
Xəbərlər
15.12.2025, 02:07
XEYİRLƏ ŞƏR QARDAŞDIR… - FOTOLAR
14 DEKABR 2025-CI İL 1992-Cİ İL MƏZUNLARININ YADDAŞINA ŞİRİN ANLARLA HƏKK EDİLDİ
33 il əvvəl hələ məzun idik, hər birimizin 22-23 yaşı olardı. Aramızda bir neçə nəfər var idi ki, bizdən azacıq yaşlı idi. Onda – 1992-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilimizi başa vurub, ali məktəb həyatına əlvida deyib hərəmiz öz arzumuzun dalınca getdik. Mətbuatda işləyənlərimiz çox az oldu.
İndi aradan 33 il ötüb, hər birimizin 60-dən çox yaşımız var. Zaman bizim qapqara şəvə kimi saçlarımızı gümüşü rəngə boyayıb, əllərimizdə, üzlərimizdə zamanın naxışları əks olunub. O vaxt “sümbülündən su daman” subay oğlan, yerişi-duruşu naz satan qız kimi ayrılan həmin məzunlar – qrup yoldaşlarımız indi baba, nənə kimi görüşə gəliblər. Sevinən, öpüşən, qucaqlaşan, kövrələn kim, göz yaşı axıdan kim...
Bu, sayca 3-cü görüşümüzdür. Ara-sıra görüşlərimiz də olub, amma sayca ən çox məzunun iştirak etdiyi tədbirimiz məhz 2025-ci ilin sonuna yaxın, dəqiq desək, dekabrın 14-də baş tutdu. Yayda dayı deyə çağırdığım Rəşid Hüseynovun 70, mənim isə 60 illik yubileylərimiz zamanı qərarlaşdırmışdıq ki, üzü payıza doğru bir də yığışaq, olanlardan, qalanlardan danışaq, kövrək, şipşirin xatirələrimizi çözələyək. Vaxt yaxınlaşırdı, amma dostlardan səs gəlmirdi. Votçap qrupumuzda İlhamə xanımın, Leyla xanımın və Fəridə xanımın təkliflərini dayımız Rəşid Hüseynov dəstəkləsə də, yerdə qalanlar bir qərara gələ bilmirdilər. Haradasa kimisə də qınamır, ümumi problemlərimiz bəlli olduğundan kimisə günahkar saymırdıq. Hətta Fəridə xanım gileyləndi də. - Görüşü elə vaxta saxlayacaqsınız ki, ya yağışlı, ya da qarlı havaya təsadüf edəcək, - deyə bir dəfə sərtləşdi.
Bu günlərdə Rəşid dayımız bir həyəcan təbili çaldı, az müddət ərzində bizi ətrafına toplaya bildi. Bu işdə də həmişə olduğu kimi, ən çox əziyyət “qrupkom”umuz Aslan Şirəliyevin üzərinə düşdü. Həqiqətən qrup təşkilatçısı kimi əsl məharətini nümayiş etdirdi. Nəhayət, yüngül yağan qarlı havada görüşümüz alındı. Fəridə xanımın proqnozu düz çıxdı. Amma havanın yağmurlu keçməsi heç kəsi qorxuzmadı, hamı deyilən vaxtda və məkanda toplandı.
Biz illəri bir-birinə təhvil verərək min bir arzu ilə BDU-nun qapısını açmış, ölkəmizin avanqard ali təhsil ocağının auditoriyalarında pedaqoqlara qulaq kəsilmişik. Bakının mərkəzindəki bu təhsil ocağı bizim üçün doğma ana qucağına, ən əziz ünvana çevrilmişdi. Biz burada elm və irfan yoluna çıxmış, biliklərə yiyələnmişik. Uzun illərin ayrılığından sonra indi bu doğma məkana hansısa iş üçün yolu düşən hər birimiz o günləri nostalji hisslərlə xatırlayır, hər dəfə buranın yan-yörəsindən keçəndə həyəcanlanır, qəribə hisslər keçiririk. Elə bilirik, yenə də auditoriyaya girib mühazirəyə qulaq asacaq, seminarda iştirak edəcək, imtahan verəcəyik...
Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq.
Məktəb illəri,
Ömrümün ən şirin, duyğulu,
Qayğısız günləri
Hər anı bir ömrə bərabər
Sevimli günləri...
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq.
Məktəb illəri,
Ömrümün ən şirin, duyğulu,
Qayğısız günləri
Hər anı bir ömrə bərabər
Sevimli günləri...
Onda hərəmiz bir ünvandan gəlsək də, bizi Bakıda bir ünvan birləşdirmişdi. BDU-nun ildə iki dəfə qapısını açan Rəşid Hüseynov, Arif Quliyev, Salman Alıoğlu, Aslan Şirəliyev, Nuridə Qılınclı, Leyla Məmmədova, Fəridə Tağıyeva, İlhamə Qarayeva, Ələddin Əmirli, Zəfər Kərimov və bəndəniz (qalanları hələ ki, axtarıb tapa, toplaya bilmirik) indi də o günləri unuda bilmirlər. Həmin xoş xatirəli kövrək anlar indi də anban yaddaşımızdadır. Burada xatirələr çözələndi, ötən illərin müəllimlərimizlə bağlı maraqlı hadisələri xatırlandı, ömrün gündoğanında qalan tələbəlik illərinin unudulmaz anları yada düşdü.
Söz sözü, söhbət söhbəti çəkdi...
Ötən əsrin 80-ci illərinin “tələbələri” unudulmaz müəllimləri yada saldılar: Tofiq Rüstəmov, Cahangir Məmmədov, Famil Mehdi, Seyfulla Əliyev, Akif Rüstəmov, Abuzər Xələfli, Təhsin Mütəllibov, Azad Nəbiyev, Əliyar Səfərli, Nüşabə Sadıxlı….
Bu görüş bir də ona görə yaddaqalan və əlamətdar oldu ki, ilk dəfə dünyadan gənc yaşlarında köçmüş Eldəniz Məstəliyevin ailə üzvləri də iştirak edirdilər. Onların gəlişi həm sürpriz oldu, həm də bizi çox sevindirdi. Leyla xanım qızı ilə təşrif gətirmişdi tədbirimizə. Çoxdan üzünü görmədiyimiz Nuridə xanımın da gəlişi dostlarının razılığı ilə qarşılandı.
Keçmiş məzunlar – dostlar təxminən 3 saata qədər həmin məkanda olduq. Söhbətimizi əvvəlcə çay süfrəsi arxasında, sonra isə nahar vaxtı davam etdirdik. Xatirələr o qədər idi ki, qurtarmaq bilmirdi, söz-söhbət yenə də ali məktəb illərindən, əsl pedaqoqlardan, hətta bizi incidən, çək-çevirə salan müəllimlərdən oldu.
Həmin gün biz bu dünyanın dərdindən, kədərindən bir qədər uzaqlaşıb uşaqlaşdıq, həm də ömür yollarımıza nəzər salıb xeyli kamilləşdik. Auditoyalarında keçirdiyimiz gənclik illərimizi yada saldıqca kövrəldik. Bu düşüncələr arasında həyatımızı kino lenti kimi gözdən keçirdik. Bir daha əmin olduq ki, insanı yaşadan bir-birinə olan hörmət və sevgidir. Uzun ömür sürüb xoşbəxt yaşayanlar ancaq hörmət və sevgi hissi ilə yaşayanlardır. Bir neçə saatlıq uşaqlaşdıq, qayğısız illərimizə qayıdaraq çox xoşbəxt görünürdük...
Xatirələrin şirini və acısı olur. Elə xatirə var ki, onu yada salmaqdan qorxursan. Bilirsən ki, onu xatırlamaqla gün ərzində əhvalın pozulacaq. Eləsi də var ki, onunla yaşayırsan, yaddaşından getməsinə izn vermirsən və illər ötüb-keçsə də, həmin xatirələr sənə təsəlli olur. Həmin gün də təxminən belə oldu. Xoş təsadüf idi ki, dostlarımız Salman Alıoğlunun, Fəridə Tağıyevanın və Leyla Məmmədovanın ad günləri – yubileyləri də məhz bu günə düşmüşdü. Onların şəninə tort kəsildi, söhbətimiz bu üç dostumuzun tərəfinə yönəldi, tanıdığımız, bildiyimiz dostlarımızı qəlbən təbrik etdik.
Beləcə, 14 dekabr 2025-ci il… Daha bir gün ömrümüzdən ötüb keçdi, bu gün hər birimizin yaddaşına şirin bir xatirətək həkk oldu.
Necə ki Sergey Yesenin deyirdi: “Bütün ayrılıqlar, yeni görüşlər vəd edir”.
Yenidən görüşmək arzusu və ümidi ilə;
Daşdəmir ƏJDƏROĞLU
14 dekabr 2025-ci il
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



































