Turaztv.az » Xəbərlər » Hikmət Məlikzadədən şeirlər - FOTO
Xəbərlər

Hikmət Məlikzadədən şeirlər - FOTO

18.02.2026, 22:27 173
Pul boyat cadutək cibindən düşməz,
Harana göz dəysə, orana qəm çək.
Əvvəlki adamlar qəhətə çıxıb,
Sən ta payız vaxtı borana qəm çək...

Şəhər sevdasına tutulub için,
Saçın dağınıqdı, kim sığallayıb?
Sazı qadın kimi küsdürən aşıq
Eh, bilmir nə qədər sim sığallayıb.

Kəndə məktub yazıb adımdan kimsə,
Adım dil-ağızda qınağa düşüb.
Mən nahaq inandım özümə, nahaq,
Kölgəm buna görə sınağa düşüb.

Kimə ürəyimi açıram, itir,
Günah cücərdirlər zəmimdə, bəlli.
Niyə bir qarğışdan iki can donur?
Sürücü şeytandı gəmimdə, bəlli...

*****

Beş-üç kibrit ilə ocaq isinməz,
Adamlar qoymur ki, sevinə bu qız.
Bəlkə eşq bazarı bağlıdı hələ,
Əliboş qayıdır evinə bu qız...

Gərək dəli olum, bilim eşq nədi?
Bu papaq şeytanın tacıdı onsuz...
Sən bir az badəmə zəhər süz, saqi,
Nə vaxtdı yediyim acıdı onsuz...

Ağın qara qədər günahı yoxdu,
Dərman kar eləsə yaylığı qaldır.
Çörək bahalaşıb, Allahın olsun,
Sənə kim deyir ki, aylığı qaldır?

****

Nəziri pirə yox, yetimə ver də...
Çox adam özünə cahil dedirdir.
Qəfil cırılmağa vaxt tapıb yelkən,
Qayığın sözünü sahil dedirdir.

Hərədə bir cürə şəkil yeri var,
Qayıt, bu ocağın köz yerini tap.
Ayaq altda qalma alaq otutək,
Ömür beş-on gündü, öz yerini tap.

Hanı həyat eşqi bu tək ağacın?
Gəl, ona arada su ver, sevinsin.
Ağır yaralanıb kölgəm döyüşdə,
Götür, köynəyini yu ver, sevinsin.

Bir az dəli olaq, bir az ağıllı,
Yoxsa ağzımızdan mis iyi gələr.
Günah qurumamış təzək kimidi,
Neyləsən, üstündən his iyi gələr.

Oxşar xəbərlər