Pərvanə Hacı qızı Məmmədli
Əsl Azərbaycan xanımı

Giriş: Azərbaycan elmi, mədəniyyəti böyük və şərəfli yol keçib. Məmləkətimizin əsrlərin ayrı-ayrı dönəmlərində yaşamış, Şərq və dünya siviliyaziyasına öz töhvələrini vermiş Xətib Təbrizi, Eynəlqüzzat Miyyanəçi, Şihabəddin Sührəverdi, Ömər Gənci, Bəhmənyar və digər qüdrətli şəxsiyyətləri olub. Sonrakı dövrlərdə sabahlara gedən yolu müəyyənləşdirmək, inkişafa təsir etmək baxımından onların müstəsna xidmətləri olmuşdur. Məhz iyirminci yüzilliklə iyirmi birinci yüzilliyin qovuşuğunda bu böyük və şərəfli yolu davam etdirənlərdən biri də Pərvanə Məmmədlidir.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədli çox ciddi bir tədqiqatçı, öz sahəsində nüfuzlu bir alimdir. Pərvanə Məmmədlinin yaradıcılığında Güney Azərbaycan mövzusu əsas xətt təşkil edir, burada o, Cənub ədəbiyyatını, tarixi şəxsiyyətləri və ədəbi prosesi dərindən təhlil edir. Tədqiqatlarında milli özünüdərk, vətən həsrəti və ana dili problemlərini ön plana çəkir. Onun əsərləri Cənub mövzusunun öyrənilməsində fundamental mənbə hesab olunur. O, ciddi elmi araşdırmalar, sanballı tədqiqatlar aparır. Güney Azərbaycanın mədəni-ictimai həyatını ciddi araşdıraraq yerli və xarici ölkələrin mətbuatında, elmi nəşrlərində, sanballı yurnal və toplularında silsilə yetkin yazılarla çıxış edən, həmin mövzuda bir sıra kitablar yazan Pərvanə Məmmədli bir alim kimi təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından çox-çox kənarda tanınır.


Həyat yoluna kiçik bir ekskurs


Pərvanə Hacı qızı Məmmədli Şəmkir şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Onun üç yaşı olanda ailəsi Bakıya köçüb. Orta təhsilini 44 nömrəli məktəbdə yüksək qiymətlərlə başa vuran Pərvanə Məmmədli Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.
Pərvanə Məmmədli haqqında düşünəndə ilk növbədə yadıma onun ali təhsil aldığı elm ocağı düşür. Mən onunla tələbə yoldaşı olmuşam. Bizə Azərbaycan elminin və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olmuş böyük-böyük şəxsiyyətlər dərs keçiblər. Orada o, çox şeyləri əxz eyləyib, gördüklərini, öyrəndiklərini, ətrafında baş verənləri zərrə-zərrə sinəsinə yığıb, yaddaşına yazıb. Beləcə, bu mühitdə sabahlara gedən yolunu müəyyənləşdirib. Bir növ müdrik müəllimlərimizin arasında özü də müdrikləşib. Pərvanə Məmmədli hələ ali məktəbdə oxuduğu illərdə öz bacarığı, qabiliyyəti ilə fərqlənib. Elə həmin illərdən elmi araşdırmalar aparacağına qərar verib.
Mən bilirdim ki, ondan əsl elm adamı çıxacaqdır və zamanında yanılmamışdım. Çox keçmədi ki, respublika qəzetlərinin səhifələrində onun məqalələrini oxudum. Mən həmin yazıları oxuyarkən ürəkdən sevinirdim. Pərvanə Məmmədli elmin, mədəniyyətin inkişafı sahəsində bir-birindən gözəl əsərlər yaratmağın binasını qoydu və bu davamlı oldu. Çap etdirdiyi araşdırmalarında onun öz dəst-xəttini görür və açıq deyim ki, bununla fəxr edirdim. Cəsarətlə deyə bilərəm ki, Pərvanə Məmmədli Cənub mövzusunu dərindən, ətraflı bilir və elmi surətdə ciddi araşdırmalar aparır.

Ömür ağacından yarpaqlar


Pərvanə Məmmədli universiteti bitirməklə işini bitmiş hesab etməyib. Bir sıra mətbu orqanlarda ədəbi işçi, müxbir kimi fəaliyyət göstərib. Sonralar Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr etdiyi “Vətənin səsi”-“Odlar yurdu” qəzetinin Söhrab Tahirin rəhbərliyi ilə əski əlifba ilə çıxan saylarının məsul redaktoru, 1987-ci ildən 8 dildə (Azərbaycan, rus, ingilis, fransız, alman, türk, ərəb və fars) nəşr edilən “Azərbaycan bu gün” jurnalının redaktoru (Azərbaycan dili üzrə), 1989-cu ildən isə baş redaktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Sabah” nəşriyyatının redaktoru (1995-1998) olub.
"1979-1999-cu illərdə Tehranda nəşr olunan “Varlıq” jurnalında ədəbiyyat məsələləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Daha sonra "Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib.

Ömürlüyündən sətirlər


Pərvanə Məmmədli sanballı tədqiqatçı olmaqla bərabər, mahir pedaqoq kimi də fəaliyyət göstərib. BDU-nun Jurnalistika fakültəsində Mətbuat tarixi kafedrasında baş müəllim (2000-2012) işləyib. Eyni zamanda Milli Aviasiya Akademiyasında da baş müəllim kimi çalışıb. Uzun müddət elmin, mədəniyyətin müxtəlif problemləri sahəsində çalışan və ona öz töhfələrini verən Pərvanə Məmmədli eyni zamanda universitet auditoriyasında tələbələrə elmin sirlərini öyrədib, əxz etdiklərini gələcək nəslə çatdırıb.
O,“Cənubi Azərbaycan mətbuat tarixi” fənninin ilk yaradıcısıdır və bu mövzuda xüsusi dərslik yazıb.
Onun şəxsiyyəti ilə istedadı üst-üstə düşür, bir-birini tamamlayır. Nəşr olunan sanballı yurnal və toplularda yetkin elmi məqalələr dərc etdirib. Müxtəlif beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak edib, xarici ölkələrin elmi nəşrlərində məqalələr çap etdirib.
Xalqımızın tanınmış alimi, elm xadimi olmaqla birlikdə onun qəlbi hər zaman Vətən sevgisi, Azərbaycana olan dərin və əbədi məhəbbət hissi ilə doludur. Süni çərçivələri, qadağanları, dar düşüncəliyi sevməyən bir şəxsiyyətdir. Bunu hər an yazılarından, kitablarından görmək mümkündür. Onun zəngin elmi fəaliyyətini ümumiləşdirmək üçün ölkəmizdə və xaricdə nəşr olunmuş neçə-neçə qəzet, jurnal bağlamalarını vərəqləmək, yazdıqları elmi-kütləvi əsərləri, kitabları oxumaq, söylədikləri müsahibələri gözdən keçirmək gərəkdir.
Kitablarını vərəqlədikcə, oxuduqca onun böyük erudisiyasının, dünyagörüşünün genişliyinin şahidi olursan. Burada insan mənəviyyatının, əxlaqının, mədəniyyətinin demək olar ki, bütün nüanslarına toxunulur. Əslində bu ülvi keyfiyyətlərin hamısını Pərvanə Məmmədlinin şəxsiyyətində izləmək mümkündür.
İnsandan başqa bütün qalan varlıqlar özlərini çox vaxt formal əlamətlərlə “irəli çəkməyə”, “gözə soxmağa” can atırlar. İnsanların, hətta özlərini alim adlandıranların da çoxu belə instinktlərlə yaşayır. Onun təbiətində isə hər şey insanlıq idealına xidmət edir. Popilizmdən çox uzaqdır, təvazökardır. Eyni zamanda haqsızlığa, ədalətsizliyə qarşı barışmazdır.
Bəli, Pərvanə Məmmədli xasiyyətcə heç dəyişməyib. Tələbəlikdə necə idi, elə də qalıb. Hər zaman yüksək mənəvi saflığı, zərifliyi, ünsiyyətdə mehriban və gülərüz olması ilə seçilir. O, ailəcanlılığa və milli-mənəvi dəyərlərə sahib olmaqla, müasirliklə ənənəni birləşdirən ziyalıdır. Necə deyərlər, təpədən dırnağa kimi əsl Azərbaycan xanımıdır. Yüksək mədəniyyəti, nəzakəti və cəmiyyətdə nümunəvi davranışı ilə könülləri fəth edir...

Elmi araşdırmalarını davam etdirir

“Güneyimizdəki və İrandakı son hadisələrə Azərbaycan ziyalılarının baxışı” mövzusuna həsr olunmuş tədbirdə Pərvanə Məmmədlinin bu fikrini daha çox bəyəndim: “İnsanlar tarix boyu öz kimliklərini yalnız siyasi təşkilatlanma və ideoloji simvollarla deyil, həm də estetik davranışlar, ictimai ritullər, musiqi, ədəbiyyat və idman vasitəsilə ifadə etmişlər. Bu baxımdan, Təbrizin“Traktor” futbol klubu təkcə bir idman komandası deyil, Güney Azərbaycan türklərinin milli özünüdərkinin, dil və mədəniyyət sevgisinin, həm də əks sistemə qarşı yönəlmiş sivil müqavimətinin canlı və ritmik təzahürüdür. Bu baxımdan, “Traktor” stadionundakı fəallıq müasir folklor hadisəsi kimi təhlil olunmalıdır. Burada xalq yalnız azarkeş deyil – o, həm də şairdir, aktyordur və yazıçıdır”.
O, əlavə edir: “Bu ədəbiyyat – siyasi, mədəni və poetik mənada – sənətkarlığın susmadığı bir tarixdir. Onun müqavimət ruhu, milli dirəniş enerjisi və poetik gücü sadəcə Güney Azərbaycana deyil, bütün türk dünyasına və bəşəriyyətə örnək ola biləcək dəyərdir. Ədəbi tarixə bu dövrləri sadəcə “əzab” və ya “təzyiq” dövrü kimi deyil, “yaradıcılıq və vətəndaşlıq qəhrəmanlığı” dövrü kimi daxil etməliyik”.
Pərvanə Məmmədlinin elmi fəaliyyəti bir çox beynəlxalq mükafatlara, xarici ölkələrin ödüllərinə, təltiflərinə layiq görülüb.
Pərvanə Məmmədli bu gün də yorulmaq bilmədən çalışır, yeni kitablar üzərində işləyir. Elmi araşdırmalarını yorulmadan davam etdirir...

Onunla söhbətimizdən


Pərvanə Məmmədli özünə qarşı olduqca tələbkardır. Başladığı işi sona çatdırmayanadək əl çəkmir. Deyir: “Bu elm sahəsi elədir ki, gərək axıracan gedəsən”.
“Cənubda ədəbi prosesin milli-bədii tutumu bizdə çox zaman siyasi sərhədlər çərçivəsində baxılaraq öyrənilib araşdırılır. Bu, düzgün yanaşma deyil. Zənnimizcə, bu məsələ Şimalda, Türkiyədə, eləcə də Avropada mədəniyyət sahəsindəki yaradıcılıq təmayüllərinin kontekstində araşdırılmalıdır. Cənubi Azərbaycanda ədəbi prosesdəki təmayülləri, forma-məzmun yeniliklərini izləyib təhlil etmək, izləmək bir qədər fərqlidir. Məlum siyasi məhdudiyyətlər, azsaylı nəşrlər, qəzet və dərgilər Cənubdakı ədəbi prosesin tam mənzərəsini yaratmağa imkan vermir. Bu üzdən də daha çox yazarlarla şəxsi əlaqə və məktublaşma nəticəsində əldə etdiyimiz materiallara əsaslanmaq məcburiyyətindəyik”,-söyləyir.
Deyir: “Güneydə vətənə, xalqa bağlılıq çox güclüdür və yazarlar real həyatı, problemləri əks etdirməyə çalışırlar. Elə bu səbəbdən İranda Azərbaycan ədəbiyyatı janrlara və qəliblərə hesablanmadan, daha çox məzmuna söykənən ədəbiyyatdır”.
Daha sonra bunları söyləyir: “Azərbaycan xalqının siyasi tarixi bəzən məğlubiyyətlərlə, yarımçıq qalan hərəkatlarla yaddaşımıza yazılsa da, mədəni inqilab - yəni ədəbiyyat - xalqın ruhunu qorudu. Bu gün də Güney və Quzey ədəbiyyatı bir-birini tamamlayan iki qanad kimi bütöv milli mədəniyyətin uçuşunu təmin edir”.

Sonluq
İnsan özünün mahiyyətindən doğan yüksək mənəvi keyfiyyətləri və nəcib əməlləri sayəsində ucalır. Dahilərdən biri həyatın bir imtahan, sınaq olduğunu demişdir. Bu imtahandan yalnız güclü iradəyə malik olan, məqsədyönlü, ali bəşəri ideyalara inanan insanlar uğurla çıxırlar. Pərvanə Məmmədli də bu sınaqdan hər zaman alnı açıq, üzü ağ, ləyaqətlə çıxır.
Fevralın 17-si Pərvanə Məmmədlinin anadan olduğu gündür. Ad günü münasibətilə onu ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, sənətinin enişli-yoxuşlu, çətin yollarında uğurlar, yaradıcılıq sevincləri və mənalı həyat, xoş günlər arzulayıram!

Elçin NƏSİB,
“Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru

Son xəbərlər

DYP-nin şöbə rəisi: Ölümlə nəticələnən yol qəzalarının yarısı piyadavurma hallarıdır

Fərhad Əsgərov: işıqsız hücrələrdə təlaşla çırpınan dürüst insan - FOTO

Müəllifi: Natella Nur - İLAXIR ÇƏRŞƏNBƏSİ - FOTO

QIZBƏS QƏBƏLƏ : SƏKSƏKƏ - ALLAH BU YUXUNU XEYİRƏ CALA - FOTO

Sabah 17 dərəcə isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : YURDUMA BAHAR GƏLİR - FOTO

Qadın hərbçilər üçün MAXE müddətinin 3 ildən 6 ayadək azaldılması son oxunuşda qəbul edilib

Milli Məclisin növbəti plenar iclası başlayıb

Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var

DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Bakının bir sıra yollarında tıxac yaranıb

ABŞ İranla müharibəyə nə qədər pul xərcləyib?

İran bu Avropa ölkəsinə xəbərdarlıq etdi

İran Hörmüzü bu şərtlərlə açacaq

Dediklərinizə diqqət edin - Dinləyirlər

Tramp Starmeri müşavirlərindən həddən artıq asılı olmaqda tənqid edib

Berlin hava limanında bütün uçuşlar ləğv edilir

"Putin ABŞ-dən və ordumdan qorxur" - Tramp

Xameneinin səhhəti ilə bağlı rəsmi açıqlama

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

Adı kimi əziz və hörmətli rəfiqəmə ad günü təbriki... - FOTOLAR

Yeni işi bəlli oldu

Sonuncu Qədr gecəsidir

Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək

“Hazırda biz “kağız pələng”lə məşğuluq” - Tramp

Mobil telefonlar sağlamlıq üçün zərərlidirmi, xərçənglə əlaqəsi varmı?

İnsanların çoxu liftdə bunu hər gün edir - təhlükəli səhvlər

Bakının bu prospektində yenilik - Yaxın günlərdə...

Bütün xəbərlər
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031