
Xəbərlər
8.04.2025, 20:14
BİR TALEYİN OYUNUNDA CÜTLƏNMIŞ ZƏRİK, YÜZ İL QOŞA ATILSAQ DA, QOŞA DÜŞMƏRİK. (M.Araz)
Düz yüz il əvvəl xalqımızın qeyrətli oğlu Mirzə Cəlil üzünü kor olmuş həmvətənlərinə tutub “Haradır Azərbaycan?” deyə sual elədi. Sualına cavab almayanda dedi: “Ax, unudulmuş Vətən, ax, yazıq Vətən!.. Haradasan, ay biçarə Vətən?!” Özü də cavab verdi: “-Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxilindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bəyaziddən ibarət olsun. …Ax, gözəl Azərbaycan Vətənim, harada qalmısan?.. Təzədən üzünü həmvətənlərinə tutub yana-yana çağırdı: “…Gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək, haradır bizim Vətənimiz?!”
Dağlarımız, qayalarımız kimi qürurlu, əzəmətli ulularımız öz yurdlarında özlərindən sonra gələnlərə yadigarlar qoyub getmişdilər, düşünmüşdülər ki, gələcək nəsillər bu tarixi əmanətlərə baxıb haradan gəldiklərini, hansı səmtə yol getdiklərini, kimliklərini anacaqlar, demək istəmişdilər ki, biz olmuşuq, yaşamışıq, iz qoyub gedirik, siz də bu haqq yolunu tutun, qoruyub saxlayın, qurun, tikin, özünüzdən sonra gələnlərə əmanət verin. Adımızı ucalığıynan yaşadın…
Səfəvilər və Əfşarlar dövründə Azərbaycanın inzibati-ərazi bölgüsü uzun müddət olduğu kimi qorunub saxlanıldı. Biz isə… nə qədər eşitmək olar öz nadanlığımız, nankorluğumuz haqqında həvəslə (guya ki, yana-yana) danışmağımızı.
Səfəvilər dövlətinin xanədanı Şah İsmayıl Xətai XVI əsrdə vəziri Rəvanqulu xana əmr edir ki, Zəngi çayının sahilində bir qala tikdirsin. Qala yeddi ilə tikilib başa çatdırılır. Bu qalaya Rəvanqulu xanın şərəfinə Rəvan adı verilir. Yerli ləhcədə isə “R” hərfi ilə başlayan sözlərin əvvəlinə bir “İ” hərfi artırılır. Məsələn: Rza-İrza, Rafiq-İrafiq, Rəhim-İrəhim, Rəvan-İrəvan. Beləliklə, Rəvan dönüb İrəvan olub. Sonra bu məmləkətə o qədər cahillik toplandı ki, kainatın bütün şərləri yığışıb İrəvanı Yerevana çevirdilər. Bəs soruşa bilərsiniz ki, Zəngi çayı necə oldu? Niyə silindi xəritələrdən, coğrafiya kitablarından? Qurudumu görəsən?! Yox, Zəngi çayı qurumayıb. Ümumi addəyişmə mərasiminin qurbanı olmuş Zəngi çayının adına indi xəritələrdə və kitablarda rast gəlməsək də, o öz köhnə yatağıyla elə əvvəlki qaydada axmaqdadır. Birdən xəritələrdə Hrazdan çayının adına rast gəlsəniz, çaşıb eləməyin, əmin olun ki, bu elə sizin axtardığınız Zəngi çayının özüdür.
Böyük Millət fədaisi Mirzə Cəlilin millətə tanıtdırmaq istədyii Azərbaycan əraziləri tanınmağa imkan tapmamış Rusiya, Türkiyə və İran arasında dədə malı kimi bölüşdürüldü.
Bu hələ harasıdır. Zaman-zaman xalqımızın qatı düşməni olan Rusiyanın əliylə mərkəzi İrəvan olmaqla sonradan millətimizin başına əngəl-kələf olan başqa düşmənlərimiz - ermənilər torpaqlarımızın ən dilbər guşələrinə köçürüldülər. Bu qeyrətsiz millət məqsədlərinə çatmaq üçün arvadlarını, qızlarını belə bizlərə peşkəş eləməkdən usanmadılar. Bəs sonra… Sonra da ki, sizin sağlığınız. Bir də onda ayıldıq ki, Azərbaycanda müəyyən mövqe sahibi olmaq üçün ya gərək erməni olasan, ya da erməni alasan.
Təbiətin, həyatın insanlara əbədi bəxş etdiyi qanunlar var. Axı, millət yaranan gündən onu digərindən fərqləndirən yolu-ərkanı dayanır. Halal varlığı, halal adət-ənənələri, halal südü-qanı, halal süfrəsi, halal dirçəlişi və bütün bunların sayəsində milli iftixarı yaranır. Milləti millət şəklinə salan da elə bunlardır. Halal südümüzə, halal süfrəmizə haram qatmışıqsa, hansı milli iftixardan söhbət gedə bilər. Məncə, böyüklük də, müdriklik də, müqəddəslik də, qeyrət də, kişilik də bütöv olmalıdır. Bütün bütövlüklərin başında isə torpaq bütövlüyü durur. Çox-çox təəssüflər olsun ki, ulu babalarımızın əmanətinə yiyə çıxmadıq. Əvəzində yiyə duranlar tapıldı. İrəvanı, Zəngəzuru, Göyçəni, Dilicanı, Qərbi Azərbaycanın bütün şəhər və kəndlərini, Dağlıq və Aran Qarabağı itirdik. İtirdiyimiz Dədə-Baba torpaqlarımız bütün kitablardan və xəritələrdən də silindi. Sanki zaman-zaman bu bədxahların çirkin xəyanətinə mane ola biləcək qüvvələr aradan götürülmüş, gizli əllərin qüdrəti ilə manqurtlar rəhbər vəzifələrə irəli çəkilmiş və Azərbaycan torpağının, Azərbaycan xalqının taleyi onlara tapşırılmışdır. Onların milli hisslərinin söndüyündən, əslini-kökünü unutmağından məharətlə istifadə edən düşmənlərimiz xalqımıza, torpaqlarımıza qarşı hazırladıqları xəyanətləri bəzən gizli, bəzən də açıq-aşkar həyata keçirməyə yaxşı imkan tapıblar. Çünki belələri həmişə başımıza endirilən baltanın sapına çevriliblər. “Bizimkilər” özləri, nəvə-nəticələri, yeddiarxadönənləri üçün milyonlar yığdıqları ərəfədə düşmənlərimiz milyonlar xərcləyib xəritələr dəyişiblər, dünyanı xəbərdar ediblər, gələcək yeddiarxadönənləri üçün torpaqlarını “bizim” maymaq rəhbərlərin əliylə genişləndiriblər.
Torpağı canlandıran, eli-obanı şenləndirən, yurdu-yuvanı isidən onun övladlarıdı. Quşu pərən düşən yuva soyumazmı? İnsan nəfəsi dəyməyən ocaq sönməzmi?!
Axı, dünyamızı coğrafi adlarsız təsəvvür etmək mümkün deyil. Adlar yerin, torpağın danışan dilidir, xalqların, millətlərin ilkin, ən etibarlı tarixi ünvanları, canlı şahidləridir. Əgər bu gün o tarixi ünvanlarımızdan, canlı şahidlərimizdən məhrumuqsa…
Fikrimin sübutu üçün mövzudan bir az qırağa çıxmalı olsam, oxucu gərək məni bağışlasın.
Elə bu sübut-dəlilləri araya-ərsəyə gətirmək üçün bəzi mənbələrə və canlı şahidlərə müraciət etməli oldum.
Vaxtilə ata-babaları yurdundan-yuvasından didərgin düşmüş dostumuz Saleh müəllimlə həmsöhbət oluram. Saleh müəllim danışdıqca elə bil ürəyi boşalır, dərdi yüngülləşirdi. Bəlkə də əksinə, köhnəlmək bilməyən yarası təzədən qövr eləyirdi… Arabir dodaqlarına təbəssüm qonurdu… Bu təbəssüm ötüb-keçən çağların şirinliyini əks etdirən yeganə yadigar idi, ilişib qalmışdı dodaqlarında… Bir həqiqət var, başqasının halına yana bilərsən, amma onun kədərini yarılaya bilməzsən, yəni sənin yanmağınla o adamın kədəri azalmaz. Ha ümid versən də ümidləri artmaz, sevindirmək istərsən, sevinə bilməz.
Heç şübhəm yoxdur ki, əksəriyyətiniz Mirzə Cəlilin “Nigarançılıq” hekayəsini oxumusunuz. Elə isə gəlin o hekayədən bir parçanı xatırlayaq:
- “…O ki, qaldı təğyiri-libas olan məmura, o da mehmanxananın həndəvərində çox vurnuxdu ki, bilsin, aya, bu millətpərəstlər nə xəyal ilə mehmanxanaya yığışıblar və bunlar görəsən nə siyasi məsələlər ortalığa qoyub müzakirə eləyirlər və nə tədbirlər tökürlər. Amma nə qədər səy elədi, bir şey başa düşə bilmədi və başa düşə bilmədiyindən çox nigaran qaldı…”
Bu “Nigarançılıq”ı əbəs yerə xatırlatmadım. Mənim Saleh müəllimlə olan söhbətim zamanı birisi çox vurnuxurdu ki, biz nə barədə danışırıq və əlbəttə ki, bu mənim nəzərimdən qaça bilməzdi. Belələrinə “qulaq” deyirlər. Belə qulaqlar hər 10-15 nəfərin arasına atılır ki… Nə isə, nə qədər ki, bu qulaqlar burulmayıb, millətin qulağı rahat olmayacaq.
Gəlin mövzudan çox kənara çıxmayaq. İrəvanla Zəngi çayı haqqında yuxarıda öz araşdırmamızı qeyd etdik. Saleh müəllimin vətəni Amasiyada 33 kənd olub. Bu kəndlərin 29-u Azərbaycan kəndləri olub. Bu kəndlərin də demək olar ki, hamısının adları erməniləşdirilib.1930-cu ilə qədər Göyçənin Ağbaba mahalı kimi tanınan bu ərazinin adı birdən-birə dəyişib Amasiya rayonu olub. Bilirsiniz ki, qardaş Türkiyədə də Amasiya şəhəri var. Niyə görəsən qədim türk şəhərinin adı gəlib Ermənistana çıxıb. Bəlkə ermənilər türkləri çox sevdikləri üçün qədim türk şəhərinin adını bu əraziyə veriblər. Xeyr! Əvvəlcə torpaqların adını dəyişmək, sonra yerli əhalini qovmaq. Ermənilər görünür, bu gün Ağbaba torpağında bir azərbaycanlının da qalmamasını, köhnə daşnak planlarından bildiklərindən planlı şəkildə Amasiyadan Amasiyaya körpü salmaq iştahasındadırlar, guya köçüb getdikləri coğrafi ərazini adını daşıyırlar. Axı xəyali “Böyük Ermənistan” xəritəsinin bir ucu da gedib Türkiyənin Amasiya şəhərinə çıxır. İştahaya bax! Adam utanmasa oynamağa nə var ki! Əvvəllər güman edirdim ki, bu adları yalnız xəritələrdən siliblər, onları xalqın yaddaşındanə, ürəyindən silmək olmaz. Sonra gördüm ki, yox, o dədə-baba adlarımız yaddaşlardan da silinməyə başlayıb.
Aşıq Ələsgərin şeirindəki bir beytə nəzər salaq:
Bizim Ağkilsəyə xəbər olubdu,
Yaxın mənzilimiz Kəvər olubdu…
Bu şeirdə adı çəkilən Ağkilsənin Aşıq Ələsgərin öz doğma kəndi olduğunu hamı bilir. Bəs görəsən ikinci misradakı Kəvər nə deməkdir? Bu sözün şeirə haradan düşdüyü çox maraqlıdır. Bir çox tarixi qaynaqlara əl atdım, ayrı-ayrı adamlardan da soruşdum. Sorğularım cavabsız qaldı. Sonra da fikirləşdim ki, bəs bu cür minlərlə unudulmuş tarixi adlarımızı həyata qaytarmaq, heç olmasa, onların barəsində xalqa düzgün söz demək olmazmı?!
Yəqin ki, indiki Ermənistanda Kamo şəhəri olduğunu çoxları bilir, hətta o şəhəri tanıyanlar, görənlər və gəzənlər də az deyil. Görəsən Kamo şəhərində vaxtilə yaşayan, yaxud onu qarış-qarış gəzən azərbaycanlılardan kimsə heç öz-özünə sual verib maraqlanıbmı ki, bu şəhərin keçmiş dədə-babalarımız qoyan adı nəymiş? Axı Kamo adı dünən-srağagün verilmişdir bu şəhərə.
Kəvər məhz bu gün Kamo kimi tanıdığımız qədim Azərbaycan şəhərinin dədə-baba adıdır.
Bu hələ harasıdır? Göyçə mahalını erməniləşdirmək üçün Vardenis, Göyçə gölünü də Sevanlaşdırdılar ki, azərbaycan xalqının gələcək nəsilləri onları xatırlamasınlar.
Azərbaycanın 1920-ci ildə çəkilmiş bir xəritəsi olub. O xəritəni Ermənistanın son illərdə çəkilmiş xəritələri ilə yanaşı qoyub müqayisə etsək, görərik ki, Əbilkənd-Kalininə, Qəmərli-Artaşata, Ellər-Abovyana, Uluxanlı-Masisə, Qarakilsə-Kirovakana, Üçkilsə-Eçmiadzinə və s. çevrilərək erməniləşdirilmişdir. Necə deyərlər, “yatan öküzün başına duran öküz…” Bu o ərəfədə baş verirdi ki, dağ başındakı qoyun sürüsünün yanından çoban Hətəmi gətirib otuzdururdular parlamentdə. Əgər mən o ixtiyar sahiblərinin yerinə olsaydım, üzümü tutardım çoban Hətəmə və deyərdim: Ay Hətəm, düzdür, Şura hökuməti qurulandan Azərbaycanda başıpapaqlıların sayı azalıb. Ancaq mən əminəm ki, çoban tayfasının yaxşı günü-güzəranı olmasa da, başında papağı mütləq olmalıdır. Bir ağacın sərinliyində otur, həmin papağı da qoy qabağına fikirləş gör, səndən deputat olar, ya yox?
Birdən qayıdıb deyərsən ki, bəs mənim kimilər məgər indi parlamentdə azdır, axı mən yaxşı işçiyəm, 30-40 ildir qoyun otarıram, 100 qoyundan 120 bala alıram, hər qoyundan 6 kq yun qırxıram.
Yox, Hətəm kişi, xahişin qoyunlara getməsin. Qoyunların qayğıları başqa, insanların qayğıları başqa, qoyunların dərdi-səri başqa, millətin dərdi-səri başqa. Sən heç bilirsənmi, Azərbaycan xalqını hansı yollarla çapıb-talayırlar? Sən heç bilirsənmi, o beyni-piyli rəhbərlər sərvətlərimizi su qiymətinə hansı yollarla satırlar, deputatlarımız bir gündə yüz məsələni necə həll edirlər? Qardaş, sənin və sənin kimilərin namizədliyini verənlərin Allah evini yıxsın! Nə vaxt qanacaqlar ki, qoyunların vəkili olmaq ayrı şeydir, millətin vəkili olmaq ayrı şeydir. Birdən məndən inciyərsən ha… Bilməlisən ki, daha yamaqlı şalvar geyinən vaxtlarımız getdi. Biz bu yamaqlardan xilas olmalıyıq. Qurddan sürüyə çoban olmaz, qardaş. Nə vaxta qədər biz bu həmzələrin çaldığı havaya oynamalıyıq? Axı milli mənliyimiz tapdalanır! Eh, kimə nəyi anladıram?
Əziz oxucular, bu yazımda keçmişimiz və bu günümüz haqqındakı düşüncələrimi xırdalamağa çalışdım. Hakimiyyət inhisarının xərçəngi olan bürokratiya, milli məğlubiyyət, gerilik, rüşvətxorluq, mənsəbpərəstlik, mənəm-mənəmlik, istismar və səfalət - budur bu günümüzün mənzərəsi.
Elimizə-obamıza bahar gəlib. Başımızın üstündə qara buludlar dolaşmaqdadır. Heç şübhəm yoxdur ki, bu qara buludlar dolub-dolub məqamında boşalasıdı. Doludan qorxuram, a millət, doludan.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Bu yazıma sənin sözlərinlə işıq saldım, sənin sözlərinlə də bitirmək istəyirəm:
“Görürsən ki, halallıqla əlinə bir şey gəlmir, elə hey əlləşib-vuruşursan, lütsən ki, lüt. Kül başına, dəxi nəyi gözləyirsən? Keç əyri yola, dədənin goru haqqı, qaz vurub qazan doduracaqsan. Gördün biri bir nəfəri söyür, sən də söy. Sabahı gördün həmin nəfər həmin bir nəfəri tərif edir, sən də tərif elə. Sənə nə, haqdır, ya nahaqq. Gördün biri bir “istarşınanın” itini öpür, sən də öp. Hərçənd bir qədər murdardır, amma eyb etməz, üzünü yuyarsan. Bir də ki, nə olar it olanda, gör o, kimin itidir?
Mehman Mahmudoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”,
“Cəsarətli Qələm” və “Vicdanlı Qələm” media mükafatları laureatı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay