
Xəbərlər
30.08.2025, 22:34
Yazıçı-publisist Salman Alıoğlunun 70 illiyi qeyd edilib - FOTOLAR
Onun ilk məqaləsi dövri mətbuatda 1971-ci ildə işıq üzü görüb.
İndiyədək 25 müxtəlif adda qəzet və jurnalda 5 mindən artıq məqaləsi dərc edilib. O, jurnalist fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. İndiyədək Qarabağ mövzusunda və müharibə faciələrinə həsr olunan “Müharibə”, “Ayrılıq olmayaydı”, “Bura Vətəndir”, “Göz yaşı qurumur”, “Yeri görünən insan” və “Gözü yolda qalan var” kitabları nəşr edilib. Müəllifi olduğu “Müharibə” kitabı 1995-ci ildə bu mövzuda yazılmış əsərlərin müsabiqəsində ikinci yerə layiq görülüb. Bu il “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü Salman Alıoğlunun Mətbuat Şurasında keçirilən 70 illik yubiley məclisində bəhs olunub.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid uzun illər mətbuat orqanlarında çalışan Salman Alıoğlunun keçdiyi yolu xatırladıb, onun əmək fəaliyyətinin ayrı-ayrı vaxtlarda “Ağdam” rayon qəzeti, “Qarabağ”, “Ədalət” və “Respublika” qəzetləri ilə bağlı olduğunu bildirib. Təcrübəli jurnalistin peşəkarlıq keyfiyyətlərinin gənc qələm sahibləri üçün örnək olduğunu qeyd edib.
Əməkdar jurnalistlər Elşən Əliyev, Rəşid Faxralı, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, araşdırmaçı-jurnalist Elxan Salahov və başqaları tanınmış jurnalistin kitablarından, qələmə aldığı hekayələrin kompozisiya, dil və üslub xüsusiyyətlərindən danışıblar. Qeyd edilib ki, onun publisistik məqalələrində və hekayələrində Qarabağın işğalı, qədim yurd yerlərindən didərgin düşən köçkünlərin taleyi, erməni faşizminin qəddarlığı, qarabağlıların üzləşdiyi haqsızlıq və 30 ilə yaxın Ermənistanın işğalı altında inildəyən torpaqların harayı və nəhayət, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər geniş təsvir olunub. Onun yaradıcılıq nümunələrində kənd həyatının özünəməxsus və şirin bir kaloritlə təsvir edildiyi vurğulanıb.
İstefada olan polis polkovniki Sadir Məmmədov, Əməkdar jurnalist, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktor müavini Aslan Şahverdiyev onunla bağlı xatirələrini söyləyiblər.
Tədbirin yekununda yazıçı-publisist Salman Alıoğluna Mətbuat Şurasının diplomu təqdim olunub.
Mən də bir qrup yoldaşı kimi, yazıçı-publisist Salman Alıoğlunu 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı arzu edirəm.
Daşdəmir ƏJDƏROĞLU,
tələbə yoldaşın
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




















