
SABAHINA ARZU VƏ ÜMİDLƏRLƏ DOLU BİR ÜRƏKLƏ XEYİR-DUA VERƏN ŞAİR-PUBLİSİST
Təranə Cəbiyevanın “Dərviş yolu” kitabını oxuyandan sonra yaranmış təəssüratlarım
Adətim üzrə yorğun halda işdən çıxıb evə tələsirdim. Payızın qızılı rəngə çalan yarpaq tökümü xalı kimi yol boyu sərilmişdi. Sərin, bir az da dəlisov Bakı küləyi elə bil doğma adamlar kimi saçıma sığal çəkirdi. Mən isə yorğunluğumu unudub xəyalımda qəlbimin diqtəsi ilə haqqında yazmaq istədiyim qəhrəmanımın portret cizgilərini çəkirdim. Sadə insan, cəfakeş dost, vətənpərvər ziyalı, istedadlı qələm sahibi, şair-publisist... Beş kitabın müəllifi Təranə Cəbiyevanı belə tanıyırlar.
Yadıma qədim yunan filosofu Epirtetin müdrik bir kəlamı düşür: "Həmişə özünlə danışmağa çalış, çünki özünə söyləyəcəyin və özündən soruşacağın çox şey var". Bu gün dünəninə boylanıb özünə hesabat verən bu nüfuz sahibinin ən böyük mükafatı daxilən rahat olmasıdır. Sabahına arzu və ümidlərlə dolu bir ürəklə xeyir-dua verən şair-publisist Təranə xanıma bu haqqı acılı-şirinli yaşantıları, cəmiyyətdə tutduğu ədalətli mövqeyi və mənəvi saflığı qazandırır.
Yüksək əxlaqi keyfiyyətləri, təvazökarlığı və geniş dünyagörüşü ilə həmişə seçilən T.Cəbiyevanın mənəvi zənginliyinin başlıca şərti onun sadəliyidir. Dağlar qoynunda yerləşən saf təbiətli İsmayıllı rayonunun Quşencə kəndində sadə, ziyalı ailəsində dünyaya göz açan qəhrəmanım doğma ata ocağından paytaxta üz tutanda onun yoluna məhz saflıq, təmizlik və halallıq işıq salıb.
Hələ uşaq yaşlarında insanlar üçün qurub-yaratmağın, onların problemlərini, dərd-sərini sözün köməyi ilə həll etməyin, onlara qələmin gücü ilə çıraq tutmağın böyük xəzinə olduğunu dərk edən T.Cəbiyeva gələcəkdə jurnalistlik sənətini seçməyi qərara alır. Məhz bu sənətə gedən yol insanların kədərinə acıyıb, sevincinə şərik çıxmaq həssaslığından və sevgisindən başlayıb. Bunlar olmasaydı, qəhrəmanım da Təranə Əmirqızı olmazdı!
Uşaqlıq dövründən bugünədək əziyyətə qatlaşıb, zəhmətin nə olduğunu dərk edib. Atası Əmir müəllim bu qızcığazı ərköyün böyütməyib. Halbuki bu ruhda böyüdər, cəmiyyətə, onu əhatələyən insanlara qarşı laqeydlik hissi aşılayardı. Amma Təranə xanımın özünün xarakteri buna imkan verməzdi. Böyüdükcə, yaş üstünə yaş gəldikcə istedad və bacarığı üzə çıxır, həyatda kim, nəçi olmaq sualı onu az ala hər gün düşündürürdü. Təranə xanım isə jurnalistikanı, daha doğrusu, yaradıcılığı seçdi. Özünü tanıyandan yazır, yaradır, daxili mənini ortaya qoyur.
Ancaq bunların hamısından əvvəl o, doğmaları, ona öz problemləri, ağrıları ilə müraciət edən hər kəs üçün fədakarlığa hazır olan qayğıkeş ana, əsl insandır. Gözəl, yumşaq xasiyyəti, müdrikliyi, savadı, ədəbiyyatımıza verdiyi töhfələri, vətənpərvərliyi, rəvan natiqlik bacarığı, yüksək mədəniyyəti ilə yaradıcı insanların arasında, ədəbi mühitdə böyük nüfuz qazanıb.
Onu tanıdığım ilk gündən bu yana deyə bilərəm ki, Təranə xanım daim öz üzərində çalışır, bilgilərini artırmaq üçün özünü oda-közə vurur. İnsanlarla təmasda olduğu zaman qazandığı zəngin təcrübə, yazmaq məharəti, insanlarla dil tapmaq bacarığı, böyük bədii potensialı, hərtərəfli dünyagörüşü, gözəl mənəviyyatı bütün həyatı boyu işlədiyi sahələrdə ona yalnız uğurlar gətirib.
Müdrikcəsinə deyilmiş bir ifadə var: ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidirlər. Təranə xanımı da oxuculara bu cür təqdim etsək, məncə, yanılmarıq. O, müasir cəmiyyətimizdə özünəməxsus yeri və dəst-xətti, yaradıcılıq sahəsinə, ədəbiyyatımıza, folklorumuza verdiyi əvəzsiz töhfələrlə yanaşı, həm də publisist və təşkilatçı kimi geniş fəaliyyət dairəsinə malik olan əsl vətənpərvər ziyalılarımızdandır. Mən şəxsən Təranə Əmirqızını məhz bu cür xarakterizə edərdim.
Bu təəssüratlarım onun bu günlərdə Aeroport yolunun üstündəki gözəl bir məkanda - Bakı Ekspo Mərkəzində VII Beynəlxalq kitab sərgisində “Apostrof-A” nəşriyyatının təşkilatçılığı ilə çap edilmiş “Dərviş yolu” kitabının təqdimatı, onun işığına toplaşmış yaradıcı insanların, dostlarının maraqlı çıxışlarından sonra yarandı. Bu vaxtadək də müəyyən təsəvvürlərim var, zaman-zaman mətbuatda bu barədə çıxış etmişəm. Amma bu təəssüratlaerım daha da genişləndi, zənginləşdi…
Ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Təranə Cəbiyeva da milli ideallara bağlı vətənpərvər ziyalı kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan fəaliyyət göstərib, dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda olub. İşinin – yazıb-yaratmağın vurğunu olan Təranə xanım ən ağır və gərgin məqamlarda çıxış yolu taparaq yüzlərlə insana xoşbəxtlik bəxş edə, qəlblərində sevinc qığılcımları yarada bilib. Hərdən bəzi peşə sahiblərinə, xüsusən qələm sahiblərinə öz işlərini yerinə yetirməkdə yüksək vəzifələrin mane olmasından söz düşəndə Təranə xanım deyir ki, bu, hər kəsin şəxsi keyfiyyətlərindən, fərdi xüsusiyyətlərindən asılıdır: "Doğrudur, yaradıcı insan cəmiyyətdəki problemlərə sərf etdiyi vaxtı özünün şəxsi yaradıcılığına, həyatına həsr etsə, həm təmsil etdiyi sahə qazanar, həm də özü inkişaf edər, elə cəmiyyət də bundan daha çox faydalanar. Lakin elə insanlar var ki, tutduğu vəzifəni problemli insanlar üçün ayırdığı zamana xələl gətirmədən yerinə yetirə bilir. Peşəsində də, ictimai işlərdə də eyni uğurla çalışır".
Qeyd etdiyim kimi, Təranə xanım ağır, keşməkeşli illər yaşayıb. Öz sözləri ilə desək, "Həyatda büdrəmişəm, amma əyilməmişəm. Həyatda çarpışmışam, mübarizə aparmışam”. Və bu mübarizədə bütün çətinliklərə onun inamı, gərgin zəhməti qalib gəlib. Onun bir xoşbəxtliyi də ondan ibarət olub ki, mənəviyyatca yüksək, qüdrətli insanlarla birgə yaşayıb, çalışıb, onları özünə arxa-dayaq sayıb.
İşinə son dərəcə bağlı, zəhmətsevər bir insan kimi Azərbaycan qadınlarının problemləri Təranə xanımı həmişə narahat edib. Bölgələrdə, kənd yerlərində qadınların fəallığını, tədbirlərdəki çıxışlarını görəndə sevinc və fərəh hissi keçirib. Çox çalışıb ki, qadınlar öz hüquqlarını başa düşsünlər, daha fəal və təşəbbüskar olsunlar. T.Cəbiyeva qadınların problemlərini yaxşı bilir. Ümumiyyətlə, o, başqalarının dərdini öz ürəyindən keçirməyi bacarır. Yəqin ki, bu, qələm sahibi olmasından və daxili dünyasının zənginliyindən irəli gəlir. "Qadın ailədə evin dayağı olduğu kimi, cəmiyyətin də əsas sütunudur. Buna görə də qadınla hesablaşmaq, ona həmişə diqqət göstərmək lazımdır", - bu da Təranə xanımın sözləridir. O, qadının, hər şeydən əvvəl, ana, ocağının çırağı olduğunu hesab etsə də, çox sevinir ki, bu gün qadınlarımız təkcə ailə çərçivəsindəki fəaliyyətləri ilə kifayətlənmirlər. Onlar cəmiyyətin həyatında bütövlükdə iştirak edirlər. Qadınlarımız rəhbər vəzifələrdə çalışır, onlara göstərilən etimadı ləyaqətlə doğruldurlar. O, bir tərbiyəçi kimi qadınları milli-mənəvi dəyərlərimizin qoruyucusu və təbliğatçısı olmağa, gənc nəsli bu dəyərlər üzərində böyütməyə səsləyib.
Sadaladığım keyfiyyətlər onun yazılarında özünü biruzə verir. “Dərviş yolu” kitabında bu məsələlər öz əksini tapıb. Kitabın redaktoru kimi redaktə prosesi zamanı bu məsələlərlə tanış olduğumdan Təranə xanımın şəxsi keyfiyyətlərinə daha yaxından bələd olmuş, bütün cizgilərini görməyə çalışmışam. Bu kitabda verilən yazılar hər birimizin həyatının uşaqlıq dövründə cərəyan edən hadisələrdən bəhs edir. Yəni kitabın əvvəlindəki yazıları oxuyan kəs özünün həyatını açıq-aydın görə bilər. Bütün bu məqamları T.Cəbiyeva ustalıqla, məharətlə oxucuya çatdıra bilib. Yuxarıda qeyd etdiyim kimi, təqdimat zamanı çıxış edən yaradıcı insanlar (çıxış edən çox olduğu və həm də bu yazımı sırf təəssüratlarıma bağladığım üçün adları çəkə bilmirəm) müəllif haqqında, onun müsbət xüsusyiyyətlərindən ağızdolusu danışdılar.
Kitab artıq geniş oxucu kütləsinə təqdim edilib. Maraqlananlar müəllifin özünə müraciət edə bilərlər. Mənə isə uzun illlər tanıdığım, yaxın dost, sirdaş kimi qəbul etdiyim, çiyin-çiyinə çalışdığım Təranə Əmir qızı Cəbiyevaya sonsuz yaradıcılıq uğurları, bu uğurların ona gətirəcəyi sevinc hisslərini yaşamağı arzulayıram.
Dərin hörmətlə
Daşdəmir ƏJDƏROĞLU




Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







