(Ölümünə sözardı...)
Oqtay dostumuz, yaşıdımız, qonşumuz dünyadan köçdü. Ürək ağrılarından dünyaya əlvida deyən dostumuzun ölüm xəbərini böyük ürək ağrısıyla qəbul etdim, çünki adi adam deyildi Oqtay, həyata yaraşıq verə bilən tərbiyəli insan idi. Onu qısaca ifadə etmək üçün GÖZƏL İNSAN deyə bilərik. Böyük vəzifə adamı olmamışdı, titulları, mükafatları yox idi, müasir dəyərlərlə tanınmış adam deyildi. Ancaq bunların hamısından da üstün olan bir titulu, mükafatı vardı- əxlaqlı, abırlı-həyalı, yüksək mənəviyyatlı, sadə və səmimi insan idi, ətrafının, qohumlarının, dostlarının, kəndçilərinin, iş yoldaşlarının, qonşularının, onu tanıyanların sevimlisi idi. Sevilərək köçdü dünyadan. Ölüm anında da üzündə təbəssüm vardı... Böyük əzablar, itkilər, sarsıntılar yaşasa da, dünyadan narazı deyildi. Narazılıq, naşükürlük, bədbinlik onun zəngin iç dünyasına yad idi. Nail olduğu, qazandığı hər xırda uğuru böyük xoşbəxtlik hesab edirdi, dünyanı işıqlı rəngdə görürdü. Kiminlə görüşsəydi hökmən onda da təbəssüm yaradacaqdı, nikbin ruh aşılamğı bacarırdı. Heç kəsi öz dərdləriylə yükləməzdi. Heç kimlə yüksək tonda danışmazdı. Hələ heç kim onun dilindən söyüş eşitməyib, kimə qarşısa kobudluq etməmişdi- bəli, bütün bu cəhətlərilə tam fərqli insan idi böyük mənəviyyat adamı Oqtay. Onun kişiliklə yaşatdığı bir çox dəyərləri bu günkü gənclərə çox arzulayardım... Örnək olmağa layiqdir. Kaş Oqtaykimilər çox olaydı dünyamızda...
Bir məhəllədə böyümüşük cənnət İsmayıllının özünəməxsus qəhrəmanlıq tarixi, əxlaqı, adət-ənənələri olan Hacıhətəmli kəndində. , Oqtay mənimlə eyni təvəllüd olsa da, bir sinif bizdən aşağı oxuyurdu. Çox mehriban, xoşsima, sakit və mədəni uşaq idi Oqtay. Məktəbə eyni yolla gedirdik, evimizdən məktəbə 1500 m olardı, böyük kənd idi, bu məsafə də biz uşaqlar üçün xeyli böyük idi, ancaq bunu hiss etmirdik, çünki eyni məhəllədən, eyni küçədən onlarla uşaq birgə yola düşürdük məktəbə doğru, deyə-gülə gedirdik, heç yolun uzunluğundan xəbərimiz olmazdı. Əksər evlərdən 3, 4, bəzən daha çox uşaq məktəbə gedirdi. ( o vaxtlar ən az uşaq olan ailələrdə 5-6, bəzən 7, 8- 10 uşaq olardı. İndi o mənzərələr adama nağıl kimi gəlir. 50 il əvvəl biz orta məktəbi bitirəndə 72 nəfər məzun olduq, 2 sinif- hərəsində 36 şagird. O vaxtlar məktəbimizdə 780-dən çox uşaq oxuyurdu, indi isə 200-dən azdır məktəblilərin sayı, halbuki kənd 2-3 dəfə böyüyüb əvvəlkindən.. Qəribə təzaddır.. Azalma gedir və kənddə əksər evlər boş qalıb indi...
Bəli... Oqtay da bu məktəbdə oxuyurdu. Sinifdə ən fəal şagirdlərdən idi, çox yaxşı oxuyurdu. Həm də tərbiyəsilə seçilirdi, çox sakit və mədəni rəftarıyla, ədəb- ərkanıyla sevilirdi, həm müəllinmlərlə, həm sinif yoldaşları ilə.. Onu kimləsə mübahisə edən ya dalaşan görmədik. Hərçənd fiziki baxımdan çox güclü idi.. Məktəbdə hər səhər dərsdən əvvəl idman gimnastikası olurdu, bütün fiziki hərəkətlərdə Oqtay ən fəal idi, turnikdə onun kimi dartınan, çoxsaylı fəndlər edən, çənəni turnikə toxunduran yox idi. Qaçışda 1-ci idi. Futbol oynamağı isə bir tamaşa idi. Uşaqlar ona “Pele” deyirdi- o dövrün ən məşhur futbolçusunun adıyla. Gözəl futbol oynayırdı, yaxşı hücumçu idi.. Məktəbin də, kəndin də gözəl stadionu vardı ki, belə mydança o vaxtlar əksər rayonlarda yox idi. Stadion 60-cı illərdə o vaxtlar kənddə kolxoz sədri olmuş, respublikada tanınmış təsərrüfat yaratmış Seyfəddin Seyidovun təşəbbüsü ilə salınmışdı standartlara uyğun. Elə Oqtay da öz həmyaşıdları ilə 1-ci sinfə yeni məktəbə getdi- bu məktəbi də o dövr üçün ən müasir üslübda məhz S.Seyidov tikdirmişdi.. Ruhu şad olsun- yaxşılar və yaxşılıq unudulmur.
Bu yeni məktəbin də, bu yeni stadionun da ən sevilən sakinlərindən idi Oqtay. Top sanki ona yapışırdı, ondan topu almaq mümkün deyildi. Topla elə hərəkətlər edirdi ki, hamı məəttəl qalırdı. Jonqlyorlar kimi elə cəld, iti hərəkətlər edirdi. Meydança boyu topu başla, ayaqla, sinə ilə oynadaraq bu qapıdan o qapıya oynada- oynada gedirdi, bir dəfə olsun top yerə dəymirdi. Sanki peşəkar idman məktəbini bitirib. Topun dilini çox gözəl bilirdi, sanki topla qoşa doğulmuşdu, top üçün doğulmuşdu. Hamımız düşünürdük ki o gələcəkdə böyük futbolçu olacaq... Alınmadı.
O vaxtlar görkəmli sənətkarlarımız Şövkət Ələkbərova, İslam Rzayev və başqaları rayonlarını kəndbəkənd gəzib istedadlı uşaqları toplayır, seçir və böyük sənətə gətirirdilər. Bu gün musiqi mədəniyyətində, ifaçılıq sənətində ən tanınmışlar məhz o illərdə bu xeyirxah sənətkarların üzə çıxardığı ulduzlardır. Deməli, istedadları axtarıb tapmaq və onlara arxa-dayaq olmaqla üzə çıxarmaq lazımdır, qazanan isə təkcə mədəniyyət yox, bütövlükdə millət olur. Eyni üsuldan idman, futbol sahəsində də istifadə etsəydilər futbolumuz xeyli inkişaf edərdi. Kəndlərdə o qədər istedadlı, dağ havası ilə nəfəs alan ciyərləri təmiz futbolçular vardı ki.. Təkcə bizim kənddə nə qədər yaxşı futbolçu vardı ki, o vaxt “Neftçi”də oynamağa layiq. Təəsüf ki, etmirdilər bunu, belə təşəbbüs göstərən yox idi, olsaydı o vaxtdan milli futbolumuzda daha çox milli oyunçular olardı, həm də peşəkar və vicdanla komandaya xidmət edərdilər... Məhz futbola, onun sabahkı inkişafına görə cavabdeh olan qurumlar tərəfindən istedadlı futbolçulara qayğı və diqqətin olmaması ucbatından bu cür güclü oyunçular elə kənd futbolu, kənd oyunçusu səviyyəsindən irəli gedə bilmirdilər. Oqtay da belə tale yaşadı- onun istedadını görən, peşəkar futbola gətirən tapılmadı. Əminəm ki, o ən azı Azərbaycanın ən yaxşı futbolçularından biri olacaqdı. Onun simasında futbolumuz ən azı bir istedadlı oyunçunu itirdi. Bunu mən aydın görürəm, futbolu sevən, 5 il dünya şöhrətli hakimimiz Tofiq Bəhramovun tələbəsi olmuş bir adam kimi deyirəm...
Yaxşı oxuyurdu Oqtay. Hamı təsəvvür edirdi ki, ali təhsil alacaq, gözəl mütəxəssis olacaq, elinə- obasına dəyərli, faydalı oğul olacaq. Doğrudan da çox torpağa, doğma yurda bağlı adam idi, yaxşılarla fəxr etməyi bacarırdı, kəndin vurğunu idi.. Bunu da etmədi- ali təhsil arxasınca getmədi şansı ola-ola. Özü kimi sadə zəhmət yolu seçdi. Peşə məktəbində oxudu, inşaatçı peşəsinə yiyələndi. Zərif işi , incə zövqü vardı, peşəsini sevərək öyrəndi. Bakı Baş tikinti idarəsinin evtikmə kombinatında (DSK) işləyirdi. Böyük tikintilərdə işlədi, hər yerdə hörməti, nüfuzu vardı keyfiyyətli və səliqəli işinə görə, intizamlı olduğuna görə. Usta işlədi, yaxşı peşəkarlar komandası formalaşdıra bilirdi. Sovet dağılandan sonra tikinti sektoru da çökdü, Oqtay özəl sektorda yenə bu işini görməkdə davam etdi- ev tikmə, ev işləri, ev təmiri, dizayn və s. harda iş görürdüsə böyük hörmətlə yola salırdılar. Ev aldı, ailə sahibi oldu, gözəl övladları bu mehriban ailədə gözəl tərbiyə aldılar.
Zəhmətkeş ailədə böyümüşdü. Kəndin sadə, zəhmətsevər insanlarından idi atası Allahverdi dayı. Anası Yaxşı xala çox gözəl xasyyətiylə seçilirdi, sevilirdi. Məclislər yaraşığıydı. Anamla çox mehriban münasibətləri vardı, xəstəxanalarda da birgə yatıb müalicə olunmuşdular, bu onları daha doğmalaşdırıb dərddaş etmişdi.. Əksər gözəl xüsusiyyətlərdə Oqtay anasına çəkmişdi, elə üzdən də anasına oxşayırdı çox, bu da bir xoşbəxlikdir insan üçün... Bir dəfə dahi alimimiz Azad Mirzəcanzadəyə sual verdilər ki “Həyatda ən çox sevindiyiniz, ən xoşbəxt gün hansıdır?” Cavab verdi ki “Bir gün güzgüyə baxanda gördüm ki, anama oxşayıram. Həmin gün həyatda ən çox sevindiyim gündür”...
Bu ailənin əzabları çox olub. Ailənin 4 oğlundan 3-nü gənc yaşlarında itirmişdilər və bu itkilər ata-ana ürəyində qara daş kimi ağrıverici yara idi, ömür boyu daşıdılar Telman, Mürsəl, Qəhrəman itkisini . Təkcə Oqtaya qismət oldu 67 yaş həddinə çatmaq. O da ürəyində daşıyırdı qardaşlarının vaxtsiz itkisi əzabını.. Elə ona görə də ən çox ağrıdığı yer ürəyi idi... Ürək xəstəliyindən də dünyasını dəyişdi..
Ürək ağrımasın, ürək neyləsin,
Dünyanın hər dərdi ürəkdən keçir..

Ruhun şad olsun ey işıqlı, nurlu, əxlaqlı insan! Bir mənəviyyat adamı kimi, gözəl dost kimi daim qəlbimizdə yaşayacaqsan bir qəlb adamı kimi, ürək dostu kimi, dünyanın yükünü üəyində şərəflə daşımış bir saf insan kimi....
XEYRULLA AĞAYEV - dostu










Son xəbərlər

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31