BİZİM CƏMİL MÜƏLLİM...

"Dost rahatlıq verən bir məlhəmdir."
Nizami Gəncəvi

İnsan ömrünün dəyəri yaşadığı illərlə deyil, həmin illərə sığdırdığı əməllərlə ölçülür. Elə insanlar var ki, onların yaşı yalnız təqvimin rəqəmidir. Çünki qazandıqları hörmət, qazandırdıqları sevgi, göstərdikləri mərhəmət və insanlara bəslədikləri təmənnasız münasibət onları mənən ucaldır. Belə insanlar yaşadıqları cəmiyyətin etimadını qazanır, getdikləri hər yerdə xoş iz buraxırlar.
Elə insanlar da var ki, onlara göstərilən ehtiram daha çox yaşlarının çoxluğundan irəli gəlir. Halbuki əsl hörmət insanın ömrü boyu qazandığı mənəvi sərvətin, halal əməyin, dürüstlüyün və insanlıq keyfiyyətlərinin bəhrəsidir.


Belə insanlardan biri də otuz ilə yaxın yaxından tanıdığım, səmimiyyətinə, zəhmətkeşliyinə və dostluq sədaqətinə həmişə qiymət verdiyim qələm dostum, şair, publisist, jurnalist, "ƏDALƏT VƏ HƏQİQƏT" qəzetinin təsisçisi və baş redaktoru, "TURAZTV.az" saytının rəhbəri CƏMİL ZƏBHULLA OĞLU DADAŞOVDUR.
Bu il – avqustun 9-da Cəmil müəllimin 65 yaşı tamam olur. Altmış beş il insan ömrü üçün sadəcə zaman ölçüsü deyil. Bu, görülən işlərin, qazanılan dostların, yazılan əsərlərin, qorunan mənəvi dəyərlərin hesabatıdır. Cəmil müəllimin ömür yoluna nəzər salanda aydın görünür ki, bu illərin hər biri zəhmətlə, qələmlə, sözə və dövlətçiliyə sədaqətlə yoğrulmuş bir həyatın salnaməsidir.
Bu yazını qələmə alarkən məqsədim yalnız yubiley münasibətilə təbrik ünvanlamaq deyil. Əsl niyyətim uzun illər ərzində tanıdığım, dostluğunu qazandığım, zəhmətinə və şəxsiyyətinə həmişə hörmət bəslədiyim bir insan haqqında ürək sözlərimi oxucularla bölüşməkdir. Çünki bəzi insanlar haqqında yazmaq təkcə müəllif borcu deyil, həm də vicdan borcudur.
Həqiqətən də, Ədəbiyyat tarixində böyük şairlər, tanınmış yazıçılar çox olub və olacaq. Hərəsinin ədəbiyyatda öz yeri var. Amma insanın həyatında elə insanlar da olur ki, onların dəyəri yazdıqları əsərlərlə deyil, yaşatdıqları dostluqla, göstərdikləri səmimiyyətlə ölçülür. Mənim üçün Cəmil qardaşım məhz belə insanlardandır. Onu mənə doğmalaşdıran təkcə qələmi deyil, hər şeydən əvvəl insanlığıdır.
Şükür edirəm ki, Uca Yaradan ömür yolumda mənə daha çox qəlbində sevgi, mərhəmət, insani dəyərləri qoruyub saxlayan insanlarla rastlaşmağı qismət edib. Onlarla qurulan münasibətlər zaman keçdikcə dostluğa, etimada və qarşılıqlı hörmətə çevrilib. İllər ötüb, zaman dəyişib, amma həmin münasibətlərin səmimiyyəti dəyişməyib.
...İnsanın kimliyini zaman göstərir. İllər keçdikcə bəziləri unudulur, bəziləri isə əməlləri ilə insanların yaddaşında yaşayır. Cəmil qardaşım da məhz belə insanlardandır.
Bir də, həyat hər kəsə öz sınağını verir. Amma insanın böyüklüyü həmin sınaqların qarşısında sınmamağındadır. Cəmil qardaşımı yaxından tanıdıqca bir daha əmin olmuşam ki, onun ən böyük üstünlüyü, ürəyinin genişliyində, insanlara olan sevgisində və dostluğa sədaqətindədir.
Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, sadəlik onun ən böyük zinətidir. Təvazökarlıq, səmimiyyət, zəhmətkeşlik və insanlara hörmət onun xarakterinin ayrılmaz cəhətləridir. O, heç vaxt özünü önə çıxarmağa çalışmayıb. Əksinə, həmişə başqalarının uğuruna sevinib, qələm adamlarını bir araya gətirməyə, sözə və mətbuata xidmət etməyə üstünlük verib.

Bəzi insanlar yazdıqları ilə tanınırlar, bəziləri isə yaşadıqları ilə. Cəmil qardaşım hər iki neməti öz ömründə birləşdirə bilib. Amma mənim üçün onun ən böyük əsəri yazdığı şeirlərdən əvvəl qazandığı insan sevgisidir.
Bəzən insanı sevdirmək üçün böyük titullara ehtiyac olmur. Bir səmimi salamı, bir diqqətli hal-əhvalı, dostunun sevincinə ürəkdən sevinməyi kifayət edir. Cəmil qardaşım da məhz belə insanlardandır. Onun ətrafında yaranan hörmətin sirri yazdığı yazılardan əvvəl, yaşatdığı insanlıqdır.
Cəmil qardaşım təkcə şair və jurnalist deyil. O, ömrünü qələmin işığına bağlayan, sözü müqəddəs bilən, mətbuatın məsuliyyətini dərindən anlayan ziyalılardandır. Təsisçisi və baş redaktoru olduğu "ƏDALƏT VƏ HƏQİQƏT" qəzeti uzun illərdir ki, dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin, ədalətin və həqiqətin təbliğinə xidmət edir. Maddi çətinliklər, saysız-hesabsız maneələr onun yolunu dəyişməyib. Əksinə, hər nömrə çap olunanda sanki yeni bir uğur qazanmış kimi sevinməsinin dəfələrlə şahidi olmuşam.
Qəzet onun üçün sadəcə peşə deyil. Bu, həyat tərzi, mənəvi məsuliyyət və vətəndaşlıq borcudur. Məhz buna görə də o, uzun illər ərzində Azərbaycanın müxtəlif bölgələrini qarış-qarış gəzərək zəhmət adamlarını, elm və mədəniyyət xadimlərini, şəhid ailələrini, qaziləri, sadə kənd insanlarını oxuculara tanıdıb. Onun yazılarında pafosdan çox səmimiyyət, şüardan çox həyat həqiqətləri var.
Şair kimi də Cəmil qardaşımın özünəməxsus yeri var. Vətən sevgisi, Qarabağ dərdi, Xocalı faciəsi, təbiət gözəllikləri, cəmiyyətin ağrı-acıları və insan taleləri onun poeziyasının əsas mövzularını təşkil edir. Satirik şeirlərində isə böyük ustad Mirzə Ələkbər Sabirin məktəbinin nəfəsi duyulur. O, eyhamı yerində işlətməyi bacarır, cəmiyyətin nöqsanlarını incitmədən, amma düşündürəcək qədər kəskin dillə ifadə edir.
İLK TANIŞLIQDAN BAŞLANAN DOSTLUQ...
"Bədənin səfası dərman, ruhun səfası dostdur"
Avqustin

Həyatda elə görüşlər olur ki, o an bunun fərqinə varmırsan. İllər keçir, zaman öz sözünü deyir və dönüb geriyə baxanda anlayırsan ki, həmin təsadüfi görünən görüş, əslində, uzun bir dostluğun başlanğıcı imiş.
Cəmil qardaşımla ilk tanışlığım da belə olmuşdu.
O vaxtlar nə mən mətbuatda çalışırdım, nə də onun jurnalistlik fəaliyyəti vardı. Hərəmiz həyatın öz yolu ilə gedirdik. Bir gün yaşadığım Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, köhnə 217 saylı məktəbin yaxınlığında bir neçə qəsəbə sakinləri ilə bir nəfərin söhbət etdiyini gördüm. Yaxınlaşıb salam verdim. Məlum oldu ki, söhbət qarşıdan gələn parlament seçkilərindən gedir. Həmin görüşdə deputatlığa namizəd kimi insanlarla səmimi söhbət edən şəxs Cəmil Zəbhulla oğlu Dadaşov idi.
İlk diqqətimi çəkən onun gurultulu vədlər verməsi yox, insanlara sakit, təmkinli və hörmətlə yanaşması oldu. Danışığında süni pafos yox idi. Hiss olunurdu ki, qarşısındakı insanı dinləməyi bacaran, onun dərdini anlamağa çalışan bir ziyalıdır.
Sonralar o, fərdi şəkildə də məhəlləmizə gəldi. Bir neçə dəfə söhbətimiz oldu. O zaman heç ağlıma da gəlməzdi ki, illər sonra bizi eyni amal, eyni maraq – sözə, qələmə və mətbuata xidmət yolu birləşdirəcək.
Aradan illər keçdi. Tale bizi yenidən üz-üzə gətirdi. Bu dəfə artıq mətbuat aləmində. Görüşlərimiz tez-tez oldu, söhbətlərimiz uzandı. Bir fincan çay arxasında başlayan söhbətlər bəzən saatlarla davam edirdi. Ədəbiyyatdan, qəzetçilikdən, cəmiyyətin problemlərindən, insan talelərindən danışır, fikir bölüşürdük. O söhbətlərdə mən Cəmil qardaşımı daha yaxından tanıdım.
İllər ötdükcə əmin oldum ki, mənim ilk görüşdə hiss etdiyim sadəlik və səmimiyyət təsadüfi deyilmiş. Bu, onun dəyişməyən xarakteri, həyat fəlsəfəsi imiş. Məhz buna görə də bu gün geriyə baxanda deyə bilirəm ki, o gün Sulutəpədə başlayan tanışlıq zamanın sınağından çıxaraq möhkəm dostluğa çevrildi.
QƏLƏMİNƏ SADİQ QALAN JURNALİST, SÖZÜNƏ SƏDAQƏTLİ ŞAİR

Mətbuat elə bir sahədir ki, oradan həyata baxış daha geniş olur. Jurnalist hadisələri sadəcə izləyən deyil, onları cəmiyyətə çatdıran, zamanın salnaməsini yazan insandır. Bu yol isə yalnız peşə deyil, həm də böyük məsuliyyət tələb edir.
XÜSUSİ QEYD : Mən həmişə onun bir xüsusiyyətinə heyran olmuşam. Çətinliklər nə qədər çox olsa da, heç vaxt ruhdan düşməzdi. Kirayə evdə yaşaya-yaşaya son qəpiyini qəzetinin çapına xərcləyər, qəzeti vaxtında oxucuya çatdırmaq üçün gecəsini gündüzünə qatardı.
Dövlətçiliyin təbliği onun üçün sadəcə peşə yox, mənəvi borc idi.
Neçə dəfə jurnalistlərə mənzil verilən xəbərləri oxuyanda ürəyimdən keçirdi ki, kaş bu siyahıda Cəmil müəllimin də adı olaydı. Təəssüf ki, olmadı...
Amma o, bundan nə küsdü, nə də qələmini yerə qoydu.
Yenə yazdı.
Yenə yaratdı.
Yenə xalqın arasında oldu.
Mən onu tarlalarda zəhmət adamları ilə, kəndlərdə sadə insanlarla, elm və mədəniyyət xadimləri ilə görüşlərdə dəfələrlə görmüşəm.
Onun üçün vəzifədən, ad-sanından əvvəl insan dayanır.
Bəlkə də buna görə dostlarının sayı ildən-ilə artır.
Çünki səmimiyyət satın alınmır.
Səmimiyyət yaşanılır.
Cəmil qardaşım uzun illərdir ki, bu məsuliyyəti ləyaqətlə daşıyan qələm adamlarındandır. Onun təsisçisi və baş redaktoru olduğu "Ədalət və həqiqət" qəzeti adı kimi daim həqiqətin, milli-mənəvi dəyərlərin, dövlətçiliyin və vətəndaş mövqeyinin təbliğinə xidmət edib. Çoxları üçün qəzet sadəcə bir nəşrdir. Cəmil qardaşım üçün isə o, ömrünün ayrılmaz parçası, mənəvi missiyasıdır.
Dəfələrlə şahidi olmuşam ki, bütün çətinliklərə baxmayaraq, qəzetin növbəti sayının işıq üzü görməsi onun üçün böyük sevinc idi. Hər yeni nömrəni əlində tutanda gözlərindəki işıq illərin zəhmətini, sözə olan sevgisini və peşəsinə sədaqətini əks etdirirdi. Bu sevinci yalnız qələmi ilə yaşayan insanlar duya bilər.

Jurnalist fəaliyyəti ilə yanaşı, Cəmil qardaşım poeziyada da özünəməxsus yol seçib. Onun şeirlərində Vətən sevgisi, Qarabağ ağrısı, Xocalı faciəsinin acısı, doğma torpağa bağlılıq, təbiət gözəllikləri və insan taleyi geniş yer tutur. O, cəmiyyəti narahat edən məsələlərə biganə qalmır, bəzən lirikanın həzin dili ilə, bəzən isə satiranın iti qələmi ilə oxucunu düşündürməyi bacarır.
Onun "Gənclik illəri" şeirini oxuyanda insan ömrünün ötüb keçən çağlarına kövrək bir həsrət hiss olunur. Şair keçmişə sadəcə nostalji ilə baxmır. O, gənclik illərinin saflığını, halallığını, mənəvi təmizliyini axtarır və oxucunu da həmin duyğularla baş-başa qoyur. Bu şeirin təsir gücü də məhz səmimiyyətindən qaynaqlanır.
Satirik şeirlərində isə Mirzə Ələkbər Sabirin ədəbi ənənəsinin nəfəsi duyulur. Cəmil qardaşım cəmiyyətin nöqsanlarını sərt ittihamlarla deyil, düşündürən eyhamlarla təqdim edir. Oxucu əvvəlcə təbəssüm edir, sonra isə həmin misraların arxasında gizlənən həqiqətlər haqqında düşünməyə başlayır. Məncə, satiranın əsas gücü də elə bundadır.
Yaradıcılığının əsas üstün cəhətlərindən biri isə sünilikdən uzaq olmasıdır. O, yaşamadığını yazmır, hiss etmədiyini demir. Buna görə də həm publisistik yazıları, həm də şeirləri oxucuda inam yaradır və yadda qalır.

ŞEİRLƏRİNDƏ YAŞAYAN DUYĞULAR

Cəmil qardaşımı yalnız jurnalist kimi tanıyanlar onun şəxsiyyətinin bir tərəfini görmüş olurlar. Onu bütöv tanımaq üçün mütləq poeziyasına da baş vurmaq lazımdır. Çünki şairin demədiyini bəzən onun misraları deyir.
Cəmil qardaşımın yaradıcılığında diqqəti cəlb edən ilk cəhət səmimiyyətdir. O, oxucunu süni bədii vasitələrlə heyrətləndirməyə çalışmır. Yaşadığı hissi olduğu kimi qələmə alır. Elə buna görə də şeirlərində təbiilik var, inandırıcılıq var.
Onun poeziyasında Vətən sevgisi xüsusi yer tutur. Qarabağın ağrısı, Xocalının faciəsi, torpaq həsrəti, şəhidlərimizin müqəddəs xatirəsi onun qələminin ən həssas mövzularındandır. Bu mövzulara müraciət edərkən pafosa deyil, qəlbin səsinə üstünlük verir.
Mənim xüsusilə bəyəndiyim şeirlərindən biri də "Gənclik illəri" şeiridir. Bu şeirdə müəllif ötüb keçən illərin arxasınca sadəcə köks ötürmür. O, gəncliklə birlikdə geridə qalan saflığı, halallığı və mənəvi təmizliyi axtarır. Şeirin təsir gücü də məhz bu hisslərin səmimiyyətindən doğur.
Bu yazını hazırlayanda onun “Gənclik illəri” şeiri yadıma düşdü.
Şeir təxmini belə idi:

Nə tez ötüb keçdi ömürdən illər,
Qocalıq suyunda boyanmışam mən.
Uşaqlıq ötübdür, cavanlıq solub,
Vida sərhədində dayanmışam mən.

Çevrilib baxanda bir daha geri,
Seyr edir xəyalım doğma elləri.
Paklıq, halallığın göynəyir yeri,
Ötür həyatımın gənclik illəri.

Bəlkə də xoş günlər arxada qaldı,
Ona nə şər çatar, nə haray çatar.
Cəmil, neçə fikrə, xəyala daldı,
Çətin ki, saflığa o, haram qatar.


Bu şeirdə Cəmil müəllim poetik dillə özünü, öz həyatını təqdim edir.
Cəmil müəllimin satirik şeirləri isə tamam başqa ovqat yaradır. Bu şeirlərdə Mirzə Ələkbər Sabirin ədəbi məktəbinin nəfəsi duyulur. Cəmil qardaşım cəmiyyətin nöqsanlarını qəzəblə deyil, incə eyhamlarla göstərir. Oxucu əvvəlcə misralara gülümsəyir, sonra isə həmin gülüşün arxasında gizlənən acı həqiqətləri düşünməyə başlayır.
Məsələn, belə misralar:

"Getdi abır, getdi həya, getdi ar,
Qalmadı heç kimsədə bir ixtiyar.
Günbəgün artır, çoxalır modalar,
Lüt dolanır, guya ki, azaddı bu...
Bu, nə modadı, nə cürə zatdı bu."


Bu bir neçə misra müəllifin cəmiyyətə münasibətini aydın göstərir. Burada tənqid var, narahatlıq var, milli-mənəvi dəyərlərin aşınmasına etiraz var. Satiranın əsas gücü də elə bundadır – oxucunu düşündürmək.
Mənə görə, Cəmil qardaşımın yaradıcılığının ən mühüm xüsusiyyəti sözlə həyat arasında məsafə qoymamasıdır. O, necə yaşayırsa, elə də yazır. Elə buna görə də onun şeirləri oxucuda etibar yaradır. Səmimiyyət isə hər zaman poeziyanın ən böyük gücü olub.

QƏLBİN UNUDA BİLMƏDİYİ SEVGİNİN POETİK ETİRAFI

Bu şeir insan qəlbinin ən ağır sınaqlarından biri olan unutmaq istəyib unuda bilməməyin poetik etirafıdır. Burada şair zahiri ağrı ilə mənəvi ağrı arasındakı fərqi göstərərək oxucunu insan ruhunun dərinliklərinə aparır.
Cəmil müəllimin qələminin məhsulu olan "UNUTMAQDAN ÖTƏRİ" şeiri də məhz bu cəhəti ilə diqqəti cəlb edir. Şair burada ayrılıq, həsrət, nisgil və unuda bilməmək hissini pafosa yol vermədən, sadə, lakin yüksək poetik təsir gücünə malik obrazlarla təqdim edir.
Şeirin ideya mərkəzində bir həqiqət dayanır: insan bəzən xatirələrini deyil, ürəyini dəyişmədikcə sevdiyini unuda bilmir. Məhz bu fikir bütün şeir boyu müxtəlif poetik vasitələrlə inkişaf etdirilir.
İlk bənddən etibarən müəllif zahiri ağrı ilə daxili ağrı arasında bədii qarşılaşdırma yaradır:

"Gözlərimə dolan yaşı içərəm,
Ürəyimin göz yaşını neyləyim?
Ayağıma dəyən daşdan qaçaram,
Ürəyimə dəyən daşı neyləyim?"


Burada "göz yaşı" artıq fiziki hadisə olmaqdan çıxaraq mənəvi ağrının rəmzinə çevrilir. Göz yaşı gizlədilə bilər, silinə bilər, lakin ürəyin göz yaşını nə silmək, nə də gizlətmək mümkündür. "Ürəyin göz yaşı" ifadəsi klassik poetik ənənədə rast gəlinən, mətnindən aslı olaraq bədii müqayisənin, bənzətmənin uğurlu sintezidir. Müəllif ürəyə insan xüsusiyyəti verir, onu ağlayan bir varlıq kimi təqdim edir. Bununla da hisslərin dərinliyini daha təsirli şəkildə ifadə edir.
"Ayağıma dəyən daşdan qaçaram,
Ürəyimə dəyən daşı neyləyim?" misrasında "daş" çoxqatlı simvoldur. Bir tərəfdən həyatın adi maneələrini, digər tərəfdən isə sevginin gətirdiyi mənəvi yaraları ifadə edir. Ayağa dəyən daş insanın yolunu müvəqqəti kəsə bilər. Lakin ürəyə dəyən daş artıq taleyə çevrilir. Bu metafora şeirin emosional yükünü daha da artırır.
Şair ikinci bənddə daxili mübarizəni ön plana çıxarır:

"Səni görmək istəyimi boğaram,
Ümidimin gözü yolda qalmasın.
Mən həsrəti sevə sevə yıxaram,
Ayrılığa ümid yeri olmasın."


Burada "istəyi boğmaq" ifadəsi insanın öz hisslərinə qarşı apardığı mübarizəni göstərir. Maraqlıdır ki, müəllif sevgini yox, onu görmək arzusunu boğmağa çalışır. Çünki sevginin özünü boğmağın mümkünsüz olduğunu yaxşı bilir.
Burada, - "Mən həsrəti sevə sevə yıxaram, Ayrılığa ümid yeri olmasın." - misraları paradoks üzərində qurulmuşdur. "Sevə-sevə yıxmaq" ifadəsində daxili ziddiyyət mövcuddur. Həsrət insanı yıxan hiss olduğu halda, müəllif onu özü məğlub etmək istəyir. Bu, iradənin hisslər üzərində qələbə qazanmaq cəhdidir. Lakin şeirin sonluğu göstərir ki, bu mübarizə uğursuzluğa məhkumdur.
Son bənd poetik baxımdan şeirin zirvə nöqtəsidir:
"Elə loğman tapılaydı dünyada,Ürəyimdən bu nisgili siləydi."
Loğman obrazı Azərbaycan və ümumtürk ədəbi düşüncəsində müdriklik, şəfa və müalicə rəmzidir. Burada isə Loğman cismani deyil, mənəvi xəstəlik üçün axtarılır. Cəmil müəllim əslində bilir ki, belə bir loğman yoxdur. Bu arzu əlçatmaz olduğu üçün daha təsirli görünür.
Şeirin son iki misrası isə bütöv mətnin fəlsəfi nəticəsidir:

"Elə loğman tapılaydı dünyada,
Ürəyimdən bu nisgili siləydi.
Təkcə səni unutmaqdan ötəri,
Ürəyimi o dəyişə biləydi."


Bu misralarda şair çox incə psixoloji məqamı ifadə edir. İnsan sevdiyini beyni ilə deyil, ürəyi ilə yaşadır. Deməli, unutmaq yaddaşın işi deyil, qəlbin işidir. Ürəyi dəyişmək isə insanın öz varlığını dəyişməsi deməkdir. Beləliklə, şeir oxucuya demədən bildirir ki, əsl sevgi unudulmur; o yalnız insanın ömrü ilə birlikdə yaşayır. Cəmil müəllimin dostluğu kimi.

Poetik sənətkarlıq baxımından şeir diqqətəlayiq xüsusiyyətlərə malikdir. Cəmil müəllim ritorik suallardan ustalıqla istifadə edib. Bu suallar cavab gözləmir; onlar daxili iztirabın səsidir. Müqayisələr, bənzətmələr, bir-birini tamamlayaraq şeirin emosional bütövlüyünü təmin edir.
Dil son dərəcə sadədir. Lakin bu sadəlik bədii kasıblıq deyil, əksinə, yüksək poetik ustalığın göstəricisidir. Cəmil müəllim fikirlərini mürəkkəb, ağır fəlsəfi terminlərlə deyil, xalq danışıq dilinə yaxın ifadələrlə çatdırır. Elə buna görə də şeir həm adi oxucuya, həm də ədəbiyyatşünasa eyni dərəcədə təsir edir.
Şeirin ritmi, qafiyə sistemi və daxili ahəngi duyğunun axarına uyğun qurulmuşdur. Misralar sanki bir-birinin ardınca ürək döyüntüsü kimi gəlir. Bu musiqililik şeirin lirizmini daha da qüvvətləndirir.
Nəticə etibarilə, "Unutmaqdan ötəri" şeiri zahirən sadə görünən, lakin dərin psixoloji qatlara malik olan uğurlu lirik nümunədir. Burada şair ayrılığı yalnız sevginin sonu kimi yox, insan ruhunun ömür boyu daşıdığı mənəvi yük kimi təqdim edir. Şeirin əsas ideyası ondan ibarətdir ki, zaman xatirələri zəiflədə bilər, göz yaşını qurutmağa qadirdir, lakin ürəyin yaddaşını dəyişməyə qadir deyil. Məhz bu səbəbdən şeir oxucunun yaddaşında uzun müddət yaşayan təsirli poetik etiraf təsiri bağışlayır.
SON SÖZ...
A R Z U L A R VƏ ETİRAF...
"Zaman dostluğun məhək daşıdır"
Teymur Əhmədov
Azərbaycan alimi

Əziz Cəmil müəllim!
Ömür illərlə deyil, insanın arxasında qoyduğu izlə ölçülür. Siz altmış beş ildə təkcə qəzet səhifələrində deyil, dostlarınızın qəlbində də silinməyən iz qoymusunuz. Bu, hər insana nəsib olmayan xoşbəxtlikdir.
Cəmil müəllim, İllər əvvəl 60 illik yubileyinə qatıla bilməməyim bu gün də mənim üçün bir təəssüf olaraq qalır. O zaman özümə müxtəlif bəhanələr gətirsəm də, sonradan başa düşdüm ki, insan ömründə dostun sevincini bölüşməkdən qiymətli bəhanə yoxdur.
El arasında gözəl bir söz var:
"Uman yerdən küsərlər."
Bu gün isə ürəyim rahatdır.
Çünki bu yazını sadəcə yubiley təbriki kimi yox, dostluğa və insanlığa olan borcum kimi qələmə alıram.
Əziz Cəmil müəllim!
65 illik ömür yolunuza boylananda insan zəhmətin, sədaqətin, halallığın və təmiz adın necə böyük sərvət olduğunu bir daha anlayır.
Əziz Cəmil müəllim!
Arzu edirəm ki, qələminizin mürəkkəbi heç vaxt qurumasın, sözünüz həmişə həqiqətin yanında dayansın, yolunuz isə daim işıqlı olsun.
65 yaşınız mübarək, əziz dostum! Allah sizə möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları nəsib etsin.
İnşallah, 70 yaşınızı da, 75 yaşınızı da, 80 yaşınızı da eyni mehriban dost çevrəsində birlikdə qeyd etmək qismətimiz olsun.


QƏLƏMİNƏ  SADİQ  QALAN  JURNALİST, SÖZÜNƏ  SƏDAQƏTLİ  ŞAİR...
Elxas Comərd.
Dost..

Son xəbərlər

İran iki tankeri vurdu - Ölən və yaralananlar var

Ərdoğan: Türkiyə NATO-nun ən güclü tərəfdaşlarından biri olaraq qalır

Lütfəli Abdullayevin ciddi bir xəstəliyi olmayıb - FOTO

ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb

Qumar üçün 5 ilə 14 dəfə “hə” dedi - 170 min qazanc

"Prezident Əliyevin yumor hissi çox yaxşıdır" - Batsman

“Anne yarısı”nda rol alacaq - FOTO

BMT baş katibi Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının tərəfdarıdır

Mundialın ən çox səyahət edən komandası bəlli oldu

Gücləri ayıya çatdı

QƏLƏMİNƏ SADİQ QALAN JURNALİST, SÖZÜNƏ SƏDAQƏTLİ ŞAİR...

ƏZİZƏ AĞAHÜSEYNQIZI : İnciyib, çıxıb gedirəm - FOTO

Südabə Sərvi : DAŞ OLMAQ ƏZABI - FOTO

Elçin Nəsib: “Əsl jurnalistlər bu gün internet jurnalistikasında da var, çap mediasında da...”

Pelleqrini Azərbaycandadır

AQTA-dan ciddi sağlamlıq riskləri yaradan arıqlama məhsulları ilə bağlı çağırış

"Halef"in aktrisası yeni serialda

Tərəf müqabili oldular

Maykl Ceksonun filmi 1 milyard dollardan çox gəlir əldə edib

Aygün Kazımova Röyagilə qonaq getdi

“Yura dövrünün parkı”nın məşhur aktyoru vəfat etdi

Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək - YENİLƏNİB

Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb

"Çukur"un aktrisası evləndi - FOTOLAR

Naibə Allahverdiyevanın adından dələduzluq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031