BU VƏFASIZ DÜNYANIN MEHMANI…

Baxış Sayı:157

BU VƏFASIZ DÜNYANIN MEHMANI…

BDU-nun ingilis dili müəllimi, sevimli xalam
Şölə Şirəliyeva haqqında düşüncələrim

… Bir neçə rəsmin var əlimdə. O qədər azdır ki, xatirələrin! Amma mən sənin xatirələrini yaşatmağa, çoxaltmağa çalışıram.
Xala ana əvəzidir, - deyiblər. Xalalı evlərdə daim isıq parıldar. O isıq qaranlıq gecəni gündüz, tərs yolu düz eləyər!
Hər bacı övladı üçün xala məğlubedilməz bir qəhrəmandır. Mənim də qəhrəmanım sən idin, xala! Qəhrəmanlar təkcə əfsanələrdə, nağıllarda olmur, xalasız övladların ürəyində də olur!
Eşitmişdim və əslində də görmüşdüm ki, savadlısan, elmlisən, biliklisən, dünya haqqında geniş məlumatların var.
Eşitmişdim və gürmüşdüm ki, dostluqda, yoldaşlıqda tayın-bərabərin yoxmuş. Elə bir faktı deyərdim ki, müəllim kimi rəfiqələrin çox olmasa da, dostluğunuz uzunmüddətli, davamlı olub. Hətta biri – Allah rəhmət eləsin, alman dili müəllimi Zemfira xanım (özün dünyanı dəyişməzdən qabaq demişdin ki, neçə ildir o, aramızda yoxdur) mənə də BDU-da dərs demişdi. Xarakteri də, özü də çox gözəl idi – elə sənin kimi!
Gözəl xala! Təkcə bacı oğlu sevgisini yox, elə övlad sevgini də əsirgəmirdin. Mənə ötən ilin bu vədələrində atam dünyasını dəyişəndə çox dayaq durdun, dəstəklədin, haqqa sahib çıxdın, bir xala kimi yox, valideyn kimi də. O dövrdə atamın da, anamın da iyini, ətrini səndən alırdım. Bəs indi kimdən alacağam?!.
Təsəllim “Günlərin bir günü səni mütləq görəcəm” fikridir, elə bu fikirlə də yaşamağa alışıram deyəsən… Amma alışmaq hələ tezdir. Çünki cəmi üç gündür bizi tərk etdiyin.
İnsan necə də qəribədir, elə deyilmi, xala, hər şeyə öyrəşir. Yəqin sən də öyrəşmisən bu üç gündə bizsizliyə…
Səni dəfn etdiyimiz gün o qədər axtardım ki, xala! Hər getdiyim yerdə, hər baxdığım üzdə, hər eşitdiyim səsdə. Və hələ də çox axtaracağam!..
Əslində ən acı gələn səsinin rəngini belə bilməməyimdir. Bəlkə eşitsəydim, hansısa bir səsə bənzədər, dinləyərdim. Səni gözləməyimin zamanı yoxdur, xala! Hər an, hər dəqiqə, hər saat gözləyirəm səni!..
BU üç gündə bilirsən necə olmuşam? Yol gedəndə öz-özümə danışıram, düşünürəm ki, indicə hardansa çıxacaqsan qarşıma, məni izləyirsənmiş kimi ətrafı gizlincə süzürəm.
Hər kəsin özünə seçdiyi bir yol var. Həyat yolu. Və hərə bir cür yaşayır. Mən də bu yolu - sənsiz səninlə yaşamağı - seçmişəm artıq.
Öyrəşir deyirəm insan hər şeyə… Bu neçə gündə necə çətinlik çəkmişəm, Allah bilir. Çünki sən məsləhət etdiyim, məslək, əqidə dostum idin xala. Deyəsən yavaş-yavaş buna da öyrəşirəm. Səni qəlbimdə yaşadıram, yanımda bilirəm. Elə çox gözləyirəm ki, gələrsən deyə… İndi, bu yaşımda da görsəm, qoynuna atılıb, “məni qucağında gəzdir” deyərəm.
Əziz xala, ömür-gün yoldaşın hörmətli alim, dəyərli insan Şulan Şirəliyevin 85 illiyinə “Xatirələrəsığmayan ömür” kitabının yazılması, hazırlanması və nəşr olunması prosesində mən səni daha çox kəşf elədim özümçün. Özünün Şulan müəllim haqqında yazdığın xatiratında giriş hissəni ölməz şairimiz Bəxtiyar VAHABZADƏnin bir bəndi ilə başlamışdın:
Yarpağı tez solar tək ağacın da,
Kölgəsi yoxdursa, necə solmasın,
Meşələr sultanı, meşələr şahı,
Aslanın özü də yalqız olmasın!

Yalqızlıqdan danışan xalam, sən bizi yalqız qoyub getdin. Bizi sənsiz qoyub getdin. Günlər, həftələr, aylar, İllər ötəcək, başqa doğmalarımızın itkisi kimi, sənsizliyə də öyrəşəcəyik.
Elə həmin kitabdan bir məqamı xatırlasam, yəqin ki, yerinə düşər. Orada yazırsan:
- Şulan müəllimlə mənim ilk tanışlığım 1968-ci ildə M. F. Axundov adına Xarici Dillər İnstitutunun V kursunun dövlət imtahanları ərəfəsində baş verdi. O, mənim qohumum olan Vəhdətlə birlikdə oxumuşdu və mənim anamın bibisi qızının qaynı oğlu idi. Anamın bibisi qızı Salehə xanım Tibb İnstitutunda dosent vəzifəsində çalışırdı, həyat yoldaşı Qədir Sultanov isə BDU-da prorektor işləyirdi.
Çox sevdiyim dayım Fateh Heydərov isə Respublika prokurorluğunda məsul vəzifədə çalışırdı. Mənim Şulan müəllimlə ailə qurmağımda yuxarıda adlarını sadaladığım insanların, xüsusilə də sevimli dayımın böyük təsiri olmuşdur. Çünki Şulan müəllimin qardaşı hörmətli Həsən Şirəliyevin ailəsi və qohumları haqqında müsbət rəy, fikir olduğu üçün bu isə razılıq vermişdi. Fikrimi belə ifadə etmək istəyirəm ki, yəni böyüklərin razılığı ilə ailə qursam da, heç də peşiman olmamışam.
Mən dövlət imtahanları ərəfəsində, yəni iyunda dayımın evində təşkil olunmuş nişan məclisində Şulan müəllimlə nişanlandım və onlar nişan məclisində dedilər ki, Şölə xanımın ayağı sayalı olub və Şulan müəllimə universitetdən 7-ci mikrorayonda ikiotaqlı mənzil veriblər. Əvvəldə qeyd etdiyim kimi, mənim nişan mərasimim əziz və çox sevdiyim dayımın evində keçirildi. Dayımgilin qonşusu olan Eynulla dayı da nişana dəvət edilmişdi. O, həyat yoldaşı Xədicə xanımla bu məclisdə olarkən məşhur fortepianoçu Gülarə xanım Əliyeva onlara gəldi və onu evdə tapmadıqda qonşularından, yəni dayımgildən soruşarkən dayım bildirmişdi ki, onlardadır. Gülarə xanım Əliyevanı da bu məclisə dəvət etdi və o, pianoda bir neçə mahnı ifa etdi, məclis daha da yaxşı bir məcraya döndü. Bu bir xatirə kimi hələ də mənim yadımdadır.
1969-cu ilin mart ayının 16-da “Cənub” restoranında toyumuz oldu. Həmin gün Bakıya çox bərk qar yağmışdı və gəlinin gülünü nədənsə gizlətmişdilər, ancaq Şulan müəllimin dostları və həmkarları gülü aldılar. Onların arasında mərhum prezidentimiz Əbülfət Elçibəy də var idi və o toyda gözəl oynamağı ilə hələ də yaddaşlarda qalıb. İş elə gətirdi ki, Şulan müəllimi Moskvaya çağırdılar və dedilər ki, sən İranda işləməyə getməlisən. Oradan mənə zəng edib razılığımı aldı, Moskvadan qayıtdıqdan sonra mənim sənədlərimi hazırlamağa başladı.
Sizə onu bildirirəm ki, bu, çox çətin bir proses idi, bunu xaricə işləməyə gedənlər çox yaxşı bilirlər. Bir dəfə həkim müayinəsində olarkən ona dedilər ki, bu qəşəng qızı haradan tapmısan, Şulan müəllim dedi ki, kiçik idi, böyüməyini gözləyib evlənmişəm.
Bütün sənədləri düzəltdikdən sonra Moskvaya getdi və oradan da İrana yola düşdü.
Mən BDU-nun Xarıcı dil kafedrasında ingilis dilindən dərs deyirdim və sessiya bitməmiş mənə icazə verə bilməzdilər. Sessiya bitdikdən sonra mən də iyunun sonunda əvvəl Moskvaya qaynımla getdim, oradan da məni qatarla İrana yola saldı.
Təsəvvür edin ki, təzə ailə qurduğum insanla qərib bir ölkədə yaşamağa başladıq, çünki bir-birimizi o qədər də yaxından tanımırdıq. Bütün bunlara baxmayaraq, o mənə qəribliyi hiss etdirməməyə çalışırdı. Həddindən artıq qayğımı çəkirdi, elə bil bir uşaq idim. Çünki aramızda 10 yaş fərq var idi. O qədər qayğıkeş idi ki, Azərbaycandan gələn hər kəslə əvvəl danışar, sonra evə gətirərdi. Fikirləşərdi ki, birdən qohumlar haqqında pis xəbər olar və onlar onu mənə deyərlər.
İlk dəfə mən birillik müddətə getmişdim İrana. Vaxt bitdikdən sonra mən vətənə qayıdarkən dəmiryol vağzalında bütün qohumlarım elə qarşıladılar ki, sanki bir dövlət məmuru gəlirmiş kimi! Bütün bunlar xətrini çox istədiyin hörmətli Fateh dayımın sayəsində olmuşdu. O mənim analar anası olan gözəl Zəkiyyə xanımın xətrini çox istəyirdi. Mən heç bir bacıda qardaşı qarşı belə məhəbbət, istək görməmisən. Anam sanki qardaşı ilə nəfəs alırdı və qardaşı uşaqlarının öz övladları kimi çox sevirdi, yəni bu hisslər qarşılıqlı idi.
Mən bir ildən sonra Bakıya qayıtdıqdan sonra yenidən işdən buraxmadılar, Şulan müəllim o qədər bacarıqlı və işgüzar idi ki, nəhayət, istəyinə nail olub yenidən məni İrana gətirdi. Bu dəfə isə qış sessiyasını bitirdikdən sonra yenidən İrana getdim. Bir dəfə səfirlik (keçmiş SSRİ) ziyafət keçirirdi və orada Qırmızı Aypara Cəmiyyətinin xəstəxanasının baş həkimi söhbət əsasında mənim ingilis dili müəllimi olduğumu eşitdikdə xəstəxanaya işə tərcüməçi vəzifəsinə dəvət etdi və mən Bakıya qayıdana qədər orada işlədim. O zaman SSRİ-dən gələn həkimlər ingilis dilini bilmirdilər. Mənim rus və ingilis dillərini bilməyim mənə kömək etdi və mən darıxmadım, başım işə qarışdı.
Şulan müəllim İranda işləyərkən böyük bir qrupa mərkəzdə, yəni Tehranda oturub rəhbərlik edirdi. Tez-tez İranın müxtəlif yerlərinə məzuniyyətə gedərkən məni də özü ilə aparırdı. O, fars dilini o qədər mükəmməl bilirdi ki, bəzən onu fars sanırdılar. Şulan müəllim o zaman deyirdi ki, mən fars deyiləm, azərbaycanlıyam. Bakıdan gəlmişəm.
Bu xatirəni bilirsiniz niyə yada saldım? Şulan müəllimlə xalamın arasında sevgi, məhəbbət, eşq o qədər ülviydi ki, bəlkə də bu hissləri yazıya almaqda çətinlik çəkirəm. Qarşılıqlı hörmət olan yerdə belə olur. Vəsiyyət etmişdi ki, dəfnini yoldaşının yanında etsinlər. Elə də etdik, ruhu şad olsun deyə.
Ömür-gün yoldaşı Şulan müəllimin xətrini bir doğmam qədər istəmişəm, əmim, dayım qədər istəmişəm. Mənə həmişə “bacıoğlu” kimi müraciət edib. Bir-birimizə gediş-gəlişimiz o qədər olub ki, bu barədə həmin kitabda söz açmışam.
Kitabda daha sonra xalam yazmışdı:
- Şulan müəllim çox ailəcanlı, qohumcanlı və dostcanlı idi. Mən həyatımda ikinci elə bir insanla rastlaşmamışam. Bütün bunları təsvir etməklə əlimdəki qələm də acizlik çəkir. Mənim İranda olmadığım ərəfədə yazdığı 40-45 səhifəlik məktubları buna canlı sübutdur. Mən hələ də o məktubları saxlayır və onları yenidən təkrar-təkrar oxuyuram. Bu insan o qədər qayğıkeş idi ki, Azərbaycandan kim gəlsəydi, onlara deyərdi ki, mən Şölə xanıma dayısının ölümünü bildirməmişəm, siz də deməyin, istəmirəm ki, o ağlasın. O bu hadisədən sonra məktubları özü oxumadan mənə verməzdi. Fikirləşirdi ki, birdən dayımın ölümü haqda nə isə yazarlar. Yeri gəlmişkən, özü xəstə yatarkən belə həmişə məni düşünmüş və onu yoxlamağa gələnlərə hətta qızına belə tapşırır və deyirdi bizi tək qoymasınlar. Mən isə deyirdim ki, özünü düşün, bizi düşünmə.
1982-ci il martın 8-də qızımın dünyaya və ailəmizə gəlişi böyük bir xoşbəxtlik gətirdi. Artıq həyatımızın axarı da dəyişmişdi. Anam, Şulan müəllim və mən elə hey Əfsanə ilə məşğul idik. Elə bil həyatımızda hər şey onun üçün idi. Onun varlığı hamımızı dəyişmişdi. Nəhayət, Əfsanəni 1-ci sinfə çox təmtəraqlı yola saldıq. Qızımız məktəbi bitirdi və BDU-nun hüquq fakultəsinə daxil oldu. Bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirdi və magistraturaya imtahansız qəbul edildi. Magistraturanı da fərqlənmə diplomu ilə başa vurdu. Təyinatla Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası İnstitutunda ekspert vəzifəsində çalışır. Eyni zamanda o öz ixtisasına uyğun mövzu götürüb və dissertantdır. Universiteti bitirdikdən sonra ailə qurdu və 2 oğlu vardır. Böyük oğluna elə atasının sağlığında adını Şulan qoydu. Bir haşiyə çıxmaq istəyirəm ki, hər qız belə bir cəsarət bilmir. Amma o bunu etdi. 2-ci oğlu Tamerlan dünyaya gəldi... İkisi də hələ ki, məktəblidir.
Dünyada ən uzun insan ömrü özündən sonra silinməz izlər qoyan, xatirələrdə yaşayan insanlara məxsusdur. Belələri dünyalarını dəyişəndən sonra da özlərini nəsillərin yaddaşında yaşadır, zaman-zaman nəcib əməlləri, yüksək məziyyətləri ilə çoxunun idealına çevrilirlər.
Xatirələrdə silinməz izi qalan görkəmli dilçi-alim, fədakar pedaqoq, 1968-ci ildən ömrünün bu vaxtınadək fasiləsiz olaraq ölkəmiz üçün tanınmış dövlət xadimlərinin, tarixçilərin, hüquqşünasların, jurnalistlərin, filoloqların, ən başlıcası isə, layiqli vətəndaşların yetişdirilməsində əvəzsiz xidmətləri olmuş həqiqi və layiqli vətəndaş Şölə Mövsüm qızı Şirəliyeva da belə ziyalılarımızdan idi.
***
... Bəlkə də çoxu onu xoşbəxt qadın sayırdı. Gözəl, cazibədar idi. Çoxu ona heyran qalırdı, çoxunun ağlı başından çıxırdı. Ən əsası sevib-sevilirdi. Məhəbbətlərin ən böyüyünə, ən gözəlinə... ən sonsuzuna sahiblənmişdi. Bəlkə hələ daha da xoşbəxt olacaqdı, nəvələrinin toylarını görəcəkdi. Ömür vəfa etsəydi...
... Əslində heç üzünə baxanda xəstə olduğunu anlamazdın. Gözlərinin parıltısını, yanaqlarının qırmızısını, üzündəki təbəssümü, gözəlliyini və cazibədarlığını itirməmişdi. Nə etmək olar ki, bu il may ayının 4-də evdə tək olduğu müddətdə qapı ağzında yıxılmağı ilə özünü yerə vurmağı bir oldu. Bu da bir tale oldu onun ömürlüyündə. Yataqdan qalxmağa ümidi olsa da, qalxa bilmədi. Əzginliyindən, zəifliyindən bilirdilər ki, o bu dünyanın qısa müddətlik mehmanıdı. Və bir azdan o sevimli qonaq gəldiyi kimi də bu dünyanı tərk edəcək...
Allah sənə rəhmət eləsin, mənim sevimli xalam – ana əvəzim!

Daşdəmir ƏJDƏROĞLU

BU VƏFASIZ DÜNYANIN MEHMANI…
BU VƏFASIZ DÜNYANIN MEHMANI…
BU VƏFASIZ DÜNYANIN MEHMANI…
BU VƏFASIZ DÜNYANIN MEHMANI…
BU VƏFASIZ DÜNYANIN MEHMANI…

Oxşar xəbərlər
SON XƏBƏRLƏR