
Xəbərlər
23.04.2026, 21:58
Həkim olmaq böyük məsuliyyətdir - FOTOLAR
YAXŞI Kİ VARSINIZ...
Söhbət Bakı Reabilitasiya Mərkəzində çalışan ağxalatlılardan gedir
Bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər.Tibb daim inkişaf edir. Yeni xəstəliklər yeni biliklər tələb edir. Çünki bir həkimin bilik və bacarıqları yalnız təmiz tibb sahəsi ilə məhdudlaşmır. Əsl mütəxəssis də yaxşı psixoloq olmalıdır. Bir insanı səbirlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar insandan psixoloq olmağı tələb edir. Axı elə insanlar var ki, inadkardırlar, sağlamlıqlarına qulluq etmək istəmirlər, hətta əksər hallarda indkarlıqları ilə vəziyyətlərini daha da pisləşdirirlər, sağalma prosesini ləngidirlər.
Bakı Reabilitasiya Mərkəzində də belə tibb işçilər çoxdur. Mən 03.04.2026-cı il tarixdə buraya təşrif gətirmişdim. Bura gəlməzdən öncə öyrənmişdim ki, nümunəvi həkim heyəti çalışır, xalqın sağlamlığı keşiyində durur. Və nəhayət, qeyd etdiyim kimi, bura gəlib öz gözlərimlə şahidi oldum eşitdiklərimin. Müəssisə o vaxt irəliyə gedir, öncül olur ki, orada nizam-intizam və səliqə-sahman olsun. Həm də o müəssisəyə bacarıqlı, savadlı adam rəhbərlik etsin. Bakı Reabilitasiya Mərkəzinə də öz işinin öhdəsindən ləyaqətlə gələn Vüsalə xanım Kazımova rəhbərlik edir. Qaldığım 15 gün ərzində kimsə ondan və burada qurduğu işdən narazılıq etmədi. Çünki öz işini bilir, bacarır. Bildiyimiz kimi, burada psixoloji durumu zəif olan insanlar müalicə alırlar.
Vüsalə xanım da burada müalicə alan hər bir pasiyentin dilini tutmağı bacarır, hər kəslə öz dilində danışır. Mərkəzdə gözəl şərait yaradılıb. Otaqların hamısı yüksək səviyyədə təmir edilib, dəhlizlərin səliqə-sahmanı, təmizliyi göz oxşayır, liftlər xəstələrin xidmətindədir. Burada pasiyentlərin müalicəsindən,yeməklərindən tutmuş istirahətlərindək hər şey göz qabağındadır. Bu da onu göstərir ki, Bakı Reabilitasiya Mərkəzində hər şey kağız üzərində deyil. Gördüklərimi yanıma ziyarətə gəlmiş həmkarlarım da təsdiqləyə bilərlər.
Bütün sadaladıqlarım baş həkim Vüsalə xanım Kazımovanın xidmətləridir. Burada müalicə həkimim terapevt-həkim Günay Rəfiyeva, böyük tibb bacısı Günel Əlıəsgərova,tibb bacıları İlahə Maçanova, Ceyhunə Həsənova,Mətanət Əliyeva,Gülər Ağayeva, fizioterapiya şöbəsinin tibb bacıları Ülviyyə, Pərvanə, Kəmalə,Təranə, Firəngiz, Sosial – psixoloji reabilitasiya və abilitasiya şöbəsində çalışan əmək terapiyası üzrə təlimatçı Xəyalə Vəliyeva, tibb bacısı Vüsalə Zülfüqarova, mərkəzin psixoloqu Ziya Hüseyn, klub işçisi Leyla,loborant Qətibə Allahyarova, qeydiyyatçılar Aygün, Nailə, müalicəvi bədən tərbiyəsi təlimatçısı Nəsirli Sara, Çiçək Ağazadə,eləcə də adlarını çəkə bilmədiyim tibb işçilərinin pasiyentlərlə rəftarına, göstərdikləri nümunəvi xidmətə söz ola bilməz. Hər birinin işi qəlbimizi fərəhlə doldurdu. Həmsöhbət olduğum xəstələrin hamısı burada yaradılmış şəraitdən, nümunəvi xidmətdən ağızdolusu danışdı.
Bəli, hər kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır, bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də əsasdır. Həkim öz işinə ürəkdən bağlı olmalıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən, təhlükələrdən qorxmayan bütün həyatını insanlara həsr etməyi qəbul edən, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edən olmalıdır. Burada çalışan həkim və tibb işçilərini qəhrəman da adlandırmaq olar. Axı onlar hər gün qəhrəmanlıq edir, insanlara şəfa verir, onların sağlamlıqlarının qayğısına qalırlar. Elə zamanlar olur ki, özlərini hətta riskə də atırlar.
Çöhrəmizdə yaranmış sevinc və razılıq hisslərinin hamısı onların əsl böyük əməyidir. Deyirlər ki, həkimlər sanki yer üzündəki qanadsız mələklərdir, çünki insanların xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün böyük fədakarlıqlar göstərirlər. Bakı Reabilitasiya Mərkəzində olduğu kimi!
Və sonda mənə və digər pasiyentlərə xidmət göstərmiş, sağlamlığımızın bərpası naminə əsl fədakarlıq göstərmiş bütün həkim, tibb bacısı heyətinə, xüsusən də baş həkim Vüsalə xanım Kazımovaya, müalicə həkimim Günay xanım Rəfiyevaya, qəhrəman və hünər sahibi olan həkimlərimizə uzun ömür, cansağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.
Yaxşı ki, varsınız əziz həkimlər!
Cəmil ZƏBHULLAOĞLU,
AJB-nin üzvü,Yazıçı-publisist
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















