
Xəbərlər / Nesr
28.03.2022, 02:00
YARADICI İNSAN ÖMRÜNÜN PİLLƏLƏRİ - Daşdəmir ƏJDƏROĞLU
YARADICI İNSAN ÖMRÜNÜN PİLLƏLƏRİ
Bir dəfə qədim dövrün “əxlaq peyğəmbəri” hesab edilən Sokratdan soruşdular:
- İnsanda ən çox nəyi qiymətləndirirsiniz?
Filosof tərəddüd etmədən cavab verir:
- İnsanlığı.
- Bəs insanlıq dedikdə nəyi başa düşmək olar? - sualına isə mütəfəkkir belə cavab verir:
- İnsana layiq olan keyfiyyətləri.
Bəli, qısa dialoqla başladığım bu oçerkdə haqqında yazmaq, 70-inə xoş sözlər demək istədiyim hərtərəfli bir insanın gözəl xüsusiyyətlərini səciyyələndirmək mənim üçün elə də çətin deyil. O insanın haqqında yazmazdan öncə deyim ki, insanlıq bəşəriyyətin əxlaqi sərvətlərinin qızıl fondunu təşkil edir. İnsan cəmiyyətinin yarandığı ilk gündən başlayaraq dövrümüzə qədər bu fond daim zənginləşib və zənginləşməkdə davam edir.
İndi cəmiyyətdə belə bir fikir tez-tez işlədilir: insanlıq ölüb, insana hörmət ölüb. Əslində insanlıq ölmür, onu məhvə sürükləyən elə özümüzük. İnsanların insanlığa və xeyirxahlığa olan ehtiyacı daha aktual məna kəsb edir. Başqa sözlə desək, indiki bəşəriyyət üçün ən zəruri islahat məhz insanlıq və xeyirxahlıq islahatıdır. Xeyirxahlıq əxlaqi sərvətlərin əsası və insanların birgə yaşayışının təməl daşıdır. İnsanlara yaxşılıq etməyə çalışmaq, onlarla münasibətdə xeyirxah olmaq insanlığın ən vacib şərtidir. İnsanlıq və humanizm prinsipi ailə tərbiyəsinin, eləcə də ictimai tərbiyənin bütün sisteminin əsasını təşkil edir. İnsanlıqla humanizm “qohum” məfhumlardır. Humanizm latınca “insanpərvər”, “insanı fərqləndirən” mənasını verən “humanus” sözündəndir.
Humanizm nəcib prinsiplərin təkcə ictimai səhnədə gözlənilməsi ilə kifayətlənməklə qalmır. Humanizm məsələləri həm də hər bir adamın fərdi həyat amalı olmalıdır. Humanist olmaq - adamları sevmək, onların ləyaqətinə hörmət etmək deməkdir. Əsl humanist idealların həyata keçirilməsi üçün insana quru söz, sentimental coşqunluq gərək deyil. Bunun üçün əməli iş görmək, məhrumiyyətlərə tab gətirmək, gələcək naminə bu günü qurban vermək kimi mərdlik nümunəsi göstərmək lazımdır.
İnsanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah əməllərə çox şahid olmuşuq.
... İNSAN OL ŞƏXSDİR Kİ, O KİŞİ OLAR!
Fəzlullah Nəiminin belə bir gözəl deyimini də yada salmaq yerinə düşər: “İnsan dünyanı parlaq göstərən aynadır”. Əsrlər ötüb keçsə də, bu fikir öz yerini qoruyub saxlayıb. İnsana, insanlığa qiymət zaman keçsə də, dəyişmir və dəyişməz olaraq da qalır. Yaşı min, milyon illə ölçülən qoca dünya kimlərə yer vermədi, kimləri sınağa çəkmədi ki?! Kimlərsə bu sınaqdan üzüağ çıxıb öz müdrikliyin(i) qorudu, kimlərsə də hər şeyi unudaraq mənəviyyat burulğanında boğuldu.
Müasir dövrümüzdə insanlıq üçün ən ali keyfiyyətlər hesab etdiyimiz (insanpərvərlik, fədakarlıq, ədalət, etibarlılıq və sair) xüsusiyyətlər əslində biz insanlar üçün ən adi keyfiyyətlər olmalıdır. Çünki bunları məhz biz insanlar yaşada bilərik. M.Əhvədinin dili ilə desək : “İnsanlıq olmalı insana şüar, insan ol şəxsdir ki, o kişi olar”.
Bu oçerkdə haqqında bəhs etdiyim Tahir Nağı oğlu Rəcəbov da bir insandır, insanlığı qoruyub saxlayan, ona böyük dəyər verən sağlam düşüncə sahibidir, necə deyərlər, erudisiyalı bir şəxsiyyətdir. Eşitdiyimə görə vaxtilə çalışdığı sahənin adamları onun bu istedadı qarşısında həsəd aparıblar. Əgər o, çox yüksək elitaya, yüksək keyfiyyətlərə malik olmasaydı, o zaman sosial şəbəkədə böyük hikmət kəsb edən bu qədər dəyərli kəlamları dilə gətirə bilməzdi.
Onun danışığından, hərəkətindən, tərbiyəsindən sanki gül ətri, yovşan ətri gəlir. Adam bu ətri çiyərlərinə çəkəndə məst olur, insanın ruhu təzələnir.
İndi zamanın, həyatın dəyişdiyi, yeniləşdiyi, insanların ögeyləşdiyi, qohum-əqrəbanı, dost-tanışı, qardaş-bacını tanımadığı bir ərəfədə bu keyfiyyətlərin dəyəri ölçülməzdir; tərbiyəedici, yolgöstərici, dərketdirci xüsusiyyətləri ilə qəlbimizi işıqlandırır Tahir Rəcəbov.
İstər real həyatda, istər sosial şəbəkələrdə apardığımız söhbətlərdə həmişə deyir ki, keçmişini yaddan çıxarandan, ona ehtiramla yanaşmayandan, dünəninə sevgi bəsləməyəndən, kökündən, soyundan ayrılandan, əslinə, nəslinə bağlı olmayandan heç nə gözləməyinə dəyməz. Bu və ya başqa fikirləri təlqin edəndə adam inanır ki, Tahir qardaşımızın poetik, lirik, kövrək duyğuları, insani xüsusiyyətləri onun genindən gəlir, dədə-babasından, kökündən gəlir. Bu bağlılıq onun istedadını, bu cür bacarıq və qabiliyyətini tərbiyələndirib, formalaşdırıb.
İNSAN OLMAQ ÜÇÜN TAHİR RƏCƏBOV OLMALIYIQ
O da var ki, öz varlığımızın digər canlılardan üstün olmasını istəyiriksə, bu yoldan uzaq düşməməliyik. İnsanların qəlbinə yol tapmaq hər cür davranış qarşısında səmimiyyəti, ədalət hissini qoruyaraq dünyanı geniş bir həqiqət və normal münasibət bağına çevirmək biz insanların hünəri ola bilər. İllər bir-birini əvəzləyəcək, qərinələr keçəcək, əsrlər ötəcək və tək bir şey - əsl insanlıq … bax bu kainatın taxtında daim yanar şam kimi parlayacaq və kainatı nura boyayacaq!
İnsan olmaq üçün təkcə kitab oxuyub elm öyrənmək deyil, həyata baxıb xeyirxahlığı, səmimiyyəti, bu kimi xüsusiyyətləri də götürmək lazım gəlir. Həm də səhvi düzə çevirib bunu xərcləyə bilmək. Bu mənada bizimlə 70 il yol gələn Tahir Rəcəbov olmalıyıq ki, o xeyirxahlıq da, səmimiyyət də, mehribançılıq da, xoş münasibətlərin məcmusu da itib getməsin. Yazıçı ol, şair ol, mühasib ol, polis ol, müəllim ol, kim olursan ol, yetər ki, insan kimi insan olasan.
Görkəmli mütəfəkkirimiz C.Məmmədquluzadə deyirdi: “Elə yaşa ki, öləndən sonra da ölməyəsən”. İnsanlığa və insan mənəviyyatına dəyər qatanlar bu şöhrətə layiq olacaqlar. Tahir Rəcəbov o şəxslərdəndir ki, daim ondan öyrənməyə, yaxşı nə varsa, götürməyə çalışırsan. Aramızda təxminən 12 yaş fərqi var, amma özümüzü elə aparırıq ki, sanki həmyaşıdıq. Bax, bu əlverişli ünsiyyəti, səmimiyyəti məhz Tahir Rəcəbov yaradıb.
Həyatımda 5-10 insan olub ki, həmişə onlarla birlikdə addımlamaq, onların yanında olmaq, onlardan bilmədiklərimi öyrənmək istəmişəm. Səmimiyyətimə inanın, bəlkəsiz onların birincisi məhz Tahir Rəcəbovdur. Kimsə deyə bilər ki, boğazdan yuxarı sözləri üyüdürəm. Əsla belə deyil, münasibətdə olduğumuz bir çox dost var ki, mən deyənləri onlar da təkrarlaya bilərlər.
Kainat elə yaradılıb ki, həyat və insan amili bir-biri ilə sıx əlaqəlidir. İnsan həyatın bir parçası, həyat isə insanın dərs kitabıdır. Həyat oçerkinin insanlıq, Tahir Rəcəbov kimi İNSAN haqqında olması heç də təsadüfi deyil. Çünki getdikcə çətinləşən və maddiləşən həyatımızda hər şeyin kökü, qiyməti mənəviyyatdadır. Mənəviyyat cəmiyyətin daim tələb duyduğu bir idrakdır. İnsan özü yaşadığı cəmiyyət haqqında istər yaxşı olsun, istərsə də pis, rəy yaradır, fikir formalaşdırır. Hər iki tip insan məmləkətimizdə mövcuddur. Lakin həyatda elə insanlar da var ki, onlar tarixdə qoyduğu izləri, mənəvi dəyərləri, ədalətə pərəstişi, cəhalətə nifrətləri ilə qəlblərdə ümid çırağı yandırıblar. Bu cür insanlar əsrlər keçsə də, könüllərin fatehi olaraq cəmiyyəti təravətləndirib insanlığa ilham verirlər. Bizim Tahir Rəcəbov kimi!
Təbiətcə incə və zərif, əqlcə müdrik və kamil olan Tahir qardaşımız öz şəfqəti ilə insanlığı uca Yaradan qarşısında böyük sərvətə çevirib, əsl insan adını şərəflə daşıyıb və daşıyır da.
ƏSL ZİYALI
Ömürnaməsindən bəzi məqamları bir neçə ilə əvvəl bir yazıda vermişdim.
1952-ci ilin mart ayında dünyaya göz açıb. Atası Nağı Əbülfəz oğlu Rəcəbov 1929-cu ildə Lahıc qəsəbəsində kolxozçu ailəsində anadan olub. Üç qardaş, bir bacı olublar.
1949-cu ildə Basqalda açılmış toxuculuq kombinatının filialına müdir təyin edilən Nağı əmi Əflakə xala ilə tanış olub və 1951-ci ildə ailə həyatı qurub. Əflakə xala 1931-ci ildə Basqalda anadan olub, 4 il təhsil alıb, Lahıca gəlin köçüb, lakin orada yaşaya bilməyib (Lahıc dilini bilmirdi). Beləliklə, onlar Basqal kəndinə köçüblər və elə o vaxtdan da onlar bu qədim məkanda tam məskunlaşaraq basqallı olublar. T.Rəcəbovun 6 qardaşı və 2 bacısı olub.
Tahir Rəcəbov 1959-cu ildə Böyük Vətən Müharibəsi Qəhrəmanı Kamal Qasımov adına Basqal kənd orta məktəbinin 1-ci sinfinə gedib 1969-cu ildə bitirib. Orta məktəbdə çox yaxşı oxuyub. Ən çox riyaziyyatı, coğrafiyanı və dilləri (Azərbaycan, rus, alman) sevib.
Məktəbi bitirən il sənədlərini Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə verib, lakin müsabiqədən keçə bilməyib. Atasının tövsiyyəsi ilə Neft-Kimya İnstitutunun axşam şöbəsinə yüksək qiymətlə qəbul olunub. Lakin onun profili olmadığı və bu sənəti istəmədiyi üçün 3-cü kursu bitirdikdən sonra sənədlərini geri almaq istəsə də, mümkün olmayıb.
1972-ci ildə hərbi xidmətə gedib. Rus dilini yaxşı bildiyi üçün burada böyük hörmət qazanıb. Komandir onu hərbi məktəbə məsləhət bilib. Tahir başa düşüb ki, Neft-Kimya İnstitutundan sənədləri geri almaq üçün yaxşı fürsətdir. Hərbi hissənin məktubu ilə sənədlərini geri götürə bilib və ailə vəziyyətini bəhanə gətirərək hərbi məktəbə getməyib. Sovet dövrü olduğu üçün hərbi xidmət zamanı birillik Partiya Məktəbini bitirib. Hərbi xidmətdən sonra 1974-cü ildə sənədlərini Xalq Təsərrüfatı İnstitutuna verib. Əslində o, müəllim olmaq istəyib. Lakin o zamanlar deyiblər ki (həqiqətən də belə idi), Xalq Təsərrüfatı İnstitutuna pulsuz daxil olmaq mümkünsüzdür...
T.Rəcəbov sübut etmək istəyib ki, savad, bilik varsa, heç kim pul ala bilməz. Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə yüksəl balla qəbul olunub və 1978-ci ildə oranı qırmızı diplomla bitirib. Təyinatla İsmayıllı rayonuna göndərilən T.Rəcəbov ixtisası üzrə rayon statistika idarəsində əvvəlcə iqtisadçı, sonra idarənin rəis müavini işləyib. 1991-ci ildə onu Respublika Statistika Komitəsinə şöbə rəisi vəzifəsinə irəli çəkiblər. Rus dilini yaxşı bilməyi burada da özünü göstərib. Onun buraya gəlişindən sonra şöbə dalbadal 5 il SSRİ üzrə keçici bayraq alıb və ittifaq miqyasında tanınıb. Komitənin ali rəhbərliyində daha yüksək vəzifəyə keçirilməyinə namizəd olub, amma ailə vəziyyəti ilə əlaqədar rayona qayıtmalı olub. 1991-ci ildə rayon vergi müfəttişliyində işləməyə başlayıb.
Səliqə-sahmanlı, səbrli, təmkinli, tədbirli olan Tahir Rəcəbov doğulduğu bölgəni, adamları yetərincə tanıyıb, hər kəslə “öz dili”ndə, səviyyəsində danışıb. İstər ucqar kənddə sadə zəhmət adamı, yaxud dağda çoban, istərsə də rayon mərkəzində, şəhərdə müəllim, müəyyən qulluq, vəzifə sahibi olsun, fərqi yoxdu, hamısı ilə ünsiyyət, işgüzar münasibət yarada bilib. Tələbkar olduğu qədər də qayğıkeş, diqqətcil olub. Yüksək mədəniyyəti, mərifəti, insani keyfiyyətləri adamlarda xoş ovqat yaradıb. Həmişə iş kabinetinin qapısı onların üzünə açıq olub. Özü də tez-tez yerlərə gedib, camaatın dərd-sərinə qalıb, irili-xırdalı problemlərinin həllinə çalışıb, köməyini əsirgəməyib.
1992-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun İsmayıllı filialı təsis ediləndə (o zaman texnikumun direktoru Mirdaməd Sadıqov idi və İsmayıllı filialının açılması məhz onun xidməti idi) buraya direktor təyin olunub.
Daha sonra vergi orqanlarında xidmətə qayıdan Tahir Rəcəbov vergi xidməti müşaviri rütbəsində 2017-ci ilədək çalışıb və 65 yaşının tamamında dövlət qulluqçusu kimi pensiyaya çıxıb.
1983-cü ildə ailə həyatı quran T.Rəcəbovun bir oğlu, bir qızı var. Hər ikisi ali təhsillidir. Qızı xarici dil müəllimi, oğlu isə iqtisadçıdır.
MÜŞAHİDƏÇİ İNSAN
Qəhrəmanım daxilən müdrik, müşahidəçi bir insan olduğundan ətrafa, cəmiyyətə xüsusi həssaslıq və diqqətlə yanaşır. O özü bu barədə belə deyir:
- Daim qüsursuz yaşamağa çalışmışam. Heç kəsin haqqını tapdamamışam. Və heç kəsə də yaltaqlanmamışam. Buna görə də bir şeyi başqasına qurban vermək, bir işi digərinin güdazına vermək məcburiyyətində qalmamışam.
Müşahidəçi insanam. Ətrafda yalnız ədalət hissini yüksəkdə tutan, əxlaqi-etik keyfiyyətlərə malik insanları görmək istərdim. Çünki bu mübarizələrlə dolu həyatımızın idarə olunması məhz ədalət və qayğıkeşliklə həyata keçirilməlidir. Ədalət və qayğıkeşliyin cəmiyyətdəki mövqeyi azacıq pozularsa, xaos, özbaşınalıq əmələ gələr. Mənim isə həyatda görmək istəmədiyim hal məhz budur.
... Ömrünün ahıllıq dövrünü yaşayan Tahir Rəcəbovun 70 yaşı tamam olur. Ziyalı ömrünü yaşayan, hər gününü axtarışlara, yaradıcılığa həsr edən Tahir qardaşımızı bu münasibətlə dostları adından səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və qarşıdakı illərdə də səmərəli fəaliyyət, yaradıcılıq axtarışları və uğurları arzulayırıq.
Əziz qardaş, ad günün mübarək!
Yüz illərin həsrəti var gözündə,
Vətəninin şöləsi var üzündə.
El-obanın qeyrəti var özündə,
Zəkan iti, hünərlisən, ay Tahir.
İllər-aylar ömrümüzə bir izdir,
Keçən günün xatirəsi əzizdir.
Qəlbindəki arzuların təmizdir,
Qəlbi nurlu, yolu açıq, ay Tahir.
Bu gün inam qəlbimizə məlhəmdir,
Sevincimiz can evinə məlhəmdir.
Ömür tacın zirvələrdə ucadır,
Şan-şöhrətə ucalasan, ay Tahir.
Dost güvənər öz dostunun mərdinə,
Şərik olar sevincinə, dərdinə.
Mən sığmıram qardaşımın qəlbinə,
Bu cahandan zövq alasan, ay Tahir,
70 yaşın mübarəkdir, ay Tahir!
Böyük ehtiram və hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU
Yüz illərin həsrəti var gözündə,
Vətəninin şöləsi var üzündə.
El-obanın qeyrəti var özündə,
Zəkan iti, hünərlisən, ay Tahir.
İllər-aylar ömrümüzə bir izdir,
Keçən günün xatirəsi əzizdir.
Qəlbindəki arzuların təmizdir,
Qəlbi nurlu, yolu açıq, ay Tahir.
Bu gün inam qəlbimizə məlhəmdir,
Sevincimiz can evinə məlhəmdir.
Ömür tacın zirvələrdə ucadır,
Şan-şöhrətə ucalasan, ay Tahir.
Dost güvənər öz dostunun mərdinə,
Şərik olar sevincinə, dərdinə.
Mən sığmıram qardaşımın qəlbinə,
Bu cahandan zövq alasan, ay Tahir,
70 yaşın mübarəkdir, ay Tahir!
Böyük ehtiram və hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
































