Turaztv.az » Xəbərlər » "GÖRÜNMƏDƏN GÖR, ÖLMƏDƏN ÖLDÜR" - FOTO
Xəbərlər

"GÖRÜNMƏDƏN GÖR, ÖLMƏDƏN ÖLDÜR" - FOTO

15.03.2026, 00:31 150
Vətən müharibəsinin şəhidi kiçik çavuş QULİYEV ELTAY ƏLİ oğlunun nurlu xatirəsinə
03.06.1989 - Goranboy rayonu Quşçular kəndi
29.09.2020 - Ağdərə rayonu Suqovuşan kəndi 31 yaş

Poema
"Ot kökü üstündə bitər" - demişlər,
Ərlik nəsil-nəsil qanla gələrmiş.
Günəşdən saçılan şəfəq simu-zər,
Hər sabah qızaran danla gələrmiş.

Məhəbbət dünyada ən ülvi hisdir,
Sevgisiz yaşamaq ölümdən pisdir.
Bəxtəvər sevilən, həm sevən kəsdir,
Eşq insan qəlbinə anla gələrmiş.

Sevgi var eyləyər insanı dahi,
Sevgi var cahanı kül eylər ahı.
Sevgi var nökərə döndərər şahı,
Hörmət təmiz adla, sanla gələrmiş.

Yurda "Vətən" deyib sevməsək olmaz,
Vətən sevgisitək saf dilək olmaz.
Vətənsiz bu gün, xoş gələcək olmaz,
Vüqar şöhrət ilə, şanla gələrmiş.

Ev var ki, ocağı gur alovludur,
Ocaq var mayası saf sevgidəndir.
İnsan var hər işi gətirir qürur,
Onunçun hər şeydən öncə vətəndir.

Eltay bu dünyaya açandan gözün,
Torpaq, yurd sevgisi laylası olmuş.
Ata, babalara bənzədib özün,
Soyunun bir cəsur balası olmuş.

Qoşulub dəstəyə Qulu babası,
Gəncə xanı Cavad xanın yanında,
Döyüşmüş nəslinin ulu babası,
Şəhid olanadək öz zamanında.

Sovetlər birliyi adlı ölkənin,
Başlarkən ən böyük müharibəsi,
Eltayın babası Əşrəf kişinin,
Artmış sülh yolunda mübarizəsi.

Sonra da estafet keçmiş ataya,
Erməni yurduma dikəndə gözün.
Şir kimi özünü atıb ortaya,
Əli silahıyla demişdi sözün.

Doxsanıncı ilin ilk günlərindən,
Ov tüfəngi ilə yaraqlı dəstə,
Olub yurdun igid öncüllərindən,
Qətiyyətlə getmiş düşmənin üstə.

Ağcakənd, Şəfəqkənd müdafiəsi,
Şuşanın Kosalar kəndi növbəti.
Silahlı düşmənin mühasirəsi,
Mayın 8-də Şuşa zilləti...

Turşsuda, Laçında yağı düşmənin,
Oldu qarşısında oğullar sipər.
Əvəzin çıxmağa hər yenilmənin,
Təlimə başladı gənc döyüşçülər.

Sırxavənd uğrunda döyüş gedərkən,
Əli yaralandı, qolun itirdi.
Döyüşdən yarımçıq dönməsi erkən,
Qəlbində təəssüf hissi bitirdi.

O, geri dönsə də qazi olaraq,
Xəyalən hər zaman ön cəbhədəydi.
Başının üstündə üç rəngli bayraq,
Onun öncüllüyü hər sahədəydi.

Bu cür igid nəslin hər bir övladı,
Hələ körpəlikdən döyüş ruhludu.
Bu ruh damarında axan qandadı,
Vətən sevgisiylə ürək doludu.

Fəxrlə baxarkən öz soykökünə,
Eltayın ürəyi dönərmiş dağa.
O, layiq olaraq əsli, kökünə,
Hazırdı düşməndən qisas almağa.

Aprel döyüşündə Milli orduya,
Könüllü yazılıb göstərmiş hünər.
Zəfər çalacaqmış erməni guya,
Ancaq məğlub olub düşmüş dərdədər.

44 günlük Vətən savaşında da,
Əşrəf qardaşıyla o, önə keçdi.
Ağdərə rayonu Suqovuşanda,
Eltay şəhidliyin şərbətin içdi.

Birgə döyüşürdü öz qardaşıyla,
İgidlik dastanın cüt yazırdılar.
Şücaət göstərib silahdaşıyla,
Vətənçün verməyə can hazırdılar.

Son mesaj bir ata nəsihətiydi:
"Sən gör görünmədən, öldür ölmədən".
Amansız taleyin bir qismətiydi,
Eltay şəhid oldu bunu bilmədən.

Məğlub eyləyəndə düşməni ordu,
Zəfər bayrağımız dalğalananda,
El azad gördükcə o doğma yurdu,
Şəhid ruhları da şaddı o anda.

Əsirlik libasın soyundu torpaq,
Yenə xarı bülbül açdı naz ilə.
Cənnətə döndükcə azad Qarabağ,
Gələn qarşılandı söhbət, saz ilə.

Torpağı suvarıb al qanlarıyla,
Şəhidlər ölümə şərəf verdilər.
Azadlıq bəxş edib öz canlarıyla,
Hər ana qəlbinə birgə girdilər.

Gülnur, Şölə qızı, bir oğlu Öznur,
Eltayın əmanət üç övladı var.
Öznur atasıtək qəhrəman, cəsur,
Hərbiçi olmağı daim arzular.

Qızların hərəsi zərif bir çiçək,
Kiçiyə ananın vermişdi adın.
Cənnət bağçasında özü bir mələk,
Şəhid anasıdır indi bu qadın.

Hüzn var şəhidlər xiyabanında,
Titrək ana əli şəkli oxşayır.
Əmanət balalar sağ, sol yanında,
Bala nisgilini dili oxşayır:

- Ətirli gülüm balam,
Süsən, sünbülüm balam.
Sənsiz ürəyim yanır,
Sovrulur külüm, balam.

Naləyəm mən, sözəm mən,
Dərdi necə çözəm mən.
İgid oğul dağına,
Daş deyiləm dözəm mən.

Boyuna qurban, balam,
Bağrım olub qan, balam.
Adın dilimdə əzbər,
Yanında bir "can", balam.

Haray, ellər, hay, ellər,
Günüm ahu vay, ellər.
Dönüb cənnət quşuna,
Köç etdi Eltay, ellər.

Yarın ağlar qalıbdır,
Gül kimi saralıbdır.
Övladların atasız,
Dünyası daralıbdır.

Sənə baş əyir ellər,
Rəhmət söyləyir dillər.
İgidlik dərsin alır,
Səndən gələn nəsillər.

13.03.2026 12:50 V gün TƏRANƏ MƏFTUN
Azərbaycan Yazıçılar Birliyinin və
Turan Yazarlar Birliyinin üzvü

Oxşar xəbərlər