Xəbərlər
23.09.2026, 15:11
“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi
Lətif Hümbətovun “Sorca harayı”na bir oxucu və dost rəyi
Bəzi kitablar var ki, onları oxumursan, yaşayırsan. Səhifələrini çevirdikcə bir misranın içindən uşaqlığın boylanır, bir sözün içindən doğma kəndin görünür, bir toponim səni illərin o tayına aparır. “Sorca harayı” mənim üçün məhz belə kitablardandır.
Həkim, tibb üzrə fəlsəfə doktoru, dəyərli dostum Lətif Hümbətovun qələmindən çıxan bu poema kitabı mənə görə, ilk növbədə, bir kəndin deyil, bütöv bir yurd yaddaşının poetik salnaməsidir. “Sorca harayı”nı oxuduqca insan anlayır ki, yurd həsrəti yalnız torpaq həsrəti deyil. Yurdun içində uşaqlıq var, ata-baba ocağı var, bulaq suyu var, çörək ətri var, Novruz sevinci var, kəndin yolu, daşı, dağı, dəyirmanı, insanları var. Ən başlıcası isə insanın özünü tapdığı, mənəvi köklərinin dərinliklərinə qədər uzanan bir yaddaş dünyası var. Lətif müəllim bu kitabda həyatımızın ən gözəl çağlarında geridə qoymağa məcbur olduğumuz müqəddəs Göyçə elinin ən həssas xatirələrini sözə gətirib. O xatirələr ki, illər keçdikcə silinmək əvəzinə daha da müqəddəsləşir.
Mən bu kitabda yalnız Sorcanı görmədim. Mən orada Göyçənin ruhunu gördüm. Göyçə insanının ağır zəhmətlə yoğrulmuş həyatını, torpaqla qurduğu müqəddəs münasibəti, halal zəhmət hesabına böyüyüb yüksək mərtəbələrə çatmaq əzmini, elmə və təhsilə verdiyi dəyəri, el-obaya bağlılığını gördüm.
Göyçə adamı üçün həyatın bir qanunu vardı: çətinlikdən qorxmamaq, zəhmətdən qaçmamaq və insan kimi yaşamaq. Lətif Hümbətov bu həyat fəlsəfəsini çox səmimi və təbii şəkildə misralara gətirib.
Kitabın başqa bir qiymətli tərəfi isə el adət-ənənələrimizin, toponimlərin və kənd həyatının unudulmaqda olan mənzərələrinin yaddaşda qorunmasıdır.
Çünki bir kəndin adı sadəcə xəritədəki bir ad deyil, bir bulağın adı sadəcə bulaq adı deyil, bir dağın adı sadəcə dağ adı deyil. Onların hər birinin arxasında bir tarix, bir insan taleyi, bir əfsanə, bir nəsil, bir xatirə dayanır. Lətif müəllim bu adları, bu xatirələri, bu mənəvi xəzinəni nəzmə çəkərək əslində yaddaşa xidmət edir.
Kitabın səhifələrində uşaqlığımızın da izləri var. O illərin sadəliyi, kənd həyatının özünəməxsus gözəlliyi, uşaqların oyunları, əkin-biçin zəhməti, maldarlıq, süd məhsulları, su dəyirmanı, bulaqlar, çörək ətri, Novruz adətləri... Bunlar bu gün bizə sadə görünə bilər. Amma gələcək nəsillər üçün bunlar bir dövrün mənəvi və etnoqrafik xəzinəsi olacaq.
Mənə xüsusilə təsir edən cəhətlərdən biri də müəllifin Sorcanın təbiətini və məkanlarını sadəcə təsvir etməməsi, onları insan yaddaşı ilə birləşdirməsidir. Kəndin torpağı burada insanın taleyinə çevrilir, dağlar xatirəyə, bulaqlar uşaqlığa, yollar isə keçmişə aparan mənəvi körpüyə dönür.
Lətif Hümbətov həkimdir. İnsan ağrısını yaxşı bilir. Bəlkə də elə buna görə onun qələmində yurd ağrısı da çox həssas duyulur. Həkim insanın yarasına məlhəm axtarırsa, şair yaddaşın yarasına sözlə məlhəm qoyur.
“Sorca harayı”nı oxuyarkən mən bir daha düşündüm: insan doğulduğu yeri itirə bilər, amma doğulduğu yerin insanın içində yaratdığı dünyanı heç kim ondan ala bilməz. Torpağı uzaqda qala bilər, amma yurd insanın yaddaşında yaşayır. Lətif Hümbətovun bu kitabı da həmin yaddaşın yaşadılmasına xidmət edir. Bu mənada “Sorca harayı” yalnız bir poema kitabı deyil. O, bir nəslin uşaqlığına, bir elin-obanın həyatına, Göyçənin mənəvi dünyasına yazılmış poetik məktubdur.
Və mən bu kitabı oxuyarkən bir dost kimi Lətif Hümbətova yalnız təşəkkür etmək istəyirəm! Çünki o, öz xatirələrini yazmaqla bizim də xatirələrimizi oyatdı. Öz Sorcasının harayını sözə çevirməklə, Göyçənin harayını da eşitdirdi. Bu haray kədərli olsa da, ümidsiz deyil. Çünki yaddaş varsa, yurd da yaşayır. Yurd haqqında yazılan hər sətir onun tarixində bir iz, hər xatirə gələcək nəsillərə bir əmanət, hər şeir isə unudulmağa qarşı bir səsdir. “Sorca harayı” da məhz belə bir səsdir. Lətif Hümbətovun bu dəyərli əsərinin ərsəyə gəlməsi münasibətilə müəllifi ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. Qoy Sorcanın harayı Göyçənin yaddaşından gələcəyə, Göyçənin səsi isə nəsildən-nəslə yaşasın!
Bağırov Abbas- GÖYÇƏGÖL
tibb üzrə fəlsəfə doktoru, provizor-həkim, AAB-nin üzvü.
Dədə Ələsgər irsinin tədqiqi və təbliği mərkəzinin və
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru,
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


