Xəbərlər
22.02.2025, 14:18
DAŞDƏMİR ƏJDƏROĞLU : HALALCA YAŞANMIŞ ÖMÜR - FOTOLAR
Şulan ŞİRƏLİYEV - 90
HALALCA YAŞANMIŞ ÖMÜR
(Şulan müəllimin əziz xatirəsinə)
Fars dili üzrə kamil mütəxəssis, əsl elm fədakarı professor Şulan Şirəliyevin alim, insan, vətəndaş, valideyn, ata, ər, kürəkən, bacanaq tərcümeyi-halı mənim gözlərimin qabağında – yəni mənim yaşımda olan ziyalıların gözləri önündə yazılıb, vərəqlənib, özü bu gün həyatda olmasa da, vərəqlənir...
Elmi tərcümeyi-hal əsərlər düzümü, tapıntılar, axtarışlar, yaradıcılıq pillələri deməkdir. Müşahidə və qənaətimə görə, Şulan müəllim hətta ilk elmi axtarışlarından, təcrübələrindən şüarçılıq, sözçülük, mənəm-mənəmlik kimi uğursuz, saxta yoldan, iddialardan nəinki qaçıb, heç bu səmtə qədəm də qoymayıb.
Demək istəyirəm ki, əvvəl başdan qələmini, ağlını, qəlbini, hissini, düşüncəsini, təfəkkürünü, lap ilhamın özünü, “təbii vergi deyilən” stixiyanın özünü hər cür xaric notlardan qoruyub düzgün, təbii axara istiqamətləndirmək Şulan müəllim kimi elm adamı üçün zəruri şərt olub, məhək daşı olub.
Bütün elm adamları kimi, Şulan Şirəliyev də axtarışda olub. Uğurlu axtarışlar onu ötən əsr 1960-1970-ci illər elminin sıralarına gətirib qoşmuşdu.
Ağıl və düşüncənin, müasir səviyyə və müasirlik duyğularının, inqilabi ruhunun, elmanə assosiyasiyalı müşahidə və alim fəhminin obrazlı təfəkkürlə vəhdəti bu elm adamını təhlildən-təhlilə, tapıntıdan-tapıntıya, axtarışdan-axtarışa təsdiqləmişdi. Irəli aparmışdı. Bütün artıq-əskiyiylə irəliləyiş irəliləyişdir.
Onu tanıyandan bu günədək bilirəm ki, Şulan müəllim çoxlu elmi əsər, rəy yazıb. Müxtəlif auditoriyalarda mühazirələr oxuyub, seminarlar aparıb, xarici ölkələrdə olub, o ölkələrin nəhəng ali məktəblərində yaradıcılıq hesabatı verib, bunlardan danışa bilmərəm. Ancaq onu deyə bilərəm ki, vətəndaşlıq qüruru, reallıq, axıcılıq, elmi məntiq, düşündürücü, tapılmış ixtiralar, bütün qohum-əqrəbanın, yaxınların kədərinə zamanın oduyla yanmaq, bəsitlikdən uzaq, sadə dil, orijinal ifadə kimi keyfiyyətlər alimin bütün fəaliyyətini eyni nöqtədə birləşdirir... Əlbəttə, ən yaxşılarını...
Özünə qarşı tələbkarlıq, daxili, dəruni yığcamlı ölçü hissi, səlis danışığı, sözü israfla, yersiz səpələməyib ucuzlaşdırmaq, istedadının dərəcəsindən, üslub və stilindən asılı olmayaraq alimin xoşbəxtliyidir, hörmət və nüfuzudur. Sadaladıqlarımızın hamısı Şulan müəllimdə cəmləşmişdi... Və illərlə “qəlbində söz böyüdən” fikirləri yol yoldaşına çevirən Şulan Şirəliyevi mən belə alimlərdən, elm cəfakeşlərindən hesab edirəm.
***
“Bu dünyanın, yəni ömrün bir qurtaracağı var, insan nə vaxtsa ölür, sən də, mən də - hamımız bu dünyadan gedəcəyik...”.
On-onbir yaşında olarkən ata babamın gözlərini yumduğu gün - bu amansız sözləri eşitdiyim gün indi də yadımdadır: ilk dəfə eşitdiyim bu sözlərin ağırlığı altında, ayağımı necə gəldi atıb, ağ qar dənəciklərinin yaratdığı sürüşkənliyi belə hiss etmədən yolu addımlaya-addımlaya, gözlərim yaşara-yaşara evə necə qayıtdığımı bəlkə də anbaan xatırlayıram: evə çatan kimi anama ilk sözüm bu oldu: “Ana, mən bir də gələcəyəmmi bu dünyaya?”. İndiki tələsməyim, vaxt qıtlığından gecə-gündüz uşaq kimi gileylənməyim, narahatçılığım da sanki o gündən başlayıb (adama elə gəlir ki, nəinki günlər, hətta aylar və illər də gödəlib). İndi də hərdən o gün gözümün qabağına gəlir və hər dəfə də elə bilirəm ki, mən mütləq bu dünyaya bir də qayıdacağam. Bilmirəm, necə, nə vaxt, bəlkə də yüz ildən, min ildən, milyon ildən sonra qayıdacağam, amma mütləq ayıdacağam... Beləcə, işıqlı bir ümidlə yaşayırsan və bu işıqlı ümidin səni sonsuzluğa qovuşduracağına inana-inana insanı sənin gözündən sala biləcək hər cür xırdalığın, cılızlığın, zəhlətökənliyin üstündən keçməyə özünü hazırlamalı olursan...
Ağlım kəsəndən ömrüm boyu yaddaşımdan gileylənməmişəm. Son dövrlər isə bir az gileylənməyə başlamışam. Buna baxmayaraq duyğu yaddaşım çox möhkəmdir, məni tərpədən bir hiss, bir duyğu əbədi, silinməz iz kimi ömürlük sinirlərimə hopur. Odur ki, bəzən bir şeyi illərlə fikrimdə, xəyalımda dolandıra-dolandıra 2-3 ilə yazıb qurtarıram, bəzən görürsən ki, bir yazını, hətta elə bir gecəyə yazıram. Köhnə patefonun iynəsi həmişə valın bir nöqtəsində ilişib eyni musiqi frazasını, eyni misranı dönə-dönə, qurdalayan olmasa, bəlkə də saatlarla təkrar etdiyi kimi, bəzən bir söz, bir ifadə, yaxud bir fikir illərlə ilişib yaddaşında qalır, onun arxasını tapmayınca, yəni onu ağ kağız üzərinə köçürməyincə səndən əl çəkmir. Bir də görürsən ki, yaxandan əl çəkməyən fikir, ifadə yadından çıxdı, ha vurnuxursan, ha əlləşirsən – xatırlaya bilmirsən, amma elə ki o obrazın “prototipi” olan yerdən keçib gedirsən – həmin fikir şimşək kimi beynində çaxıb yaddaşını işıqlandırır, elə bil təzədən doğulur. Yayda biz tərəflərin düzlərindən (Şirvan düzənliyindən) keçəndə, “yəhərbel, ilğımlı təpələr”in ”gözümün önündə ilxıya dönməsi”ni (birdən-birə inanmışam ki, əlimi uzatsam, o yel atlarını, ilğımları tuta bilərəm) görəndə illərlə itirdiyim fikirləri, cümlələri, sətirləri yenidən tapmışam...
Bu fikirləri, cümlələri niyə ipə, sapa düzürəm? Ondan ötrü ki, haqqında yazılan kitaba redaktorluq etdiyim Şulan Şirəliyev də mənim 60 illik ömrümdən yel kimi keçdi, şimşək kimi çaxdı, günlərin bir günü bizi tərk etdi, heç nə olmamış kimi... Halbuki bu 60 ilin müəyyən anlarında, dəqiqələrində, saatlarında, günlərində, aylarında, illərində Şulan müəllimin öz payı var, bölüşə biləcəyim müəyyən xatirələr yatır...
...Yeddinci sinifdə oxuduğum illər idi. Onda “Azərbaycan pioneri” qəzeti nəşr edilirdi. Bir ayın içində iki kiçik məqaləm çap olundu. Biri məktəbimizdə keçirilmiş tədbir barədə idi, İtaliya Müqavimət Hərəkatının iştirakçısı Harribaldi ulduzlu Məmməd Bağırova həsr edilmiş görüşdən yazdığım məqalə idi. Digəri isə görkəmli rejissor Ağakişi Kazımovla görüş idi. Tədbir o qədər maraqlı alınmışdı ki, bu, mənim uşaq marağıma səbəb olmuşdu. Onda bu yazıları qəzetdən oxuyan xalam Şölə məsləhət gördü ki, jurnalistikaya hazırlaşım. Bu barədə mərhum Şulan müəllim də eşidəndə çox sevindi, öz məsləhətlərini, tövsiyyələrini əsirgəmədi. İndiki kimi yadımdadır, qarşısında oturdub sual-cavab eləməyə başladı. Şulan müəllimin müxtəlif elm sahələrindən verdiyi suallara gərək ürəyində təpər, özündə cəsarət olaydı ki, cavab verəsən. Adam özünə belə bir sual verirdi ki, birdən Şulan müəllimin sorğularına cavab verə bilmədim. Bunu özümçün ölümdən betər hal saya bilərdim. Şükürlər ki, Şulan müəllim mənim cavablarımı müsbət qiymətləndirib daha da həvəsləndirdi, müəyyən istiqamətlər və tapşırıqlar verdi. Bunu eləmək üçün qarşımda böyük məsuliyyət də qoydu. Beləliklə, mən yavaş-yavaş ali məktəbə hazırlaşmağa başladım. İş elə gətirdi ki, mən orta məktəbi qurtaran ili ali məktəbə daxil ola bilmədim. Buna görə ruhdan düşmədim. Çünki Şulan müəllim arxamdaydı, deyirdi ki, bacıoğlu, narahat olma, bu il olmasın, gələn il olsun, o il də olmasa, əsgərlikdən sonra daxil olarsan. Bax, belə ruhlandırırdı Şulan müəllim yeniyetmələri, gəncləri.
HAŞİYƏ: Şulan müəllimin qayğıkeşliyi ömürlük yadımda qalıb. Onun qayğıkeşliyini hələ uşaq olarkən görmüşəm. Bayaq haqqında söz açdığım ata babamın yas mərasiminə gəlmişdi Şulan müəllim. Qarlı-boranlı iqlimə baxmayaraq, o, kənddə keçirilən yas mərasimində iştirak etməyi özünün borcu saymışdı. Çünki Şulan müəllim rəhmətlik Ağaəli babamın xətrini çox istəyirdi. Əslində elə o da Şulan müəllimin xətrini istəyirdi, hər yay kəndə qonaq gələndə onunla söhbəti tuturdu. Bir-birinin hörmətini saxlayırdı: Şulan müəllim bir ağsaqqal, pirani kimi, babama, babam da öz növbəsində Şulan müəllimə savadlı, tutumlu, dünyagörüşlü ziyalı, alim və müəllim kimi hörmət edir, sayğı ilə yanaşırdı. Şulan müəllimlə olan söhbət zamanı otaqda milçək vızıltısı belə eşidilmirdi...
Bəli, babamın yas mərasimindən evə dönən zaman Şulan müəllim atamdan icazə alıb məni özü ilə Bakıya gətirdi. Hiss etmişdi ki, uşaqlığıma baxmayaraq babamın yoxluğu məni sarsıtmış, kövrəltmişdi. Üzünü atama tutub demişdi: “Əjdər, icazə ver Daşdəmiri aparım Bakıya, qoy bir az şəhərdə gəzdirim, əhvalı dəyişsin”. Atam bacanağının bir sözünü heç vaxt iki eləməmişdi: “Nə deyirəm ki? Özün necə məsləhət bilirsənsə, qoy elə də olsun”. Yolboyu şirin, duzlu söhbətləri ilə yaddaşıma elə hopmuşdu ki, Bakıya nə vaxt çatdığımızı hiss etməmişdim. Mehrimi Şulan müəllimə bağlamışdım. Yanvar tətili zamanı məni Yolka şənliklərinə, teatr tamaşalarına aparmışdı ki, darıxmayım, babamla bağlı fikirlərimi başımdan çıxarım. Vaxt-vədə tamam oldu, dərsə qayıtmağın vaxtı idi. Mən isə qayıtmaq istəmirdim. Elə Bakıda qalmaq, şəhəri gəzmək, yenə də Şulan müəllimin söhbətlərini eşitmək istəyirdim. Amma nə etmək olardı? Kəndə qayıtmaq, dərslərə davam etmək lazım idi...
DÖYÜNƏN ÜRƏK İDİN...
Yaxşı yadımdadır, rəhmətlik babamla söhbət edərkən Şulan müəllim Basqalla Düdəngəni müqayisə eləmişdi. Demişdi ki, dünyaya gözünü o torpaqda açıb, bütün arzuları, idealları, ideyaları Bakı ilə bağlı olsa da, baba yurdunun – ayağının altındakı o torpağın doğmalarını duyub. Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli, bütün Naxçıvan eli... Bu sözlər mənim qulağımda o vaxtkı kimi cingildəyir. Düdəngə ilə Basqalın oxşar və fərqli cəhətlərini dilə gətirən Şulan müəllim adamlarının da heç fərqlənmədiyini bildirmişdi. Sadəcə, bir azca ləhcə fərqi ola bilərdi.
Yuxarıda sadaladığım yer adlarını dilimdə səsləndirə-səsləndirə belə bir fikrə gəldim ki, doğrudan da sözlərin – qrammatik mənada yox, həqiqi mənada, kökü var, ağac kimi, daş-qaya kimi, dağ kimi.... Dağ kimi əzəmətli, bulaq kimi çağlayan, vadi, düz kimi ürəyimə, gözümə genişlik gətirən bu sözlər neçə illərdir ki, yaşaya-yaşaya gəlir, şeirə, qoşquya çevrilir, bundan sonra da çevriləcək.
Necə gözəl insan idin,
Şulan müəllim.
Az danışdın, çox dedin,
Şulan müəllim!
Çörəyində duzun var,
Ürəyimdə sözün var.
Gözlərimdə közün var,
Şulan müəllim!
Dərdin, qayğın biriydimi?
Şair qəlbin siriydimi?
Tanrı səni görmüşdümü?
Şulan müəllim!
Vətənin oğlu idin,
Torpağa bağlı idin.
Sinəsi dağlı idin,
Şulan müəllim!
Bir sakit dəniziydin,
Güldən də təmiziydin.
Dünyadan əziziydin,
Şulan müəllim!
Sən necə kövrəkiydin,
Döyünən ürəkiydin.
Bir xalqa gərəkiydin,
Şulan müəllim!
Ağrını böləmmədim,
Yanına gələmmədim.
Səninlə öləmmədim,
Şulan müəllim!
Şulan müəllim.
Az danışdın, çox dedin,
Şulan müəllim!
Çörəyində duzun var,
Ürəyimdə sözün var.
Gözlərimdə közün var,
Şulan müəllim!
Dərdin, qayğın biriydimi?
Şair qəlbin siriydimi?
Tanrı səni görmüşdümü?
Şulan müəllim!
Vətənin oğlu idin,
Torpağa bağlı idin.
Sinəsi dağlı idin,
Şulan müəllim!
Bir sakit dəniziydin,
Güldən də təmiziydin.
Dünyadan əziziydin,
Şulan müəllim!
Sən necə kövrəkiydin,
Döyünən ürəkiydin.
Bir xalqa gərəkiydin,
Şulan müəllim!
Ağrını böləmmədim,
Yanına gələmmədim.
Səninlə öləmmədim,
Şulan müəllim!
Amma... bir gecəlik “söz dərsi”ni heç vaxt unuda bilmirəm. Şulan müəllimin kitab rəfindən “oğurladığım” bir kitabı söz vermişdim ki, bir gecəyə oxuyum. Axşamdan başlayıb gecə yarıyadək oxuyub qurtardım, amma o nasirin qüdrətli obraz sehrinin təsirindən qurtara bilmədim, yuxum qaçdığından özüm özümü sınamaq üçün onun obrazlı tərzinə paralellər axtara-axtara, bir də onu gördüm ki, səhər açılır. Onda inandım ki, dahilərin əlində söz doğrudan da möcüzədir, sehrdir, ovsundur, nə isə, elastik bir materialdır – onu istədiyi səmtə əyə bilər, ondan istədiyi fikri, obrazı ala bilər. Söz insanın, daha doğrusu, “sehrbaz şairlər”in necə də qulu olarmı (Füzulini, Rilkeni, Svetayevanı, Bloku, Puşkini, N.Hİkməti, Yesenini oxuyandan sonra bu qənaətim daha da gücləndi)?! Həmin nasirin bağışladığı o sehrli gecə mənim ömrümdə yuxusuz, narahat obraz kimi qaldı...
İNADLI AXTARIŞLAR APARAN ALİM...
Bakıdan neçə kilometr aralıda dağları bəyaz çənli, düzləri atlas çəmənli yaşlıca bir dünya var – adı Düdəngədir. Humanist insan, ləyaqətli vətəndaş, istedadlı alim Şulan Şirəliyevin qundağını bələyən, beşiyini yırğalayan, laylasını çalan ana Düdəngə. İndi Naxçıvan Muxtar Respublikasının xəritəsinə adı Şərur rayonun yaşayış məskəni kimi yazılan Düdəngə! Şulan müəllimin alimlik vəsiqəsini də ciyərlərindən nəfəs kimi, damarlarından qan kimi, gözlərindən nur kimi axıb-axıb ilham mənbəyinə dönən o qədim oğuz obasının, oğuz binəsinin gülü, çiçəyi, çayı, çeşməsi, daşı, qayası, bir də sazı, sözü yazıb. Pozulmaz, təzədən yazılmaz alın yazısı kimi! Qəlbinə rişə atan ilk söz pöhrəsi sonralar Azərbaycanda boy atıb böyüsə də, ilhamı o türbə torpağın döşündən dirilik suyu içib, Bakıya, ali təhsil almağa gəldiyi günün ardınca da o torpağın əlləri su çiləyib.
Amma 1935-ci ilin Şulanı o gün Bakıya gələndə hələ bilmirdi ki, “iyirmi iki yaşlı gözlərində” Düdəngədə qalan çölün, düzün, qışın, yazın işığından daha çox sözün, elmin bəstəsindəki ilahi işığı gətirir və o işığı Ələddinin sehrli çırağı kimi haçansa minlərlə tələbəsinin, yetirməsinin ömrünə şölə saçacaq. Elə ali təhsilimizin inkişafına vicdanla xidmət edən, şərqşünaslıq elminin öyrənilməsi üçün bildiklərini yetirmələrinə həvəslə əxz edən Şulan müəllimin qələmi də, vərəqi də, beyni də, ürəyi də 78 ildən artıq bir zaman kəsiyində o işığın əl havasına güvənib yol yeridi.
Şulan müəllim haqqında yubiley materialı hazırlayarkən çox eşitmişdim, bir alim və pedaqoq kimi. Haqqında yazılan məqalə və oçerkləri oxuyanda, haqqında söylənilənləri eşidəndə qəlbim sevincdən çırpınmışdı. Vaxtilə öz dövrünün daim axtarışda olan, yenilikləri elmə tətbiq etməyə çalışan, bütün tədbirlərdə, elmi simpoziumlarda diqqəti cəlb edən gənc alimlərdən biri də o olub. Bəlkə də onun uğurlarını gözü götürməyənlər də olub, bəlkə də onun görmək istədiyi yeniliklərin uğurlu nəticələrini qəbul etmək, məharətli, bəlağətlı çıxışlarını dinləmək istəməyənlər də olub. Amma Şulan müəllim belələrinin sözünün, hərəkətinin ardinca getməyib, o sözlərin, hərəkətlərin başına hələm-hələm ip salmayıb, oturub öz elmi məqalələrini yazıb, mütaliəsini edib, axtarışlarını aparıb, bir sözlə, yaradıcılığı ilə məşğul olub. Yaradıcılığının bəhrəsi olan əsərləri, kitabları, resenziyaları pərvanəyə çıraq olan bir alimin elmi, həyati tərcümeyi-halıdır. Elə bir alimin ki yaradıcılığını küll halında orkestr üçün bəstələnmiş simfonik muğama bənzətmək olar...
Şulan müəllim inadlı axtarışlar (xüsusən yaradıcılığının, ali təhsil müəssisəsindəki fəaliyyətinin başlanğıc mərhələsində) aparan alim idi. Elə bunun nəticəsidir ki, o, müasir Azərbaycan dilçiliyində, şərqşünaslıq elminin təşəkkülündə öz yolu, öz boy sırası, yeri olan elm adamıdır. Məncə, onun ölkəmizin hüdudlarından kənarda maraqla qarşılanması, bir sıra əsərlərinin xarici dillərdə, xüsusən fars dilində nəşr edilməsi, hətta İrandan gəlmiş alimlərin onun elminə, savadına, biliyinə, dünyagörüşünə, intellektinə həsədlə baxmaları da bununla bağlıdır. Axı Şulan müəllim min il əvvəlin dönə-dönə işlənmiş mövzularına da öz çağdaşının gözü ilə baxıb. Onun yazılarındakı, mühazirələrindəki yenilik duyğusu isə ayrıca qeyd olunmalıdır. Əgər Şulan müəllimin elmi əsərləri, monoqrafiyaları “öz tərcüməsi”ni tapa bilsəydi, onun simasında bugünkü şərqşünaslığımız yaxın Şərqdə daha rəngarəng şəkildə təmsil olunardı. Əslində Şulan müəllim sağlığında bu təmsilçiliyin təməlini qurmuşdu, ölkələrarası elmi körpünü yaratmışdı...
Bir dəfə Şulan müəllimə belə bir sualla müraciət etmişdim. “Öz alim taleyinizdən razısınızmı” – sualıma belə cavab vermişdi: “Yox... Mən inana bilmirəm ki, ürəyində söz ağrısı olan hər hansı söz, elm adamı “taleyimdən razıyam” desin. Mən balam kimi yaradıcılığımın da qayğısına istədiyim təki qala bilmədim. Sənə beş ömür də versələr, mühitin sıxıntısından canını qurtara bilməzsən, üstəlik 70-80 yaşa çatsan da, min bir məişət-ailə qayğısından yaxanı qurtarmağa iqtidarın olmur. Bir sözlə, bu cəmiyyət yazı-pozu, elm adamlarının cəmiyyəti deyil, bir halda ki, göysatan da, xəstəxana qapıçısı da, sürücü də, səndən – sənət adamından, ziyalıdan qat-qat yaxşı yaşayır. Sənət, elm adamı gərək bu xırdalıqdan, ailə-məişət qayğılarından çox-çox uzaqda dayansın. Bəlkə də bu sözüm çoxunun xoşuna gəlməz. Amma fakt faktlığında qalır... ”.
Bir dəfə Şulan müəllimə uşaq marağı ilə belə bir sual da vermişdim: “Şulan əmi (mən onu belə çağırırdım), alimin iş otağı əyləşib yazı yazdığı dörd divar arasıdırmı? ”. Şulan müəllim də çox orijinal və maraqlı bir cavab vermişdi: “Yox... Bütün dünya onun iş otağıdır. Əgər alim bir baxışdan, bir haraydan, bir sözdən, bir mənzərədən sarsılıb heyrətlənirsə, o baxış da, o haray da, o söz də, o mənzərə də ona rahatlıq verməyib yazıya çevrilərsə, şərti də olsa, iş otağı deyilmi? Əgər bir tələbə böyük ümidlə, cəsarətlə, ərkyana professorun otağına girib dərdini deyirsə, ürəyini onunla bölüşürsə, özünə həyan axtarırsa, söz söylədiyi, imdad istədiyi yer iş otağı deyilmi?”
Elm adamı, məncə, zamanla həmişə oppozisiyada olmalı, yəni onunla öc olmalı, onunla dil tapmağı öyrənməlidi. Zamanın, dövrün, hökumətin neçə-neçə aliminin, pedaqoqunun taleyi hamımıza bəllidi.
TORPAQLA, İNSANLA NƏFƏS ALAN ZİYALI
Şulan Şirəliyev adlı alimin yaradıcılığında, elmi laboratoriyasında, dərs dediyi auditoriyalarda, vaxtilə oturduğu otaqda, sakini olduğu binada, yaşadığı evdə belə Şulan Şirəliyev adlı insanın taleyi yaşayır. Bu tale Böyük Vətən müharibəsindən 5 il əvvəl dünyaya göz açan bir insanın ta bu günədək, vəfatından 5 ilə qədər keçdiyi 78+12 illik ömür yoludur. Bu yolda, bayaq dediyimiz kimi, məyusedici günlər, anlar daha çox olub: atasızlığın, adamsızlığın, sıxıntılı-boz günlərin ağrıları...
Amma Şulan Şirəliyevin ömür yolunda işıq yandıran xeyirxah adamlar da olub ki, onu buz boz günlərin əlindən alıb. Şulan müəllimdən ötrü xasiyyət bütövlüyü, şəxsiyyət bütövlüyü hər şey demək idi. Xaraktersiz, şəxsiyyətsiz həqiqi yazı-pozu adamını, elm adamını təsəvvür eləyə bilmirəm. Şəxsiyyətlə yaradıcılıq bir-birini tamamlasaydı, bəlkə də o özünü xoşbəxt sanardı. Zamanın küləkləri min bir səmtə əsə bilər, oğul odu ki, küləklərin yedəyinə düşüb getməsin. Çayın axarına üzməyə nə var ki? Bütün bunlarla – zamanla döş-döşə gəlmək üçün elm adamının – yaradıcı insanın şəxsiyyəti bütöv olmalıdı.
Taleyi hamımıza bəlli olan Şulan müəllim torpaqla, insanla nəfəs alan ziyalı idi. Boş vaxtı olan kimi, təbiətin, torpağın qoynuna can atırdı. Ağaclara tamaşa edir, onların nəfəs almalarını belə diqqətlə izləyirdi. Tövsiyyə edirdi ki, heç vaxt canlılara əl qaldırmayın. Onlar da insan kimidir... Hərdən nəyisə fikirləşib deyirdi ki, axı bu yer kürəsinin başına insan oğlu nə qədər oyun açacaq! İnsan elə bil onu qorumaq, qayğısına qalmaq üçün yox, onu məhv eləmək, onun axırına çıxmaq üçün bu dünyaya gəlib. Çayları, gölləri, dənizləri, okeanları, bulaqları korlamaq, meşələrə qəsd eləmək, ağacları qırmaq az imiş kimi, torpağı da zəhərləmək “yarışı”na girmişik. Bu, ağlasığmaz faciədir. Ağac kəsirik – bulaq quruyur, təyyarədən dünyada çoxdan qadağan olunmuş dərmanlar səpirik, arılar qırılır, şikəst uşaqlar doğulur, nəsil kəsilir. İnsan dağın-daşın, odun-suyun, bir sözlə, canlıca torpağın bir parçasını, demək, dağı-daşı, torpağı-suyu korlamaqla məhv edir, özünün də axırına çıxır...
Yaxşı yadımdadır, Qarabağ hadisələri təzə-təzə başlayanda Şulan müəllimə belə bir sual da vermişdim: “Görəsən bu müharibənin sonu olacaqmı?” Onda da Şulan müəllimin orijinal cavabı məni heyrətləndirmişdi: “Ulu babalardan qalma ən qiymətli miras olan torpaq halallıq sevir. Tarixin, torpağın mayasına haram qatanlara, acgözlüklə qonşusunun çəpərini ovub bir qarış olsa da, milyon qarış olsa da, nə yolla olursa-olsun, torpaq qoparmaq üçün dəridən-qabıqdan çıxanlara böyük bir həqiqəti xatırlatmaq istəyirsən: torpaqdan pay olmaz! Bəli, babalarımız yaxşı deyib: “Torpaqdan pay olmaz...”, “Torpaq halallıq sevir...”. Ermənilər də bu həqiqəti dərk etməlidirlər. Bilməlidirlər ki, bu torpaq illərlə qonşu olduqları Azərbaycanın müqəddəs və əbədi torpaqlarıdır. Onu canları, qanları bahasına qoruyublar, əmanət kimi bu günə saxlayıblar. Gec-tez o dığalar işğal etdikləri torpaqlarımızdan çıxacaqlar!”
Bir dəfə də söhbətlərinin birində belə demişdi Şulan müəllim. Əslində torpaqlarımızın taleyi, Vətənimizin başını üstünü alan buludların nə vaxt çəkiləcəyi ilə bağlı soruşmuşdum. Şulan müəllim də təmkinlə, müdrikcəsinə belə cavab vermişdi: “Hərdən deyirlər ki, xalq Azərbaycan ziyalısından – alimdən, müəllimdən, həkimdən, yazıçıdan... narazıdır. Belə bir vəziyyət necə yaranıb?
Mən də özlüyümdə bu suala cavab axtarıb tapmaq istəyirəm. Əslində, xalq haqlıdı, uman yerdən küsərlər... Son illərdə - yəni müstəqillik illərində, son 170-180 ildə başımıza açılan oyunlardan yaxşı ki, bu günə sağ-salamat gəlib çıxmışıq, özü də nə qədər fiziki və mənəvi qurbanlar bahasına... Xalqımızın böyük oğlu M.Ə.Rəsulzadənin bir sözünü eşitmişəm: “kaş Azərbaycandan bu qədər neft əvəzinə su çıxaydı – onda bizim qanımız belə sormazdılar”. Torpağımızın bərəkəti tarix boyu başımıza bəla olub. Bədnam, quldur qonşularımız bizin torpaqlarımız hesabına özlərinə, gülməli-ağlamalı olsa da, özlərinə Vətən yaratdılar, amma biz... torpağımızın qədrini bilmədik. Belə bir vəziyyətdə xalq öz ziyalısından necə razı qalsın? Əslində köhnə imperiyanın qıcanmış yalquzaq dişlərinin qabağında durmaq asan deyildi – tarixi taleyimiz əvvəldən gətirməyib.
Son illərin siyasi, mənəvi, demokratik mübarizəsində, mücadiləsində ziyalı ən kəsərli silah rolunu oynaya bilərdi, bilmədi, bəziləri fədakarlıqdan, qurban getməkdən çəkindi, özlərini, balalarını, gələcəklərini düşündülər. Belələri bir neçə maska gəzdirdilər üstlərində, hansı gərəkli olanda onu taxdılar. ..
Başqalarını bilmirəm, mənim ürəyimin qırışları, demək olar, heç vaxt açılmayıb, qohum-əqrəba, dost-tanış qaraqabaqlığımdan həmişə gileylənib. Neyləyə bilərəm, Mirzə Cəlilin sözü olmasın, dünyaya göz açanda hamını qaşqabaqlı görmüşəm. Bu, qaşqabaqlılar mühiti – qaşqabaqlılar cəmiyyətinin işidi, əzizim. Mənim çıxışlarıma əgər fikir vermisinizsə, görərsiniz ki, onlarda da sevinc hissləri çox az, ötəri olub...”.
MƏNİM YAXŞI TANIDIĞIM ŞULAN MÜƏLLİM
“Gördüm bu dünyanın hər üzünü mən”. Həyatın, dünyanın isti-soyuğunu görmüş bir şairin yaradıcılığından seçmə misradır. Həmin o misranın işığından tutub, həmin o şairin iç dünyasından “oğurladığım” bu misra ilə mərhum Şulan Şirəliyevin ömür yoluna nəzər yetirək.
Bu ömür yolunun ən mənalı keçən günləri, ayları, illəri olub və heç şübhəsiz ki, onu bütünlükdə səciyyələndirməli olsaq, alim ömrü üzərində dayanarıq. Şulan Şirəliyev əsl alim ömrü yaşayıb: həyatda qazandığı bütün uğurlara, sevinclərə, hətta itkilərə belə görə də o, alim ömrünə bağlıdır. Şulan müəllim bu ömür yolunda işıqlı adamlar da görüb, işıqsız adamlar da, “səhralar qoynunda çiçək” də görüb, irişə-irişə ömür sürənlər də. Lakin zamanın dəyişən küləklərindən həmişə o, alim adını öz ürəyi kimi təmiz saxlayıb.
ƏN ÇOX SEVDİYİM İNSAN
Deyirlər ki, bir az sərt idi, qaşqabaqlı idi, ötkəm idi. Çoxunu elə bu sərtlik, ötkəmlik açmırdə, inciyən də olurdu, küsüb gedən də. Amma nə etmək olardı? Təbiəti beləydi...
Amma mənim, eləcə də ailəsinin yaxşı tanıdığı Şulan müəllim həm də həlim idi, kövrək idi, qılıqlı idi, əlini köksünün qoyub rahat oturmayan, qarşısındakı ümidsiz insanın halına yanan idi...
Bu xarakteri, müsbət cəhətləri, təbii ki, Şulan müəllimin elmi yaradıcılığına, pedaqoji fəaliyyətinə də keçmişdi. Şulan müəllimdən nə səbəbə görəsə inciyən bir adamın onun söhbətlərini yadına salıb səhər tamam yumşaldığını görəndə, heç də təəccüblənməmişəm. Elə Şulan müəllimin də yumşaldığını, səhər heç nə olmamış kimi özünü göstərməsini görəndə, səmimiyyətimə inanın, sevinmişəm. Ona görə ki, Şulan müəllimin içində xılt, pis niyyət heç vaxt olmayıb.
Ancaq mənə elə gəlir ki, Şulan müəllimi bir insan kimi yaxından tanımaq üçün onun daxilini oxumaq, onunla yol yoldaşı olmaq, ən azından maraqlı, duzlu-məzəli söhbətlərinə şahidlik etmək gərək idi. Təəssüf ki, Şulan Şirəliyev bir alim – insan kimi hələ də layiqincə kəşf edilməyib, “Şərqşünaslıq elmi üçün Şulan Şirəliyev kim idi” sualına hələ də cavab verilməyib...
Şulan müəllim, sən də getdin,
Sanma dostlar qalar sənsiz.
Ağ kəfənli duman getdin,
Gül-çiçək də solar sənsiz.
Nə məkana iz qoyubsan,
Yaramıza duz qoyubsan.
Elmimizdə iz qoyubsan,
Bu iz min il qalar sənsiz.
Dur gəl, gedək üzü o yana,
Mil, Muğana, həm Arana.
Düdəngədən Zərgərana,
Bir yol alar, sənli-sənsiz.
Qamətini əydin yurdda,
Eh, nə gördün, doydun yurdda.
Şölə xanım, bax, o yurdda,
Saçlarını yolar sənsiz...
Nəvələrin baxar yola,
Gözlərini sıxar yola.
Əfsanə də çıxar yola,
Bir vay-şivən salar sənsiz.
Bağlar bükər özəyini,
Tağlar sökər gözəyini.
Dağlar tökər bəzəyini,
Quşlar qanad salar sənsiz.
Əjdəroğlu daim yanar,
Səni sənsiz anar, anar?!
Sinəm üstə bir dərd qonar,
Şahmar kimi çalar sənsiz.
Sanma dostlar qalar sənsiz.
Ağ kəfənli duman getdin,
Gül-çiçək də solar sənsiz.
Nə məkana iz qoyubsan,
Yaramıza duz qoyubsan.
Elmimizdə iz qoyubsan,
Bu iz min il qalar sənsiz.
Dur gəl, gedək üzü o yana,
Mil, Muğana, həm Arana.
Düdəngədən Zərgərana,
Bir yol alar, sənli-sənsiz.
Qamətini əydin yurdda,
Eh, nə gördün, doydun yurdda.
Şölə xanım, bax, o yurdda,
Saçlarını yolar sənsiz...
Nəvələrin baxar yola,
Gözlərini sıxar yola.
Əfsanə də çıxar yola,
Bir vay-şivən salar sənsiz.
Bağlar bükər özəyini,
Tağlar sökər gözəyini.
Dağlar tökər bəzəyini,
Quşlar qanad salar sənsiz.
Əjdəroğlu daim yanar,
Səni sənsiz anar, anar?!
Sinəm üstə bir dərd qonar,
Şahmar kimi çalar sənsiz.
Və sonda bu yazını yekunlaşdırarkən gəldiyim qənaət belədir:
Şulan Şirəliyev mənim ən çox sevdiyim insanlardandır.
Şulan Şirəliyev əvəzsiz şərqşünasdır.
Şulan Şirəliyev istedadlı tərcüməçidir.
Şulan Şirəliyev ömrünü millətin, onun balalarının yolunda qurban verə bilən şəxsiyyətlərdən idi.
Şulan Şirəliyev öz yaradıcılığını uğurla davam etdirən, öz elmi əsərlərinin işığında parlayan alim idi.
Şulan Şirəliyev Azərbaycan adlı məmləkətdə Sara Aşurbəylidən, Sadıq bəy Ağabəyzadədən, Ziya Bünyadovdan, Əlibala Hacızadədən, Rüstəm Əliyevdən, Yusif Yusifovdan, Rəhim Sultanovdan, Məmməd Mübariz Əlizadədən, Aida İmanquliyevadan, Vasim Məmmədəliyevdən başlanan şərqsünaslığın layiqli davamçısı, ümumiyyətlə, şərqşünaslığın təəssübünü çəkən alim idi.
Şulan Şirəliyev vətəndaş alim idi, vətəndaş pedaqoq idi, vətəndaş insan idi...
Şulan Şirəliyev məndən yaşca xeyli böyük olsa da, etibarlı dost, sirdaş, yoldaş idi.
Yaxşı elmi əsərlər kimi, yaxşı alimlər də, ümumiyyətlə, çoxdu.
Şulan Şirəliyevin kateqoriyası Allahın də hərdən yorulanda dinləmək istədiyi alimlər kateqoriyasındandır. Hər şeydən öncə, ona görə ki, bu KİŞİ millətə kəc baxanlara bac verməzdi və xeyirxahlıq etdiyi insanlardan ənam da almazdı.
Əsas olan budu.
Bu gözəl insanla yenidən ratslaşmaq və dəyərli məsləhətlərini eşitmək, tövsiyyələrinə qulaq asmaq istərdim...
Görən kimi tanıyacaq.
Bilirəm.
Biri digərinə xoş arzularını ünvanlayanda onun 50, 60, 70, 80, 90, hətta 100 il yaşamasını ürəyindən keçirir. Biz də bu arzudaydıq. Yaşasaydınız, bu gün 90 yaşınıza şahidlik edəcəkdiniz. Siz yoxsunuz, amma biz sizin yubileyinizi özünüz olmadan qeyd edirik. Nə etmək olar Allahın əmri, buyruğu qarşısında?
Allah sizə rəhmət eləsin, Şulan müəllim!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















