
Xəbərlər
9.05.2025, 23:46
Taixi missiya - FOTOLAR
HEYDƏR ƏLİYEV - 102
Əgər Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı keçmiş ittifaqın geridə qalmış aqrar üzvündən öndə gedən, inkişaf etmiş sənaye respublikasına çevirmişdisə, 90-cı illərin əvvəllərində müstəqilliyimizi qorumuş, respublikamızın parçalanmasının qarşısını almışdır. Ulu Öndərin bu dövrdəki fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən proseslərdən başlayır. 1990-cı ilin yayında Moskvadan Vətənə qayıdan Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi illər Azərbaycanın istiqlalı yolunda xüsusi mərhələ olmuşdur.
Məhz bu dövrdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atmışdır. Təsadüfi deyil ki, Onun rəhbərliyi altında muxtar respublika Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynamışdır. Bununla yanaşı Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi ölkəmizin bu qədim diyarını erməni təcavüzündən də xilas etmişdir. Bütün bu faktlar bir daha təsdiqləyir ki, 1993-cü ilin yayında Azərbaycan əldə edilmiş dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi vaxtda xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi xilaskar Liderə olan inamın məntiqi nəticəsi idi. İstiqlalımızın ilk illərində hakimiyyətdə olan siyasi qaragüruhların səhvlərinin yaratdığı dərin siyasi-hərbi və sosial-iqitsadi böhranlar müstəqilliyimizi və dövlətçiliyimiz sınaq qarşısında qoymuşdu.
Məhz onların yol verdikləri səhvlər Emənistanın ölkəmizə qarşı yeni işğalçılıq planlarına və daxildə separatizmə rəvac vermişdi. Ona görə xalqın çağırışı ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı artıq sosial və siyasi sifariş idi. Xalqın Ulu Öndərə olan böyük inam və etimadının ilk və əsas siyasi addımlarından biri isə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması idi. Təsis edilməsindən keçən qısa müddət ərzində YAP-ın ümumxalq partiyasına çevrilməsi ona Heydər Əliyev kimi müdrik şəxsiyyətin rəhbərlik etməsindən və öz ətrafında əhalinin bütün təbəqələrindən olan insanları birləşdirməsindən, həmin dövrdə Azərbaycanı üzləşdiyi ağır böhrandan xilas etmək missiyasını öz üzərinə götürməkdən irəli gəlirdi.
1993-cü ilin iyununda təcrübəli dövlət xadiminin Bakıya gəlişi, iyunun 15-də Ali Sovetin Sədri, həmin ilin oktyabrında isə ölkə Prezidenti seçilməsi ilə Azərbaycan tarixinin yeni, əzəmətli mərhələsinə qədəm qoydu. Və bu gün hər kəs belə bir həqiqəti bölüşür ki, əgər 1993-cü ildə Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının tamamilə fərqli və həm də faciəli taleyi və tarixi yazıla bilərdi.Çünki həmin dövrdə AXC-Müsavat hakimiyyətinin yürütdüyü yarıtmaz siyasətin,onların milli xəyanət yolunu tutmasının nəticəsi olaraq respublikada yaranmış dərin siyasi xaos, separatizmin baş alıb getməsi və Ermənistanın işğalçılıq planlarının genişlənməsi başqa cür düşünməyə əsas vermir. “Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir” - deyə Prezident İlham Əliyev bu dövrlə bağlı qeyd etmişdir. Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək qədər də onu qoruyub saxlamaq, əbədiliyini dönməz etmək çətindir. Bu baxımdan dövlətçiliyimizə, onun möhkəmləndirilməsinə Heydər Əliyevin verdiyi töhfələr əvəzsizdir.
Məhz böyük şəxsiyyətin dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Bu qayıdış ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycanın memarı olaraq düşdü.
Hamlet TOFİQOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay