Abid Şamiloğlu
Müəllim,
Quba, Afurca kəndi.

Dostluq
Esse-Hekayə


Şəkinin sərin dağ havası üzümə toxunanda bu dünya gözümdə daha da gözəlləşdi. Addımlarım məni Yuxarı Baş Dövlət Tarix - Memarlıq Qoruğunun qədim qala divarları daxilinə, əsrlərin şahidi olan o möhtəşəm tikilinin - Şəki Xan Sarayının qarşısına gətirib çıxarmışdı.
Başımı qaldırıb sarayın fasadına baxdım. Günəşin son şüaları minlərlə rəngli şüşənin - şəbəkənin üzərində bərq vurur, həyətdəki əzəmətli, qoca Xan çinarın yaşıl budaqları binanın divarlarına kölgə salırdı. O an beynimdə yalnız tək bir fikir fırlanırdı: insan əli bu qədər incəliyi və əzəməti necə yarada bilərdi?

Həyətdəki oturacaqda əyləşib gözlərimi o pəncərələrdən çəkə bilmədim. Heç bir mismar və ya yapışqan istifadə edilmədən sadəcə taxta və şüşənin bir-birinə geydirilməsi ilə yaranmışdı bu şəbəkələr.
Şəki Xan sarayı haqqında düşüncələrim

Mən sarayın qarşısında xəyala dalarkən, sanki XVIII əsrin sədaları qulağımda əks olundu. Bu divarların arxasında kim bilir hansı gizli fərmanlar verilib, hansı xanların amiranə səsi divarları titrədib.
"Zalım xan sarayı" deyirdilər bura. Gözəlliyin ortasında gizlənən bu amansızlıq mənə insan təbiətinin ziddiyyətini söyləyirdi: "Bir tərəfdə kainatı heyran qoyan sənət, digər tərəfdə isə hakimiyyət hərisliyi."
Yüngül bir meh əsdi. Xan çinarın yarpaqları xışıldadı. Elə bil qoca ağac mənə təsəlli verirdi: "Keçmiş əhvalatlar qan və göz yaşları ilə yazılsa da, geriyə qalan yalnız bu gözəllikdir. İnsanlar gəldi-gedərdi, amma sənət və ruh əbədidir."
Bu saray bütöv bir xalqın səbrinin, zövqünün və dözümünün vizual simfoniyasıdır.
Binaya daxil oldum. Divarlardakı döyüş və ov səhnələrinə, Nizaminin poemalarından süzülüb gələn o zərif divar rəsmlərinə diqqətlə baxdım.
Otaqların birində olarkən bələdçi qadın bizə bir tarixi həqiqəti söylədi: "Bu sarayı inşa edən Məhəmmədhüseyn xan "Müştaq" təxəllüsü ilə qəzəllər yazmış, dövrünün görkəmli şairi olmuşdur. Həmişə bu otağa şairləri toplayardı. Həmin dövrün görkəmli Azərbaycan şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi onun dostları idilər. Bu otaqda şeir məclisləri keçirərdilər."
Maraq məni bürüdü. Otağın hər bir künc-bucağına nəzər yetirdim. Bura mənə doğmalaşdı. Bu gözəl insanların burada qalan ayaq izlərini axtardım. Divarlara dəyərək, əks-səda verən danışıqları qulaqlarımda səsləndi.
Şəki Xan sarayının qarşısından ayrılarkən mən artıq bir neçə dəqiqə əvvəlki insan deyildim. Ruhum rəngbərəng şəbəkə şüşələrdən süzülən işıqla yuyulmuş, tarixin həm qanlı, həm də möhtəşəm tərəfi ilə barışmışdı. Ürəyimin bir parçasını o rənglərin, o qədim çinarın yarpaqlarının xışıltısı arasında qoyaraq gedirdim.
Bu səfərdən aldığım təəssürat məni xəyallar aləminə apardı. Bələdçi qadının söylədikləri bir kino lenti kimi gözlərim qarşısından gəlib keçdi. Ən axırda bədii bir yazıya çevrildi.

Hekayə

Şəki xan sarayının şəbəkəli pəncərələrindən süzülən rəngbərəng günəş şüaları otağın naxışlı divarlarına xalça kimi səpələnmişdi. Havada təzə dəmlənmiş kəklikotu çayının və Şəki şirniyyatlarının ətri vardı. Xanlığın rəhbəri, eyni zamanda həzin qəzəllər müəllifi olan Məhəmmədhüseyn xan Müştaq baş tərəfdə əyləşmişdi. Onun sağında şair Molla Pənah Vaqif, solunda isə dərin, kədərli misraların ustadı Molla Vəli Vidadi əyləşib söhbət edirdilər.
Məhəmmədhüseyn xan Müştaq bir qurtum çay içərək dedi: "Xoş gəlmisiniz, mənim söz sərraflarım, könül dostlarım. Bu gün siyasəti, xanlığın ağır yüklərini bir kənara qoymuşam. Sarayımın pəncərələrindən baxanda Şəkinin bu gözəl təbiəti mənə ancaq yazıb-yaratmaq tövsiyə edir. Vaqif, de görüm, Qarabağdan bura hansı gözəl misraları töhfə gətirmisən?"

Molla Pənah Vaqif təvazökarlıqla baş əyib dedi: "Sağ olun, xan! Sizin bu möhtəşəm sarayınız, divarlardakı hər bir naxış özü bir sənət əsəridir. Bura ayaq basan şairin ilhamı coşmaya bilməz. Mən hər zaman gözəlliyi, yaşamaq sevincini tərənnüm etməyi sevirəm. Dünya fanidir, amma onun bəxş etdiyi gözəlliklərdən zövq almaq lazımdır."
Molla Vəli Vidadi ağsaqqal müdrikliyi ilə ah çəkib dedi: "Ah, Molla Pənah, sən yenə dünyanı bəzəməkdən, gözəllərdən danışırsan. Bu dünyanın vəfası yoxdur. Ona belə ürək bağlama. Xan sağ olsun, mənim könlüm bu gün yenə bir az qəmlidir. Dünya gəldi-gedərdir. Fələyin gərdişi məni daha çox düşündürür."
Məhəmmədhüseyn xan Müştaq Vidadinin çiynini sıxıb dedi: "Gözəl dostum Vidadi, sənin o həzin, qəmli şeirlərin olmasaydı, Azərbaycan şeirinin bu qədər dərinliyi olmazdı. Sənin kədərinin də fəlsəfi mənası var. Amma gəlin bu gün ruhumuzu təzələyək. Hamıdan bir təzə misra eşitmək istəyirəm. Vaqif, sən başla!"
Molla Pənah Vaqifin gözləri parıldadı, əlini sinəsinə qoyub "Pəri" qoşmasını söylədi:

Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri.
Sən ha bir sonasan, cüda düşübsən,
Bir bölük yaşılbaş sonadan, Pəri!


Vaqif gülərək xana baxdı, dedi: "Amma bura gələndən, sizin bu məclisinizdəki şuxluğu görəndən sonra daha da nikbin şeirlər yazacağam."
Məhəmmədhüseyn xan Müştaq uca səslə güldü, sonra dedi: "Yaşa, Vaqif! Sənin bu hazırcavablığın və incə yumorun qaranlıq otağı belə işıqlandırar. Bəs, sən nə deyirsən, Vidadi? Vaqifin bu şuxluğuna cavabın nədir?"
Molla Vəli Vidadi sakit səslə, süzgün baxışlarla misraları pıçıldadı:

Ey həmdəmim, sənə çoxdur sözlərim,
Məni ağlar qoyub hara gedirsən?
Həsrətindən yol üstədir gözlərim,
Məni qəmli qoyub hara gedirsən?"

Vidadi sonra Vaqifə baxdı, dedi: "Molla Pənah, dünya həmişə sənin gördüyün kimi toylu-büsatlı deyil. Həyatın acılı, kədərli günləri də çoxdur. Bu gün varıq, sabah yoxuq. Dostların ayrılığı var, hicranı var."
Molla Pənah Vaqif Vidadinin əlini tutub dedi: "Doğru deyirsən, ustad. Amma bu gün biz bir yerdəyik, bu gün Şəki xanının məclisində sözün, sənətin zirvəsindəyik. Gəl, bu anın qiymətini bilək. Şairin qəmi də gözəldir, sevinci də."
Məhəmmədhüseyn xan Müştaq ayağa qalxdı, hər iki şairə ehtiramla baxdı, dedi: "Dostlarım, sizin bu mübahisəniz, bu səmimi söhbətiniz elə poeziyanın özüdür. Biri bədbin, biri nikbin, amma hər ikisi bənzərsiz. Nə qədər ki, bu saray var, nə qədər ki mən bu taxtdayam, Şəki sizin kimi ustadların ocağı olacaq."
Üç dost xanın işarəsi ilə çay qədəhlərini qaldırdılar. Çay içdikdən sonra Məhəmmədhüseyn xan Müştaq özünün "Qurban olduğum" adlı şeirini oxudu:

Ağ üzdə xalları filfilə nisbət,
Can quşu bağında bülbülə nisbət,
Ləbləri çiy düşmüş bir gülə nisbət,
Əhrər yanağına qurban olduğum.


Həmin gecə Şəki xan sarayının o kiçik otağında bədii sənətkarlığın zirvəsi yaşandı. Vidadi fəğan dolu qəzəllərini oxudu, Vaqif ona şux və şən qoşmaları ilə cavab verdi. Müştaq isə öz bədii yaradıcılığı ilə bu məclisə xanlıq əzəməti qatdı. Üç fərqli tale, üç fərqli yaradıcılıq üslubu, amma tək bir sarsılmaz dostluq.
Səhər açılarkən onlar ayrıldılar. Amma otağın divarlarına, rəngli şəbəkələrinə və tarixin yaddaşına bu üç sənətkarın bədii nəfəsi, bir də heç vaxt unudulmayacaq dostluq hekayəsi əbədi olaraq həkk olundu.

Üç dostun taleyi


İllər keçdi. Sənətkarlarımız bu dünyadan köçüb haqq dünyasına qovuşdular.
1759-cu ildən 1780-ci ilə kimi Şəki xanı olmuş Məhəmmədhüseyn xan Müştaq avqust ayında törədilən saray çevrilişi nəticəsində qətlə yetirildi. Molla Vəli Vidadi onun ölümünə "Müsibətnamə" əsərini yazdı.

1797-ci ildə Qarabağ xanının baş vəziri olan Molla Pənah Vaqifi və onun oğlu Əli bəyi İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir qətlə yetirdi. Molla Vəli Vidadi onun faciəvi ölümünə "Ey həmdəmim can, getdin" rədifli mərsiyəsini yazdı.
Qazaxın II Şıxlı kəndində yaşayan Molla Vəli Vidadi Molla Pənah Vaqiflə həm dost, həm də quda olmuşlar. Vaqifin 2 qızını Vidadi 2 oğluna almışdı. Vidadi yüz il ömür sürmüş, 1809-cu ildə Şıxlıda vəfat etmişdir.
Sənətkarlarımız xalqımıza böyük ədəbi miras qoyub getdilər. Qədirbilən Azərbaycan xalqı onları heç vaxt unutmur. Əsərləri sevilə-sevilə oxunur.

Son xəbərlər

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Qobustan rayonu Ərəbşalbaş kəndində yeni çəkilmiş daxili yollara baxış keçirmişdir - FOTOLAR

Şəki Xan sarayı haqqında düşüncələrim

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31