
Xəbərlər / Nesr
22.03.2022, 22:13
NƏCİBLİYİ VƏ XEYİRXAHLIĞI İLƏ MİLLƏTƏ QÜRUR YAŞADAN NOVRUZ ASLANOV - Daşdəmir ƏJDƏROĞLU
NƏCİBLİYİ VƏ XEYİRXAHLIĞI İLƏ MİLLƏTƏ QÜRUR YAŞADAN NOVRUZ ASLANOV
Allahın insana bəxş etdiyi hər ömrün öz mənası, öz qayəsi var. Bir imtahan və sınaqla üzləşən insan ömrünün ən böyük mənası, amalı həyatda öz layiqli yerini tutmaqdır. Hər bir bəşər övladı öz istedadı, bacarıq və zəhməti sayəsində həyatda müəyyən məqama, layiq olduğu yüksəkliyə ucala bilir, ad qazanır. Zirvələr isə heç də hər kəsin deyil, yalnız ucalmaq iqtidarı bəxş edilən insanların nəsibi olur. Müqəddəs kitabımız olan “Qurani-Kərim”də deyildiyi kimi: “...Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edir...” (Ali-İmran surəsi, 73).
Xalqın sevgisi, elin hörməti, ehtiramı olduqca önəmli, qiymətlidir və yalnız gözəl insani keyfiyyətlərə, ali dəyərlərə malik şəxslər belə bir xoşbəxtliyə nail olurlar. Şəxsiyyətinə böyük dəyər verdiyim, varlığı ilə mənsub olduğu millətə qürur yaşadan Novruzəli Aslanov ömür payına məhz belə bir səadət düşmüş insanlardandır.
Özümü xoşbəxt hesab edirəm ki, Novruzəli Aslanov kimi insanla yaxından tanışlıq, onunla bir müddət sıx ünsiyyət saxlamaq imkanına malik olmuşam. Əqli və mənəviyyatı bir-birini yüksək səviyyədə tamamlayan, məslək və məramına xidmətdən zövq alan, zəka, təmkinlilik, ağayana əzəmət mücəssəməsi nümayiş etdirən Novruzəli müəllimlə təmas insana böyük ruh yüksəkliyi, xoş əhval bəxş edir. Bu illər ərzində həmişə onun nə qədər böyk ürəyə, incə və həssas qəlbə malik olduğunun şahidiyəm. Novruzəli Aslanov insanlara bacardığı köməkliyi göstərməkdən qəlb rahatlığı, könül xoşluğu tapan, mənəvi qida alan bir şəxsdir. Onun xeyirxahlığı, savab əməlləri, başçılıq etdiyi Qızıl Aypara cəmiyyətinin xəttilə həyata keçirdiyi xoşməramlı işləri haqqında həm eşitmişəm, həm də özüm şahidi olmuşam. Özü bu barədə susmağı üstün tutar. Xeyirxahlığı, nəcibliyi qanına hopan Novruzəli müəllim bütün bunları özünü təbliğ etmək məqsədilə deyil, Allahın rizasını qazanmaq üçün edir. Bu onun qəlbinin dərinliklərindən gələn mənəvi tələbatdır, nəcib xislətindən doğan vacibatdir.
N.Aslanovun Azərbaycan tarixinin ən gərgin müxtəlif çağlarında, xüsusən son iki ildə nümayiş etdirdiyi əsl vətəndaşlıq nümunələri, mənən sarsılmış insanlara, şəhid ailələrinin üzvlərinə, qazilərə mütəmadi olaraq göstərdiyi maddi və mənəvi köməklik, həssaslıq, diqqət heç zaçam xatirimindən silinməz. Pandemiya dövründə təmsil etdiyi rayonun rəhbərliyi ilə yaşayışı çətin olan, Qarabağ müharibəsində şəhid olmuş insanların ailələrinə, qazilərə baş çəkməyi özünün birinci dərəcəli borcu hesab etdi.
Novruzəli müəllim öz sözünü mərdanə deyən, nə etmək lazım gəldiyi anda heç nədən tərəddüd etməyən cəsarətli bir insandır. O, dostluğu, yoldaşlığı bacaran, onun qədrini bilən bir ziyalıdır.
Ölkəmizin ali tribunasında – Milli Məclisdə də Novruzəli Aslanov Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin təntənəsi, dövlətçilik sütunlarının daha da möhkəmlənməsi, ənənələrinin inkişafı naminə ardıcıl, qətiyyətli fəaliyyət göstərir, seçicilərinin etimadını doğruldur, etibarını və inamını qazanır.
O, daim insanlarla ünsiyyətdədir, hamını dinləyir, dərdinəolur, bacardığı köməkliyi əsirgəmir. ...İş axtarana iş tapar, xəstəyə dərman, ehtiyacı olana çörək verər. Qapısına gələnin problemini həll edər. Bundan məmnunluq duyar.
Siz bu yüksək nüfuzu Yaradanımızın bəxş etdiyi iman və fəzilət nuru sayəsində qazanmısınız, hörmətli Novruzəli müəllim. Həqiqətən Sizə bəxş olunan bu nemət Allah-Təalanın kəramət payıdır və çox şükürlər olsun ki, bu neməti uzun illər boyu şərəf və çövkətlə daşıyırsınız. Doğrudan da, Hidayət yolu – doğru yolu tapanların nəsibi əbədi fəxarətdir. “Allah... istədiyini doğru yola salır!” (Yunis, 25).
Sizin dünyaya gəlişiniz, bir neçə dostumuz kimi, Baharın gəlişi ilə üstə-üstə düşür. Bu xoş gün millətə bir müjdədir. Hazırda həyatınızın kamillik və müdriklik çağını yaşayırsınız. Sizin kimi tükənməz enerji sahibi, böyük arzularla yaşayan, qəlbi daim xeyirxah əməllərlə döyünən şəxsiyyətlər üçün bu yaş hələ yetkinlik dövrüdür.
Hörmətli Novruzəli müəllim, Sizi bu şad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə dünyanın ən gözəl nemətlərini arzulayıram. Üzümü Allaha tutaraq ömrünüzü uzun, həyatınızı parlaq etməsini, xalqımız və dövlətimizin mənafeyi naminə gördüyünüz bütün işlərə rəvac verməsini diləyirəm.
Qoy uca Allah öz nəzərini heç zaman üzərinizdən əskik etməsin. Amin!
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








































