Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi – hərbi böhran İranı qonşularla da sınadı - ŞƏRH

İranın nüvə proqramı ətrafında yaranmış gərginlik bu il fevralın 28-də ABŞ və İsrail tərəfindən İslam Respublikasına kütləvi hava zərbələrinin endirilməsi ilə nəticələndi. Təbii ki, yaxın qonşuluqda baş verən hadisələr Azərbaycanın da narahatlığına səbəb oldu. Rəsmi Bakı prosesi diqqətlə izlədiyini bildirdi və narahatlığını ifadə etdi.

Hərbi gərginliyin ilk günündə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq bəyan etdi ki, baş verən eskalasiya həm regional, həm də qlobal təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycan tərəfləri gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və dialoq masasına qayıtmağa çağırdı.

Hava zərbələrinin növbəti günü Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı məktubu göndərdi. Məktubda İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin "faciəli ölümü" ilə bağlı kədər ifadə olunub. Daha sonra Prezident İ.Əliyev bu ölkənin Azərbaycandakı səfirliyinə baş çəkərək orada İran dövlətinə başsağlığı verdi.

Xronoloji ardıcıllıqla göstərdiyimiz bu hadisələr bir daha sübut etdi ki, Azərbaycanın İran ətrafında baş verənlərə münasibəti neytrallıq və qonşuluq praqmatizmi, suverenliyə hörmət üzərində qurulub. XİN-in bəyanatı isə Azərbaycanın münaqişədə tərəf tutmaqdan qəti şəkildə imtina etdiyini göstərir. Rəsmi Bakı bilir ki, qonşuluqda İran kimi böyük bir dövlətin hərbi, iqtisadi, eləcə də humanitar böhran yaşaması region üçün təhlükədir və bunun fəsadları Azərbaycana da toxuna bilər. Ona görə də bu reaksiya və bəyanatlara həm də milli maraqların qorunması aspektindən baxılmalıdır.

İrana endirilən hava zərbələri fonunda Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərən ilk dövlət oldu. Bu, sadəcə xeyriyyəçilik aktı yox, həm də dərindən düşünülüb-hesablanmış strateji addım, diplomatik gedişdir. Azərbaycan yuxarıda vurğulanan bəyanat və açıqlamaların yalnız sözdə olmadığını, müstəqil xarici siyasət yürütdüyünü, heç bir hərbi bloka qoşulmadığını əməldə də göstərmiş oldu. Eyni zamanda, bu yanaşma həm də dünyaya "Mən qonşuluqda baş verən yanğını söndürən tərəfəm" mesajı sayılmalıdır. Digər tərəfdən, rəsmi Bakının bu addımı Azərbaycanın regionda tək iqtisadi yox, o cümlədən mənəvi və siyasi sabitləşdirici rolunu da ortaya qoymuş oldu.

Qeyd etmək yerinə düşər ki, beynəlxalq münasibətlər sistemində ilk yardımı göstərən ölkə həmişə gündəmi də müəyyənləşdirir. Azərbaycan bununla mesaj ötürür ki, regiondakı prosesləri kənardan izləmir, hadisələrin mərkəzindədir və humanitar böhranlara qarşı səyləri birləşdirməyə hazırdır. Azərbaycanın bu cəsarətli addımı digər regional oyunçular üçün də bir yol xəritəsi oldu və gərginliyin "total müharibə" fazasından çıxarılmasına psixoloji təsir göstərdi.

İranla münasibətlərdə son illərdə yaşanan müəyyən diplomatik soyuqluğa baxmayaraq, göndərilən yardım karvanları Bakının "realist qonşuluq" modelini təsdiqlədi. Bununla rəsmi Bakı həm də sübut etdi ki, humanitar şəraitin həssas dönəmlərində dövlətlər arasında olan fikir ayrılıqları kənara qoyulmalıdır. Əlavə edək ki, 18 mart tarixində Prezident İlham Əliyevin göstərişi ilə İrana ikinci humanitar yardımın göndərilməsi ölkə rəhbərinin bu məsələyə xüsusi önəm verdiyini təsdiqləyir. Yəni Azərbaycanın yardımı simvolik jest deyil və həqiqətən də real ehtiyacları qarşılamaq məqsədini güdür. Bununla yanaşı, müharibə və hava hücumları şəraitində yardım karvanlarını təşkil edib mənzil başına çatdırmaq Azərbaycanın fövqəladə halların idarə edilməsi və logistik imkanlarının yüksək səviyyədə olduğunu göstərdi.

Rəsmi Bakının bu yanaşması həm də yerləşdiyi geosiyasi mövqedən yalnız bölgənin rifahı üçün istifadə etməyə çalışdığı faktını qabardıb. Məhz bu siyasətin sayəsində mart ayında Rusiya da Azərbaycan ərazisindən İrana üç dəfə humanitar yardım göndərib.

Baş verənlər həmçinin Azərbaycanın müstəqil xarici siyasətinin növbəti təzahürüdür. Yəni Azərbaycan öz ərazisini humanitar yardımlar üçün "açıq dəhliz" elan edərək göstərir ki, sadəcə enerji və yük daşımaları üçün tranzit nöqtəsi deyil, həm də regional təhlükəsizlik və humanitar həmrəylik üçün də əvəzolunmaz bir körpü rolunu oynayır. Bu zaman ABŞ və İsraillə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri də Azərbaycanın Rusiya və İranla qonşuluq siyasətinə mane olmur.

Əlavə edək ki, bu addımı ilə Bakı həm Qərbin, həm də regionun hərbi bloklarının qarşısında öz suverenliyini və neytrallığını qorumaqla bütün dünyaya "hərbi əməliyyatların tərəfdarı olmadığını, lakin sülhün bərpası, insan həyatının xilası üçün bütün imkanlarını səfərbər etdiyi" mesajını çatdırır. Beləliklə, Azərbaycan logistik imkanlarını mənəvi-siyasi üstünlüklə birləşdirərək, öz təhlükəsizlik buferini yaratdı və regionun xaosa sürüklənməsinin qarşısını alan əsas moderatorlardan birinə çevrildi.

Əlavə olaraq söyləmək lazımdır ki, Azərbaycanın bu addımları uzun müddət Bakı-Tehran münasibətlərinə xələl vurmaq istəyən bir sıra qüvvələrə də sərt sillə kimi dəydi. Məsələn, İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhani, iranlı ekspert Ehsan Movahedian kimi fiqurların uzun müddət Azərbaycana, İranla birgə layihələrə, Zəngəzur dəhlizinə qarşı apardıqları qarayaxma kampaniyası, Azərbaycanı regional təhdid, "sionizm qalası" kimi təqdimatları tamamilə alt-üst oldu. Sübhani kimilərin saxta və çürük "Azərbaycan öz ərazisini İrana qarşı hərbi plasdarm olaraq istifadə edilməsinə imkan verir" məzmunlu boş tezisləri iflasa uğradı.

İranın Ermənistandakı keçmiş səfirindən söz düşmüşkən, maraqlıdır ki, başqa vaxt bu ölkəni özünün dostu və strateji müttəfiqi adlandıran Ermənistan özünün "dost səmimiyyəti"ni bu gün nümayiş etdirməkdən açıq-aşkar çəkinir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin İrana yardım göndərdiyini desə də, bunu gizli saxlamağa çalışması, əslində, bir dövlətin siyasi iradəsinin zəifliyindən və beynəlxalq mərkəzlərdən asılı olmağından xəbər verir.

Digər tərəfdən, Azərbaycanın nümayiş etdirdiyi mövqe tamamilə fərqli dövlətçilik məktəbinin təzahürüdür. İranın Ali Rəhbərinin öldürülməsindən sonra ilk olaraq bu ölkənin səfirliyinə gedən və başsağlığı verən liderin məhz Prezident İlham Əliyev olması sadəcə diplomatik protokol deyil, həm də ciddi örnək sayılacaq cəsarət nümunəsidir. Azərbaycan bu addımı ilə dünyaya bəyan etdi ki, bizim qonşumuzla olan münasibətimiz üçüncü tərəflərin maraqlarından və ya qlobal güclərin yanaşmasından asılı deyil. Bu, suverenliyin və real qonşuluq hüququnun ən ali formasıdır.

Eyni addımı biz nə Ermənistan rəhbərliyindən, nə də o ölkənin hər hansı rəsmi şəxslərindən gördük. Baş nazir Paşinyan və Ermənistan prezidentinin Xameneinin ölümünə görə başsağlığı verməməsi isə bir daha sübut edir ki, İrəvan-Tehran münasibətləri səmimi deyil, İran uzun illər əbəs yerə Ermənistan üçün nəfəslik rolunu oynayıb. Əvəzində isə bu gün başsağlığı məsələsində sükut və gizli yardımla bağlı Mirzoyanın bəyanatına "nail olub".

Uzun illər özünü İranın dostu kimi təqdim edən dövlətlərin səssiz qaldığı bir dövrdə ilk addımın Azərbaycandan gəlməsi "dost dar gündə tanınar" və "tarix ən böyük hakimdir" fikirlərinin bariz sübutudur. Bu, sadəcə bir humanitar dəstək deyil, həm də illərdir aparılan qara piar kampaniyasına verilən ən tutarlı cavab oldu. Baş verənlər göstərdi ki, bu gün İran üçün ən etibarı, ən təhlükəsiz və şəffaf, ən stabil sərhəd məhz Azərbaycanla olan sərhəddir.

Bu, həm də artıq yeni bir etimad xəritəsinin yaranacağından xəbər verir. Böhran zamanı daha güclü, etibarlı, sadiq dost və qonşu kimi Azərbaycan ön plana çıxdı. Ermənistan isə qorxaq sükut və açıqlamadığı "gizli yardım"la yadda qaldı. Ehtimal etmək olar ki, rəsmi Tehran növbəti mərhələdə dost və tərəfdaşlarını yenidən qiymətləndirərkən bu məqamları nəzərə alacaq...(Report)

Son xəbərlər

5 mindən çox şagird intizam tədbirinə cəlb olunub

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin tarixi açıqlanıb

“Maykl”dan 217 milyon dollarlıq - Kassa rekordu

"QOŞMA" ƏDƏBİ MƏCLİSİ HÜSEYN SÖZLÜ İLƏ - FOTOLAR

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Kral III Çarlz Ağ Evdə Donald Trampla görüşüb

Tapdıq Əlibəyli - 65 ONUN BÖYÜK ÜRƏYİ - FOTO

DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR ÜRƏK SAHİBLİ ŞAİR - FOTOLAR

OXUCUNU POETİK SÖZÜN CAZİBƏSİNƏ SALAN ŞAİR - FOTO

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” - Rəşad Sadıqov

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib

"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub

Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib

✍ Sevil Azadqızı : GÜNÜMÜZDƏ ƏDƏBİYYATIN GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNÇƏLƏRİM - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930