
Xəbərlər
30.12.2024, 21:35
ÖZÜ GEDƏN, ƏMƏLLƏRİ QALAN ƏSL DOST - FOTOLAR
Eloğlumuz Sərraf Əliyevin bizi tərk edib axirət dünyasına qovuşmasından 40 gün keçir...
İnsan həmişə ömrünün müəyyən anları və məqamlarında keçirdiyı həyat yollarına nəzər salır, xəyalən ötən illərə qayıtdıqca çoxlu sual qarşısında qalır, bəzisinə cavablar tapır, bəzisinə isə ... nə isə... suallar qarşısında lal-kor olaraq xeyli dayanır və qəribə bir ah çəkir. Fikir dünyasının belə qatmaqarışıq çağlarında ilk günlər rastlaşdığın, sonralar isə bir dost, sirdaş kimi ömür salnaməsinə daxil olan işıqlı insanları heç bir an, heç bir zaman xəyal və röya xatirələrindən silə bilmir, ədəbi olaraq fikrində, düşüncəsində, xəyal dünyasında saxlayır. Necə ki çoxlarına, o cümlədən bu yazının müəllifinə təmənnasız yaxşılıqlar etmiş, ümumiyyətlə, təmənnalığı, əvəzçiliyi yaxına buraxmayan, haqqı heç vaxt nahaqqa verməyən Sərraf Heyyət oğlu Əliyev kimi.
Kişi oğlu kişi
Yaxşı yadımdadır. Çoxlarımızın məbədgah saydığımız Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin son kurslarında oxuyurdum. Yaz semestinin başlanması ilə bağlı imtahanlarımı verib kəndə qayıdırdım. Bakının “Şamaxinka” kimi tanıdığımız məkanında Sərrafı gözləyirdim, qabaqcadan sövdələşmişdik ki, oradan məni kəndə götürsün. Yola düşər-düşməz tanış basqallılardan biri banderola oxşayan bükülünü mənə verdi ki, kənddə sahibinə çatdırım. Mən də o əşya, əmanət itməsin deyə əl çantama qoydumvə onu da Sərrafın maşınının arxa tərəfində yerləşdirdim. Yolboyu maraqlı söhbət etdik, olanlardan, qalanlardan danışdıq, bir xeyli dərdləşdik (yeri gəlmişkən qeyd edim ki, Sərraf adamı dinləməyi, dərdi bölüşməyi bacaran bir insan idi) . Söhbətimiz o qədər maraqlı keçmişdi ki, kəndə çatanda həmin əl çantamı götürməyi unutmuşdum. Evə çatıb əşyalarımı yerbəyer edəndə çanta gözümə dəymədi. Mobil telefonumu götürüb Sərrafa zəng etmək istəyirdim ki, o özü mənə zəng etdi. Zarafatyana nəyisə yaddan çıxartmağımla maraqlananda dedim ki, çantamı bilmirəm hara qoymuşam. Cavabında dedi ki, tez bir maşına otur, gəl “Həsənxan” bağına, İsmayıllı-Bakı magistralından Bakıya gedən yolun kənarına. Orada bizlanlıların çayxanasında oturduğunu bildirdi.
2
Kənddən bir maşına oturub həmin yerə gəldim. Çantanı qaytaranda dedim içinə baxmamısan? Dedi ki, nəyimə gərəkdir? Əmanətə baxmazlar, qoruyarlar. Bizə rəhmətlik atam belə tövsiyyə edib. Sərrafın bu kişi hərəkəti, üstəlik sözləri çox xoşuma gəldi. Bir az aralananda pulu saydım, gördüm qəpiyinə kimi yerindədir. Mən bu yaxşılığı, ona olan bu etibarı ömrüm boyu unutmayacağıma söz verdim. Sərraf qardaşım təmənnasız xeyirxahlığı rəhmətlik atası Heyyət əmidən öyrənmişdi və bunu da sayagəlməz insana qaytarırdı. Mən də onun bu kişi hərəkətindən sonra daha çox onunla Basqala, Bakıya gedib gəlir, yol səfərinə çıxırdım.
Ömrünü şərəfli peşəsinə həsr etmişdi
O, həmişə cavanlara və maşınına əyləşənlərə deyərdi: “Çalış həyatda yaxşılıq et, ikiüzlü, paxıl olma, bir də bir səhv iş görəndə bir qədər çəkin, qorx, ehtiyatlı ol, axı o gözəgörünməz ilahi qüvvə bizim bütün işlərimizdən xəbərdardır" söyləməklə dəyərli məsləhətlərini verərdi.
Sərraf qardaşım çox cavan yaşlarından ta ömrünün sonunadək ömrünü-gününü yolçuluğa sərf etmiş, ömrü, günü yolda keçmişdi. O, isti-soyuq, gecə-gündüz bilmirdi, istirahətin nə olduğu yadına belə gəlmirdi. Ömrünü şərəfli peşəsinə həsr etmişdi. Nə az, nə də çox, haradasa düz 40 il! Ozü də necə bağlanmışdı?.. Təkcə özünü yox, “Şamaxinki”da müştəri gözləyənləri də razı salar, belə deyək də, oradakı yoldaşlarına da sidqi ürəklə yanaşar, üzərinə götürdüyü tapşırıqları vicdanla, məsuliyyətlə yerinə yetirərdi.
Üzündə, gözündə, danışığında bir şölə, bir ziya işığı pərvazlanardı...
Bir dəfə söhbət etdi ki, Şəkidəki sürücülük məktəbinə güc-bəla daxil olmuşdu, pulsuz-parasız. Öz gücünə oxumuşdu ki, yol qaydalarını mükəmməl bilsin, idarə etdiyi avtomobili özü təmir etsin. Çünki bir də görürsən ki, maşın yolda xarab olub. Gərək maşının ehtiyat hissələrindən başın çıxsın ki, nasazlığı da aradan qaldıra biləsən. Sərraf deyirdi ki, nadir halda maşını ustaya aparır. O, bununla yanaşı dəfələrlə bildirirdi ki, bu 40 ildə bir kimsə narazı qalmayıb ondan. Sürücülük məharəti ilə yanaşı müştərinin də dilini bilmək lazım idi, onu gərək özündən narazı salmayasan. Sərraf bəlkə də yeganə sürücü idi ki, ilin bütün fəsillərində, xüsusən bayran günlərində gediş haqqını kortəbii qaldırmaz, sərnişinlərə belə haqsızlıq edənlərə qarşı da barışmaz mövqedə dayanırdı.
Sərraf istiqanlı, canıyanan bir insan idi. Yeri gəldikcə uşaqlıq və gənclik illərindən danışar, maraqlı söz-söhbətləri yada salar, bəzən də kədərlənər, ona dərs demiş
müəllimləri xatırlayarkən sanki üzündə, gözündə, danışığında bir şölə, bir ziya işığı pərvazlanar və deyərdi: “Mən müəllimlərimdən həyat, yaşamaq, yaratmaq
nədir, elmə, sənətə yiyələnmək, şərəfli insan titulunu daşımaq nədir? Suallarını eşitmiş və onların bu dürlü tövsiyələri bu günün özündə də, bu yaşımda da qəlbimdə, hissimdə, ruhumda yaşamaqdadır...
Evlərinin divarlarına əl çəkəndə sakitlik tapardı...
Yuxarıda qeyd etdiyim kimi, onunla həmsirdaş, həmdərd olmuşuq. Vaxtilə yaşadığı Basqal kəndini, oradakı evlərini, atası Heyyət əmini, anası Əminə xalanı, əmisi Mansur əmini, eləcə də digər yaxın qohumlarını yada salar, yenə də röyalar dünyasında yatıb qalan xatirə boxçasını bir daha varaqlar, danışar, danışar, eh deyərək kövrək bir şəkildə: "nə olaydı ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" deməklə sakitləşməz, bir də üstəlik əlavə edər, "vallah-billah ürəkdən deyirəm, kaş o kasıb uşaqlı, yeniyetməlik günlərimi, Nüsrət Kəsəmənli demişkən, birin tapıb, birini tapmadığım o günlərə, o saatlara, o dəqiqələrə qaytaraydılar" deyər, ona qulaq asanlara isə kədərli notlara toxunduğuna görə “məni bağışlayın” deyərdi. Mən şəxsən bu söhbətlərin şahidi olduğuma görə söyləyirəm.
Sonra isə əlavə olaraq özünəməxsus gülüşü ilə üzünü bizlərə tutub – inanın, mən hər gün işdən sonra yorğun olsam da, olmasam da, işim başımdan daşsa da, kəndə yolum düşəndə bir vaxt, bir məqam tapıb, mehr-məhəbbət saldığım “Bəybağı", “Dərəməhəllə” küçələrinə, doğma evimə gedər, 18 yaşıma qədər yaşadığım evin soyuq divarlarına əl çəkər, elə bil bu divarlara əl çəkdikcə canımdan, ruhumdan bir qığılcım, bir istilik çıxardı, bununla sanki sakitliyimi
tapar, həmin gün özümü çox gümrah, çox rahat hiss edərdim.
Gedən qayıtmaz, gələn qalmaz…
Sonda onu demək istəyirəm ki, Sərrafın adını ucaldan, şəxsiyyətini əbədiləşdirən ən ümdə keyfiyyətlərindən biri də onun xarakterinin ülviliyində, paklığında və bir də insani keyfiyyətlərinin ucalığındadır. Elə buradaca şair Söhrab Tahirin bu
misraları yada düşür:
Səadətdən, səxavətdən ucadır,
Yer üzündə bəşər kimi qocadır,
Dünya boyda ancaq üççə hecadır,
İnsan gedər, adı qalar yaxşılıq,
Gedənləri yada salar yaxşılıq.
Yer üzündə bəşər kimi qocadır,
Dünya boyda ancaq üççə hecadır,
İnsan gedər, adı qalar yaxşılıq,
Gedənləri yada salar yaxşılıq.
Yaxşı deyiblər, gedən qayıtmaz, gələn qalmaz. Həyat davam edir. Nəsillər nəsilləri əvəz edir. Amma nəsillər nəsilləri əvəz etsə də, illər, qərinələr ötsə də, xoş xatirələrdə Sərrafın insanpərvərliyi, xeyirxahlığı, duzlu-məzəli zarafatları
sözsüz-söhbətsiz, dilbilməz qəlbimizdən silinməyəcək və əbədiyaşarlığını saxlayacaq.
Sərraf Heyyət oğlu Əliyev 40 gündür aramızda yoxdur. O, bu işıqlı dünyadan getdi. Amma bizlərə onun ilıq münasibəti, aşıb-daşan sözü və şirin söhbətləri, bir də olduqca ağıllı-kamallı, qayğıkeş, 40 gündü ata deyib nalə çəkən Ülvin adlı övladı, qızı və şirin-şəkər qız nəvələri qaldı.
Dünya durduqca qəlblərdə və xatirələrdə əbədi yaşayacaq
Bizə qalan bir də xeyirxahlığı, xoş əməlləri oldu. Bu əməlləri isə sözə dönüb yaşayır. Yaşayır, ona görə ki, hər ulduzun yeri var kəhkəşanlar içində. Həqiqətən də belədir, saya gəlməz bu ulduzlar kəhkəşanında Sərraf Əliyev adı, soyadı, nəcibliyi, KİŞİ hərəkəti, KİŞİ dəsti xətti olub və olacaq. Dünya durduqca o da qəlblərdə, konüllərdə və qədirbilən insanların xatirələrində əbədi yaşayacaq. Şair Rəfiq Zəkanın dediyi kimi:
Nə qədər yaxşılar gəlir dünyaya,
Yenə yaxşıların yeri boş qalır.
Bəli, qayğıkeş və nəcib insan, əvəzolunmaz eloğlu, təəssübkeş dost Sərraf Əliyevin bu 40 gündə və indən belə yeri boş qaldığı kimi!
Sərraf Əliyevin ruhuna böyük ehtiram və hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay