Xəbərlər / Nesr
11.12.2021, 02:48
Yeri görünənlərimiz: evdən və eldən gedənlərimiz...
Yeri görünənlərimiz: evdən və eldən gedənlərimiz
Yaxası medallı, saçları qaralı-ağlı, sinəsi yurd dağlı Kəklik nənə də köçdü
....Yox! Yox, Yox! Kəlbəcərinə qovuşmadı, Murovdağı qarlı-boranlı gündə aşmadı, Xırdalanın Masazırdakı “Qəriblər” qəbristabnlığında illərdir ki, əlləriylə məzarına sığal çəkdiyi anası Nabat nənəyə və ömür-gün yoldaşı, kəlbəcərlilərin yaxşı tanıdığı el ağsaqqalı Vəli kişiyə qovuşdu.
Barmaqları zərgər olan Kəklik xalaya balaları bacı deyirdilər, haqlı olraraq. Elə biz kürəkənlərin də ana-bacısı idi, qayğısını, öyüd-nəsihətini azaltmazdı. Həmişə qızlarına “onların qədrini bilin, onlar sizin qədrinizi bildikləri kimi” – tapşırığı belə olardı.
İstəyirəm bir az uzaqdan başlayım anam kimi xatiri əziz olan Kəklik xalanın həyatından...
...Bilmirəm ki, niyə atalar haqqında yazanda soyuqqanlı oluram. İnanın, yazdıqlarım özümə də təsir eləmir. Yəqin daha çox anama bağlı olduğumdandır. İllər öncə, 1993-cü ildə Kəlbəcərdən perik düşüb, qarlı-qanlı Murovdağını ayaqyalın-başaçıq atam da aşdı, ana da, qardaş-bacılarım da. Atam elə həmin ilin ikicə ayını Murovdağın bəri üzündə yaşaya bilmədi. İyun ayında qəfil ürəktutmasından (infarktdan) getdi. Atamın qəfil gedişinə heç sarsılmadım. Kəlbəcər kimi bir ana yurdum, ata ocağım əlimizdən çıxmışdı, dözə bilmirdi. Anam isə “yaşadı”-ürəyi, başı xəstə, sürünə-sürünə, dərdlərini yumağa döndərib, kələfini dolaşdırsa da, yazdıqları şeirlərlə ürəyini soyudurdu. Bu, imkan verirdi ki, o, gününü yola versin...
Kəklik xala isə Kəlbəcərdən gələndən corab toxumaqla günlərini sayırdı, hər ilməsində, ilgəyində... Bəlkə də 1000 cüt corab toxudu Kəlbəcərdən sonra, satmaq üçün yox haaaaaaa!!!!! Balalarına. Onların da ballarına, qohum-əqrabaya, onların da dost-doğmalarına. Ötən il, ömrünün bu çağında, müharibədə, döyüşlər gedən günlərdə əlləri əsə-əsə, gözləri tor gətrsə də, Murovdağdakı əsgər balalara 100 cütdən artıq corab sovqatı yolladı, Birinci qarabağ müharibəsinin döyüşçü və qazi oğlu Müzəffərlə.
...Elə sonuncu corabı da cağda, ilmədə ömür-günü kimi, yarımçıq qaldı... Kəlbəcərə aparacaqdı Müzəffər, söz vermişdi, elə sevinirdi ki...
***
Ötən əsrin sovetlər dövründə yaşayan analarımız bir çox sahələrdə kişilərlə yanaşı, çiyin-çiyinə çalışıb, hətta onlardan da ağır əl əməyi ilə dolanmağa məcbur olublar. II Dünya müharibəsinin aclıq və səfalətlə dolu dəhşətli illəri onları çox ağır sınağa çəkdi. Lakin həyat eşqi, övladlarının xoş gələcəyi naminə onlar nişan üzüyünü belə ön cəbhəyə kömək etmək üçün əsirgəməyiblər.
Belə ağbirçəklərimiz artıq barmaqla sayılır. O dövrlərdə ağır və dözülməz şəraitdə aşamalarına baxmayaraq Azərbaycan qadınları müharibələrin qurbanlarına çevrilmiş oğullarının sırasının boş qalmaması üçün Vətənə daha çox övlad bəxş etməyi də unutmayıblar. Doğrudur, keçmiş sovetlər dönəmində onların bəziləri «çoxuşaqlı» və ya «Qəhrəman ana» statusu da daşıyıb və bir sıra sosial imtiyazlardan bəhrələniblər. Buna görə onların sinəsini bəzəyən çoxsaylı orden və medalların arasında «Qəhrəman ana»nın xüsusi çəkisi olub. Belə qadınlardan biri də ötən əsrin 30-cu illərində dağlar qoynunda - Kəlbəcərdə dünyaya göz açan, müharibədən qayıtmayan atası Məşədi Əli oğlu Məhərrəmin dərdi ilə baş-başa qalıb anası Nabat qarıya həm oğul, həm də qız olan Kəklik Əliyevadır. Ömrünün ixtiyar çağlarında taleyinə qaçqınlıq-köçkünlük ağrıları yazılan bu ağbirçək, 80 yaşlı nənənin ətrafı oğul-uşaq, nəvə-nəticə ilə dolu olsa da, gözləri yollarda, könlü intizardadır. Çünki göz açandan gözəlliyindən doymadığı, səfasından çox cəfasını çəkdiyi Kəlbəcəri əlindən gedib. O, bütün xoşbəxtliyini Kəlbəcərdə tapmışdı. Həyatının ağlı-qaralı günlərini, əzabını – şirinliyini məhz bu dilbər guşəninin dağları arasında keçirmişdi. Kəklik nənə bütün çətinliklərdən öz fədakarlığı, cəfakeşliyi ilə qalib çıxmışdı. Uşaqlarının əksəriyyəti təhsil alıb. Bax beləcə, bəxtəvərin bəxtəvəri idi Kəklik ana!
20 ilə yaxındır ki, Bakıda müvəqqəti məskunlaşan Kəklik nənə yaddaşında olanları ipə-sapa düzdükcə bir anlıq o əlçatmaz zirvələr gözləri önünə gəlir: «Yağının tifaqı dağılsın. Balalarımın hərəsi bir diyara düşüb. Ağlım kəsəndən çalışmışam: 40 il rayon rabitə şöbəsində telefonçu işləmişəm. Əməyimə həmişə qiymət – orden və medallar verilib. Amma 1993-cü ildə Kəlbəcərdən çıxanda onların heç birini özümlə götürmək imkanım olmadı. Kəlbəcər həsrətindən ürəyi paralanan, qərib məzarlı həyat yoldaşım Vəli Abduləli oğlu ilə birlikdə, rabitə qovşağında düz «qırx il külüng çaldıq». O, Kəlbəcərin ən ucqar dağ kəndlərinin telefonlaşdırılmasında, mən isə kəlbəcərlilərin Bakı və respublikanın digər bölgələri ilə əlaqə yaratmalarında var qüvvəmizi əsirgəmədik. Amma indi elə bil ki, heç həmin illəri yaşamamışıq. Ermənilər hər şeyimizi – torpağımızı əlimizdən alıb bizi yurd-yuvasız qoydu. Ulu öndər Heydər Əliyevin Kəlbəcərin rayon partiya komitəsi katibləri ilə birbaşa rabitələrini yaratmaq kimi məsuliyyətli işin mənə tapşırılması elə-belə deyildi».
Yaddaşının dolaşıq kələfində ilişib qalmış xatirələrini ancaq çözələməyə gücü çatan bu ağbirçək uzun illər çəkdiyi əməyindən çox, Kəlbəcərin işğalı zamanı oradakı qız-gəlinlərin erməni əlinə keçməmələri üçün özlərini qayadan atmalarından danışdı. Hələ də səs-sorağı gəlməyənlərdən - Barmaq Binə kəndindən çıxa bilməyən Cəvahir nənənin, Otaqlıda qalan İsaq və Gözəlin (onların uşaqları olmayıb), 1941-45-ci illər müharibəsindən qayıtmayan Məhəmməd kişinin ailə qurmayan qızları Həmayillə Mələyin sonrakı taleyindən xəbər tuta bilmədiklərindən yana-yana söz açdı. Əlavə olaraq onu da bildirdi ki, bu gun qadınlara verilən hüquq və azadlıqlar onun kimi ağbirçək nənələri sevindirir. Axı, illərlə onlar belə firavan, xoş günlərin arzusunda olublar. Mart ayını qız-gəlinlərin işinin «başdan aşdığı» ay kimi xatırladan ağzıyaşmaqlı nənə sanki ömrünün həmin dövrünü yaşayırmış kimi, danışdı, Novruz əhval-ruhiyyəsi yaratmağa çalışdı. Bu ovqatla yaşamağa çalışan Kəklik nənə illərlə çalışıb-vuruşub qazandığı orden-medalların indi heç bir dəyərinin olmamasından da nigaran deyil. Müstəqil Azərbaycanın siravi vətəndaşı olmaqdan böyük qürur hissi keçirdiyini, Vətənə layiqli övlad olmağı bacarmağı tövsiyə edir balalarına, nəvə-nəticələrinə. Onu da deyir ki, çalışın, anaları təkcə 8 martda deyil, ilboyu sevindirəsiniz: «Anaların mükafatı xoş üz, şirin sözdür, ay bala. Bundan qiymətli hədiyyə yoxdur. Vətənə sevgi anadan gəlir. Ona görə də Ana vətən deyirlər».
Gözləri çox uzaqlara dikilmiş Kəklik nənənin nəmli baxışlarından boylanan vətən həsrəti çox sirayətedici idi. Dağların qarını xatırladan bəmbəyaz saçlarında həyatının ağlı-qaralı günlərini yaşadan, yaxası medallı, sinəsi yurd dağlı Kəklik nənə həm də deyir ki, Vətənə məhəbbət, sevgiyə sədaqət olmasa, yaşamaq mənasızlaşar. Ona görə də Kəlbəcərə dönmək, gənclik illərinin sorağını almaq arzusundadır.
***
...Bu da illər sonra...
Kəklik nənənin çöpə dönmüş barmaqları corab toxuyur. Bilirsiniz kimlər üçün? Ön cəbhədə düşmənlə üzbəüz Vətənin keşiyini çəkən, onu göz bəbəyi kimi qoruyan oğullarımza. Axı, balaları da düşmən qabağında dayanıb. Heç onlara yox, ümumiyyətlə, Murovdağdakı əsgərlərimizə 100 cütdən artıq yun corab toxuyub oğlu, Birinci Qarabağ savaşlarının veteranı (onun da oğlu Elçin bəyimiz-Elçin Müzəffər oğlu Əliyev isə 44 günlük Vətən müharibəsinin iştirakçısı və veteranıdır) Müzəffərlə ön cəbhəyə yollayıb dəfələrlə.
Yasdığın yüngül olsun, xalqımızın vəfalı qızı, Kəlbəcərin mühasirə illərində Kəlbəcərlə Bakını danışdıran, həyacanlı səsinlə Bakını köməyə çağıran telefonçu qız, Allah sizi Kəlbəcərimizə qovuşdursun. Bu günlər yataq xəstəsi kimi sizi görmək çox ağırdır. Allah şəfanızı versin, amin!
***
Əziz dostlar, bu da SON!
Dünən, illərlə Kəlbəcərinin ayrılığına “dözən”, qəriblikdə günlərini corb cağı ilə hörən, düyün salan, doğulduğu yurduna qovuşmaq üçün minbir zülmə tablaşan el ağbirçəklərimizdən biri də qəəribməzar oldu. İllər öncə ömür-gün yoldaşı Vəli Abduləli oğlunun ruhuna qovuşan KƏKLİK nənə HAQQın dərgahına göyərçin kimi qovuşdu. Binədi rayonu ərzisindəki “Qəriblər məzarlığı”nda qara torpağa tapşırıldı. Dünyadan köçənləriniz rəhmətlik olsun! 4 oğul, 5 qız anası olan KƏKLİK nənəni kəlbəcərlilər ayxından və yaxşı tanıyırdılar.
Uzun illər Kəlbəcər rayon rabitə qovşağında “telefonçu qız” kimi məşhur olan, Kəlbəcərin 5 il mühasirədə qaldığı dövrdə gecə-gündüz “telefondan asılı qalan” - rəsmi bakıdakı rəhbərliyi “narahat edən”, sonra isə üsyan edən Kəklik Məhərrəm qızı Əliyeva, hətta, son anlarda həyat yoldaşı, hər evin telefonlaşması üçün yollarda (dağlarda-dərələrdə) yorğun olan Vəli dayı, Bakıda iş-gücünü atıb Kəlbəcərin müdafisinə qoşulan, Birinci Qarabağ müharibəsi veteranı Müzəffər Əliyev (onun da oğlu Elçin Əliyev 44 günlük Vətən müharibəsinin cəsur döyüşçülərindən və qazilərindən biridir), digər balaca oğlu, “Kilimarası” və “Maraloyunu” xalq oyununu dünyaya çıxaranlardan biri kimi tanınan Rövşən də gorov qalma ilə üzləşirdi...
Dünən, noyabrın 30-da haqq dərgahına qovişan Kəklik nənənin ilk və son arzusu Kəlbəcərinin azad edilməsi idi. O, bunu gördü, özü gedə bilməsə də, ruhu o dağlaar uçdu, şəksiz.
Yeriniz cənnət olsun nənələrimiz!
Bununla bağlı uzaq-yaxın kədərimizə şərik çıxan hər kəsə dərin minnətdarlığımızı bildiririk! Nə yaxşı ki, sizlər varsınız!
Məhəmməd Nərimanoğlu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














