İzi əbədi qalan müəllim...

Baxış Sayı:487

İzi əbədi qalan müəllim...

Ziyalılar, elm adamları öz dünyagörüşü və zəkası ilə həmişə cəmiyyəti işıqlandırmağa çalışırlar. Belə müəllimlərin ziyasından minlərlə gözlərə və könüllərə nur çilənir. Cəmiyyətdə təcrübəli, bacarıqlı və öz ixtisasını yüksək dərəcədə bilən müəllimə daim ehtiyac duyulur. Belə dəyərli ziyalılardan və şəxsiyyətlərdən biri də Şaban Nizaməddin oğlu Qasımovdur.

Söhbət Şamaxı rayonunun Bağırlı, Göylər və Məlikçobanlı kənd orta məktəblərində tədris hissə müdiri, ali kateqoriyalı rus və ingilis dili müəllimi kimi işləyən Şaban Qasımovdan gedir. O, 1962-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Xarici Dillər İstitutunun ingilis dili müəllimliyi ixtisasına yiyələnmiş, bir müddət keçdikdən sonra ikinci dəfə ali təhsil almaq arzusu ilə 1978-ci ildə M.F.Axundov adina Rus dili və Ədəbiyyat İnstitutuna daxil olur və rus dili müəllimliy ixtisasına yiyələnir. Tələbə yoldaşlarının verdiyi məlumata görə Şaban müəllim tələbələr içərisində daha çox fərqlənən tələbə idi. Hətta ali təhsilini başa vuran zaman pedaqoji kollektiv onun belə istedadlı gənc olmasına görə ona ali məktəbdə işləmək təklifi verildi. Lakin Şaban müəllim başa düşürdü ki, doğulduğu və yaşadığı rayonun məktəblərində ona böyük ehtiyac var. Şaban Qasımov Şamaxı rayon Təhsil şöbəsinin əmri ilə 1967-ci ildən pedaqoji fəaliyyətə başladı.

Beləliklə, böyük bir gənclik həvəsi ilə doğma kəndinə qayıdan Şaban müəllim ingilis dili və rus dili müəllimi kimi fəaliyyətə başlayır, yüksək səviyyəli müəllim kimi fəaliyyətə başlayır. Onun düşüncə tərzi şagirdlərinin elmi mənbələr əsasında dərin biliklərə yiyələnmək və beynində biliklərin sistemliliyini qurmaq idi. O, təkcə ingilis və rus dillərini mükəmməl bilən müəllim kimi yox, həm də riyaziyyat, ədəbiyyat, tarix, fəlsəfə və s. kimi elmlərdən çox xəbərdardır. O, riyaziyyatın əsası olan simvollar və ədədlərin köməyi ilə maarifləndirmə üsulunu şagirdlərinə aşılamaq metodunu dərindən mənimsədə bilmişdir. Onun ali məqsədi xeyirxah və ədalətli pedaqoji kadrların yetişdirilməsi idi. Şaban müəlliminin həyat və fəaliyyətini bu sətirlərin müəllifi də Şaban müəllimin şagirdi olmuşdur. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki,hələ təkcə Ovculu kəndindən onun qayğıkeş və tələbkar fəaliyyəti sayəsində mən özüm də daxil olmaqla. filolgiya üzrə fəlsəfə doktoru Qələmşah Heybətov, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Aliyev, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar Abdullayev ingilis dili və rus dili müəllimliyi ixtisasına yiyələnmişdir Onun digər ixtisaslara yiyələnən şagirdlərindən tibb elmləri doktoru professor Ağasəmid İsayev.fəlsəfə üzrə texniki elmlər doktoru Yasin Xəlilov.fəlsəfə üzrə fizika-riyaziyyat elmləri doktoru Ağanəzər Əzizov,polis polkovniki Babək Nəsirov fəlsəfə üzrə fizika-riyaziyyat elmləri doktoru Ələkbərov Asim və digərləri bu gün respublikanın nüfuzlu təhsil ocaqlarında calışırlar. Onunla birgə 50 il pedaqoji fəaliyyətdə olan, çiyin çiyinə çalışan və Şamaxı Rayon Ağsaqqalllar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Mayıl Alcanovun Şaban müəllimlə bağlı dediklərini qeyd etmək istəyirəm: “Ləyaqətli ömür sürmək üçün ləyaqətli nəsil yetişdirmək lazımdır. Mən həmişə görürdüm ki, Şaban müəllimdə şagirdləri ilə özü arasında həqiqi dostluq və yüksək savad yaratmaq istəyi var.”
Bu gün müasir təhsildə tələb olunan şərtlərdən biri də şagird şəxsiyyətinin formalaşdırılmasıdır. Onun fərqli tədis metodlarından biri də şagirdlərə biliyin sistemli şəkildə çatdırılması idi. Şaban müəllim qeyd edirdi ki, tədrisdə əsas məqsəd müəllim və şagirdlər araında həqiqi dialoqun qurulmasıdır. Çünki həqiqi dialoq insana başqasının öz fikrinə əsir olmamağı və başqasının fikrini dinləməyi tərbiyə edir. Bunun nəticəsində insan özünə qalib gəlir və dili öyrənməkdə daha maraqlı olur. Şaban müəllim üçün tədrisdə təkcə elmi müzakirələr əsas götürülmürdü, onun məqsədi savadlı olmaqla yanaşı, mənəvi cəhətdən sağlam insan xarakterinin formalaşdırılması idi. Şaban müəllimi yaxından taniyan və uzun müddət pedaqoji fəaliyyətdə olan filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin fikirlərini sizə çatdırmaq istərdim: ”Cox səmimi, şagirdlərinə qarşı hədsiz qayğıkeş,onların hər bir uğurunu özünkü kimi qəbul edən Şaban müəllimin yetirmələri bu gün də Respublikamızın nüfuzlu təhsil ocaqlarında,dövlət qulluğunda,elm sahəsində ləyaqətlə təmsil olunurlar” Daha doğrusu harmonik hərtərəfli inkişaf etmiş müasir insan tipinin yaradılması məsələsi idi. Bu da yəqin ki, gündəlik yorulmaz pedaqoji fəaliyyətdən və pedaqoji üsuldan asılı idi. Biz Şaban müəllimin pedaqoji fəaliyyətində qədim yunan filosofu Platonun fəaliyyət istiqamətlərini görə bilərik. Platon hesab edirdi ki, bizlərdən hansımızsa həyatı daha ağıllı yaşamağa çalışarsa o, daha çox insanlar arasında qardaşlıq əlaqələrini yaratmalı, insan ləyaqətini qorumalı, hissi həzzlərdən imtina etməli, vicdanı və ədaləti öz daxilində yaratmalıdır. Qeyd olunanlardan aydın olur ki, Şaban müəllim Azərbayacan maarifçiliyinin, təhsilinin və məktəbşünaslığının canlı tarixidir.
Şaban müəllim II Vətən müharibəsində şəhid olan nəvəsi Məmmədov Rza Əsgər oğlunun müqəddəs ruhuna ünvanladığı “Qoy mənim də izim qalsın...”adlı kitabında elmi, bədii şərhlər ,şeirlər toplusu və aqillər haqqında olan dəyərli məsələlər , 3 dilə tərcümə edilmiş riyazi əyləncələrdən bəhs olunmuşdur. Söhbət əsnasında Şaban müəllim dedi: “İndi mən ömrümün ahıllıq dövrünü yaşayıram, təssüf ki, məktəbdən dərsdən uzaq düşmüşəm. İndi də məni gənc nəslin təlim- tərbiyəsi narahat edir.Onlar etibarlı əllərdə olsa belə həvəsim, arzum və istəyim onların yanında olmaqdır.” Sonra o, kövrəldi, döşünə taxdığı əsgər fotoşəklini göstərdi və dedi: “Rəhmətlik nəvəmdir. 44 günlik II Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.” Onun səsində kövrəklilkə yanaşı bir qiraətçilik, natiqlik və peşəkar müəllim nitqi hiss olunurdu.. O həyatından, pedaqoji fəaliyyətindən qururla danışdıqca bu görüşdən ona yardımçı olan əzizi Vüsalə xanıma da daim minatdarlıq edirdi. Kitabı vərəqlədikçə onun “Ölməyəcəm mən” sərlövhəli şeirindən həm şagirdlərinə, həm də oxucularına həsr etdiyi duyğuları belə təqdim etmişdir:


Nə qədər Sizlərə həsrtəm, bala,
Heç vədə danışıb, gülməyəcəyəm.
Taleyin verdiyi acı dərdləri
Tək çəkib heç kəslə bölməyəcəyəm.

Şabanam, ayrıldım eldən-obadan,
Bir gün qurtaracam qəmdən, qadadan,
Aqildir, qadirdir böyük yaradan,
Mərhəmət eyləsən ölməyəcəyəm!


Şaban müəllimin kövrək hisslərə toxunduğu bu misralara münasibətimi bildirərək qeyd etmək istəyirəm ki, tarix boyu ömrünü, vətənə,vətənin keşiyinə, elə, obaya, təhsilə, mədəniyyətə həsr edən insanlar daim ölməzdir, eləcə də şəhidlik zirvəsinə ucalan nəvəniz rəhmətlik Məmmədov Rza Əsgər oğlu vətəni üçün, xalqı üçün ölməzdir.Qəlbimizdə əbədi yaşayacaqdır.
Şaban müəllimin həyatını və yaradıcılığını təhlil etmək üçün saatlarla, günlərlə vaxt lazımdır. Onun digər şeirlərini oxuduqca aydın olur ki lirik duyğularla ifadə olunmuş bu ülvi baxışlar insan qəlbində böyük dünya yaradır. Ömrünün çox hissəsini şagirdləri arasında keçirən Şaban müəllim, bu gün özünü dünyanın xoşbəxti hesab edir. Çünki mənalı ömrünə calanan həmin illər övladları qədər sevdiyi gənc nəslin maariflənməsinə, onların doğma vətəninin xoş gələcəyi naminə özünü qrub-yaratmağa həsr etmişdir. Yaşının müdrik çağına çatan Şaban müəllim yenə də gənclik həfəsi ilə düşünür. yaradır və keçmiş şagirdlərinin uğurlu ömür yolunu daim izləyir. Dahilərdən biri gözəl demişdir: “Müəllimin evi kitabxanadır, dövləti şagirdlərdir, nəğməsi şagirdlərin sədasıdır, qazancı isə millətin məhəbbəti və ehtiramıdır” Bu fikirin davamı olaraq Ümumilli liderimiz Heydər Əliyevin müəllimə verdiyi dəyərlər müəllim ömrünə bir işıq saçmışdır: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli, eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.” Çox hörmətli Şaban müəllim məhz belə müəllimdir.
İzi əbədi qalan müəllim...


Şasəddin SABİR OĞLU Mikayılov
ADPU-nun Şamaxı filialında sosial və İctimai Elmlər kafedrasının baş müəllimi

Oxşar xəbərlər
SON XƏBƏRLƏR