Mən gedəsi olsam, sən salamat qal!


(Ömrünün şirin çağlarında, 60 illiyinin təntənəsində bizləri tərk etmiş Vidadi Tağızadənin əziz xatirəsinə və ruhuna ehtiramla)

Altmış altı il əvvəl Ağcabədi rayonunun Şərəfxanlı kəndində, el-obada xüsusi hörmət və ehtiram sahibi olan Məmməd kişinin ailəsində Vidadi adlı qarabuğdayı, qaragözlü, çəlimsiz bir uşaq dünyaya göz açanda atası və anası bəlkə də heç xəyallarına belə gətirməzdilər ki, o, böyüyüb şair olacaq. Amma sən demə, həmin bu uşaq Azərbaycanın sayılıb-seçilən ziyalılarından, istedadlı şairlərindən biri – Vidadi Tağızadə olmaq üçün Allah vergisi ilə doğulubmuş. Illər keçdi. Atası da, anası da indi çox dəbdə olan heç bir plan, yaxud proqram tərtib etmədən, sadəcə valideynlik vəzifələrini yerinə yetirərək, hər şeyi öyrənmək, bilmək istəyən, xalq deyimlərinə heyran-heyran qulaq asan, eşitdiklərini beynində, ürəyində hifz edən balaca Vidadinin qarşısında sinə dəftərlərini səxavətlə açdılar, özləri də bilmədən onun məhz bir şair kimi yetişməsinə zəmin yaratdılar.
Bəli, Vidadi Tağızadə bütün varlığı ilə ana dilinin təbii axarına, folklora, ata-baba müdrikliyinin qaynaqlarına bağlı olan bir sənətkar kimi ədəbiyyat tarixində dərin iz qoydu.
Zaman-zaman yazıb ərsəyə gətirdiyi yeddi kitabdan yalnız biri – 2014-cü ildə mətbəədən təzəcə çıxmış “Ömür vəfa etsə…” kitabını təqdim edəndə ilk səhifəsinə belə bir müəllif sözü də yazmışdı: “Yaradıcılığına, şəxsiyyətinə hörmət etdiyim Daşdəmir müəllimə dərin hörmətlə müəllifdən…” Hansısa dostum öz kitabını mənə təqdim edəndə həmişə təkidlə tələb edirəm ki, müəllif sözünü də yazsın. Yoxsa sonar kimsə elə fikirləşər ki, bu kitabı müəllifdən “çırpışdırmışam”. Bu kitab haqqında hələ Vidadinin sağlığında ürək sözlərimi yazmışam. Amma bu dəfə onun haqqında məni yazmağa vadar edən nə oldu? Onun dostları yetərincədir. Elə insane var ki, yoxluğu hiss edilir, amma heç kim onun haqqında bir kəlmə belə danışmır. Elə insane da var ki, nə yoxluğu bilinir, nə də haqqında danışılır. Amma Vidadi birindi qeyd etdiyim insanlardandır. Bir dəfə Vidadinin ölümündən (60 illik yubileyi ilə bağlı Sumqayıtda fəaliyyət göstərən “Dünya TV”-nin qonağı olarkən, şirin söhbət edərkən ürək tutmasından gözlərini əbədiyyətə yummuşdu) sarsılan, onun yoxluğunu qəbul edə bilməyən bir xanım dostuma dedim ki, təsəvvür elə ki, mən də yoxam. Mən də Vidadi kimi bu dünyanı tərk etmişəm. Sözümü ağzımda yarımçıq qoyan həmin xanım acıqla, hirslə dedi ki, dilin qurusun. Bir dost acısını qurtarmamış o birisini yaşamalıyıqmı? Amma indi nə Vidadi onun yadında və yanındadır, nə də ki mən (Vidadinin yoxluğundan sonra məni də birdəfəlik unutdu!..). Zaman göstərdi ki, əsl dostluq edənlər, dost qədrini bilənlər çox azdır. Vidadinin dostları çox idi, hətta mənim dostlarımın sayından da çox. Nə olsun, vəfat edəndə haqqında bir-iki kəlmə xatirə danışılır, göz yaşları axıdılır və getdikcə unudulur…
Vidadi Tağızadə şəxsən mənim üçün unudulmazdır. İnanıram ki, ailəsi də bu illərdə onu yaddan çıxartmayıb. Evdə şəxsi kitabxanamdakı kitablardan birini vacib saydığım üçün axtarırdım, gözlərim. Vidadinin “Ömür vəfa etsə...” kitabı sataşdı. Bird aha bu kitabı vərəqlədim və Vidadini bir daha kəşf elədim.
Allah vergisi əvəzsiz nemət idi. Vidadi böyüklərindən eşitdiklərini, məktəbdə öyrəndiklərini çox əhəmiyyətli, çox vacib sayıb. Lakin bunlar gələcək şair üçün kifayət deyildi. Yarım əsrdən çox bir zaman kəsiyində o, dünyada baş verən hadisələrin bəzən müşahidəçisi, bəzən də şahidi olub. Özü demişkən, yamaqlı şalvarda, rəngi sozalmış bir qaloşda keçən uşaqlıq, yeniyetmə illəri, institut auditoriyasında gecə-gündüz yuxusuna haram qataraq dünyada ən əziz, ən şərəfli, ən müqəddəs peşə olan müəllimlik adına sığındı. Bu müqəddəs peşənin sahibi oldu. Həsrətlə arzusunda olduğu, həmişə bu peşə sahiblərinə bəzən paxıllıq etdiyi müəllimləri ilə çiyin-çiyinə cəmiyyətin nəbzini tutmağa çalışdı. Gücünü, qüvvətini, biliyini balalarımızın xoşbəxt gələcəyinə sərf etdi. Ömrünün bir hissəsini bu müqəddəs peşəni daha da bir Vidadi olaraq müqəddəsləşdirməyə çalışdı. Hansı dəhşətlərin şahidi olmadı…
Həyatın bütün burulğanlarından, məşəqqətlərindən mərdanə çıxdı, 14 il Vətəndən uzaq bir yerdə qürbət həyatı yaşamalı oldu. Nikbinliyi, cəsarəti onu yaşatdı, üzləşdiyi ölümün cəngindən qurtardı. Bu taleyi yaşaya-yaşaya ömrünün Qarabağsız dövrünə qədəm qoydu. Bəlkə də Vidadi çox yaşayacaqdı, Qarabağsızlıq olmasaydı!..

Ömür başa yetir, qocalırıq biz,
Bəzən qocalanda ucalırıq biz.
Bəzən də illərdən borc alırıq biz,
60-a yetişdik, 100-ə nə qaldı?!.

Qarabağsızlıq bir çox aydınımızın ömrünün üstündən qara xətt çəkdi bu illərdə. Vidadi da o aydınlardan biri idi… 60-ına əlvida deyib 70-ini, 80-ini, 90-ını, hətta 100-ünü gözləyirdi…

Qürbət həyatından, rayon həyatından sonra Vidadinin Bakı həyatı başlamışdı. Hələ rayonda yaşayanda “Ağcabədi torpağında” adlı bir şeir yazmışdı. Şeirdəki bir bənd çox xoşuma gəlmişdi:

Şəbi-hicran naləsi var,
Füzulinin haqq səsi var.
Ulu Qopuz nəğməsi var,
Ağcabədi torpağında.

Çiçək açıb yurdum, yerim,
Muğam üstə inlər şeirim.
Göz açıbdı Üzeyirim,
Ağcabədi torpağında.

Mayası var Qarabağın,
Aynası var Qarabağın.
Duası var Qarabağın,
Ağcabədi torpağında.

Vidadi yazdıqca, Qarabağı vəsf etdikcə, kəndinin hər qarışını misralara köçürdükcə, insanlarını tanıdıqca bu həyat onun üçün insanları, onların daxili aləmlərini, psixologiyalarını, zəngin qarşılıqlı münasibətlərini öyrədən əvəzsiz bir universitet rolunu oynayırdı. Bakıda yaşasa da, Qarabağını, doğma kəndini unutmur, bu torpaqların ecazkarlığından ayrıla bilmirdi. Kəndinin əvvəlki növrağını, halını bu günü ilə gözəl müqayisə edirdi.

Çəməndə çiçək də dəyişib rəngin,
Quşlar da dəyişib səsin ahəngin.
Əzəldən zəngindin, indi də zəngin,
Özümü sanaram oralı, kəndim.

Düşmən tapdağına sən sinə gərdin,
Üstündə xətt çəkdin, kəfərin dərdin.
Sən elə əzəldən ər oğlu ərdin,
Min-min əziyyətə qaralı kəndim.

İnsanlığına, şəxsiyyətinə böyük hörmət bəslədiyim şair-professor, Azərbaycan Yazıçılar Birliyi Qarabağ şöbəsinin sədri Ənvər Əhməd Vidadi haqqında danışarkən belə deyib: “Şair Qarabağ hadisələrini, Qarabağ müharibəsinin ağrılarını duyan o illərdə həmin hadisələrin içində yaşayan bir insandır. Onun irihəcmli poemaları bir insanın daxilindən kükrəyir və ümumiləşərək xalqı özünü tanımağa, o faciələrdən sonra özünə qapılmamağa, ümidli olmağa çağırır. Qarabağı ən uca bir zirvədə görür. Torpaqlara qayıdış hissini gücləndirir:

Azərbaycan bir günəşdi,
Biz də onun zərrəsi.
Biz Zərdüştlər övladıyıq,
Səsimiz də haqq səsi.
Qoy eşitsin ana Vətən,
Qoy bilsin Yer kürəsi.

Sən mənimçün qalibiyyət bayrağımsan, Qarabağ,
Əyilməyən, alçalmayan vüqarımsan, Qarabağ! – deyib hayqıran şair üçrəngli bayrağın Şuşada, Cıdır düzündə dalğalanmasına ümidini üzmür, buna öz varlığı ilə inanır. O günü səbirziliklə gözləyir…”

Məxluqatın ən şərəflisi olan insanın öz insanlıq vəzifəsinə - ən uca və əbədi vəzifəsinə layiq yaşaması həmişə Vidadinin baş mövzusu olub, əsərlərində müxtəlif yönlərdən işıqlandırdığı problemdir. Onun lirik qəhrəmanının tapındığı ən ulu məqsəd bir vətəndaş kimi insanların karına gəlmək, haqqın, ədalətin, nəcibliyin, xeyirxahlığın təntənəsinə qeyrətlə qulluq etməkdir. Vətənpərvərlik, vətəndaşlıq bu qəhrəmanın boyuna biçilmişdir.

Mən bu yurdun övladıyam,
Qarış-qarış gəzəcəyəm.
Saf duyğular muradıyam,
Hər cəfaya dözəsiyəm.
Qartal olub Şişqayada,
Dağ başında süzəcəyəm.
Tortap mənim, mən torpağın,
Bu torpaqda ölən mənəm.
Bu torpağın dərd-qəmini,
Acısını bölən mənəm.
Qılıncını sivirərək,
Yağılara qənim ollam.
Yurdum ərənlər yirdudur,
İgidliyə əmin ollam.
Vətən deyib sinə gərən,
Oğullarım bu torpağın.
Vətən üçün canın verən,
Bahadırım bu torpağın.
Tökülən qan qərənfilin,
Ürəyində hopub qalıb.
Şahə qalxan köhlən atım,
Yarı ylda çapıb qalıb.
Mən bu yurdun övladıyam,
Zaman gəldi coşmalıyam.
Bayrağını uca tutub,
Xankəndinə sancmalıyam… - deyən bu qəhrəman çox təvazökar olub şöhrətpərəstlikdən, özünü gözə soxmaqdan, xidmətləri müqabilində mükafatlar ummaqdan uzaq gəzib.
Dahi alman şairi və filosofu Höte şairliyin mahiyyətindən bəhs edərkən deyərmiş: “Nə qədər ki, bir qələm sahibi özünün xırda subyektiv duyğularını ifadə edir, hələ ona şair demək olmaz. Lakin mühitini, gerçəkliyi qavrayıb onu ifadə etməyin yolunu tapanda həmin adam şairə çevrilir”. Bu yolu tapanların əsərləri yalnız öz müəlliflərinin deyil, çağdaşlarının da fikri-hissi axtarışlarını, arzu və ideallarını, sevinc, kədər, ümid və istəklərini, dövrün şirinli-acılı həqiqətlərini əks etdirmək iqtidarına malik olur. Ədəbi təcrübə göstərir ki, bütünlükdə varlığı, mühiti, adamları qavrayıb yenidən yaşamaq, onu şerdə əks etdirməyin yolunu tapmaq həqiqətən də çox ağır yaradıcılıq sınağıdır ki, Vidadi Tağızadə bu sınaqdan alnıaçıq çıxıb. O, dünyaya, insanlara Azərbaycan zəminindən baxıb, ölkənin, xalqın qayğıları ilə qanadlanıb, millətlər yarışında soydaşlarımızın şərəfli yer tutması üçün çalışıb. Şairinyaradıcılığına təkrar-təkrar nəzər saldıqca bir daha inanırsan ki, başqaları tərəfindən dəstəklənən namərd qonşunun işğalına məruz qaldığı, təkləndiyi üçün bu gün bir qədər pəjmürdə, peşman görünsə də, Azərbaycan sarsılmayıb və şairin öz şeirlərində canlandırdığı məğrurluq obrazı kimi yenilməz vüqarını qoruyub saxlayır.
Bu gözəl misraları oxuyur və fikirləşirəm ki, Şuşa da, işğal edilmiş digər torpaqlarımız da, xalqımızın iradəsilə mütləq azad ediləcək. Yoxsa təkcə Vidadi Tağızadənin misraları deyil, bizim bütün ədəbiyyatımız, mənəviyyatımız, babalarımızın qəbirləri, Füzulinin, Vaqifin, Üzeyirin, digər qarabağlı sənət fədailərinin, söz ustadlarının məzarları, məqbərələri od tutub yanar və gələcək nəsillər bizə də, şerimizə də bunu bağışlamazlar!
Bu müxtəsər yazıda mən Vidadinin sənətkar palitrasında çeşidli əlvan rənglərin sayrışmasından ətraflı danışa bilmədim. Onun sevən qəlbin dolub-boşalmasını incəliklərinə qədər əks etdirən məhəbbət lirikasını açıqlamadım. Yazdıqlarım isə olsa-olsa, şairin yaradıcılığının mühüm bir istiqaməti, onun vətəndaş lirikası haqqında qeydlərdir.
Bu yazını “Müqəddəs ruhun şad olsun, Vidadi, qardaşım!” deyib sənin misralarınla da bitirmək istəyirəm:

Mən gedəsi olsam, sən salamat qal,
Unutma əhdini, ilqarını sən.
Yoxluğum olacaq əbədi sual,
Sənin saçlarını bürüyəcək dən.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930