
Xəbərlər
24.03.2025, 21:13
SÖZ soy-köklülərin bir kitabı - FOTO

Yeni nəşr
SÖZƏ söykəklər
SÖZ soy-köklülərin bir kitabı
SÖZ soy-köklülərin bir kitabı
Bu günlərdə kiçik oğlum (körpəliyindən ona “dədəm” demişəm) Kənanın ilk kitabı (kiçik formatlı) “Əl işi” işıq üzü gördüyündən, sevincimdən “yerə-göyə sığmırdım”. Axı, balamın qabilyyətini və istedadını öz əllərimlə redaktə edib, onun nəyə qadir olduğunu bilmişəm. Neçə il “qələmlə baş-başa” olduğunu çoxlarından, ilk növbədə məndən də gizlədən Kənan, hətta, nəsrdə janrları da bir-birindən tam ayıra bilmirmiş. Ona görə də, 120 səhifəlik povestini hekayə sanırmış. Ona janrların izahını verdikdəın sonra sevindi ki, birdən-birə hekayə yox, povest yazıb...
İlk kitabının sevincini yaşadığımız bu Novruz bayramı günlərində əlimə yeni çap olunan “Müəllif” poeziya antologiyası (V cild) keçdi. Daha doğrusu, bu kitab haqqında bir annotasiya, yaxud yeni nəşr haqqında oxuculara məlumat xarakterli xəbər yazmağı xahiş etdilər. Qələm dostlarımın mənə bu səmimiyyətini illərdir ki, duyuram.
Həcmcə çox da böyük (çoxsəhifəli) olmayan antologiyanın (əslində, kitab almanaxdır, çünki antologiyaya Azərbaycan Elmlər Akademiyasının ən azı, ya Folklor, ya da Ədəbiyyat institutundan Elmi Şuranın qərarı olmalıdır. Şair Adil Cəmillə birlikdə 2005-ci ildə toplayıb tərtib etdiyimiz “Kəlbəcər dünyası: yüz şairin bir kitabı”nı çap etdirəndə Folklor İnstitutu Elmi Şurasının bununla bağlı qəbul etdiyi qərarını almışdıq.) məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Dəyanət Cümənov, rəyçisi Sumqayıt şəhər “Poeziya Evi”nin direktoru, tanınmış şair, AYB-nin üzvü İbrahim İlyaslı, redaktoru isə AYB-nin üzvü Elvin İntiqamoğludur.
Tanışlıq üçün kitabın annotasiyasından oxuyuruq: “Təvəllüd prinsipi ilə tərtib edilmiş “Müəllif” poeziya antologiyasında peşəkar və həvəskar şairlərin şeirləri toplanıb. Topluda, həmçinin, ədəbiyyatda hələ xüsusi çəkisi olmayan, şeiriyyatın sirlərini təzə-təzə qavramağa çalışan, ilk şeirləri ilə oxucuların görüşünə gələn müəlliflərə də imkan yaradılıb”...
Gələcəkdə ölkə səviyyəsində kütləvi satışı planlaşdırılan “Müəllif”i hələ illər öncə “Göyərçin”dən tanınan, uşaq şeirləri ilə sevilən şair Rafiq Yusifoğlu açırsa, antologiyanı gənc qələm sahibi (hələ çoxlarımızın şeirlərini oxumadığımız) Hüseyn Elnuroğlunun ürək çırpıntılarından misralanan lirik duyğulu poeziya nümunələri ilə də bağlanır.
Sayca beşinci cild olan “Müəllif”dəki müəlliflərə gəlincə, burada Məmməd İlqar, Zirəddin Qafarlı, Zöhrab Mehdi, Mənzər Əliqızı, Şəlalə Şəfəq, Natəvan, Fərqanə Səfərli, Nuranə, Xəyalə və s. kimi şeiriyyəti, daha doğrusu, ədəbiyyat aləmində qələmi, sözü ilə imzasını tanıdan və sevdirənlərlə yanaşı, yeni ədəbi nəsilin təmsilçilərinin də bədii yaradıcılıq nümunələrini oxumaq imkanımız var. Rafiq Yusifoğlu “Dünyanın minnəti olsun” şeiri ilə poeziyasevərlərə şeiriyyətin nə olduğunu gözəl anladır. Bircə bəndinə baxaq:
Biganə qalarmı heç arı gülə,-
Mənim gözəllərlə heç aram dəyər?!
Dünyanın minnəti olsun ki, hələ,
O da ömür sürür mən varam deyə...
Mənim gözəllərlə heç aram dəyər?!
Dünyanın minnəti olsun ki, hələ,
O da ömür sürür mən varam deyə...
Antologiyadakı mizan-tərəzi də məni özünə çəkdi. Burada müəlliflər arasında fərq yalnız yaşa görədir. Kimidən beş, kimidən bir şeir verilməyib. Kitab “qardaş malı kimi” bölünüb: hərədən nümunə üçün beş şeir təqdim edilir ki, bu da haqqın-ədalətin qorunması anlamında çox gözəldir.
Gəlin Məmməd İlqarın “Qıl körpü”sündə dayanıb, nəfəsimizi dərək, son gecəsinin qaranlığında:
...Tutacaq yerini yaxşı da, pis də,
Söküb yeməyəcək yalan ömrümü.
Bu gecə taleyim “qıl körpü” üstə,-
Məhşər gecəsidi qalan ömrümün...
Söküb yeməyəcək yalan ömrümü.
Bu gecə taleyim “qıl körpü” üstə,-
Məhşər gecəsidi qalan ömrümün...
Burada, kitabda diqqəti çəkən əsas məqamlardan biri budur: poeziya aləmində ilk addımlarını atanların arasında klassik ədəbiyyat nümunələrinə sevgi özünü göstərir. Düşünmək olardı ki, aşıq ədəbiyyatının yerini “işğal” etmək üçün hücum çəkən “modernzm” gəncliyin poetik duyğularını əlindən tamamilə ala bilər. Lakin kitabdakı nümunələr tamamilə bunun əksini göstərir. Maşallah olsun, lirik duyğulu şeirlərin arasında janr etibarı ilə klassiklər daha üstünlük təşkil edir.
Kitabı vərəqləyirdim. Birdən qarşıma çıxan müəllif məni çaşdırdı. A, Kənan Nərimanlı?! Axı, onun şeirlərinə heç yerdə tuş gəlməmişdim. Bu uşaq mənim ailəmdə dünyaya göz açdığından, hər an ədəbiyyatla, yazı-pozu ilə baş-başa qalan atasının “iynə ilə gor qazdığını”, “çörəyini qələmiylə qazandığını”(zülm çəkdiyi anlamında) görüb axı. Ədəbiyyata sevgini onun kövrək qəlbində yaradan kim olub? Mən, yoxsa Yaradanımız?!
Mən Kənan balamın ilk nəsrini oxuyanda necə kövrəlmişdimsə, onun bu antologiyada özündən xəbərsiz yer alan “Unudarsan”, “Qara daşdayam”, “Atasız” , “Kimiyəm” və “İtirmək nədi?” şeirlərini sevincdən axan göz yaşlarımla oxumağa başladım.
İnanmadım gözlərimə. Onun yaşantıları və bundan təsirlənən qəlbini indiyədək niyə duymamışam? Özümü qınamağa başladım. Və birdən xatırladım ki, axı, genetik olan bu ilahi təb yalnız Yaradana məlum olur. Anam, “Qəriblər ağısın oxuyan durna” və “Orda açıb, burda solan bir güləm” kitablarınına müəllifi olan Güllər Məmmədqızı, bu günlərdə külliyyatını tapanda dəli olacaq dərəcədə heyrətləndiyim böyük dayım, 1941-45-ci illər müharibəsindən qayıtmayan Əli Biqəm Məmmədoğlu, yaxıd, anamın dayısı oğlu hacı Sabir Mikayıl, qardaşı Sədir Heydər oğlu, xalam oğlu Valeh, qardaşım İbrahim Səfərlər, dayım nəvəsi Hikmət Əlişoğlu... kimə demişdi ki, şeir yazıram? Heç kimə! Anam ömrünün son illərində bu sirrini nəvəsi böyük oğlum, zabit Sənana açdıqdan sonra bilmişdik ki, onun Kəlbəcərdə neçə-neçə şeir dəftəri qalıb...
Kənan Nərimanlının şeirə sevgisini məndən, ailəmizdən öncə sosial şəbəkənin “Tik-Tok” səhifəsindən oxuyanlar da bilməyib ki, o, Məhəmməd Nərimanoğlunun balasıdır.
Mən Kənanın şeirlərini də kitabdakı digər ədəbi nümunələrdən ayırıb onların hər birinə rəy yazmıram. Kitabın annotasiya yerində haqlı olaraq qeyd edilir ki, burada peşəkarlarla yanaşı, həvəskar yazarlara da yer ayrılmışdır, həm də bərabər şəkildə (hər müəllifə 5 səhifə olmaqla).
Burada bir xatırlatma yerinə düşərdi. 2005-ci ildə Dədə Şəmşirin yadigarı, özü də poeziyanın vurğunlarından biri kimi tanınan (Allah rəhmət eləsin) Qənbər Qurbanov bir gün şair Yusif Hüseynlə mənə Kəlbəcərdə yazıb-yaradan el şairlərinin şeirlərini toplayıb çap etdirməyi məsləhət bildi. Biz də bu işə sevə-sevə qol qoyduq. İki böyük həcmli kitab hazırlandı. Qənbər müəllim o vaxtlar bizə bir misal çəkdi:
-Bir gün dədəmin yanına öz şeirini oxumağa gələn bir aşıq var idi. Şeirləri çox zəif idi. Dədəm bunun o zəif şerilərindəki bəzi qüsurları dolayısı ilə bildirsə də, demədi ki, “ bu nədi yazmısan, belə şeir olar?” Bunu demədi. O adam gedəndən sonra soruşdum:
-Ay dədə, o bədbəxtin söylədikləri şeir idi ki, niyə elə təriflədin?!
Dədəm üzümə baxıb dedi:
-Qənbər, oğul, bəri gəl həyətə-bağa bax. Burda neçə cür meyvə ağacı var? Hərəsinin də meyvəsinin öz dadı-tamı var da. Elə deyilmi: biri turş, biri acı, biri şirin. Bax, ay oğul, şeir də elədir - güclüsü də olur, zəifi də. Hamı Səməd Vurğun, Molla Pənah Vaqif olmuyacaq ha. Qoy yazsın. Onsuz da onun zəif şeiri yadda qalmıyacaq və onu şair kimi tanımayacaqlar. Mən onun qəlbini niyə qırım ki?!
-Dədəm o vaxt mənə böyük bir dərs vermiş oldu. Sonradan özüm də bu həqiqəti başqalarına dedim. İndi gedin kəlbəcərlilərin ən zəif yazanlarının da şeirlərindən toplayın. Onlar şairlik iddiasında deyillər. Qoy sevinsinlər. Amma güclü şeirlərin yanında özlərininkinin zəif olduğunu gördükdə bu işin olara aid olmadığını dərk edib, kənara çəkiləcəklər.
Qənbər müəllimin o zaman bizə söylədiklərini indi heç də təsadüfi yerə xatırlamadım. Burada şeiriyyətə yaxın, nəzmə çəkilmiş duyğular, fikirlər yetərincə olsa da, hələ onların hamısına şeir demək günah olardı. Lakin, bu o demək deyil ki, onların qələmi yoxdur, sadəcə, ədəbiyyatın dərin dərya olduğunu dərk etdikcə, zəif yazanlar da özlərini püxtələşdirəcək və sevimli şairlər sırasına adlarını yazacaqlar. Əsas odur ki, ədəbiyyatı, poeziyanı sevəsən və sevdirməyə çalışasan.
Qayıdaq Kənan Nərimanlının burada özünə yer alan beş şeirinə. Əsasən heca vəznində yazdığı “Kimiyəm” rədifli gəraylısına baxaq:
Nə danışım həyatımdan,-
Simi qırıq tar kimiyəm.
Dilim yoxdu danışmağa,
Öz dünyama dar kimiyəm.
Dost dediyin gəldi-gedər,
Dar günündə gözdən itər.
Dağ başında qara dönər,
Qar dağıdan tar kimiyəm.
Kimə deyim dərdi-səri,
Eşidərmi könül məni?!
Özbaşına sevər qəmi,
Qəm gətirən bar kimiyəm.
Simi qırıq tar kimiyəm.
Dilim yoxdu danışmağa,
Öz dünyama dar kimiyəm.
Dost dediyin gəldi-gedər,
Dar günündə gözdən itər.
Dağ başında qara dönər,
Qar dağıdan tar kimiyəm.
Kimə deyim dərdi-səri,
Eşidərmi könül məni?!
Özbaşına sevər qəmi,
Qəm gətirən bar kimiyəm.
Kənanın şeirləri, sən demə, ancaq burada verilənlər deyilmiş.
Eşidəndə ki onun şeirləri, az qala, bir kitablıqdır, göz yaşlarıma hakim ola bilmədim. Onsuz da bu Novruz bayramı günlərində kövrəlir adam. Mən isə... Bəhanə axtarırdım ki, qəm dəftərimi vərəqliyim. Kənanın yüzdən artıq şeirinin “Tik-tok”da yayıldığını, hətta, onların bir çoxunun bədii qiraətçilər tərəfindən ifa edildiyini eşidəndə de gəl məni kirit də.
Yazdıqlarının qəm-kədər notuna köklənməsini də duyuram. Atasının da ilk yazıları şəhidlik mövzusu olub axı. Göz açandan atası qəm dəftəri vərəqləyir. Ona görə də onun “Qara daşdayam” şeirini oxuynada təəccüblənmədim:
Yol verin, anamı ağlıyım bir az,
Laylası gecikib, qınayım bir az.
Baxmayın anamdı, danlayım bir az,-
Mən hələ dizində yatan yaşdayam,
Ay ana, gəlmişəm, qara daşdayam.
Laylası gecikib, qınayım bir az.
Baxmayın anamdı, danlayım bir az,-
Mən hələ dizində yatan yaşdayam,
Ay ana, gəlmişəm, qara daşdayam.
Atasızlıq ağrısının onun qəlbinə haradan gəlməsini də sormadım. Gənc atasını itirən yaxın qohumumuzun bu ilki bayram günlərində gedib qəbristanlıqda qara daşa sarıldığını Kənan elə doğma hisslə verir ki, oxucusunu da öz təsirinə salır:
...Ata bir ümiddi, nə qədər sağdı,
Övlada dayaqdı, düşmənə dağdı.
Ata bir sınaqdı, bar verən bağdı,
Hər bəndə o adı daşımır axı...
Övlada dayaqdı, düşmənə dağdı.
Ata bir sınaqdı, bar verən bağdı,
Hər bəndə o adı daşımır axı...
Kitab və oradakı müəlliflərin yaradıcılıq nümunələrindən daha geniş söz açmaq olardı, lakin, məqsədim o deyildi. Belə topluların hazırlanması yolunda əziyyət çəkənlərə təşəkkürlərimi bildirmək üçün bu sevdaya düşdüm, bağışlasın kitabda şeirləri yer alan qələm-qəlb sahibləri ki, hər birinin xüsusi təqdimata ehtiyacı olsa da, vaxt-zaman “yelqanadlı” olduğuna görə, mən də fikirlərimi ümumiləşdirmək məcburiyyətində oldum.
Sağlıq olsun! Ədəbiyyat yolunda sizlərə əbədilik arzulayıram, gənc ədiblər...
Məhəmməd Nərimanoğlu,
“Yenilik-press” qəzetinin Baş redaktoru,
Ç. Aytmatov adına TURAN beynəlxalq medalın sahibi
Bakı, 24 mart 2025-ci il.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay