Xəbərlər
14.06.2026, 00:19
Yaşar müəllimin şərəfli həyat yolunun mənəvi işığında - FOTO
İnsanlar var ki, ömürləri başa çatır, amma həyatları bitmir. Onların adı dillərdə, xatirəsi qəlblərdə, əməlləri isə insanların yaddaşında yaşayır. Belə insanların yoxluğu ilə barışmaq çətindir. Çünki onlar sadəcə bir insan deyil, bir məktəb, bir mənəviyyat nümunəsi olurlar. Mənim üçün belə insanlardan biri də əziz həmkarım, dəyərli ziyalı, böyük müəllim Yaşar Zeynal oğlu Yusifov olmuşdur.
Yaşar müəllimin vəfatından bir il keçsə də, onunla bağlı xatirələrim elə bil dünənin hadisələridir. Hər dəfə onun adını eşidəndə, gözlərim önündə nurani siması, təmkinli davranışı, mehriban təbəssümü canlanır. Elə insanlar olur ki, onların varlığı ətrafına işıq saçır. Yaşar müəllim də belə insanlardan idi.Biz birlikdə İsmayıllı Rayon Qiyabi Orta Məktəbində çalışmışıq. O, dərs hissə müdiri, mən isə metodist idim. İş yoldaşı kimi onu yaxından tanımaq mənə nəsib olub. Bu gün dönüb keçmişə baxanda anlayıram ki, həmin illərdə mən təkcə bir rəhbərlə deyil, həm də yüksək mənəviyyat sahibi olan bir insanla çalışmışam.
Yaşar müəllim vəzifəsini heç vaxt üstünlük vasitəsi hesab etmirdi. Onun üçün insan amili hər şeydən öndə idi. Məktəbdə çalışan hər bir müəllimə, texniki işçiyə, hətta məktəbə ilk dəfə müraciət edən bir vətəndaşa belə eyni hörmətlə yanaşırdı. Danışığında nə təkəbbür vardı, nə də özünü göstərmək istəyi. Sadəlik onun xarakterinin ayrılmaz hissəsi idi.
Yaxşı yadımdadır, məktəbimizdə çalışan gənc müəllimlərdən biri ilk vaxtlar müəyyən çətinliklərlə üzləşmişdi. Təcrübəsiz idi, özünə inamı azalmışdı. Bir gün Yaşar müəllim onu kabinetinə dəvət etdi. Uzun-uzadı nəsihət vermədi. Sadəcə səmimi söhbət etdi, öz həyat yolundan danışdı, ruhlandırdı. Sonra isə dedi: "Müəllimlik peşəsi ürək istəyir. Ürək varsa, hər şey olacaq." O müəllim sonralar məktəbin ən sevilən pedaqoqlarından birinə çevrildi. Bu hadisə mənim yaddaşımda Yaşar müəllimin insanlara necə dəyər verməsinin canlı nümunəsi kimi qalıb.
Əslində onun bütün həyatı insanlara xidmət nümunəsi idi. Gənclik illərindən elmə bağlı olmuş, İsmayıllı şəhər 1 nömrəli orta məktəbini medalla bitirmiş, Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil almışdı. Lakin onu fərqləndirən yalnız savadı deyildi. Çünki savadlı insanlar çoxdur. Yaşar müəllimi xüsusi edən savadın yüksək mənəviyyatla vəhdət təşkil etməsi idi.
O, işlədiyi bütün vəzifələrdə vicdanla çalışmışdır. Metodist, baş inspektor, direktor müavini kimi fəaliyyət göstərdiyi illərdə hər zaman təhsilin inkişafını, müəllim nüfuzunun yüksəlməsini düşünmüşdür. Onun üçün vəzifə kreslosu yox, məsuliyyət yükü idi.
Yaşar müəllimin şəxsiyyətində məni ən çox heyran edən xüsusiyyətlərdən biri də sədaqət idi. O, dostluğa müqəddəs dəyər kimi baxırdı. Dostlarının sevincinə öz sevinci kimi sevinər, çətin günlərində isə ilk yardım əlini uzadanlardan olardı. İllər keçsə də, dostlarını unutmur, münasibətləri qoruyub saxlayırdı. Elə buna görə də onu tanıyan hər kəs ona dərin hörmət və məhəbbətlə yanaşırdı.
Onun vətən sevgisi də sözlə ifadə olunacaq qədər sadə deyildi. Yaşar müəllim doğulub boya-başa çatdığı İsmayıllını sonsuz məhəbbətlə sevirdi. Rayonun inkişafından danışanda gözlərində xüsusi bir işıq yaranardı. O, bu torpağın övladı olmaqdan qürur duyur, gənclərin təhsilli və vətənpərvər yetişməsini ən böyük arzularından biri hesab edirdi.
Ailə məsələsində də Yaşar müəllim örnək insan idi. O, ailəsini sevən, övladlarına qayğı göstərən, onların uğurları ilə qürur duyan əsl ailə başçısı olmuşdur. Həyat yoldaşı, övladları və nəvələri onun ən böyük mənəvi sərvəti idi. Bu gün onların hər birində Yaşar müəllimin tərbiyəsinin, düşüncəsinin və həyat fəlsəfəsinin izlərini görmək mümkündür.
Bəzən düşünürəm ki, insanın əsl böyüklüyü vəzifəsində yox, yoxluğunda daha çox hiss olunur. Yaşar müəllim də məhz belə insanlardan idi. Onun dünyasını dəyişməsi onu tanıyan hər kəsdə dərin kədər yaratdı. Çünki biz təkcə bir həmkarı deyil, bir ağsaqqalı, bir ziyalını, bir mənəviyyat dağını itirdik.
Lakin həyatın dəyişməyən bir həqiqəti var: yaxşı insanlar dünyadan getsələr də, unudulmurlar. Onların xatirəsi zaman keçdikcə daha da ucalır. Yaşar müəllim də özündən sonra elə bir mənəvi irs qoyub gedib ki, bu irs illər keçsə də yaşayacaq. Onun xeyirxahlığı, insanpərvərliyi, dürüstlüyü və sadəliyi onu tanıyanların yaddaşında daim yaşayacaqdır.
Bu gün Yaşar müəllimi anarkən qəlbimdə yalnız minnətdarlıq hissi var. Taleyimə onun kimi bir insanla işləmək, onun dostluğunu və səmimiyyətini görmək nəsib olub. Bu mənim üçün həyatımın ən qiymətli qazancıdır.
Əziz Yaşar müəllim!
Siz həyatdan köçsəniz də, əslində getmədiniz. Çünki insanları yaşadan təkcə nəfəsi deyil, həm də arxasında qoyduğu xoş adıdır. Sizin adınız isə xeyirxahlığın, ziyalılığın, müəllim nüfuzunun və insanlıq ucalığının simvolu kimi yaşayır.
Sizin nurlu xatirəniz qarşısında baş əyir, ruhunuza Allahdan rəhmət diləyirəm. Qoy keçdiyiniz şərəfli ömür yolu gələcək nəsillər üçün həmişə örnək olsun.
Ruhunuz şad, məkanınız cənnət olsun, əziz Yaşar müəllim...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















