Turaztv.az » Xəbərlər » GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO
Xəbərlər

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

20.08.2026, 22:14 6
BELA ZƏNGİBASARLI

Şeir kimi yazılıb, misraya düzüldükcə,
Sular kimi lillənib, durulub, süzüldükcə,
Həyatımdan keçəni düşünüb üzüldükcə,
Qara, siyah saçıma dənlər düşüb, ağarmış,
Güvəndiyim a dağlar, sənə də qar yağarmış.

Usanmışam, bezmişəm, vallah yorğunam yaman,
Nəfəsimi kəsənlər niyə verməyir aman?
Özümə sual verib, düşünmüşəm çox zaman,
Görən niyə bu qədər daşım belə ağırmış?
Güvəndiyim a dağlar, sənə də qar yağarmış.

Yaşadıqca görmüşəm hər şeyin çox-azını,
Dilləndirdim qəlblərin sarısimli sazını.
Çəkmişəm insanların ədasını,nazını,
Özüm bir od parçası, amma bəxtim fağırmış,
Güvəndiyim a dağlar, sənə də qar yağarmış.

Haqsızlığa dözmürəm,olmuram haqsızla tən,
Bəlkə yoxdur bu yolda, mənim yanımdan ötən.
Özümü məcbur edib, susmaq istəsəm də mən,
İçimdəki haqq səsim hey hayqırıb, bağırmış,
Güvəndiyim a dağlar, sənə də qar yağarmış.

Mələklər şahid olur, mənim ahu-zarıma,
Göydən başıma yağan, yağışıma, qarıma.
Qoşuluram yuxuda qartalıma, sarıma,
Uçuram mən göylərdə, sanki göylər çağırmış,
Güvəndiyim a dağlar, sənə də qar yağarmış.


19.08.2026
GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Oxşar xəbərlər