Xəbərlər
7.01.2024, 21:42
SÖZ UĞRUNDA ÖMRÜNÜ GİROV QOYAN - FOTO
SÖZ UĞRUNDA ÖMRÜNÜ GİROV QOYAN
Flora Xəlilzadəni olduğu kimi duyur və tanıyırıqmı?
Sözü ilə tanış olduğumuz insanların özləri barədə bir çox hallarda heç nə bilmirik və onları dünyanın bəxtəvəri, dərd-səri olmayan, xoşbəxtləri sanırıq. Doğrudanmı onlar Sözün keşiyini təkcə qələmləri ilə deyil, həm də zəngin qəlbləri və qəribəliklərilə çəkirlər? Söz adamı olmadan bunları söyləmək çətindir. Onların adi həyatdan kənarda bir dünyaları olur ki, qapılarını ancaq fitrətdən gələn ilahi təb aça bilir. Bu mənada hər kəs Söz adamı barədə söz deməyə cəsarət etmir, lap elə bu sətirlərin müəllifi kimi.
Söz ipək kələfi olduğu kimi, həm də zəhərlə sulanmış xəncərə də çevirilə bilir. Belə olmasaydı, dahilərin fikir dünyasında söz su kimi lətafətə çevrilməzdi. Sözü qədərincə işlətmədikdə, qədir-qiymətini bilmədikdə özü ilə bərabər müəllifini də hörmətsiz edir. Amma, nə yaxşı ki, ilahi Sözün keşiyini çəkən, onun nazından və qəzəbindən mənən zənginləşən Söz adamları zaman-zaman xalqımızın mədəni tarixində barmaqla sayılmayıb. Ümumiyyətlə, Söz millətimizin və xalqımızın başı üzərində dalğalanıb, müdrikləşib, ilahiləşib…
Bu bir qədər pafoslu ifadələrin ünvanı da Söz adamıdır, həm də elə Söz adamı ki, təkcə xarakterinə görə deyil, şəxsiyyətinə və qələminə görə də sayılıb-seçilən, ruhu ilə baş-başa qalanda dalğalanan dənizə, əsən mehə və birdən də təpələri vahiməyə gətirən şimşəyə, coşqun dağ çayına bənzəyən. Bilmirəm, haqqım çatır ya yox, ancaq qəlbimin səsinə qulaq asıb, çoxdan bəri haqqında qısaca da olsa, söz açmağa bəhanə axtardığım tanınmış jurnalist-publisist və şairə xanım, onu yaxından tanıyanlar üçün, sadəcə, doğulduğu yurdu, el-obanı, nəhayət, böyük bir mahalları - Zəngəzurunu, Zəngibasarını, ulu Göyçəsini, Qarabağını… itirib qəlbində dağ boyda bitirən, bu dərddən saysız-hesabsız yazılarla və kitablarla «ürəyini soyutmağa çalışan», amma hələ də həsrətdən sinəsi Söz körüyü kimi közərən, hicran ağrılarının boylandığı iç dünyasında tamamilə bir özgə insan olan, zəhmətkeş və cəfakeş, əzabkeş, minlərlə, milyonlarla oxucusunun dərin rəğbətini qazanmış, lakin “qaz vurub-qazan doldurmamış”, necə deyərlər, balıq üçün deyil, Xaliq üçün yazmış (və bu gün də həmin amalla çalışan), «Azərbaycan» qəzetinin mədəniyyət şöbəsinin redaktoru, kiçik də olsa, qələmə aldığım məqalə və ya informasiyaların üstündə əsim-əsim əsən və hər kəlmənin yerini-yatağını bildirən, pak və təmiz nəfəsini nəfsindən yuxarı bilən Flora xanım Xəlilzadənin bəyənib-bəyənməyəcəyindən asılı olmayaraq, Onun barəsində bir-iki kəlmə demək qərarına gəldim. Çünki, ən azı, buna özümdə bir ehtiyac duydum: əlamətdar bir hadisəyə yaxınlaşdığı üçün. Ad günündə bu sətirləri əzbərdən söyləyə bilməyəcəyimi nəzərə alaraq, onları qəzet səhifəsinə çıxarmaq qərarına gəldik.
FLORA XƏLİLZADƏ
Flora Xəlilzadənin publisistik yazılarından ibarət bir kitabı (“Yazdıqlarım: ədəbiyyat-əbədiyyət”, I hissə) çapa hazırlanır. Oradakı yazılar bir daha insanı heyrətə gətirir ki, bu qədər zəhmət, cəfanın müqabilində qazandıqları nədir bu peşəkar jurnalist xanımın. İnana bilmirsən ki, nəvələrinin nəvazişini, oğlanları: “Lider” TV-nin hər gün tezdən efirə canlı gedən “Səda-Səhər” verilişinin aparıcısı Elnurla, «Mədəniyyət» kanalının rejissor vəzifəsində çalışan Bəhruzun və qızından da artıq məhəbbət bəslədiyi gəlininin qayğısını ona verilə biləcək ən ali mükafatdan yüksək sayır.
Bəlkə elə gələcək nəsillərə yazıb qoyduqlarına müraciət edək. Flora xanım oxucularına müraciətlə yazır: «İstədim biləsiniz ki, mən balıq üçün yox, Xaliq üçün yazdım. Əlimə qələm alandan məqsə-dim elə bu oldu. Söz dərgahının hüzurunda həmişə başı uca dayan-maq üçün ürəyimin diktəsindən uzağa getməməyə çalışdım. Bu çar-pışmaların, ziddiyyət dolu həyatın içində istəyimə nə dərəcədə nail oldum, deyə bilmərəm.
Tanrı bilir ki, Söz mənim üçün dünyanın bütün var-dövlətindən yuxarıda dayanır. Söz mənim üçün bir xilqətdir, müqəddəs varlıqdır. Baxır bu xilqəti, varlığı necə duyursan, onu oxucuya, ya da səni eşi-dənə necə çatdıra bilirsən. Sözün məlhəmi də əvəzsizdir, yarası da dərindir. Şair Məmməd Aslan demişkən, ömrümü Söz uğrunda be-ləcə girov qoydum. Onun ucalığına söykəndikcə, o da bu məhəbbə-tin cavabını qaytardı, məni yüksəltdi. Əlbəttə, bu başqa söhbət ki, dəyərləndirmə hansı meyarlarla ölçüldü. Koroğlunun təbirincə söylə-səm, min il köhlən atı çapdım beləcə, amma bir yabıca mənzil qət et-mədim. Təsəllim budur ki, Sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim. Tanındım, sevildim, oxucu diqqəti qazandım, məhz Sözün sayəsində dünyanı dolaşdım. Mənim aləmimdə həyat dəyirman daşlarından ibarətdir. Onun biri mənəvi, digəri də maddi cəhətdən adamı öz ağuşuna alır. Sıxdıqca sıxır. Mənən zənginləşdik-cə, bu ağırlığın, sıxıntının biri azalır. Nə yaxşı olardı ki, heç o biri sı-xıntı da baş verməyəydi. Amma hər şey də öz əlimizdə deyil ki, söz sərvətinə vurulanlar, ona dəlicəsinə aşiq olanlar həmişə maddi cəhət-dən korluq çəkiblər. Unudulmaz şairəmiz Mirvarid Dilbaziyə məx-sus fikirdir, tez-tez yadıma düşür: “Mən çətin yaşadım, amma şərəfli yaşadım”.
Flora Xəlilzadə həm də kövrək misralar müəllifidir və indiyə kimi nəşr olunan çoxsaylı kitabları içərisində poeziya nümunələri sayılan, gəncliyinin duyğularından pərvazlanıb, sonralar yurd ağrısına sığınan şeirləri toplananları az deyil. “Ruhumun ehtiyacı”, “Ürəyim aldatdı məni”, “Yuxular” kitabları Flora Xəlilzadəni şairə kimi təqdim edirsə, “Bənövşə ətirli səs” (ədəbi portiret), “Aysel adını itirib” (uşaq hekayələri), “Analar” (publisistika), “Bu mənim tale yolum” (ədəbi portiret) “Taleyimdən keçən adamlar” (publisis-tika), “İgidliyin son zirvəsi” (ədəbi portiret), “Məmməd Araza mək-tub” (elmi-ədəbi toplu), “Yolum düşə Zəngəzura” (tarixi, etnoqra-fik bədii nəşr), “Dağları tərpədən fəryad” (ədəbi-bədii portiret), “Yazıçılar təşkilatının rəhbərləri” (ədəbi tədqiqatlar) onun kamil qələm sahibi, peşəkar jurnalistliyini, püxtələşmiş publisistliyini ortaya qoymuş olur.
Azərbaycan Yazıçlar Birliyinin sədri Anar deyir: “Ədəbiyyata, mətbuata bax, bu cür umacaqsız gəldiyi üçün də qələm dostumuzun yazdıqları bəyənilir, oxunur, sevilir, unudulmur”…
Flora Xəlilzadənin hazırda çap prosesində olan “Yazdıqlarım” kitabında doqquz bölmə var. Hər bölmənin də adında “söz” kəlməsi işlədilib: “Sözün və zamanın ucalığında”, “Yazıçılar Birliyi və bölgələrin söz mühiti”, “Söz şimşəkləri”, “Söz uğrunda döyüşənlər”, “Sözlə fəth edilən zirvələr”… Bütün bunlar Onun əsl Söz adamı olduğunu təsdiqləyir.
Əməkdar jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər bir-liklərinin üzvü Flora Xəlilzadənin 1972-ci ildən respublika mətbua-tında publisistik və ədəbi-bədii yazıları dərc olunur. İlk şeiri 1974-cü ildə “Azərbaycan qadını” jurnalında işıq üzü görüb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Respublikanın müxtəlif qəzet və jurnallarında çalışan Flora Xəlilzadə hazırda “Azərbaycan” qəzetində mədəniyyət şöbəsinin redaktorudur. Flora Xəlilzadənin bədii və publisistik yaradıcılığı müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliye-vin 2005-ci ildə imzaladığı sərəncamla “Tərəqqi” medalına layiq görülüb, Prezident təqaüdçüsü olub (2009-cu il üzrə), “Qızıl qələm”, Həsən bəy Zərdabi, Məmməd Araz, Rəsul Rza mükafatla-rının laureatı, Türkiyədə Məhəmməd Peyğəmbərin (ə.s) mövludu münasibətilə keçirilən müsabiqədə beynəlxalq ödülün sahibidir. Jur-nalist və yazıçı kimi dəfələrlə xarici ölkələrdə keçirilən müsabi-qələrdə beynəlxalq mükafatlara layiq görülüb, xarici ölkələrdə elmi simpoziumda, beynəlxalq konfransda, qurultay və mədəniyyət gün-lərində iştirak edib. Həcc ziyarətində olub, ailəlidir. İki oğlu və Gülnur, Gülcan adlı iki nəvəsi var.
Flora xanım! Bu kiçik yazı ilə Sizin nə şəxsiyyətinizə, nə də yaradıcılığınıza aydınlıq gətirmək məqsədim yox idi. Çalışdım ki, qüsurum çox olmasın. Çox güman ki, məzuniyyətdə olmasaydınız, məqaləni nə yazmağa, nə də redaktəsiz çapına icazə verərdiniz. Bu da Sizin və bizim qismətimizdəndir. Bu müqəddəs Ramazan ayında Sizə bolluca şirin-şəkər nəvə təbəssümü, övlad məhəbbəti, oxucu təşəkkürü, ailə səadəti arzulayırıq. Qoy nəyi arzulayırsınızsa, nəsibiniz olsun, amin! Qəlbinizdən Sözün işığı və yaraşığı - Söz naxışı yaz yağışı kimi yağsın…
********
... Flora Xəlilzadə yalnız bu yazının müəllifinin deyil, neçə-neçə peşəkar jurnalist kimi tanınan qələm və söz adamının ustadıdır. Çalışdığı kollektivdə xüsusilə seçilib (bizimlə birgə çalışdığı vaxtlarda gördüklərim bunu təsdiqləyir). O, kişilərin cəsarət edib deyə bilmədiyi haqq sözü üzə deyib həmişə. Çoxlarından fərqli olaraq, xarakterindəki qürur onu bəzilərinə sevdirməyib (əlbəttə, yaltaqlar belə xarakterliləri sevmirlər). Flora Xəlilzadənin soyadını belə qısqanclıqla çəkənlərin qorxusu bu xanım jurnalistin nəinki qələminin (buna söz ola bilməz) gücündən, ilk növbədə onun bir insan, xanım olaraq xarakterindən çəkiniblər. Amma sözlərini, səslərini içlərinə salıblar. Flora Xəlilzadə publisist, şair, jurnalist kimi özünü çoxdan təsdiqləyib. Ustad titulu onun boyuna biçilib. Əməkdar jurnalist fəxri adı Flora xanıma 8 mart günü cənab Prezidentin xüsusi (ayrıca) sərəncaı ilə verilib. Övladları (Elnurla Bəhruz ) da analarını yolunu yaradıcı ampula ilə layiqincə davam etdirir. Kaş, bütü yaradıcı insanların övladları belə olaydı. Uğurlar olsun, Zəngəzərumuzun qələmkar qızı, qarşı dağların qaragöz balası (bu fikirlər isə Dədə Şəmşirə məxsusdur)...
Məhəmməd Məhəmməd Nərimanoglu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




