
Xəbərlər
5.07.2026, 00:35
BU DÜNYANI SEVGİ XİLAS EDƏCƏK - FOTO
İstedadlı şair Təhminə Verdiyevanın “Sevgimin səsi” kitabını oxuyandan sonra bir daha buna əmin oldum
Sevgi insan həyatının ən saf və ən güclü hisslərindən biridir. Onun səsi qulaqla eşidilən adi səs deyil, ürəklə hiss edilən duyğudur. Sevginin səsi bəzən bir təbəssümdə, bəzən səmimi bir baxışda, bəzən isə xoş bir kəlmədə özünü göstərir. O, insanlara ümid verir, onları biri-birinə yaxınlaşdırır və həyatın çətin anlarında güc bəxş edir.Sevginin səsi ailədə valideynlərin övladlarına göstərdiyi qayğıda, dostların bir-birinə olan sədaqətində və insanların qarşılıqlı hörmətində eşidilir. Bu səs nifrəti, kin-küdurəti və anlaşılmazlığı aradan qaldırmağa kömək edir. Sevgi olan yerdə mərhəmət, mehribanlıq və birlik hökm sürür.
Sevginin səsi ən gözəl səslərdən biridir
Təbiətə olan sevgi də öz gözəl səsinə malikdir. Quşların nəğməsi, çiçəklərin ətri, küləyin pıçıltısı və çayların şırıltısı bizə sevginin və həyatın gözəlliyini xatırladır. İnsan təbiəti qoruduqca və ona qayğı göstərdikcə, sevginin səsini daha dərindən hiss edir.
Sevginin səsi insanın həyatını işıqlandıran, ona xoşbəxtlik və mənəvi rahatlıq gətirən ən gözəl səslərdən biridir. Hər bir insan bu səsi ürəyində yaşatmalı, sevgini sözləri və əməlləri ilə ətrafına yaymalıdır. Çünki sevgi olan yerdə ümid, sülh və xoşbəxt gələcək var.
Bu sevginin səsini yaşayanlardan və yaşadanlardan biri də gənc və istedadlı şair Təhminə Rafiq qızı Verdiyevadır. Biz iş yoldaşıyır, bir ilə yaxın olar ki, bir kollektivdə işləyirik. Aramızda tez-tez maraqlı söhbət və diskussiyalar olur. Bir dəfə söhbətimiz şeiriyyətdən, poeziyadan oldu. Gördüm ki, maşallah, şeiriyyətdən elə həvəslə danışır, bəzi məqamları yaxşı mənada elə üyüdür ki, maraq məni götürdü. İstər-istəməz soruşmalı oldum: Təhminə xanım sizdə belə maraq haradandır? Bildirdi ki, o özü də şeir yazır. Soruşdum ki, şeirlərindən birini söyləyə bilərsənmi? Dedi ki, müəllim (mənə nəzakət xətrinə belə müraciət edir) bir dəqiqə gözləyin, gəlirəm. Fikirləşdim ki, yəqin sərbəst formada şeir deməyə utanır, yazdıqlarından gətirib göstərəcək. Belə də etdi, amma vərəqdə yox, kitab halında.
Kitab belə adlanır: “Sevgimin səsi”. Elə yazımızın əvvəlinə sevginin səsi ilə bağlı fikirlərimi önə çəkməyim, qabartmağım əbəs deyil. Kitabı vərəqləyəndə, şeirlərlə tanış olanda “Ön söz”ün müəllifi, uzun illərin dostu, istedadlı qələn sahibi, ustad yazar Əlirza Xələflinin soyadını görəndən sonra qərara gəldim ki, fikirlərimi cəmləşdirib nəsə yazmalıyam. Elə oradaca düşündüm ki, Əlirza müəllim hər kitab haqqında rəy yazmır. Görünür, mövzu onu tutubdur deyə rəy yazıb.
Amma neçə gün idi ki, əlimə qələm alıb Təhminə xanımın yaradıcılığı, bu kitabı haqqında nəsə yazım, ən azından verdiyim sözə əməl edim. Budur, kağızdakı cızmaqaranı kənara qoyub kompüterin ekranı ilə üzbəüz oturmuşam.
Təhminə xanım deyir:
Şeirlərdən sənə sevgi göndərdim,
Qələm “yazma” dedi, qəlb “söylə” dedi.
Mənim bu həyatda yoxdu heç dərdim,
Sevgimə qarşılıq eşq qəlbindədi.
Söylədim sevgimi kağızın üstə,
Qələm yoldaş oldu bu eşqdə mənə.
Şeirimin söz dolu sətirlərində,
Eşq naməsi yazdım hər gün mən sənə.
(“Eşq naməsi”)
Təbiət poetik nəfəsin ən böyük mənbəyidir
Təhminə Verdiyevanın yaşamının poetik nəfəsi insanın xeyirxahlığında, sevgisində və mərhəmətində də öz əksini tapır. Səmimi bir təbəssüm, xoş bir söz və qarşılıqsız edilən yaxşılıq həyatın ən gözəl misraları kimidir. Bu gözəlliklər Təhminə xanımın ruhunu zənginləşdirir, ona yaşamaq həvəsi və gələcəyə inam bəxş edir.
Onun fikrincə, təbiət bu poetik nəfəsin ən böyük mənbəyidir. Yazın təravəti, yay günlərinin parlaqlığı, payızın rəngarəngliyi və qışın sakitliyi həyatın müxtəlif çalarlarını bizə göstərir. Hər fəsil özünəməxsus gözəlliyi ilə insanı düşündürür və ona həyatın dəyərini daha dərindən anlamağa kömək edir.
Yenə Təhminə xanım yazır:
Payızın xəzan yarpağı,
Rəng dəyişir sanki eşqdən.
Təbiətin bu sorağı,
Xəbər verir məhəbbətdən.
Mən eşqimə sadiq qalıb,
Təbiətə açdım qucaq.
Tez payızdan namə alıb,
Yarımdan eylədim soraq.
Xoş gəlirsən bizə payız,
Sevgiylə olsun gəlişin.
Yaşamaq olmaz heç yarsız,
Kədərsiz olsun gedişin.
Zaman bizim açarımız,
Sərvətimiz eşqimizdir.
Payız gedən qatarımız,
Həyat bizim qəlbimizdir.
(“Sərvətimiz eşqimizdir”)
Hər bir insan öz həyatını mənalı əməlləri, saf niyyəti və gözəl arzuları ilə bir sənət əsərinə çevirə bilər. Həyatın poetik nəfəsini duymaq üçün yalnız baxmaq deyil, həm də hiss etmək lazımdır. Çünki əsl gözəllik insanın qəlbində yaşayır.
Təhminə xanımın baxışında yaşamın poetik nəfəsi oxucuları həyata daha nikbin baxmağa, gözəllikləri qiymətləndirməyə və hər günün dəyərini bilməyə çağırır. Bu nəfəsi qoruyan müəllif həm öz həyatını, həm də ətrafındakı insanların dünyasını daha işıqlı və mənalı edir.
İnsan eşqin ucalığında kamilliyə çatır
İnsan həyatının ən ülvi hisslərindən biri eşqdir. Eşq təkcə iki insan arasındakı sevgi deyil, həm də həyata, vətənə, ailəyə, elmə, sənətə və ümumilikdə gözəlliyə olan dərin bağlılıqdır. Məhz bu hiss insanın mənəvi aləmini zənginləşdirir, onu daha xeyirxah, mərhəmətli və məsuliyyətli olmağa sövq edir. Buna görə də demək olar ki, insan eşqin ucalığında kamilliyə çatır.
Həqiqi eşq insanın daxili dünyasını dəyişdirir. Eşq insanı öz mənfəətini deyil, başqalarının xoşbəxtliyini də düşünməyə öyrədir. Sevən insan daha səbirli, fədakar və anlayışlı olur. O, çətinliklər qarşısında geri çəkilmir, əksinə, sevdiyi dəyərlər uğrunda mübarizə aparır. Bu xüsusiyyətlər isə kamil insanın əsas cəhətləridir.
Təhminə xanımın “Sevgimin səsi” kitabında o misra, bənd yoxdur ki, orada sevgiyə toxunmasın, bu ifadəni işlətməsin. Bu şeirləri oxuyandan sonda aydın dərk edirəm ki, həqiqi eşq insanın daxili dünyasını dəyişdirir. Eşq insanı öz mənfəətini deyil, başqalarının xoşbəxtliyini də düşünməyə öyrədir. Sevən insan daha səbirli, fədakar və anlayışlı olur. O, çətinliklər qarşısında geri çəkilmir, əksinə, sevdiyi dəyərlər uğrunda mübarizə aparır. Bu xüsusiyyətlər isə kamil insanın əsas cəhətləridir.
Təhminə Verdiyeva kimi:
Sevgi şeiri yazmışam,
Gəloxu sən, əzizim.
Sənə səndən yazmışam,
Qalsın səndə hər izim.
Məhəbbət sənlə mənə,
Verilmişincə hissdir.
Düşmüşəm eşq sehrinə,
Sirri tapmaq qəlizdir.
Şeirimin hər kəlməsi,
Səndən bəhs edir mənə.
Yazmışam eşq naməsi,
Göndərirəm eşq sənə.
(“İncə hiss”)
Tarix boyu bir çox şair və mütəfəkkir eşqi insanı mənəvi yüksəlişə aparan qüvvə kimi qiymətləndirib. Onların əsərlərində eşq insanın nəfsinə qalib gəlməsinə, xeyirxahlıq yolunu seçməsinə və həqiqəti dərk etməsinə kömək edən bir işıq kimi təqdim olunur. Belə bir eşq insanı yalnız xoşbəxt etmir, həm də onu daha müdrik və daha güclü edir.
Eşq yalnız hiss deyil, həm də məsuliyyətdir. Sevdiyini qorumaq, ona hörmət etmək, dürüst olmaq və etibar etməkdir.
Eşq yalnız hiss deyil, həm də məsuliyyətdir. Sevdiyini qorumaq, ona hörmət etmək, dürüst olmaq və etibar yaratmaq insanın mənəvi kamilliyini göstərir. Eyni zamanda, vətənə, ailəyə və peşəyə olan sevgi də insanın cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşmasına kömək edir.
Təhminə Verdiyeva da ömrü boyu sadiq qaldığı eşqi insan həyatına məna verən, onu mənəvi cəhətdən zənginləşdirən və kamilliyə aparan ən güclü hiss kimi qəbul edib, bu günümüzə saxlayıb və gələcəyə ötürür. Həqiqi eşqi yaşayan bir insan olaraq o özünü daha yaxşı tanıyır, ətrafındakılara sevgi və hörmətlə yanaşır, həyatını yüksək mənəvi dəyərlər üzərində qurur. Məhz buna görə də deyə bilərəm ki, Təhminə Verdiyeva eşqin ucalığında kamilliyə çatır.
Dahi Belinski məqalələrinin birində yazırdı: “Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz: burada fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Bu fikir poeziyada həyatın müəyyən bir tərəfinə müəyyən baxış kimi özünü göstərir, şairin əsərlərini ilhamlandıran və yaşadan bir başlanğıc...kimi meydana çıxır..”
Belinski “fikir” deyəndə, heç şübhəsiz, “poetik fikir” deyilən və şeirin mayasını təşkil edən ən vacib bir məsələni nəzərdə tuturdu. Çünki məlum məsələdir ki, şeiri elmdən fərqləndirən məhz bu cəhətdir ki, şeirdə fikir quru, soyuq, məntiqi mühakimələr deyil, məhz poetik fikirdir.
Şeirdə fikirlə hiss vəhdət təşkil edir və şeirin ŞEİR olması üçün birinci şərtdir. Təhminə Rafiqqızının ən yaxşı şeirləri məhz bu vəhdəti əks etdirir. Oxuyursan bu şeirləri və bəlkə heç fikirləşmirsən ki, burada hisslər, duyğular üstündü, yoxsa fikir? Misralar, bəndlər həm hisslə, həyəcanla doludu, həm də bunlar şairin ifadə etmək istədiyi fikrin tabeçiliyindədir.
Təhminə xanımın şeirlərində fikrin ardıcıllığı xüsusilə diqqəti cəlb edir, oxucu bu prosesin şahidinə çevrilir. Yəni onun ifadə etmək istədiyi poetik fikir addım-addım, pillə-pillə sonluğa baş alır.
Sevginin dərd yükü
Həqiqi sevgi fədakarlıq tələb edir. Sevən insan sevdiyinin xoşbəxtliyi üçün öz arzularından keçməyi bacarır. Lakin hər sevgi arzulandığı kimi nəticələnmir. Ayrılıq, anlaşılmazlıq və ya qovuşa bilməmək insanın qəlbində dərin izlər buraxır. Bu ağrı sevginin dərd yüküdür. Ancaq bu yük insanın sevgisinin səmimiliyini və dərinliyini də göstərir.
Ədəbiyyatımızda və dünya ədəbiyyatında sevginin yaratdığı həsrət və iztirab tez-tez təsvir olunur. Şairlər və yazıçılar sevginin həm sevinc, həm də kədər gətirdiyini vurğulayaraq göstərmişlər ki, sevgi insanı mənəvi cəhətdən yetkinləşdirir. Dərd və çətinliklər qarşısında sınmayan sevgi daha dəyərli və daha möhkəm olur.
Görün bu dərdi Təhminı xanım “Bilsəydim” şeirində necə xırdalayır:
Bilsəydim sevginin dərd yükü çoxdu,
Heç yaxın durmazdım, uzaqlaşardım.
Qəlbi yaralayan sözləri – oxdu,
Dünyanı sevgisiz mən dolaşardım.
Sevginin dərd yükü insana səbir, dözüm və anlayış qazandırır. İnsan yaşadığı ağrılardan nəticə çıxarır, həyatı daha dərindən dərk edir və münasibətlərin dəyərini daha yaxşı anlayır. Buna görə də sevginin gətirdiyi çətinliklər yalnız kədər deyil, həm də mənəvi inkişaf üçün bir məktəbdir.
Bilsədyim, səbrimin acizliyini,
Ömrümə gün qatıb şən yaşayardım.
Həyatın sən olan o tərəfini,
Bölərdim, ayrıca tən yaşayardım.
Və Təhminə xanımın bu misralarından sonra deyə bilərik ki, sevgi təkcə xoşbəxtlik deyil, eyni zamanda məsuliyyət, həsrət və dözüm deməkdir. Onun dərd yükü ağır olsa da, insanın qəlbini saflaşdırır, onu daha müdrik və mərhəmətli edir. Həqiqi sevgi bütün çətinliklərə baxmayaraq, öz dəyərini qoruyur və insan həyatına mənəvi zənginlik bəxş edir.
Və sonda deyək ki, Təhminə Rafiq qızı Verdiyeva 1990-cı ildə Laçın rayonunda anadan olub. Bakı Slavyan Universitetinin “Tərcümə” fakültəsində ali təhsilini başa vurduqdan sonra həmin universitetdə “Jurnalistika” üzrə magistratura təhsili alıb. 2016-cı ildən Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) çalışıb. Hazırda rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində çalışır.
Publisistik və ədəbi müsabiqələrdə uğurlar qazanan müəllifin şeirləri müxtəlif beynəlxalq nəşrlərdə yayımlanıb, mükafatlara layiq görülüb.
“Sevgimin səsi” kitabının “Ön söz”ünün müəllifi şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, redaktoru Süleyman Qaradağlıdır.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



















