Xəbərlər
Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR
Şamaxıda Üzüm və Şərab Festivalı sentyabrın 20-də işini davam etdirib.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif şərab brendləri öz pavilyonları ilə təmsil olunublar. Qonaqlar pavilyonları gəzib, müxtəlif növ üzümçülük və şərabçılıq məhsullarının dadına baxmaq imkanı qazanıblar.
Üzümçülük və şərabçılıq ənənələri ilə tanış olan ziyarətçilər müxtəlif əyləncə və şou proqramlara da qoşulublar.
Festivalda iştirak edən “Luxury Wine” MMC-nin kommersiya direktoru Afət Xudaverdiyeva bildirib ki, istehsalçılar və idxalçıların bu tədbirdə bir araya gəlməsi sevindiricidir. Qarşılıqlı əlaqələrin qurulur, yeni əməkdaşlıqlar yaranır.
“Savalan Aspi Winery” şirkətinin satış direktoru Nizami Əliyev isə qeyd edib ki, bu cür tədbirlər Azərbaycanda istehsal olunan məhsulların nəinki ölkə daxilində, həm də xaricdə tanıdılmasına böyük dəstək olur.
Əyləncə dolu gün ərzində qonaqlar “Avroviziya” təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamonun çıxışlarını izləyiblər.
Gün ərzində müxtəlif yaş qrupları üçün əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatıb. Ziyarətçilər müxtəlif müsabiqə və viktorinalarda iştirak ediblər.
Festivalın balaca qonaqları da yaddan çıxmayıb. Tədbir məkanında uşaq əyləncə zonası, balacalar üçün interaktiv proqram, animatorlar təşkil edilib.
Xatırladaq ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə keçirilib.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. İki gün ərzində qonaqlar Şamaxının unikal ab-havası, qastronomiya, yaradıcılıq və əyləncənin bir araya gəldiyi yaddaqalan festival təcrübəsi qazanıb.



































