Xəbərlər
17.07.2024, 22:48
BÖYÜK NƏRİMANLILAR SİLSİlƏSİNDƏN - FOTO
B Ö Y Ü K N Ə R İ M A N L I L AR S İ L S İ L Ə S İ N D Ə N
QALİBƏ YUNİS QIZI ƏLƏKBƏROVA
Sinifdə tam sükunətdir. Hələ zəng vurulan kimi uşaqların sakitcə partalarda oturub müəllimin gəlməsini gözləməsi hər vaxt müşahidə olunan hal deyildi. Dərsin tam başlama zamanı qapıdan hamımızın əzizi Ələkbərova Qalibə Müəllimə təmkinlə dolu ağıryana addımları ilə sinifə daxil olur, hamı ayaq üstə bir ağızdan onun “Salam uşaqlar” xitabına ;
- ”Salam müəllimə! ” cavabı verir.
”-Əyləşin!” Davamiyyətin yoxlanması başlayır.
1.Abbasova Aidə Bəşir qızı
2.Abbasov Niyaməddin Yaqub oğlu
3. Abbasov Zaman Əhməd oğlu
4.Alıyev Elbir Fətullah oğlu
5.Aslanova Esmira Qədir qızı
6.Aslanov Akim İbad oğlu
7. Bağırov Abbas Əli oğlu
8. Vəliyev Qardaşxan Əli oğlu
9. Vəliyeva Yeganə İnqlab qızı
10. Verdiyeva Səadət Elbrus qızı
11. Qurbanov Qurban Xəlil oğlu
12.Qurbanova Rüzgar Sultanəli qızı
13.Quliyeva Mərcan Atakişi qızı
14. Ellazov Firqət Əzim oğlu
15. Əliyev Yolçu Şahmalı oğlu
16. Əkbərova Qənahət Mübariz qızı
17. İbrahimova Zərəfşan Eyyub qızı
18. Yusifov Mürvət Ömrü oğlu
19.Murtuzayev Şahin Əhməd oğlu
20. Musayeva Dilguşə İbrahim qızı
21.Müseyibov Polad Allahverdi oğlu
22. Məmmədov Aslan Yaqub oğlu
23. Ramazanov Tofiq Bəkir oğlu
24. Səmədova Bahar Həbib qızı
25. Xəlilov Şəmşir Qənbər oğlu
26. Hacıyev İmran Məhəddin oğlu
27.Hacıyeva Hicran Bayram qızı
28.Heydərov Yaşar Mahmud oğlu
29. Cəlilov Əlvan Qalib oğlu
(Qeyd etmək istəyirəm ki, sıralama kiril əlifbası ilə aparılıb. Bir neçə sinif yoldaşlarımızın nömrələri səhv düşə bilər ona görə ki, Qalibə Müəllimənin bizim sinifdə oxuyan bütün şagirdlərinin hamsının adı düşsün deyə, xaricolmaları nəzərə almadım. Həmçinin bütün şagirdlərinin qəlbində daim hörmətlə yaşadığı üçün sinif jurnalındakı sıra nömrələrini və adlarını məqalədə təsbit etməklə unudulmaz Müəlliməmizin ruhuna dərin hörmətimizi hamımız adından ifadə etməklə özümü bir daha sinifkomluqda görüb sinfimizi təmsil etmək haqqını hər kəsin adından öhdəmə çəkdim. )
Bu dərs ayrı dərs deyil, sakitlik və nizam- intizam çərçivələri daxilində keçən Qalibə Müəllimənin dərsidir. Şagirdlərinin hamısı onun dəyərini bilir, öz müəllimələrinə ehtiram və dərin sevgi ilə yanaşaraq hər zaman şəfəqlənən dan yeri kimi görünən mənalı və dolğun simasını izləyirdi. Müəllim stolunda əyləşib jurnalı gözündən keçirər, keçən dərsdə fəal olmayan şagirdlərinə xoşbəxt gələcək yolunun yalnız oxumaqdan, elm öyrənməkdən keçdiyini məlahətli şəkildə xatırladar, zəif oxuyanlara stimul verməyə çalışardı. Sinif jurnalını mənalı baxışları ilə seyr etdikcə nömrə ilə uşaqların davamiyyətini yoxlayıb, dərhal tədris prosesinə keçərdi. Jurnal nömrələrimiz Qalibə Müəllimənin səsindən eşitdikcə adam istəyirdi ki, sinif uşaqlarının sayı yüz olsun. O, davamlı olaraq bizim adımızı çağırsın. Çün, bu çağırışın içərisində elə bil sehr var idi. Hər kəsin adını çəkdikcə sanki fərqli bir nəfəs yaranırdı. Onun nəfəsində idi bütün bərəkət. Doğmalıqdan böyük doğmalıq hiss olunurdu, o nəfəsdə. Kimin adını çəkirdisə, adama elə gəlirdi ki, həmin şağrdin adını həyatda Qalibə Müəllimədən şirin çəkən ola bilməz. Səsi gələndə ruha tumar çəkər, beyinin içini rahatlaşdırardı. Dərs təzə başlayanda sinif jurnalımızı yoxlayıb bir- bir bizi ayağa qaldırmağında idi onun, “oxu”, “tərbiyəli ol”, “sakit ol” deməyi. Əlavə heç bir xüsusi göstərişə ehtiyac yaranmazdı. Səhvlərimizi Qalibə Müəllimənin işarəsindən, ehyamından başa düşərdik. O, səhvləri başa salmaqla kifayətlənməz, eyni zamanda o səhvləri düzəltməyin yollarını da başa salardı. Dərslərinin hər dəqiqəsi bizim gələcəyimizin investisiyası, böyük sərmayə yatırımı idi. Onun dərsində mövzudan kənar bir dəfə də olsun əlavə mətləblərə toxunulduğunun şahidi ola bilməzdik. (Burada haşıyə çıxmaq istəyirəm.)
Sinfin şagirdləri onun dərsində cıqqır çıxarmırdılar, özlərini sakit və tərbiyəli şəkildə aparmağı sanki mənəvi borc bilirdilər. İlahi bir tərbiyə, nümunəvi davranış atmosferi yaranırdı Qalibə Müəllimənin dərslərində. O, özünü öz şagirdlərinə Xanım kimi, Müəllimə kimi, Ana kimi, Türk Qadını kimi, sabaha aydın yol göstərən tədbirli Valideyn kimi sevdirmişdi. Ona görə də nə şuluq , nə də sakit uşaqlar zərrəcə Qalibə Məlliməni nərahat edən hərəkətə yol vermirdilər. Açığını deyim əksər müəllimlərin dərsində səs salmağa cürət etmirdik, cəzalanacağımızdan çəkinirdik deyə qorxudan idi çoxu. Qalibə Müəlliməmizə, onu şəxsiyyətinə, onun dərslərinə isə dərin hörmətimizdən yaranırdı bu səmimiyyət. Özü qazanmışdı bu münasibəti, bütün məktəb kollektivinin və kənd əhalisinin hörmətini.
Qalibə Ələkbərova əslən Nərimanlı kəndindən deyildi, amma kənd əhalisi içərisində qərib də deyildi. Bütün qəbildən olan insanlar arasında xüsusi rəğbət qazanmışdı. Özü də bilirdi ki, hamı ona çox hörmtələ yanaşır, hər kəs onu sevir və yolunu ehtiramla gözləyir.
Müəllim görmək nəsibimiz oldu. Müəllimi müəllim kimi görmək desəm daha da dəqiq olar deyə yeni bir fikir canlanır beynimdə. İndi də müəllimlər var, saysız- hesabsız. Müəllim adı daşıyan kəsin haqqında neqativ rəy söyləmək bəlkə də ən böyük günahlardan biridir! Amma o dövrün, ictimai qınaqlar çərçıvəsində sosial ədalətin ən çox qorunduğu o zamanın, Göyçə mühitinin saflığı içərisində nüfuzlu müəllim kimi qəbul olunmağın müəllimlik meyarları ayrı idi, özü də indikindən çox fərqli. Bu fərqi xatirələrimin kövrək, sanki bir sapdan asılıb qalmış varaqları içərisində elə ehitiyatla, elə oxşaya-oxşaya saxlayıram ki, yanından yel keçməyə belə sərvaxtam. O xatirat kitabımda müəllimlərim içərisində ən çox sevdiklərimin önündə olan əvəzsiz Qalibə Müəllimənin haqqında yazılmış xatirələrim var. Qələmlə yazmamışam zaman keçər pozular, daşa yazamadım ki, mamır bağlayar, dəmirə yazmadım ki, paslanar. Qızıl lövhəyə nəqş etdim, çün ki, o yazılarım heç kimin yox məhz Əziz Müəlliməm Qalibə müəllimə haqqındadır! ....Açığı bəzi müəllmlərin uşaqlara fərq qoyduğunu- bu kimin uşağıdır, bunun dədəsi, bunun dayısı, bunun qardaşı və s. kimdir kimi halları da hiss etməmək olmurdu. Qaranı qaraya düzənlər də olurdu. Amma Müəlliməm Qalibə Ələkbərova özünün nurani və ağ üzü kimi də hamıya ağlıq içərisində nəzər edər, heç kimin uşağına fərq qoymaz, hamının balasına doğma balası kimi yanaşaradı. Elmi və əxalqi gözəllilkəri üzünə ayrı bir tərzdə görünən nuraniyyət pərdəsi çəkmişdi. Çöhrəsi ismətlə dolu görünər, simasında qayğılarla yüklənmiş ciddilik sezilər, baxışlarında elm, fəzilətlə cilalanmış xurmayı və hikmətlə dolu dolğunluqlar pərvaz edərdi.
Bizə o vaxtları Sovet pedaqoji sistemini proqramlarına uyğun olaraq hansı respublikanın ərazisində qeyri millət yaşayırdısa, həmin millətlərə yaşadıqları respublikanın dövlət dili tədris olunurdu. Rus imperiyasının siyasətinə görə bizə demək olar tarixi həqiqəti unutdurmuşdular, buna görə də bizə bildirməməyə çalışırdılar ki, fərqinə varmayaq buranın hayların yurdu olmadığının. Məhz Azərbaycan türklərinə məxsus olan tarixi torpaqlarımızda Ermənistan Sovet Sosialist Respublikasının yaradılmasını bizdən gizlədirdirlər. Biz də sanki minnət içərisində yaşayırdıq. Azərbaycanlı olsaq yəqin biz də Azərbaycanda yaşayardıq.?!!! Bəs görəsən biz kimik? Haylar bizə dönə-dönə xatırladırdılar ki, siz türksünüz. Türk deyə həmişə təhqir və təqib olunduğumuza görə özümüzü azərbaycanlı kimi daha şərəfli hiss etdirməyə çalışırdıq. Nəsə sözüm onda deyil , erməni dili dərsi keçmək soivet təhsil sisteminin proqram tələbi olduğundan bizim məktəbdə də erməni dili tədris olunurdu. Əvvəlcə ikinci sinifdən səkkizinci sinifə qədər, sonralar isə məsələ qaldırmışdılar ki, bəs erməni dilini onuncu sinifə qədər tədris etmək lazımdır.
Qalibə Ələkbərova bizim sinifimizə dördüncü sinifdən etibarən erməni dili dərsi tədris etməyə başladı. Bəlkə də haylar özləri öz dillərinin qrammatikasını o qədər dəqiqliklə bilımirdi nəinki, bizim Qalibə Müəlliməmiz o səviyyədə malik idi o dilin həm orfoqrafik, həm qrammatik, həm də lüğət tərkibinə. Necə gözəl dərs keçirdi. Heç bilinmiridi ki, 45 dəqiqə necə keçdi. Amma bilmirəm nədən idi o vaxtın ideologiyasına uyğun hesab olmayan milli- mənəvi dəyərlərimizi qoyurdu hər zaman ön sıraya. Erməni ədəbiyyatından müxtəlif şeir, hekayə, roman kimi nümunələrin fraqmentlərində milli hisslərin ifadə olunduğu sətirlərə və manalara çox həssaslıqla yanaşar erməni xislətini o vaxtdan bizə aşılamaq istəyərdi. Hərçənd ki, onda “beynəlmiləlçilik”, “bütün dünya proletariatlarının birləşməsi” kimi sloqanlar sovet ideologiyasının əsas lozunqu kimi yazılırdı. Niyəsə Qalibə Müəllimə öz tərcümə və təhlillərində erməni xislətini daim bizlərə aydınlaşdırmağa, bu xalqa etibar olmadığını diqqətimizdə saxlamağı unutmamağa çalışırdı. Yadımdadır iki dəfə daha ətraflı formada bizə anlatdı ki, bu ermənilər xəyanətkar millət olaraq gəliblər dünyaya. “ Yes , Alyoşa yev Ali”-“Mən, Alyoşa və Əli” əsərinin tərcüməsində Əli obrazını beynəlmiləçilik simvolu olaraq vermiş olsalar da, amma bu obrazı azərbaycanlı olduğu üçün aşağılamışdılar. Əsərdə bir erməni, bir rus, bir də azərbaycanlı gəncin beynəlmiləlçiliyindən söhbət açılmışdı ki, sovet gəncliyi milliyətindən asılı olmayaraq vahid sovet ailəsində necə “gözəl” və “mehriban “ yaşayır. Mətn mövzusu belə qoyulmuş olsa da mahiyyət məhz azərbaycanlıların aşağılanmasına yönəlmişdi. Xatirimdə dəqiq qalıb ki, Qalibə Müəllimə bizə izah edərək dedi ki, baxın uşaqlar, bu mətnin mahiyyəti azərbaycanlıların ermənilərə və ruslara nisbətən ikinci “sort” millət kimi təqdim olunmasına yönəlib.
Qalibə Müəllimə bu mənanı tam dəqiqliklə bizə başa saldı ki, burada bizim millətə qarşı tənə və hörmətsizlik yazılıb. O zamanların tələblərinə tam zidd idi müəllimlərin bu ruhda dərs keçməsi, amma bizim Müəlliməmiz prinsipal şəkildə hər zaman açıq- aydın fikirlərini bildirirdi. Milli təəssüb hissi qanda və gendə yaşadıldığı üçün zamana və məkana baxmaz, var olduğu yerdən fişqırıb qaynayacaq.
Mən sonralar fikirləşirdim ki, görəsən biz tərəfin uşaqlarında milli hisslər nədən belə güclü formalaşıb? Göyçə mahalının təbiətindənmi, yoxsa əhalinin xislətindəndirmi? Artıq tarixi keçmişi varaq- varaq varaqladığca görürəm ki, Qalibə Müəlliməmiz kimi pedaqoqlarımızın sonsuz zəhməti, öyüd -nəsihəti, verdiyi təlim -tərbiyə sayəsində sonsuz dərinliklərə qədər sallanan bu təsüsüb hissləri formalaşmışdır.
O, erməni ədəbiyyatlarının mövzu- ideya tutumunda azərbaycanlılara qarşı olan münasibətə görə nərahatçılıq keçiridi ki, necə yəni bizm xalqımızın tarixi və dəyərləri, mədəniyyəti, incəsənəti olanda heç ermənilər və rusların təhsil və mədəniyyətdən, incəsənətdən xəbərləri yox idi. Bu cür zəngin tarxə malik olan xalqımıza qarşı yönəlmiş neqativ halları qarşılaya bilmirdi. Həm milli hisslərimizin formalaşması istiqamətində şüur altımıza o vaxtlar dəyərini bilmədiyimiz çox əhəmiyyətli örnəklər təqdim edirdi, həm də dərsdə oturmağa, dərs öyrənməyə, elmi mənimsəməyə sövq edən hisslər aşılayırdı. Müəllim nuru, ziyalılığı budur, özü həyatdan getmiş olsa da ziyası aləmi Günəş kimi işıqlandırar.
Fəhlə-kolxozçu quruluşunun “oraq-çəkic” ideologiyasına görə kənd yerlərində demək olar ki, hamının evində eyni cürə yeməklər yeyilirdi. Bir neçələrini çıxmaq şərtilə hamının geyindiyi paltarın da qiyməti bir -birinə yaxın idi, hamının sağlıq durumu da orta hesabla normal qəbul olunurdu. Amma cəmiyyət içərisində ziyalılıq və təssüb meyarları ilə seçilmək , ürəyiaçıqlıq, canıyananlıq hamıda eyni deyildi. Qalibə Müəlliməmdə həmin meyarlar kifayət qədər parlaq görünürdü.
İlin qarlı-çovğunlu qış aylarında valideynlər öz övladlarını məktəbə qədər heç yola da salmırdılar. Qapını açdın bir metr qarın içərisi ilə, çığırlarla –“YA Allah” düz məktəbə qədər özün bilərsən, necə gedirsən get. O vaxtlar aşırmalı çantalar da yox idi. Bütün çantalar əldə daşınırdı. O da elə yekəydi ki, birinci sinifdən üçüncü sinifə qədər bütün uşaqlar dartıb apardığı zaman yerlə sürünürdü. Nə qədər canlı, yekə uşaq götürsə belə. Səhər tezdən hamının balasına analıq duyğusunu bölüşən-unudulmaz Qalibə Müəlliməyə baxıb görürdün ki, öz uşaqları ilə bərabər onlar yaşadığı səmitdən gələn digər uşaqların da çantasını əlinə yığıb, budu hər əlində 3 ya da 4 çanta gəlir məktəbə, uşaqlar da yanı başında. Bəzən düşünürdüm ki, axı müəllimlərdən heç kim belə etmir, görəsən Qalibə Müəllimə niyə ayrı adamların uyşaqlarının da çantasını məktəbədək özü əlində gətirir. Deyirdim görəsən mən də Qalibə Müəllimə gil tərəfədən gəlsəydim mənim də çaintamı götürərdimi? Belə- belə uşaqlıq duyğularımla o Xanımın nəciblikləri haqda müləli fikirlərimə cavablar tapmaq istəyirdim. İndi yaşa dolduqca dərk edirəm ki, o qədər səmimiyyət nə demək imiş və nə üçün imiş. Açığını qeyd edim ki, Qalibə Müəllimədən başqa, ayrı kiminsə belə etdiyini ya görmədim, ya da təsadüfən ola bilərdi. Qalibə Müəllimə bütün varlığı ilə insanlıq ölçülərinin ən zərif etalonunu müəyyənləşdirən xarakterlərə malik idi.
İndikilərdən də yaxşı arxitektura ilə tikilmiş, hər şəraitlə təchiz olunmuş məktəbimiz elm məbədi kimi çox dəyərli məktəbiydi. Hər müəllim tədris fənnini keçməyinin keyfiyyətinə görə özünə qarşı ictimai rəy yaratmışdı və bütün müəllimlərimiz gücünü uşaqların nəsə öyrənməyinə qoyurdu. Ali məktəblərə qəbul imtahanında abituriyentlər hansı müəllimin dərsindən yüksək qiymət alırdılarsa sən gəl həmin müəllimin fərəhinə, forsuna bax! Dünyanın ən böyük gözəlliyinin dadını çıxarmaqla yaşayırdı o anları müəllimlərimiz.
Bəzən müəllimlərimin sözləri yadıma düşərkən çox dalıram. Uşaq olub yenidən məktəb partaları arxasında onların dərslərinə qulaq asmaq istəyim içimi göyür-göyür göynədir! Təəssüf ki, mümükünsüzlər çox vaxt düşüncələrdə daha çox məskən salır.
Tərbiyəli və nümunəvi şagirdə nəsə demək lazım deyildi. Onun özü müəyyənləşdirirdi ki, dərsi necə hazırlamaq, necə cavab vermək, dərs müddətində özünü neçə aparmaq, davamiyyəti necə pozmamaq lazımdır. Fəqət bəzi müəllimlərimizdən şuluq və dərsini oxumayan uşaqlara ənənəvi olaraq dedikləri ” niyə gejikifsən”, ”düz otu”, ”dala baxma,” “fikrin məndə olsun”, “qurcuxma”, “səs eləmə” və sairə kimi sözləri eşitməli olurduq, bir neçə sinif yoldaşlarımızın “igidlik” göstərdiklərinə görə. Tam dəqiq xatırlayıram Qalibə Müəllimə sinifdə bir dəfə də olsun bu ifadələri işlətmədi. O, elə bir insan idi ki, sinifə daxil olmamışıdan əvvəl hamı özünü yığışdırırdı ki, Qalibə Müəllimənin dərsidir. Habelə heç kimin üzərinə səsinin tonunu qaldırmadı, kimsəni vurmadı. Çün ki, buna ehtiyac da yox idi, öz mehribanlığı ilə sevdirmişdi özünü bütün kollektivə, hamı ona dərin hörmət edib, yolunu saxlayırdı, Qalibə müəlliməni incidəcək heç bir hərəkətə yol vermirdi. Adam sinifə daxil olarkən dünya böyda xanımlıq, analıq hissi dolurdu sinifə, ana ətiri gəlirdi sinifdən, ilahi bərəkət və İzzət var idi məqamında.
Beşinci sinifdə oxuyurduq .”Musuqi dərsi keçmək üçün Qalibə müəlliməyə verilmişdı bu fənnin tədrisi. Birinci dərsdən başlayaraq elə gözəl tədrisə başladı ki, az qalırdıq deyək ki, bütün fənnlərin başı musiqidir. Elə sevdirmişdi ki, bu fənni bizə. Heç not dəftəri olduğu haqda təsəvvürümüz yox idi. Hərəmizə bir not dəftəri aldırıb mahnıları ifa etməyi, notla mahnı yazmağı ən peşəkar musuquçilər kimi tədris edirdi. Uşaqların çoxu ”sol açarı”nı dəfələrlə səhv açırdılar. Bu işi elə gözəl mexanizmlə mənimsədirdi ki, aydın və təmiz yadda qalırdı. Oktavaları keçəndən sonra mahnı ifaları gəlirdi- xor və solo ifalar, bəzən duet mahnılar. Sinifdə nə mikrofon var idi nə də əks -səda verən hər hansı cihaz. Şirin layla kimi nəcib səsi var idi ki, bizim ağlımız kəsməyən fərəh hiss oyadırdı köksümüzdə. Adətən gözəl səsli müğənniləri radioda eşidər, televiziyada görər və onların şəklini qəlbimizdə köçürərdik. Qalibə Müəlliməmizin musqi dərsində inana bilmirdik bu məlahətli səs Qalibə Müəlliməyə məxsusdur. Şagirdləri ilə birlikdə xor oxuyar, yeri gəldikcə solo hissəsini özü ifa edərdi. Bəzən də əli ilə hər hansı bir uşağa işarə edərdi ki, solo hissəsini sən oxu. Yəqin bilirəm ki, o zamanlar Göyçə mahalında incəsənətə, konservatoriyaya, jurnalistikaya digər sahələrə nisbətən kütləvi axın yox idi. Həmin sahələrə yolu düşən göyçəlilər isə ən böyük uğur qazandılar. Qalibə Müəllimə musiqi dərsini az qala bütün elmlərin şahına döndərmişdi, sanki gerçək musiqişünas idi.
Altıncı sinifdə həm erməni, həm də bir çox hallarda həyat yoldaşı hörmətli Telman müəllimin yerinə rus dilini tədris edirdi bizim sinfə. O vaxtlar rəhmətlik Telman müəllim məktəblə bərabər həm rayonda “MAARİF” şöbəsində işləyirdi. Onunla əlaqədar olaraq bəzi dərslərdə məktəbdən tez çıxmalı olurdu. Təsəvvür edin ki, bilmək olmurdu ki, Qalibə müəllimənin konkret ixtsası hansı sahədir, bu qədər səlis və səhih şəkildə tam hazırlıqlı necə gəlirdi dərsə?! Ona verilən suallardan biri də cavabsız qalmazdı. Çox səbr və təmkinlə ana qayğısını da ifadələrinin içərisinə qatmaqla rəvan bir şəkildə yeridirdi dərsi beynimizə. Bilmək olmurdu ki, tədris etdiyi fənnin hansını daha güclü bilir.
Qalibə Müəllimənin davranışlarında kübarlıq hiss olunurdu. Onun ətrafdakılara münasibətində əsilli adam olduğunun bütün əlamətləri cəmləşmişdi. Vücudundan nəciblik və nəzakət Çünəşin aləmə saçdığı işıq kimi saçılırdı ətrafa. Bir qədər də dərinə gedib Qalibə Müəllimənin necə təpərli insan olmasını xüsusi ehtiramla qeyd etmək istəyirəm. Şəhər mühitində böyümüş bir insanın yad bir elin içərisində cəmiyyətə bu cür intiqrasiya olunmağı hər fitrətə uyğun məsələ deyil. Eyni zamanda rəhmətlik Telman müəllimin filtrindən hər şeyi keçirmək o qədər də asan olmazdı. Həm də Telman müəllim xaraktercə hər işi, hər hərəkəti, həz sözü, hər davranışı bəyənən adam deyildi. İndi görürüəm ki, uşaqlarına o cür ana, həyat yoldaşına o cür xanım, nəsil içərisində o cür gəlin, Nərimanlı kimi təzadlı və dərin məktəb kollektivində o cür nüfuzlu, ən başlıcası tanıyanların hamsının sevimlisi olmaq əsil Qəhrəmanlıqdır! Ayrı bir eldən gəlin gəlib fərqli mühitdə, digər bir el içərisində bu qədər urvat sahibi olmağın təməl tərbiyəsinin böyük insani dəyərlərdən rişələnməsi əsil olmağa bağlıdır. Kimsə barəsində bir başqa adamın yanında bir dənə də mənfi rəy bildirmədi, mənfilikləri qaranlıqları isə öz aydınlığı içərisində itirdi.
Allah axirətini abad, ruhunu şad eləsin Böyük İnsan -gözəl və əvəzolunmaz QALİBƏ MÜƏLLİMƏMİN!
Hacı Abbas Əli oğlu Bağırov (GÖYÇƏGÖL)
Provizor, Həkim,Tibb üzrə fəlsəfə doktoru
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












