
Xəbərlər
2.09.2026, 17:16
Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Ermənistan bir zamanlar Rusiya Federasiyasının Cənubi Qafqazda ən etibarlı müttəfiqi olub. Lakin son illər Moskva ilə İrəvan arasında ciddi ixtilaflar, ziddiyyətlər yaranıb.
Qırğız Respublikasının paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü barədə yayılan xəbərlərdə də dialoqun gərgin keçdiyi vurğulanıb. Bununla belə, Nikol Paşinyan Vladimir Putinlə keçirdiyi görüşü müsbət qiymətləndirərək bunun "çox yaxşı görüş" olduğunu deyib: "Moskvaya qarşıdakı səfərim zamanı səmimi və konstruktiv söhbəti davam etdirmək barədə razılığa gəldik".
O, Ermənistan-Rusiya münasibətlərinin hər iki ölkə üçün son dərəcə vacib olduğunu qeyd edib. Paşinyan bu münasibətlərə İrəvan və Moskvanın ehtiyatla yanaşdığını da vurğulayıb. Bununla belə, baş nazir bildirib ki, yeni mühitdə və şəraitdə bu münasibətləri yenidən rəsmiləşdirmək zərurəti mövcuddur: "Əminəm ki, bu yenidən rəsmiləşdirmə nəticəsində münasibətlər daha yaxşı, daha konstruktiv, daha qarşılıqlı faydalı və daha isti olacaq".
Tərəflər arasında siyasi-diplomatik gərginliyi yaradan amilləri belə sıralamaq olar:
- RF Ermənistanla ənənəvi müttəfiqliyi davam etdirmək, onu bütün məsələlərdə öz tərəfdarı olaraq görmək istəyir;
- Ermənistanın çoxşaxəli əlaqələr qurmasını qəbul edə bilmir;
- Cənubi Qafqazda başlıca dayaq məntəqəsi olaraq qalmasını istəyir;
- Qərbə, ona aid təşkilatlara meyillənməsini, üzv olmasını qəbuledilməz sayır;
- İrəvan RF-nin himayədarlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ), MDB kimi təşkilatlara üzvlüyü əhəmiyyətsiz sayaraq onlardan uzaqlaşmağa çalışır;
- Rəsmi İrəvan ABŞ-nin Cənubi Qafqazda əsas dayağı olmağa səy göstərir;
- RF-nin regiondakı maraqlarına üstünlük vermir və s.
Vladimir Putinlə Nikol Paşiynanın Bişkekdəki görüşündə Ermənistanın Avropaya inteqrasiyasının Aİİ-də üzvlüklə uyğunluğu barədə fikir ayrılığı görünən qədər olub. Onlar arasında danışığın sərt keçdiyini aşağıdakı nümunə də təsdiqləyir;
Ermənistan lideri bildirib ki, Aİİ-dən çıxmaqla bağlı məsələ müqavilədə birbaşa yazılıb: "Ölkə Aİİ-dən çıxmaq qərarına gəlirsə, 6 ay öncə bu barədə tərəfdaşları məlumatlandırmalıdır. Biz hazırda tərəfdaşlarımızı Aİİ-dən çıxmaq niyyətində olduğumuzla bağlı məlumatlandırmamışıq".
Onun sözlərinə görə, Ermənistan, həmçinin Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul etməklə referendum ideyasından imtina edib. O, ölkəsinin Avropaya inteqrasiyasını alternativ seçim sayaraq bunun Rusiya və Aİİ-yə qarşı olmadığını da qeyd edib.
Rusiya Prezidenti əsas məsələdə Paşinyanla razılaşmadığını bəyan edib. Onun fikrincə, Ermənistanın həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında olması uyğun deyil. Putin bunu "problem" adlandıraraq məsələni sakitcə müzakirə etməyi təklif edib.
Liderlər arasında dialoq bununla bitməyib. Paşinyan isə cavabında bəyan edib ki, çox konkret seçim etmək lazım olan vaxt gələcək.
"Aİİ ilə Avropaya inteqrasiya arasında seçim etməyin vaxtı hələ gəlməyib. Alternativ reallıq yaradılanda referendum, yaxud onsuz, seçim edəcəyik", - baş nazir vurğulayıb.
Vladimir Putin referendumun keçirilməsini dəstəkləyərək Paşinyana bunu etməyi məsləhət görüb.
Qeyd edək ki, 2025-ci il martın 26-da Ermənistan parlamenti ölkənin Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında qanunu təsdiqləyib. Aprelin 4-də isə prezident sənədi imzalayıb. Həmin ilin dekabrında Brüsseldə tərəflər Ermənistan–Aİ tərəfdaşlığının strateji gündəliyini təsdiqləyiblər.
Bu il mayın 4-də İrəvanda Avropa Siyasi Birliyinin "Gələcəyi qururuq: Avropada birlik və sabitlik" sammiti keçirilib. Sammitdə İttifaqa üzv ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Ermənistanın Avrasiya İqtisadi İttifaqına münasibəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yanaşmasına oxşayır. İrəvan bu hərbi təşkilatda fəaliyyətini məhdudlaşdırarkən də bənzər əsaslar göstərmişdi.
Rusiya Ermənistanla KTMT üzrə müzakirələri dondurmuş kimi göstərir. Ermənistan da bu qurumda yoxmuş kimi davranır. Bu baxımdan, Moskva ilə İrəvanı KTMT-də zəif, dondurulmuş əlaqələr bağlayır.
İndi növbə Aİİ-nindir. Bu, Ermənistanın Qərbə meyillənməsinin, Federasiyanın nüfuz dairəsindən uzaqlaşmasının qarşısını almaq üçün alətlərdəndir.
İyunun 7-də keçirilən parlament seçkilərində qələbə qanadıqdan sonra Paşinyan keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarqsyana, onların ətrafına cinayət işləri başlatmaqla Moskvanın Ermənistan hakimiyyətinə təzyiq elementlərini təcrid edir. Bu həm də Avropaya inteqrasiya ilə bağlı keçiriləcək mümkün referendumda Rusiyanın siyasi arenada tərk-silah edilməsi anlamına gələ bilər. Çünki hazırda Ermənistanda rusiyayönlü siyasi qüvvələr müxalifət sayılır.
Nikol Paşinyan hökumətinə müxalif siyasilər, II Qareginin başçılıq etdiyi kilsə, Ermənistan Elektrik Şəbəkəsi Şirkəti, "Qazprom Armeniya", "Rusiya evi" ətrafına cəmləşən ictimaiyyət nümayəndələri, Gümrüdəki 102 saylı hərbi hissə, Rusiyadakı əmək miqrantları və onların Ermənistandakı ailə üzvləri Moskvanın bu ölkədə əsas qüvvələri sayılır. Belə ehtimal etmək olar ki, Vladimir Putin Nikol Paşinyana Avropa İttifaqı ilə bağlı referenduma getməyi məsləhət görərkən bu təbəqələrin imkanlarından faydalanacağını da istisna etmir.
Vaxtilə Rusiya və Ermənistan liderləri KTMT ilə bağlı məsələni də belə qızğın müzakirə edirdi. Bu istiqamətdə vəziyyət İrəvanın istədiyi kimidir.
Nikol Paşinyan ilk dəfə deyil Aİİ-yə qarşı çıxış edir. O, 2014-cü ilin dekabrında - müxalifət deputatı olarkən Ermənistanın bu ittifaqa qoşulmasının əleyhinə səs vermiş yeddi deputatdan biri olmuşdu. Onun başçılıq etdiyi parlament bloku 2017-ci ildə ali qanunverici orqanda Ermənistanın bu birlikdən çıxış prosesini başladaraq onun iqtisadi və siyasi nəticələrini tənqid etmişdi. Həmin vaxt indiki hökumət başçısının təklifi qəbul olunmamışdı. Çünki onda Ermənistanın prezidenti Serj Sarqsyan, hakimiyyət və parlament Rusiyanın nəzarətində idi.
2018-ci ildə hakimiyyətə gəldikdən sonra Paşinyan bu istiqamətdə mövqeyini dəyişdi. Onda baş nazir bəyan etdi ki, Aİİ-dən kəskin çıxış iqtisadiyyatın çöküşünə səbəb olacaq. Ona görə də Ermənistan təşkilatda iştirakını davam etdirdi. Çünki mövcud şərait bunu tələb edirdi. Yenicə hakimiyyətə gəlmiş Paşinyan Moskvanı özünə qarşı qaldırmağa tələsmirdi. 13 ildən sonra o, artıq hökumət başçısı olaraq bu məsələni Rusiya-Ermənistan münasibətlərini gərginləşdirsə belə, həll etməyə çalışır.
Beləliklə, Moskva İrəvana daha bir təsir rıçaqını itirir. Bu, Rusiyanın öz iqtisadi blokunda iflası üçün başlanğıc olar.(Report)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









