Səmimi sözümdür; bu yazıya təmtəraqlı, cəlbedici bir başlıq seçmişdim. Axı, Vətən müharibəsi iştirakçılarından biri barədə, topçu Şəhriyar haqqınadır bu yazı. 44 günlük Vətən müharibəsinin ilk günündən sonunadək ön cəbhədə qəhrəmancasına vuruşmiş bir igiddir Şəhriyar.
Amma belə alınmadı. Onun sadəliyi, səmimiyyəti, həm də alicənablığı mane oldu mənə. Onunla görüşənə qədər artıq bəzi məlumatları əldə eləmişdim, qeydlərim də vardı. Qalırdı bircə özü ilə üzbəüz oturub bəzi məqamlara aydınlıq gətirmək...

Məqsədimi biləndə başladı təvazökarlıq eləməyə: “Ay müəllim, mən danışa bilmirəm ey. Nə yazacaqsız ki, adi topçu olmuşam da. Başqaları kimi mən də öz borcumu yerinə yetirmişəm”.
Geri çəkilmək fikrində deyildim. Bir qədər bəstəboy sayıla biləcək, sağlam cüssəli, yaraşıqlı oğlanın qəhrəmanlıqları barədə topladığım məlumatlar məni qane etmirdi.
“Şəhriyar, sən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə, Fəxri Fərmanlarla təltif edilmisən, elədir?”- deyə soruşdum.
“Elə olmağına elədir. Mən əsgər idim, döyüşmək boynumun borcu idi və döyüşdüm. İndi də əsgərəm, ömrümün sonunacan da əsgər olacam.”- dedi.
Necə də ürəkdən söylədi, İlahi! Necə də inamla! Bu, onun həyat amalı idi. Ürəyimdə “Bərəkallah səni doğan anaya!”- deyə düşündüm. Və beləcə, dialoqumuz başladı...
Əliyev Şəhriyar Qabil oğlu 1998-ci ilin 6 iyununda Quba rayonunun Küpçal Qışlaq kəndində dünyaya göz açıb. Orta təhsillidir. İyul 2016- iyul 2018-ci illərdə əsgəri xidmətdə olub, topçu hərbi peşəsinə yiyələnib. Bütün digər ixtisaslı ehtiyatda olan hərbçilər kimi o da plan üzrə “İxtisasartırma təlim-toplantılarına” qatılıb. Elə müharibəyə də çavuş rütbəsi ilə oradan yollanıb. Öz sözləri ilə desək, “top komandiri” kimi. “N” saylı hərbi hissənin artilleriya divizayasının 2-ci batareyasının tərkibində müharibənin ilk günündən Füzuli rayonunun Alxanlı kəndi istiqamətində ağır döyüşlərin iştirakçısı olub. Döyüş mövqeyinə gedərkən Ağcabədi rayonunun Hind Arxı adlanan ərazisində düşmən tərəfindən atılan aramsız mərmilərdən bir neçəsi əsgər heyətini daşıyan avtomobillərə ciddi ziyan vurub. Mərmi yağışı altında avtomobilləri təmir edərək təkərlərini dəyişiblər. Nə az, nə çox; düz 28 gün azğın Ermənistan ordusuna məxsus qüvvələrin aramsız həmlələrinin qarşısını almaqla, onların güvəndikləri döyüş texnikalarını məhv edib, dığaları geri oturdublar. Füzulinin, Cəbrayılın və Xocavəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstəriblər. Sonrakı günlərdə Şuşanın və Ağdamın 13 kəndinin azad olunmasında sonadək vuruşublar.
Söhbətimiz aramla, həm də məni qane edəcək istiqamətdə davam edirdi. Şəhriyar doğrudan da bəzi məqamları aydınlaşdırmaqda çətinlik çəkirdi. Onu anlamağa çalışırdım. Axı, müharibə tamam başqa bir anlayışdır. Hər an ölümlə üz-üzə qalırsan. İradəsi zəif olanlar belə anlarda tez sarsılır, çaşır, qorxur. Yox, Şəhriyar elələrindən deyildir. Nə qədər həlimxasiyyət olsa da, möhkəm iradə sahibidir. Həm də yalnız haqsızlığa qarşı dözümsüz olduğu dərhal sezilirdi. Söhbətin məğzini bir qədər başqa istiqamətə yönəltməyə qərar verdim. Həm də bilmək istədiyim bəzi məqamlar vardı. Dialoqumuz belə davam etdi:
-Şəhriyar, sizin əsgərlər arasında münasibət necə idi? Yəni, xidmət müddəti az olan gənc əsgərlərə yuxarıdan aşağı baxmaq, onları incitmək... Belə hallar olurdu?
-Gənc əsgəri incitmək? Siz nə danışırsız, elə şey olar? Biz komanda idik, biz qardaş idik, əsl qardaş! Bəlkə sizin vaxtınızda olub elə şeylər...
-Hə, düzünə qalsa, bizim vaxtımızda elə idi. Mən axı sovet ordusunda xidmət etmişəm. Yəni, SSRİ adlanan dövlətin ordusunda.
-Hə də, bilirəm,- urusun ordusunda.
-Hə, elə də demək olar.
-Elə ona görədir də, dörd ildən artıqdır Ukrayna bataqlıqlarında çabalayırlar. Hələ çabalayacaqlar da. Onlara o da azdır. Bizim ahımız tutdu da onları. Torpaqlarımızı alıb vermişdilər erməni dığalarına. Ukraynalı qardaşlarımız da bizim kimi haqq işi görürlər- torpaqlarını müdafiə edirlər, gözlərinə döndüklərim. Onlarda da (ukraynalılarda) “molodoy-starik” (gənc-çox xidmət edən) söhbəti yoxdur. Amma uruslarda var. Ay müəllim, heç ağlımızın ucundan da keçmirdi ey, belə fikirlər. Vallahi-billahi düz sözümdü.
-Nə gözəl! Mən də belə olduğunu düşünürdüm. Yaxşı, bəs asudə vaxtlarınızda nə edirdiz?
-Dincəlirdik, müəllim. Qəşəng-qəşəng dincəlirdik. Hərdən kabab da çəkirdik. Xalqımıza canım qurban, elə bir başdan göndərirdilər ey, yemək-içməyi. Ev xörəkləri, isti təndir çörəkləri... Amma həmişə isti olmurdu, çatdırmaq çətin idi axı. Yenə də ləzzət verirdi, əlavə qüvvət verirdi, inam verirdi...
-Bəs ev-eşiklərini atıb qaçan ermənilərdən ərzaq, mal-qara qalırdı? Onlardan istifadə edirdiniz?
-Düzü, bizə az rast gəlirdi. Biz onların mövqelərini şumlayırdıq da, ay müəllim. Toplarımız D-44 tipli idi, 16800 metrə qədər dəqiqliklə vururdu. Koordinatları alırdıq, dərhal hərəkətə keçirdik. Tuşlayıcı hədəfi nişan alırdı, mərmiçi-doldurucu mərmiləri daşıyırdı... Bir sözlə, hərə öz işini görürdü və düşmən mövqelərinin altını üstünə çevirirdik. Elə yerdə heyvan qalar? Ancaq hərdən ön cəbhədən döyüşçü qardaşlarımız bizə qoyundan-zaddan göndərirdilər. Bəzən çöllərdə azıb qalmış yiyəsiz heyvan da rastımıza çıxırdı, nadir hallarda. Kəsib kabab çəkirdik, ləzzət verirdi.
-Nə gözəl! Bəs şəkilləriniz, video çəkilişləriniz var? Kollektiv, döyüş zamanı çəkilən şəkillər, başqa maraqlı məqamlarda çəkilişləriniz olurdu?
-Azdı ey, müəllim. Bizdə telefon olmurdu axı, icazə yox idi. Olsa da, 1-2 günə enerjisi tükənirdi, olurdu lazımsız əşya. Hərdən komandirlər çəkirdilər, o da ki, döyüş sirrini gizli saxlamaq şərti ilə. Müharibə başa çatandan sonra bizə də bəzi kadrları verdilər.
Bayaqdan əlində saxladığı planşeti mənə uzatdı: “Burada bəzi kadrlar var”,-dedi.
Alıb gözdən keçirməyə başladım. Maraqlı kadrlar idi. Kollektiv, ayrı-ayrı döyüş yoldaşları ilə çəkdirdiyi şəkillər, döyüş məqamlarını əks etdirən kiçik video-çarxlar... Hətta kabab bişirdikləri məqam da var idi. Bir kadr diqqətimi çəkdi: Bir döyüşçü yoldaşı ilə mehribancasına dayanıb kameraya gülümsəyirdilər.
-Döyüş yoldaşın əcəb oxşayır sənə,- dedim.
-Hə, düz deyirsiz, oxşarlığımız var. Onun da adı Şəhriyardır. Amma soyadı başqadır- Həsənov. Siyəzəndəndir. Heyət üzvləri bizə elə “qardaşlar” deyirdilər.
Daha bir kollektiv kadr və səs yazısı: “Eşitdiyimə görə ermənilər yenidən müharibə eləmək istəyirlər. Elə eləməyin ha, yenidən hərbiyə qayıdım. Siz öləsiz, sizin qalanlarınızı da biçərəm mən!”- Bu Şəhriyarın səsi idi.
Afərin! Afərin sənə, Vətənin igid oğlu! Sənə inanıram. Əgər lazım olsa, qayıdarsan və vədinə əməl edərsən, mən buna varlığım kimi əminəm. Amma bunu istəmirəm. Bizim torpaqlarda bir də güllə, mərmi səsi eşidilməsin, insan qanı axıdılmasın. Bunu heç kim istəmir, sən də istəmirsən. Ancaq... Yox! Lazım olmasın! Heç vaxt lazım olmasın!

Xəlil MİRZƏ,
Quba rayonu, Küpçal Qışlaq kəndi-Bakı, 25 may 2026-cı il

Son xəbərlər

Əli Nağıyev Rusiyada iclasda iştirak etdi

"Gördüm ki, susduqca daha da çox söyülürəm" - İradə İbrahimova

Elmi əsasa istinad edən ​maariflənməyə və maarifləndirməyə ehtiyac vardır - FOTO

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib

İgidlərimiz : TOPÇU ŞƏHRİYAR - FOTO

Natalya 6-cı dəfə ana olacaq - Fotolar

Tramp İrana qarşı zərbələrin yenidən başlana biləcəyini istisna etməyib

Bayram günü kabab bişirmək istədilər - Başlarına iş gəldi

“Reddit”in sahibi öldü

Hindistan Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Müstəqillik Gününün - Havası

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

II kurs tələbəsi vəfat etdi - Foto

Vətəndaşlar üçün təcili kreditləşmə alətlərinin tətbiq edilməsi planlaşdırılır

“Şamaxı”da pley-off matçı

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

“ABŞ və Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk”

Qohumunun evindən 42 min manat oğurladı

Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi

Azərbaycanda aktrisa vəfat etdi

Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar

Buğra da iddialı serialda

Afra yeni sevgilisi ilə - Foto

Havalansın Xanın sözü - FOTO

Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur

Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031