Prezident jurnalistləri təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq media forumunda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Təbrik məktubunda deyilir:

"Hörmətli media nümayəndələri!

Əziz jurnalistlər!

Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.

Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.

XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram".

Son xəbərlər

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Modellikdən sonra filmə çəkilir...

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930