Azərbaycan şərqşünaslığının əbədiyaşar siması – Professor Aida İmanquliyeva
![]()
Zəngin ənənələrə malik Azərbaycanşərqşünaslığının ən görkəmli və ən parlaqnümayəndələrindən biri, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın ad günü oldu. Onun adı təkcə Azərbaycanda deyil, əski Sovet İttifaqında və beynəlxalq miqyasda tanınmış akademiklər Əbdülkərim Əlizadə, Ziya Bünyadov, professorlar Mübariz Əlizadə, Rüstəm Əliyev, Ələsgər Məmmədov, Rəhim Sultanov, Qəzənfər Əliyev, Şulan Şirəliyev, Malik Qarayev kimi nüfuzlu alimlərlə birlikdə çəkilir.
Aida xanım 1939-cu il oktyabr ayının 10-da jurnalistikamızın patriarxlarından sayılan, uzun müddət “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru olmuş, unudulmaz pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyevin ailəsində dünyaya göz açıb.
Uşaqlığından biliyə, savada can atması onun 1957-ci ildə orta məktəbi qızıl medalla bitirməsi ilə nəticələnmişdi. 1962-ci ildə Şərqşünaslıq fakültəsinin ilk ərəbşünas məzunlarından biri olan bu gənc xanım dərhal elm aləminə qədəm qoyur və 27 yaşında (1966) Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutundanamizədlik dissertasiyasını müdafiə edir. Həmin ildən o, Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlayıb və tezliklə orada ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, nəhayət, 1991-ci ildə nömrünün son günlərinədək direktor vəzifələrində çalışıb.
1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olub və sonra professor adı alıb.
Aida xanımın elmi yaradıcılığı əsasən yeni ərəb ədəbiyyatının bir qolu kimi məhcər ədəbiyyatı, yəni XIX əsrin sonunda Suriya və Livandakı çətin həyat şəraitinə və siyasi vəziyyətə görə Amerikaya kütləvi mühacirət etmiş əhalinin arasındakı ədib və şairlərin bədii irsi ilə bağlıdır. Dünya şərqşünaslarından birinci dəfə bu mövzuya qısa oçerklərlə məşhur rus alimi akademik Kraçkovski toxunub, sonralar Dolinina, Ode-Vasilyeva, Kuteliya, Markov, Levin, Tazetdinova, Muminov və Bilık “Suriya-Amerika məktəbi”nin banilərindən Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixayıl Nuaymə yaradıcılığının ayrı-ayrı sahələrinə tədqiqat işləri və dissertasiyalar həsr ediblər.
Ərəb ölkələrində də bu qəbildən belə əsərlər nəşr olunub. Lakin Aida xanımın göstərdiyi kimi onların əksəriyyəti faktların sadalanması və icmaldan ibarətdir. Müəyyən dərəcədə Ehsan Abbas və Məhəmməd Yusif Nəcminin“Ərəb poeziyası mühacirətdə” kitabı diqqəti cəlb edir.
Qərbi Avropa ərəbşünaslığında nə “Suriya – Amerika məktəbi”, nə də onun aparıcı şəxsiyyətləri haqqında xüsusi tədqiqatlar mövcud deyildir.
Görkəmli şərqşünasımız məhcər ədəbiyyatını sistemli şəkildə bir toplu kimi dərindən öyrənərək, onun qabaqcıl nümayəndələrinin maarifçilikdən Avropa romantizmi, Amerika tarnssendentalizmi və rus tənqidi realizminə üztutduqlarını elmi şəkildə sübut edib, gələcək araşdırmalar üçün yeni üfüqlər açıb.
Mühacir ərəb yazarları külli miqdarda bədii əsərlər yaradıb, mətbuat orqanları və ədəbi cəmiyyətlər təşkil ediblər. Professor Aida İmanquliyevanın 1975-ci ildə Moskvada buraxılmış ilk monoqrafiyası məhz həmin cəmiyyətlərdən biri olan “Qələmlər birliyi”nə və onun ən görkəmli üzvlərindən Mixail Nuaymənin yaradıcılığına həsr olunub.
Alimin növbəti kitabında məhcər ədəbiyyatının başqa məşhur nümayəndəsi – Cübran Xəlil Cübranın yaradıcılığı işıqlandırılır. Aida xanımın son əsəri “Yeni ərəb ədəbiyyatının korifeyləri” adlanır. Bu monumental tədqiqat işində müəllif ərəb məhcər ədəbiyyatının ümumi xarakteristikasını, onun görkəmli təmsilçiləri – Cübran XəlilCübran, Əmin ər-Reyhani, Mixail Nuaymə və digərlərinin bədii irsini zərgər gözü ilə nəzərdən keçirərək, dünyanın müxtəlif ədəbi cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına təsirini aşkara çıxarıb.
Belə bir qənaətə gəlmək üçün böyük zəhmət və erudisiya tələb olunurdu. Alim yalnız “Suriya-Amerikaməktəbi”nin ədib və şairlərinin əsərlərini dərindən təhlil etməyib, eyni zamanda onları Amerika romantikləri Emerson, Toro, Uitmenin, avropalılar Bayron, Hüqo, Şelli, Bleyk, Nitşe və başqalarının, həmçinin Belinski, Tolstoy, Turgenev, Çexov və digərlərinin yaradıcılıqları ilə müqayisəli şəkildə verib.
Aida xanım mühacir yazıçıların yaradıcılığında ərəb ədəbiyyatı üçün yeni olan janrları – etüd, oçerk, esse vənovellalar, xüsusilə mənsur şeirlər haqqında maraqlı fikirlər söyləyib. Cəsarətlə demək olar ki, alimin məhcər ədəbiyyatı ilə bağlı üç kitabı və 70-dən çox məqalələrinin əksəriyyəti əslində ədəbiyyat nəzəriyyəsini öyrənənlər üçün də çox dəyərlidir.
Təsadüfi deyil ki, Aida xanımın ilk dəfə rus dilində Moskvanın “Elm” nəşriyyatında işıq üzü görüb, “Yeni ərəbədəbiyyatı korifeyləri” adlı monoqrafiyası sonralar Azərbaycan, türk, ingilis, gürcü və İSESCO-nun xətti ilə ərəb dillərinə tərcümə olunub. Əsərin ərəb aləmində böyük rəğbətlə qarşılanması xüsusilə qeyd edilməlidir.
Aida xanımın elmi fəaliyyəti yalnız ABŞ və əsasən Nyu York şəhərində meydana gəlmiş məhcər ədəbiyyatı ilə məhdudlaşmır. O, cənubi Amerikaya – Braziliya və Argentinaya köçmüş ərəb yazarlarını da diqqətdən kənarda qoymayıb, orada yaradılmış ədəbi cəmiyyətlər və onların üzvləri haqqında bir sıra elmi məqalələr qələmə alıb. Şərqşünaslığımızda ilk dəfə olaraq, alim həmin təşkilatlardan “Rifaq əl-Məərri” və “Əndəlis cəmiyyəti”nin işini hərtərəfli şərh edib, şair və ədiblərdən İlyas Fərhad, Mişel Məluf, əş-Şair əl-Qərəvi, Fauzi Məluf, Tofiq Daun, Həbib Məsud, Corc Həssun və onlarla digərlərinin əsərlərini təhlil etdikdən sonra Şimali Amerika məhcər ədəbiyyatından fərqli olaraq, onların təqlidçiliyə, mühafizəkarlığa daha çox üstünlük verdiklərini üzə çıxarır.
Professor Aida İmanquliyeva müasir ərəb ədəbiyyatının tanınmış nümayəndələrinə də oçerklər həsr edib, onların yaradıcılıq xüsusiyyətləri haqqında Azərbaycan oxucularına dəyərli məlumatlar çatdırıb. Bunlardan xüsusilə mütərəqqi Livan şairi Mişel Süleyman, İraqın poeziya ustadları Cəmil Sidqi əz-Zəhavi, Məruf ər-Rusafi, Məhəmməd Mehdi əl-Cavahiri, Məhəmməd Saleh Bəhrul-Ulum, o dövrün nisbətən gənc yazarları Bulənd əl-Heydəri, Əbdül-Vahab əl-Bəyati, Zun-nun Əyyub, Edmon Sabri, Qaib Fərman və başqalarını göstərmək olar.
Əsas tədqiqat obyekti yeni ərəb ədəbiyyatı olsa da, Aida xanım iki böyük həcmli məqaləsində (“İspaniyada ərəbədəbiyyatının yaranması və inkişafı tarixinə dair”, “Ərəb Əndəlis ədəbiyyatının bəzi xüsusiyyətləri haqqında (X-XI əsrlər)”) orta əsrlərə müraciət edib. Belə ki, xilafət orduları 710-cu ildən İspaniya torpaqlarının işğalına başlamış, 750-ci ildə Abbasilər tərəfindən devrildikdən sonra Əməvilər sülaləsi orada hakimiyyətlərini möhkəmlətmiş, Qərbdə ərəb ədəbiyyatı və mədəniyyətinin təməlini qoymuşdur. Müəllif Əndəlis dövlətinin tarixinə dair çox maraqlı faktlar sadalayıb, orada ədib və şairlərin yaradıcılığını konkret şərh edib. Alim İbn abdRabbihi (860-940), İbn Hani (937-973) İbn Şuheydə (992-1035), İbn Həzm (994-1063), İbn Zeydun (1003-1071), İbn Həmdis (1055-1132), İbn Xəfacə (1058-1138) və Əbu Bəkr ibn Kuzmanın (1080-1160) poeziya nümunələrini araşdıraraq, mədhiyyə, mərsiyə, nəsib və digər janrlarla yanaşı, vəsfin daha geniş vüsət aldığını vurğulayır, ərəb ədəbi mühitinin nəinki yerli İspaniya, hətta başqa qonşu dövlətlərin ədəbiyyatına təsirini dəizləyir.
Görkəmli şərqşünasımızın elmi yaradıcılıq politrası çox rəngarəng və genişdir. Burada onunməqalələrindən bir neçəsinin adını çəkmək kifayətdir: “Qorki və ərəb Şərqi”, “Ərəb ədəbiyyatında qadın azadlığıproblemləri”, “Fələstin problemi və müasir ərəb ədəbiyyatı”, “Ədəbiyyatımızın qədim kökləri”, “Novruz Şərqölkələrində” və s. Alim Azərbaycan – ərəb, rus – ərəb, Qərb – Şərq ədəbi – mədəni əlaqələri haqqında da silsilə yazılar dərc etdirib.
Aida xanımın tərcüməçilik fəaliyyəti ayrıca qeyd olunmalıdır. Ərəb dilindən çevirdiyi Mixail Nuaymə (Livan), Suheyl İdris (Livan), Mahmud əz-Zahur (İraq), Sahib Camal (İraq), Məhəmməd Dib (Əlcəzair) və Məcid ZeyybĞənəmənin (İordaniya) hekayə və novellaları onun istedadlı qələm ustası olmasına dəlalət edir. Azərbaycan mətnlərinin orijinallara tam uyğunluğunu saxlamaqla, Aida xanım dilimizin bədii ifadə vasitələrindən və incəliklərindən məharətlə istifadə edib.
Alim şərq filologiyası sahəsində bir çox elmi əsər və toplunun redaktoru olub, ərəb hekayə və şeir nümunələrinin Azərbaycan dilinə tərcümələrindən ibarət kitabların nəşrini təşkil edib, onlara geniş ön söz yazıb.
Proessor A.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterbuq, Hamburq və s.) ləyaqətlə təmsil edib.
Alim elmi-təşkilati fəaliyyətində ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Onun rəhbərlik etdiyi “Ərəb filologiyası” şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilib.
Professor Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü olub.
Elmi və ictimai vəzifələrinin çox olmasına baxmayaraq, Aida xanım doğma Şərqşünaslıq fakültəsini unutmamış, uzun illər “Ərəb ədəbiyyatı tarixi” fənnindən yüksək səviyyədə mühazirələr oxuyub, diplom işlərinə rəhbərlik edib, yeni ərəbşünaslar nəslinin yetişməsində səmərəli xidmət göstərib.
Amansız ölüm professor Aida İmanquliyevanı aramızdan çox tez – 19 sentyabr 1992-ci ildə apardı. Əgər o, heç olmasa, bir neçə onillik də yaşasaydı, nə qədər dəyərli tədqiqatlar nəşr etdirər, özünün gənc ərəbşünaslardanibarət böyük məktəbini yaradardı. Yalnız bir məqamla təsəlli tapmaq olur – Aida xanımın yadigar qoyduğuəsərlər də kifayət edib ki, onun adı elmimiz, xüsusilə şərqşünaslığımız tarixində böyük hərflərlə yazılsın.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













