofilər və mirzələr mühüm hərbi məlumatları şaha çatdırır, onun əmrlərini isə komandirlərə ötürürdülər.
İdarəetmənin ikinci qolu isə ordudakı yüksək rütbəli əmirlərdən (zabitlərdən) ibarət idi. Qoşunlar öz tərkibinə görə qorçu, qulam, tüfəngçi, topçu, carçı, bayraqdar və musiqiçi dəstələrinə ayrılırdı. Bu bölmələrə rəhbərlik edən ən yüksək rütbəli şəxslər qorçubaşı, qulamlarağası, tüfəngçibaşı və topçubaşı titullarını daşıyırdılar. Bu hərbi rəhbərlər həm də "ümara-yi cəngi" (döyüş əmirləri) kimi tanınırdılar.
Səfəvi ordusunun heyəti paytaxtda yerləşən daimi nizami hissələrdən və əyalət hakimlərinin (xanların) topladığı qeyri-daimi döyüşçülərdən formalaşırdı. Hərbi hissələr hərəkət vasitələrinə görə süvari və piyada qoşunlarına bölünürdü. Daimi qoşunlar (qızılbaşlar) və ehtiyat qüvvələrdən ibarət olan bu sistem Şah I Abbasın vaxtında mütəmadi təkmilləşdirilmiş və ən müasir odlu silahlarla təmin olunmuşdur. Bunlardan başqa, "nəsaqçilər" adlanan xüsusi dəstələr də fəaliyyət göstərirdi ki, onların vəzifəsi yolların təhlükəsizliyini və ordunun hərəkət marşrutunu qorumaq idi. Nəsaqçilər süvari qorçulardan fərqlənirdi; belə ki, qorçubaşına tabe olan qorçular bilavasitə şahın yanında olmalı və onun can təhlükəsizliyini təmin etməli idilər.
Atlı qoşunlar əsasən qulamlardan (mənşəcə qeyri-türk olanlar) və qorçulardan təşkil olunurdu. Qeyd edilməlidir ki, ordunun nüvəsi olan qızılbaşlar əsasən 22 və ya 34 tayfanın nümayəndələrindən ibarət idi. Bu qızılbaş dəstələri avtonom idarəetməyə malik olduğu halda, digər qruplara əmirlər rəhbərlik edirdi. Şah I Abbasın dövründə topxana birliyi ayrı-ayrı alaylara bölünmüşdü. Bu hərbi vahid 500 topdan, "amalə" adlanan 4000 topçu əsgərdən və onlara başçılıq edən topçubaşından ibarət idi.
Tarixi mənbələrdə ordunun sayı barədə fərqli rəqəmlər mövcuddur. Bəzi hökmdarların zamanında əsgər sayının 120 minə çatdığı deyilir. Yaqub Mahmudov "Odlar yurduna səyahət" kitabında Tektanderə istinadən qeyd edir ki, Osmanlıları təqib edən Şah I Abbasın hərbi qüvvələri 120 min nəfər olmuşdur. Lakin bu qüdrətli ordu Şah I Abbasın vəfatından sonra müxtəlif amillərin təsiri ilə zəifləmiş və Şah Sultan Hüseynin dövründə əfqanlara məğlubiyyətlə nəticələnmişdir. Səfəvilərdən sonra hakimiyyəti ələ alan Nadir Şah Əfşar bu hərbi sistemi yenidən bərpa etmiş, güclü bir ordu yaradaraq düşmənləri darmadağın etmiş və Əfşarlar imperiyasının əsasını qoymuşdur. Tədqiqatçıların fikrincə, Nadir şahın yaratdığı ordunun strukturu Səfəvi ordusu ilə demək olar ki, eyni idi. Bunun səbəbi şahın bütün həyatının müharibələrdə keçməsi və orduda köklü struktur dəyişikliyi etməyə vaxt tapmaması idi.
Səfəvi imperiyasının hərbi dəniz donanması yox dərəcəsində idi. Buna görə də Şah I Abbas portuqalları Fars körfəzindən qovmaq üçün ingilislərin dəstəyinə ehtiyac duymuşdu. Ondan sonra gələn şahlar da dəniz təhlükəsizliyini təmin etmək üçün Hollandiya və Fransa kimi dövlətlərə müraciət edirdilər. J. Şarden öz xatirələrində bildirir ki, şahın nə şimal, nə də cənub dənizlərində hərbi gəmiləri yox idi. O qeyd edir ki, kazaklara qarşı yaradılmış dəniz alayı isə əslində peşəkar donanma deyildi; təhlükə sovuşan kimi balıqçılardan ibarət olan bu muzdlu heyət öz işlərinə qayıdırdı.
Dövlət xəzinəsi və ordunun maliyyələşdirilməsi barədə rəsmi qaynaqlar olduqca məhduddur. Venesiya təmsilçisi De Alessandrinin qeydləri də kifayət deyil. Daha ətraflı məlumatlara J. Şarden, T. Herbert və A. Olearinin əsərlərində rast gəlmək olar. Ordunun mühasibat və təchizat sistemi hələ Şah I İsmayıl və Şah I Təhmasib zamanında formalaşmışdı. Alessandrinin qeydlərinə görə, Şah I Təhmasibin xəzinə xərcləri minimum idi. Şah yalnız 5 min nəfərlik seçmə qorçu dəstəsinə maaş (məvacib) verir, həmçinin onları at və geyimlə təmin edirdi. Təxminən 50 nəfər olan ali ordu rəhbərlərinin (hansı ki hər birinin tabeliyində 500-3000 əsgər olurdu) gəliri isə onlara verilmiş torpaqlardan formalaşırdı. Bu əmirlər öz gəlirlərindən tabeçiliyindəki əsgərlərə maaş ödəyir və ordunu daim hazır vəziyyətdə saxlayırdılar. Səfər çıxmazdan bir-iki ay əvvəl şah çaparlar vasitəsilə ordunun toplanış yerini elan edirdi. Şah I Təhmasib ordusunun sayının 60 min olduğu deyilsə də, Alessandrinin rəhbərlərin sayını az göstərdiyi güman edilir, çünki dövlət sənədlərində 114, İsgəndər bəy Münşinin qeydlərində isə 72 əmirin adı keçir.
Səfəvi şahları dövründə ordunun maliyyə təminatı iki yolla həyata keçirilirdi: birbaşa şah tərəfindən və yığılan vergilər hesabına. R. Bernin fikrincə, əsgərlərin yerli əmirlərdən asılı olmaması və mərkəzi hakimiyyətə sadiq qalması üçün onların maaşları vəzirlər tərəfindən birbaşa "xalisə" (şahın şəxsi) torpaqlarının gəlirlərindən ödənilirdi.
Dörd əsas ordu komandanı həm maaş alır, həm də "tiyul" torpaqlarından gəlir əldə edirdi. Baş komandanlar (qorçubaşı və s.) 500-700 tümən, vəzirlər 50-100 tümən, müstofilər 30-50 tümən, sıravi əsgərlər isə təxminən 15 tümən maaş alırdılar. Maaşların bir hissəsi də ümumi dövlət vergilərindən ödənilirdi. İqtisadi vəziyyəti yaxşı olan əyalət hakimləri vergi gəlirlərinin bir qismini özlərinə saxlayır, qalanını isə dövlət xərcləri üçün mərkəzə yönəldirdilər. Ordunun bütün inzibati və kadr işləri xüsusi hərbi dəftərxanada idarə olunurdu. Burada hər bir hərbçinin kimliyi və şəxsi məlumatları qeyd edilirdi. Bu idarəyə "ali ləşkərnevis" rəhbərlik edirdi. Şarden və Kempfer bu vəzifəni dövlət divanının (şurasının) üçüncü mühüm şöbəsi hesab edirdilər.
Azərbaycan Səfəvilər dövlətində odlu silahlardan onun yarandığı ilk illərdən etibarən istifadə edilmişdir. Dövlətin mükəmməl nizami ordusu mövcud idi. Türk Qızılbaş əyanlarının komandanlıq etdiyi bu hərbi güc 1510-cu il Mərv zəfərindən sonra dövləti imperiya səviyyəsinə yüksəltdi. Şah I Abbasın hərbi islahatları ordunun modernləşməsinə, odlu silah istehsalının artmasına və itirilmiş torpaqların geri alınmasına şərait yaratdı. Nəticədə, Şah I Abbasın dövründə Azərbaycan Səfəvi imperiyası öz zamanının ən mükəmməl silahlanmış ordusuna malik olaraq ən güclü düşmənləri üzərində parlaq qələbələr qazandı.
ƏDƏBİYYAT SİYAHISI:
1. Əliyev I. H. Azərbaycan Səfəvilər dövləti tarixi. Bakı: Elm, 1996.
2. Süleymanov F. Səfəvilər dövləti və hərbi təşkilat. Bakı: AzTU Nəşriyyatı, 2005.
3. Minorsky V. The History of the Safavids. Cambridge University Press, 1957.
4. Matthee Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. London: I.B. Tauris, 2012,
5. Savory R. M. Iran under the Safavids. Cambridge University Press, 1980. 6. Əlizadə Z. Azərbaycan dövlətçiliyi tarixi. Bakı: Nurlan, 2008.
Nihad Hümbətli
ADPU Şamaxı filialı
Tarix müəllimliyi ixtisasının 2. tədris ili tələbəsi
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


















