Turaztv.az » Xəbərlər » Ömrünü maarifə həsr edən pedaqoq - FOTO
Xəbərlər

Ömrünü maarifə həsr edən pedaqoq - FOTO

28.10.2026, 15:35 5
Zərifə Sufi - 65

Mən sözümü Ümummilli lider Heydər Əliyevin müəllim haqqında ən məşhur və dəyərli fikri ilə başlayıram "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram."

Zərifə müəllim 1961-ci ildə Gürcüstanın qədim Borçalı mahalının Başkeçid (Dmanisi) rayonunun Yuxarı Qarabulaq kəndində, ziyalı ailəsində dünyaya göz açıb. Atası Dünyamalı müəllim riyaziyyat, anası isə Azərbaycan dili və ədəbiyyatı müəllimi olub. Doğma kəndində orta təhsilini tamamladıqdan sonra o, böyük maarifpərvər M.Ə.Sabirin yurdunda – Şamaxı Pedaqoji Texnikumunda təhsilini davam etdirir. Elmə olan böyük sevgisi onu daha uca zirvələrə səsləyir və o, V.I.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olur. 1983–1988-ci illərdə təhsil aldığı bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək öz istedadını sübut edir.

Gənc pedaqoqun elmi potensialı hələ tələbəlik illərindən diqqəti cəlb edirdi. Elə məhz buna görə də o, məzun olduğu il institutun Filologiya fakültəsinin "Azərbaycan dilçiliyi" kafedrasına müəllim təyin olunur və aspiranturaya daxil olur. Zərifə xanımın elmi rəhbəri Azərbaycan dilçilik elminin görkəmli siması, akademik Afad Qurbanov olub. 1989–1992-ci illərdə aspirantura pilləsində elmin çətin yolları ilə qətiyyətlə addımlayan gənc tədqiqatçının fəaliyyəti hələ 1989-cu ildə yüksək qiymətləndirilir və o, "Baş müəllim" adına layiq görülür.

Sonralar yaşayış yerinin dəyişməsi ilə əlaqədar olaraq Zərifə müəllim pedaqoji fəaliyyətini Bakı şəhəri 196 nömrəli tam orta məktəbdə davam etdirir.
26 oktyabr 2026-cı il tarixində Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və 196 saylı tam orta məktəbin təşkilatçılığı ilə ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş dəyərli pedaqoq Zərifə Sufi Mikayılovanın 65 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilib. Pedaqoji kollektivin, rəsmi qonaqların və mədəniyyət xadimlərinin iştirak etdiyi yubiley gecəsi yüksək fəallıq və səmimi ab-hava ilə yadda qalıb.
Tədbiri giriş sözü ilə açan 196 saylı tam orta məktəbin direktoru Nizami müəllim Niftiyev yubilyarı ürəkdən təbrik edib. O, Zərifə xanımın uzunillik səmərəli əmək fəaliyyətindən, məktəbin ictimai həyatındakı əvəzsiz rolundan və gənc pedaqoqlara göstərdiyi örnək fəaliyyətdən söz açdı.
Daha sonra dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək yubilyara xoş arzularını çatdırıblar. Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva çıxışında RİH başçısı Adil Əliyevin səmimi təbriklərini yubilyara çatdırıb, onun adından Zərifə xanıma Fəxri Fərman və qiymətli xatirə hədiyyəsi təqdim edib.

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri Nərgiz və Gülsüm xanımlar çıxış edərək, rayon təşkilatının sədri Vüqar Seyidovun və müavin Salman Əbdülovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, partiya adından hazırlanan hədiyyələri yubilyara bağışlayıblar. Eyni zamanda Suraxanı rayon Azad Həmkarlar Təşkilatının sədri Rəfael müəllim və təşkilatın keçmiş sədri Fərhad müəllim Zərifə xanımın ittifaq xətti ilə də hər zaman aktiv fəaliyyət göstərdiyini vurğulayaraq, öz xoş arzularını ifadə ediblər.
Yubiley tədbiri həm də ölkənin və xarici mətbuatın tanınmış incəsənət, söz və mətbuat xadimlərinin iştirakı ilə unudulmaz mənəviyyat bayramına çevrilib. Azərbaycanın Əməkdar aktrisası Nəcibə xanım və hamının sevimli sənətkarı, tanınmış aktyor Allahverdi Yolçiyev özünəməxsus çıxışları ilə gecəyə xüsusi rəng qatıb, xoş ovqat bəxş ediblər.

Şuşa Dövlət Musiqili Teatrının aktyoru, televiziya məkanının tanınmış dublyaj ustası və ən əsası – vaxtilə Zərifə müəllimin şagirdi olmuş istedadlı sənətçi Vüsal Xalıqoğlu öz müəllimi haqqında qürurla danışaraq, ona bəslədiyi sonsuz ehtiramı dilə gətirib. Azərbaycan Yazıçılar Birliyinin Bədii Əlaqələr və Tərcümə Mərkəzinin əməkdaşı, vətənpərvər şair Güləmail Murad isə mənalı və məzmunlu çıxışı ilə zalda yüksək poetik ab-hava yaradıb.
Yubiley gecəsini yüksək peşəkarlıqla idarə edən tanınmış şair, Sabunçu Rayonu Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı səlis və məzmunlu təqdimatları ilə bütün iştirakçıların rəğbətini qazanıb.

Gecənin qonaqları arasında ədəbi mühitin çox dəyərli simaları yer alıb. Gürcüstanın "Şöhrət" ordenli tanınmış şairi Səadət Buta, "Qoşma" ədəbi məclisinin rəhbəri, ustad şair Qəzənfər Məsimoğlu, "Mücirəddin Beyləqani" ədəbi məclisinin sədri, tanınmış şairə Əzizə Ağahüseynqızı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm", "Vicdanlı Qələm" və "İti Qələm" mükafatları laureatı, şair-xanəndə Ziba Sevindik Hüseynova, "Telli Sənəm" jurnalının təsisçisi, şairə Telli Borçalı, qədim Borçalının sevilən söz ustadları Rövşən Xaləddinoğlu və Qulu Xaləddinoğlu, tanınmış şair Binəli Bayram, "Bütöv Azərbaycan" qəzetinin şöbə müdiri, yazıçı-publisist Hüseyn İsaoğlu (Məmmədov), bayatı ustadı Səringül Sadə, eləcə də şair və tarixçi Qafqaz Borçalı öz iştirakları ilə məclisə xüsusi rəng qatıblar.
Müəllim kollektivinin, valideynlərin və şagirdlərin bir araya gəldiyi tədbir həm də olduqca duyğulu anlarla yadda qalıb. İllər öncə məktəbi bitirmiş keçmiş məzunlar Zərifə müəllimi bu xüsusi gündə tək qoymayaraq təbrikə gəliblər. Zərifə xanımın hazırda dərs dediyi şagirdlər isə hazırladıqları bədii proqramla çıxış ediblər. Onlar yubilyarın müəllifi olduğu şeirlərdən parçalar səsləndirib, rəngarəng rəqslər nümayiş etdirib və maraqlı səhnəciklər təqdim ediblər. Məktəblilərin bu səmimi çıxışları zalda böyük coşqu ilə qarşılanıb.
Tədbirin sonunda yubilyar Zərifə Sufi Mikayılova çıxış edərək, bu unudulmaz günün ərsəyə gəlməsində əməyi keçən hər kəsə – Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, məktəb rəhbərliyinə, gələn bütün dəyərli qonaqlara, həmkarlarına, valideynlərə və sevimli şagirdlərinə sonsuz təşəkkürünü və dərin minnətdarlığını bildirib.
Tədbir başa çatdıqdan sonra bu möhtəşəm günü tarixə həkk etmək üçün xatirə şəkilləri çəkdirilib. İştirakçıların dilindən süzülən bir cümlə isə sanki bütün gecənin ab-havasını ümumiləşdirib: "Bu gün ömrün və tarixin ən gözəl günü idi".
Məktəb rəhbərliyinin, dövlət strukturlarının və ziyalı elitasının bir araya gəldiyi bu yubiley gecəsi, Zərifə müəllimin timsalında Azərbaycan ziyalısına və fədakar müəlliminə verilən yüksək qiymətin növbəti parlaq təzahürü oldu.

Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü

Oxşar xəbərlər