Xəbərlər / Nesr
24.05.2024, 21:42
....Kölgə -onu yaradan işıqdır ... FOTO
....Kölgə -onu yaradan işıqdır ...
O yalnız ziyadan var olar. Kölgə dan yeri söküləndə Günəşin anasının qoynundan çıxaraq al şəfəqlərini dünyaya saçması ilə bərabər doğular. Günün batmağıyla itər, gecələr aydın səmalarda Ay işığının nurundan yenidən canlanar ...
Sağlam düşüncə, aydın təfəkkür, pak duyğu və nurlu zəka da parlayan günəşi kimidir, mənəviyyat kölgəsi əmələ gətirər. Qaranlıq və müdhiş düşüncələrin kölgəsi elə qaranlığın öz içərisində yoxluğa qərq olar. Gün doğanda və batanda kölgələr uzanar, bu iki nöqtənin tən ortasında isə qınına çəkilər.
...Günlərin birində yazıçı- publisit Rüstəm Dastanoğlu ilə bərabər dostlarla yola çıxmışdıq, maraqlı mövzularla dolu söhbətlərimiz oldu, vaxtın necə keçməsini də bilmədik. Burada Rüstəm müəllimin kitabının hazır olduğunu eşidib, xeyir- duasını verdim və kitabın adı ilə maraqlandım;
-“Düşüncələrimin kölgəsi.”
Ad öncə sıradan və bəsit kimi göründü, birdən məna dərinliyi “tutdu”. Bu adın seçilməsi hər düşüncənin məhsulu deyil.
Rüstəm Dastanoğlunun ağlının, ziyasının işığına bələd olduğuma görə bilirdim ki, bu kiatabda dərin mənaları ehtiva edən çoxlu fəlsəfi fikirlərlə rastlaşacam, ona görə də çapdan çıxmasını maraqla gözləyirdim. Rüstəm Dastanoğlu elm və fəzilətini düşüncələrlə dolu ömürləri bir- birinə bağlayan neçə-neçə ömür yolunun təcrübəsindən qazanıb, hər düşüncəsində işıq var. Helmli, ağıllı, zəki olmağı ilə bərabər məhsuldar ideyalar müəllifi kimi özünü təsdiqləmiş, liderlik bacarığına, müfəssəl lahiyələndirmə qabiliyyətinə, perspektivi aydın proqnozlaşdırma iqtidarına malik olmağı ilə cəmiyyətin intellekt axınında səmərəli istiqaməti təyin edə bilən ziyalıdır.
Ziya kölgə yaradır, amma öz kölgəsi yoxdur. Düşüncələrin kölgəsi müəlləkdir (asılı), insanın zəka işığından saçılan nurdan yaranır, ürək və zakanın vəhdət körpüsündə düşüncənin özünə düşür. Hüdudları hər kəsin düşüncə ölçüsü qədər olan mənəviyyat aləmini əhatə edir.
...Uşaqlıqdan bir mahnının təsirindən kölgəmi “tutmaq” cəhdi ilə gündəlik həyatı vərdişə çevirdiyim və səlis təfəkkür tərzinin əsasını təşkil edən, məntiq qanunlarına zidd olan, reallıqda isə tez-tez üzləşdiyim absurd fikirlərə qapılırdım. Nə qədər absurd olsa da, real həyatda müşahidə etdiyim prosesləri məntiqi cəhətdən izah etməkdə çətinlik çəksəm də davamlı olaraq bu fikirlərə qeyri- həqiqi anlamları yükləməyə çalışırdım. Kölgəm qədər yaxında hansı ayrılıq ola bilər deyə düşünürdüm!? Biri “qış kimi düşüncəli”, digəri “yaz kimi oynaq”, “gecə kimi fikirli”, “gündüz kimi şən” olan müxtəlif düşüncələrin əlində oynayan, yaxın olduğumuz halda tutulmayan kölgələr, ancaq insan var olanda varsınız, yox olduqda heç siz də olmayacaqsınız!
...Ayrılığın eylədi,
Könlümü dağ-dağ, gülüm.
Qış kimi düşüncəli,
Yaz kimi oynaq gülüm.
Kölgəm qədər yaxınsan,
Ancaq tuta bilmirəm.
"Unut" demək asandır,
Mən unuda bilmirəm!
Könlümü dağ-dağ, gülüm.
Qış kimi düşüncəli,
Yaz kimi oynaq gülüm.
Kölgəm qədər yaxınsan,
Ancaq tuta bilmirəm.
"Unut" demək asandır,
Mən unuda bilmirəm!
Can da, ruh da, kölgə də axırda bizi tərk edəcək, dünya oyun-oyuncağıymış deyəcəyik! Kölgə yaradan düşüncələr yalnız qəlb işığına möhtacdır. Yeməmək, içməmək, eşitməmək olar, unut deməklə unutmaq olmur. Hər şeyin kölgəsi yaddaşda qalır.
... Kölgəndən ucadasan.
Bulud kölgələri ucadan düşür, düşüncə kölgəsi kimi bir- birini gözləmirlər, öz sevdalarının ardınca qaçırlar. Sənin olmayan səndədir- bütün təzadlar. Düşüncələrdə və materiyada bütün kölgələr ziya axınından inikas olunur.
Yazıçı-publisist Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabında gənclik çağlarından başlayıb müxtəlf dövrlərdə qələmə aldığı mövzularda ( məqalələr, hekayələr, müsahibələr) mövzü baxımından həyatın təkamül istiqaməti əks olunmuşur. Ayrı-ayrı zaman kəsiyində yazılan başlıqlar müəllifin əsəri qələmə aldığı yaş dövrünün ideyaca xarakerik mahiyyətini aktuallaşdırır. Həmçinin Göyçə mahalında formalaşmış milli -mənəvi dəyərlərin, adət- ənənələrin əsərdə cəmlənməsi orjinallığı gücləndirir.
Müəllifin həyatda öz düşündüklərini epizodlarda obrazlaşdırması təbiidir. Məna və mahiyyət baxımından kitabda Rüstəm Dastanoğlunun mənəviyyat xəritəsi açılır. İstifadə olunan kəlimə və cümlələrin Ulu Göyçədə işlənmiş toponimlərdən, aforizmlərdən, atalar sözlərindən, arxaik zözlərdən ibarət olduğu maraq kəsb edir. İfadələrin seçimi fərqli üslubda ola bilərdi. Hiss olunur ki, bədii yaradıcılığında əsasən qoynunda böyüdüyü əsir Göyçənin haqqını qorumaqla hər bir fraqmentdə fikirlərin o qərib məkana yönəlməsinə üstünlük vermişdir. Bu prizmadan yanaşdıqda təfəkkürün ayrıd etmə xarakteri oxucu təəssüratını Göyçə mahalının maddi və mənəvi aləminə səsləyərək cismi və ruhu aramlaşdıran meditasiya yaradır.
“Tənhalıq həsrəti” hekayəsində “fikirləşmək üçün, bir şeyi çözələmək üçün asudə beyin, bütöv iç, bir də asudə beyinlə bütöv iç arasında əlaqə lazımdır” deyimi zəkanın fəlsəfi gerçəkliyə bağlılığından yaranmış fikirdir. Müəllifin böyüdüyü mühitdə insanların əksəriyyətinin həyat tərzi demək olar ki, oxşar idi. Qəlblərə o qədər qayğı, fikir, xiffət dolurdu ki, cəmiyyətin bütün təbəqələrində düşüncələrin sükunətinə asudəlik qalmırdı. Dərin düşüncələr kölgəsinin hər bəhsdə yer almış obrazların üzərinə düşdüyünün şahidi oluruq. “Asudəliyə, bütövlüyə, onların arsındakı bütövlük xəttinə qurd düşmüşdü və qurd Allah taalanın beyinə qoyduğu asudəliyi, içdə qurduğu bütövlüyü, onların arasında calaşdırdığı xətti dağıdıb yox etmişdir.”
“Qurd düşmüşdü” deyimi el arasında çox istifadə olunurdu. Üst- üstə uzun müddət nəmli qalan, əşyalara qurd düşər. Müəllif müxtəlif təsvirlərlə bədii yaradıcılığını səlis təxəyyül predmetləri ilə uzlaşdıraraq bəyənilən hala salmışdır. Allah taaladan oxşar tale yazıları ilə insanların mürəkkəb həyat tərzinin, çətinliklərinin üst-üstə yığılması sətiraltı nəzərə çatdırmışdır. Zahirən bəsit olsa da bu fikirlə cəmiyyətin mübtələ olduğu qayğı, əzablarla dolu yollarının trayektoriyasından bəhs edildiyi görünür. Əlbəttə ki, fikir aydınlığı intibaha yol açan yeni ideyaların yaranması üçün əsas sfera yaradır. Burada Rüstəm Dastanoğlu atasının, əmilərinin həyat xarakterlərinin məziyyətlərini göstərir. “Bir şeyi edə bilmə qabiliyətinə bacarığına yük olurdu iç dünyanın yükü.”
İkinci kölgədə hərbi hazırlıq dərsində yuxu tutması epizodu şərh edilir. Kiçik, işıqsız, havasız siniflərdə tədris etmək və öyrənmək nə qədər çətin olsa da belə mühitdə parlaq gələcək qurmaq əzmilə böyüyən uşaqlar mükəmməl təhsil alırdılar. Habelə digər riyazi, nəzəri, təbiət elmlərinin tədris olunduğu bu məktəb mühiti hansı vəziyyətdə olmasına baxmayaraq pedaqoji fəaliyyəti ən üstün səviyyədə olan, elmi mükəmməl şəkildə mənimsədən müəllimlərin tədris və təlim meydanı idi.
“Nuh əyyamdan qalma” bu binalar savadlı və bilikli insanların formalaşması üçün münbit şərait hesab edilərək məbədləşirdi. Bu cür elm məbədlərində həm müəllimlər, həm də şagirdlər seçdiyi istiqamətdə qarşılarına qoyduqları məqsədə çatırdılar.Amma zabitin keçdiyi hərbi hazırlıq dərsinə həvəssizlik sonunda hərbi xidmətə gedənlərin yolunu məcburən, yaxud sifarişlə “stroybata” salırdı. Hərbi hazırlığa ciddi yanaşmamaq, uşağı əsgərliyə yollayanda “stoybata saldırmaq” sindromu bir müddət sonra düşmənlərimizlə apardığımız Birinci Qarabağ müharibəsində özünü müvəqqəti məğlubiyyətimizin səbəblərindən biri kimi göstərdi. Havasız,işıqsız otaqlarda hərbi təlim bazası qurmaq olmurdu. Hələ lap bapbalaca vaxtından”tüfəng-tüfəng” oynamaması onun hərb oduna ürəyində yaşatdığı etiraz hissinin təzahürü idi. O, bilirdi ki, hərb olan yerdə qan və can itkisi var. Ürəyi bunları götürmədiyi üçün hərbi hazırlığa maraq göstərmədiyi, eyni zamanda əsil insanlıq hissinin onunla dünyaya bərabər gəldiyi anlaşılır.Yazıçı Rüstəm Dastanoğlunun fikirləri öxucusuna həyatın sonrakı mərhələlərindəki proseslərin rişələrini göstərir.
“...Fikri- zikri dünən axşam baxdığı “Amadey” filmini yanında idi” deməklə müəllif niyə məhz bu filmi vurğulaması diqqəti cəlb edən məsələlərdən biridir. Səkkiz dəfə “ Oskar “mükafatı, 32 təltif və 13 nominasiyaya layiq görülmüş bu filmin süjet xətti həyatın görünən və görünməyən bütün tərəflərini işıqlandırmaqla düşünən beyinlərdə dərin təsir qoyur. Yazıçı bu filmin adını çəkməklə oxucunun nəzərini həm kamil şəxsiyyət kimi formalaşmağın qaynaqlandığı mənbələrə, həm də inkişafa aparan mədəni -ictimai maraqlara yönəltmişdir. Hərçənd ki, “Amadey” filminin nə ssenari müəllifi, nə rejissoru, nə də aktyorları bizlərdən deyil. Bizlərdən olsa bəlkə də bu qədər mükafata layiq görülməzdi!
Müəllif gənclik dövründən formalaşan psixoloji köklənmənin insan taleyindəki təsirini papaq məsələsində ümdə hədəflərə çatmaq üçün təkcə elmi bazanı zənginləşdirməyin kifayət etmədiyinə maraqlı ehyam vurulmuşdur.Yüksəliş və mədəniyyət sistemi çərçivəsində cəmiyyətin ideallarının formalaşması üçün elmin rolu mövzusu təsvir olunmağı ilə bərabər, zirəkliyin, cəsurluğun, operativliyin də qlobal lahiyələrin həyata keçirilməsi üçün vacibliyi ibarəli şəkildə təqdir edilmişdir. İnstitutu qırmızı diplomla bitirib, papaq satmaqla məşğul olan şəxslərin həyatda müvafiq mövqe tuta bilməməsinə hekayədə ibrətamiz yer verilmişdir. Dövr və zaman biliklə bərabər, bacarıq olmasını da tələb edir ki, axsayıb geridə qalmayasan. “O qədər zəkası qızıl olan insanların mis satmaqla dolandığını görmüşük.” Saşanın elmi ilə dolana bilməməsini görüb, fəaliyyət istiqamətini ticarətə yönəltməsilə əyyamın yaşam tələbləri göstərilir. “Pulun varsa yaşayacaqsan” prinsipi müəllif idrakının qənaəti kimi oxucusunun düşüncə sisteminə yönəldilmişdir.
“Papaq bahalı idi, onu satıb öz istirahətini təmin edə bilərdi, amma Rüstəm Dastanoğlu düşüncəsi nəfsin üzərində haqq -ədalətin, halallığın qalibiyyətin önə çıxarır, demək istəyir ki, baş verə biləcək ən pis hadisələrdən heç kim sığortalanmayıb, sən ədalətli ol ki, haqq da sənə dayaq olsun! Ədalətin rəhni nəfsi və şəxsi mənfəəti ön planda tutmamaqdır! Kölgə qəhrəmanının adı hallanmır, amma yox deyil, düşüncə selinin axarında adamı kamilliyə tərəf çəkən xasiyyətin özüdür.
....Kölgə- işıqdan yaranıb yerdə əks olunan subyekt
Yazıçı- publisist Rüstəm Dastanoğlu əsərlərini böyüdüyü Daşkəndin füsunkar gözəlliklərini əks etdirən çalarlarla qəriblik və intizar hissi oyadan mövzularla bəzəmişdir. “İknci kölgədə” sübh çağı Günəşin çıxması ilə həyatda və məişətdə baş verən canlanma fonunda təbiətin hər gün sanki yenidən oyanmasının harmoniyası təsvir edilmişdir. “Dan yeri söküləndə oymaqlardan bütün canlılar özünəməxsus tərzdə necə çıxırdılarsa, axşamçağı da sahiblərinin sanki intizarını silmək üçün könül xoşluğu ilə öz yerlərinə həyatın rəngarəng axarının halallıqla inşa olunmuş yolları ilə qayıdıb tamamlayırdılar.” Müəllif Göyçə etnonimlərini vurğulamaqla diqqəti xalqın leksikonunda istifadə olunan kəlimələrin yaranma mənbəyinə çəkmişdir. “Gecdənnən” -səhər tezdən, gecəyə dən düşmə (gecənin ağartılarla dolmağa başlaması) mənası, “yıyə”, “bör -böcək”, “iti və küt hərəkətli həşaratlar” kimi sözlər təbiətlə canlı aləmin üzvi bağlılıq diapazonunda münasibətlərini tərənnüm edir. Həmçinin “Ağdaşın altı”, “Çınqıl” (Daşkənddə -yer adlarıdır) kimi topnimlərin qeyd olunması ilə gələcək nəsillər üçün genetik yaddaşın diqqət mərkəzində qalması saxlanmışdır.
Bu cür məfhumların vurğulanması xalqın öz dost- doğma yurdunda qurduğu həyat, məişət, təsərrüfat tərzinin yaddaşlardan itməməsi üçün bir vasitədir. Rüstəm Dastanoğlunun kitabında məna ölçüləri səhifə ölçülərindən qat- qat böyükdür, təsadüfi işlənmiş kəlimə və cümləyə rast gəlinmir.
Günəş səhər tezdən çıxarkən zaman itiləşir, bütün canlılar sanki harasa tələsir, axşama döndükdə “vaxtdan daş asılır”. Ana təbiətlə canlı aləmin enrtopiyası müəllif tərəfindən obrazlı şəkldə verilmişdir. Sətirləri oxuduqca ritmik duyğulara qapılıb, ruhən təsvir olunmuş maddi və mənəvi dəyərlər sistemindəki fərqli təsəvvürlər cərəyanına düşmüş olursan. Bu vəhdət içərisində Rüstəm Dastanoğlu öxucusunu özü ilə birlikdə eqosentrikləşdirir.
Çöyçə mahalında ictimai münasibətlər haqq-ədalət, böyük- kiçik yeri bilmə, hər kəsin öz yerini, öz iş- gücünü müəyyənləşdirmə prizmasında yazılmamış qanunlarla idarə olunurdu.Uşaqlar özlərinə aid olan işləri yaşca böyüklərə baxaraq müəyyənləşdirirdilər, kimsə demirdi; bu işi sən görəcəksən. Onlar vəzifələrinin nədən ibarət olduğunu görüb- götürmüşdülər. Valideyinə, təhsilə, qohum- qonşuya nümunəvi davranışına görə “fərasətli uşaq” rütbəsi alan uşaqlara xüsusi hörmət bəslənilirdi.
Kölgə-var olanın inikası...
... Əgər oğlanın anası Çınqılın dibindəki ştilləri sulamağa gedirdisə, mütləq o da getməli idi. Ayağı yer tutan hər uşaq zəhmətə qatlaşır, işi tamamladıqda özlərini finişə birinci çatan yarış qalibi kimi hiss edirdilər. Axşam işdən qayıdarkən bütün yorğunluqlarını landşaftdakı əsrarəngiz gözəllikləri seyr edib, beyinlərdə yaranan suallara cavab tapmaqla unudurdular. Gün batan zaman Göyçə gölünün səthi qan rənginə boyanır, təbiətin simasında ecazkarlıq yaranırdı. Axşam qan rənginə boyanmış sularla aram- aram sakitcə vidalaşan Günəş səhər yenidən doğmaq üçün mənzilinə tərəf üz tutub, dəniz sularının görünən spektri içərisində yorğun- yorğun yoxluğa qərq olurdu. Bütün varlıqlar dənizdə görünən qan rəngini seyr edərkən həyəcan içərisində qalırdılar. Bəlkə Günəş elə qan rənginə boyanmış gölün qanına batmaq istəmirdi!? Bəlkə mənfur hayların niyyətləriydi gölün üzərində əks olunurdu ki, Günəş içərisində qərq olub, onu qana boyamaq istəmirdi. Oğlan düşünürdü ki, axşamçağı bütün canlılar öz yuvalarına qayıdır, bəs niyə aləmi qana boyayınca Günəş batarkən öz yuvasına geri dönmür!? Təbiətinin ahəngi bu cür olan az-az coğrafi məkanlar mövcuddur. Bu rəngi Kərbəlada və Mədinədə Günəşin batdığı zaman Göyçə ilə müqayisəli şəkildə seyr etmişəm.
Rüstəm Dastanoğlunun yaratdığı təsvirlər həm mükəmməl rəsm əsəri, həm zərif duyğulara təsir qoyan nəzm əsəri, həm də əsil həyat obrazı ifadə olunan film kimidir. “Anası beli çiynində aparırdı, oğlan isə beli sapından yapışıb arxasınca sürüyürdü.” “Belin yükünü daşımaq” təsvir olunmaqla həssas bir məqam önə çəkilmişdir. Axşam yorğun-arğın çöldən qayıdanda beli yerdə sürüyə-sürüyə gətirərkən daşa- quma, kəltənə dəyib “relaktiv melodiyalar” səsləndirirdi, elə bil bütün əzaların yorğunluğunu çıxarırdı. Müəllifin bədii təsvirdə selektivlik məharəti ilə uşaqlıq keçmişini yenidən yaşamalı olursan. Əsərdə kölgə təkcə bir cisimin torpaq üzərində silueti kimi deyil, eyni zamanda zəhmət və əziyyətlə tütün suvarmaqdan gələn insanların alın tərinin, halal əziyyətinin kölgəsi kimi təqdim olunub. “Oğlan anasının arxasınca belin sapından yapşıb, onu sürüməsi”ndə əziyyətin, ahəngdar təbiət nəğməsi içərisində yorğunluğunu atmasının, yaşam tərzinin və yaşam hədəfinin kölgəsi verilib. Bəlkə də bel onu itələyə- itələyə aparırdı. Onu hiss etmirdi. Cılız və zəif uşaq əzələsi ağır fiziki işin içərisində yorğunluqdan o qədər keyimişdi ki, o bunu ihiss etmirdi.... Uşaq arxasıca sürüyə-sürüyə apardığı bel ilə yolunu davam etdirməsini müşahidə edərkən görürsən ki, bir -iki addım atır, arxadan beli sürüyür, onu öz bərabərinə çatdırdığı zaman yenidən bir- iki addım atır, yenə sürüyür. Adama elə gəlir ki, bel onu itələyib aparır. Bu cür hadisələr müəllifin göz və xəyal yaddaşında mənzərəli canlandırılmışdır. Uşaqlıq günlərini aydın dilin səlisliyi, tələffüz açıqlığı ilə xatırladıb, buna da Göyçə şivələrinin şirinliyini qatmaq yazıçı fəsahətinin erkən göstəricisidir.
Kölgə- yoxsansa, yoxdur!
“Onların ətəyi ilə getdikləri təpənin kölgəsi uzanıb beş- altı dəfə uzun olmuşdu; təpədən xeyli aralıda axan çayı keçmişdi, üz tutmuşdu çayın o biri üzündə cərgə ilə düzülmüş evlərin həyətinə sarı. Evlərin aynabəndlərinin, pəncərələrinin şüşələrində işıqlar oynaşırdı. Kölgə can atırdı ki, işıqları söndürsün və hər yeri öz kölgəsi altına alsın.” Bu fraqmentdəki fırtınalı fəlsəfi düşüncələrdə mənəvi zənginlik izlənilir. Güclü işıq kölgəsi zəif işığın kölgəsini itirdiyi kimi, Günəş kölgəsi də çıra kölgəsini itirir. Mənəvi dəyərlər içərisində əsil insan ömrü yaşamaq əzmi də belədir. Zəka kölgəsinin bütün kölgələri öz kölgəsilə itirməsi irfani mənadır, cövhər kimidir, düşüncə dünyasında ayrı bir dünyadır.Yuxarıda istinad etdiyimiz abzasda Göyçə mahalının təbiət proseslərinin siluetində həmahəng sistemlər daxilində səciyyələnən ayrı-ayrı obyektiv reallıqlar vasitəsilə baş verənlərin, eyni qaydalara və qanunlara bağlı olan varlıqlarla vəhdəti xalis bədii yaradıcılıq üslubu ilə verilmişdir.
Müəllif şüur xaricində qalan hər şeyi özündə cəmləşdirən obyektivlikləri öz dünya görüşü çərçivəsində xüsusi tərtibata salmaqla Göyçə mühitində dəyərləndirilən kainat prinsiplərini, insan varlığını və davranışlarını əhatəli şəkildə qavramağa sövq edən düşüncə tutumunda dünyaya ümumi baxış prinsiplərini ortaya qoymuşdur. Burada gözəllik qanunları əsasında yaradılışın mahiyyət və forması, yanaşılma tərzinin fərqliliyi, dünyanı dərk etməyin estetik qaydaları canlandırılmışdır.
.... “Oğlan indi də gözlərini günəşdən, dağdan, dərədən yığışdırıb, anasının yol çəkən, hərdən səyriyən gözlərinə, illərin sifətində açdığı cizgilərə zilləmişdi.” Göründüyü kimi burada “baxırdı” yox, “zilləmişdi” qeyd olunub. Dərin duyğularla qələmə alınmış bu cümlələrlə insan amilinin ən yüksək dəyərləri barizləşir. Ananın gözü daim yolda və intzardadır, ömrü yalnız balası üçün alovlanan ömürdür, baxışlarında sezdiyim alovlu duyğuların düşüncə orbitində hakimliyinin şahidi olduğum üçün əsərdə həmin baxışlara “yenidən qayıtdım”. Bu “qayıdış” ruhu candan alır. Qadınlar son nəfəslərində yalnız qardaşlarını istəyərlər. Onların simasındakı cizgilər övladlarının və qardaşlarının tale görüntüsüdür. Gözlər təzadlı fikirlərin təlatümündən səyriyər. Oğlan anasının qayğı dolu, hər vərəqi bir əzizinin yolunda tökülmüş ömür kitabının sirrini onun gözlərində tapıb, anasının harayına yetmək üçün gözünü zilləmişdi onun yol çəkən gözlərinə. “Anasına tamaşa eləyə- eləyə birdən öz- özünə kəşf etdi ki, insanların özləri kimi danışıqları, oturub- durmaqları kimi susmaqları da cürbəcür olurmuş.” Rüstəm Dastanoğlu burada oğlan obrazı ilə öz dünyagörüşünün gerçəkliklərə dolmuş olan qayəsini susan adamların şəxsində bir hikmətlə tamamlayır. “Bəziləri susanda özündən zəhlən gedir, bəziləri susanda isə susandan”. Müəllif müxtəlif kateqoriyaya aid edilən insanların susmaq xarakterinə bu cür yanaşmışdır. Analar qüssə, qayğı, sitəmlər içərisində, bir də ərlərinin və ağsaqqalların yanında olduqda susardılar. Onların susmağı şifahi həyat imtahanından səssiz keçmə əlaməti, bəlkə də özünü təlqinin hay- harayıdır. Rüstəm Dastanoğlu böyüdüyü mühitdə gördüyü qadınların ismətdən yoğrulmuş ləyaqətlərini rəssam kimi təsvir etmişdir . “Yol çəkən, səyriyən gözlər, illərin sifətində açdığı cizgilər oğlanın sifətini “burub” işə salmışdı.” “Burub” sözü məna aktuallığını mahiyyətcə yeniləməklə düşüncəni göz, dil və beyin arasında müvazinətin burulmasına görə oğlanın qurulu saat kimi işləyən beyninin qarışmasına yönəldir. Anasının gördüyü halından beyni bu qədər qarışıq olmasaydı O, daha böyük gələcəyi üçün ideyalar qura bilərdi. “Ana Təbiət”, “Ana Torpaq”, “Ana Vətən” deyimləri xüsusi məna kəsb edir. Təbitət insanla susqun halda “həmsöhbət” olduğu kimi, analar da çox vaxt fikirlərini susmaqları ilə deyirlər.
“ ...oğlan fikirləşirdi ki, Allah bilir, anamın indi səyriyən gözlərinin qabağında, dayaz çayın içi ilə ayaqyalın ağzı yuxarı- aşağı, suyu sıçrada-sıçrada arıq, cəlimsiz qız uşağımı qaçır,çoxdan dünyalarını dəyişmiş ata -analarınımı xatırlayır, uşaqlarına toymu çaldırır!?” Danışığından oğlanın beynində anasının uşaqlığı belə qalmışdı və elə bil suyun içi ilə qaçan o qız uşağını nə vaxtsa onun özü də görmüşdü. Sükunət içərisində ana- balanın bir- birininin düşündüklərini duyması, anaların dilə gətirmədiyi qayğıları balalarının hiss etməsi, həyatın təsəlliyə ehtiyac duyulan anlarında valideyn- övlad həmrəyiliyinin təpəri artırması düşüncə kölgəsi kimi kövrək şəkildə təsvir edilmişdir. Bunlar sadəcə bədii təsvir və ifadə vasitələri ilə bəzədilmiş cümlələr deyil, bir insan duyğusun aləmləri saracaq ölçüdən böyük olmasını göstərən ölçülərin, yazılmamış qanunların dərrakə daxilində reallığa bağlanmasının tərənnümüdür.Yazının kölgəsində ata- anasını vaxtsız itirmiş, ata çörəyi ilə böyüməyən bir qızın uşaqlığı təsvir edilir. Atasız kiçik qız uşaqlarının ən gözəl həmdəmi axar su səsindəki sehr və torpağın səmirsizliyi olar. Sanki su insana paklayıcılıq qədər də təsəlli vasitəsi qərar verilib. Balaca qız suyun içərisində aşağı- yuxarı, sıçrada- sıçrada qaçmaqla dərdini unudurmuş, gələcəyə ümidsizliyinin, arxasızlığının acısını axıdırmış. Atasız və anasız uşaqların pərişanlıqdan təcrid olmaq üçün su ilə oynamağı qəm yükünü atmaq istəyidir, onu ifadə etmək çətindir! Valideynlərini vaxtsız itirmiş anasının dərdi-səri bir tərəfdən, övlad evləndirib toyunu etməyin, dost- düşmən içərisində urvatlı toy çaldırmağın qayğıları da bir tərəfdən. Min- min xəyala dalan anaların köksü qayğı ilə doludur. Hələ bunlar bir yana qalsın sən demə ötəsi də varmış. Oğluna Xeyransa xalasına öləndən sonra Quran oxutmağın vəsiyyətini indidən bu “təpəni şahid çəkib” edir. Bərk -bərk tapşırır ki, yadından çıxmasın həmişə ona Quran oxutdur. Xeyransa sonsuzdu, dünyadan izsiz gedəcək. Bu epizod oxunarkən gözlər önündə çox kövrək bir həyat filminin ssenarisi canlanır.
Uşaqlıqda yaşanan sitəm oduna yenidən bir də yanmalı olursan. Obarzın təsviri tükirpədicidir. Oğlanın bu sözü eşitməsi onun içini “göyür-göyür göynətdi” ifadəsilə verilib. Kiçik yaşlı bir uşağın xalasının taleyinə bu cür reaksiyası insanlığın ən ali düşüncə vahidi kimi canlandırılıb. Bu prizmada müəllif öz ali kimliyinin uşaqlıq dövründən formalaşdığını bölüşür oxucuları ilə. Oğlan öz yaşından çox böyük qayğıların ağuşunda Allah Taalanın işi ilə beynində dolğun və gözyaşları ilə sulanmış suallarla yüklənir. Bir balaca uşaq bu yaşında dünyanın çəkisindən ağır olan qüssələr içində qovrula- qovrula böyüyür. Onun kamala yetməsi də çətinlikərin süzgəcindən keçərək dəryada şahə qalxan dalğalar kimi kükrəyir. Əsər o qədər təsirli dolğun və obrazlıdır ki, hər sətirində yeni bir dünya xəritəsi açılır
Göyçə mahalında dünyadan köçənlərə həsənə olunduqda əvvəlcə beyvarıs, bədvarislar xatırlanması hüsn və rəğbət kimi hakim qanunlar qəlibində idi. Bir nəsil içərisində kiminsə övlad nişanasının olmaması bir növ bütün nəsilin qayğısı, dərdi kimi qəbul edilirdi.
Gün əyildikcə kölgə uzanar
...Kölgə dərələrdən süzülüb şüşələrdə oynaşmırdı, onu kölgə söndürmüşdü. Uzaqdan baxdıqca evlərin şüşəbəndində kölgə işıqları sanki gizlənpaç oynayırdı. İrəli bir addım atdıqda o da yerini bir addım dəyişir. Bir addım geri atdıqda əvvəkli kölgə yenə öz yerində görünür, beləcə sayrışma davam edir. Fəqət bu proses gün batanadəkdir, günəşin işığı qana boyanmış gölün sularına qərq oldumu artıq kölgə də yoxdur, onu sayrışması da. Əsərdə insan həyatının əsil obrazı möhtəşəm rituallarla bəzənib, onun pak- pakizə hissləri, idrakı canlı şəkildə görünən film kimi elə dəqiqliklə oxucu ixtiyarına verilib ki, heyran olmaya bilmirsən.
Kamil insan yaşa dolduqca kölgəsi ağırlaşar. Çün onun həyatı həmişə ehtiyacında olduğu işığın odu içərisində bişib və möhkəmlənib. “Bir ağacın kölgəsində min canlı yatar” deyimi mənaca əsil insan ömrü sürən şəxslərin həyat şaxələrini hikmət qanunları ilə birləşdirir. Əsil insan ömrü böyüdükcə kölgəsi böyüyən ağac kimidir. Yazıçı- publisit Rüstəm Dastanoğlunun şəxsiyyətini formalaşdıran təməl elementləri, onu digər fərdlərdən ayıran şüuru istiqaməti nəzərə alsaq düşüncəmizin dəyərləndirə bildiyi ana qaynağı cinsəllik (kişi cinsində doğulmaqla bərabər kişi xasiyyətində olmaq), aclıq (mərdanəlik hissindən doymamaq) kimi ehtiyacların təmin olunduğu əsas mənliyin özünü görmüş olarıq. Xariqüladə zəkaya malik olması, dərin düşüncəli şəxsiyyətlərə xas olan mürdikliyi, uzaqgörənliyi, fikir və ideya da dahiyanəliyi Rüstəm Dastanoğlunun yaradıcılıq fəaliyyətində keyfiyyətcə fərqli maddi və mənəvi sərvətləri qiymətləndirmə prosesi içərisində, özünün əqli qabiliyyətlərini, mənəvi keyfiyyətlərini aşkarlayır. “Düşüncələrimin kölgəsi” kitabında müxtəlif dövrlərdə yazılmış əsərlər, çalışmalar bir yerə toplanmış, düşünmə qabiliyyəti yüksən olan auditoriya üçün incə və zərif mənalar ehtiva edilmişdir. Kitabın yazılmasında istifadə olumuş vasitə və üsulların ideya-estetik və ictimai-tarixi məzmunu müxtəlif tarixlərdə təşəkkül tapmış ayrı -ayrı obrazlı sistemlərin vəhdətindən asılı olaraq bədii ifadəliliyi özünəməxsus üslubda ortaya qoyur.
Torpağın ruhu
Rüstəm Dastanoğlunun oğlu Turala ithaf etdiyi bölümdür. Ruh canlılara xasdır, torpaq canlıdır ruhu olması da şübhə doğurmur. Cansız törəyə, yetişdirə bilməz. Varlığın cismi ilə ruhu birləşirsə, deməli o yaşayır. Torpaq ona qulluq olunmasından, bəslənməsindən və bol- bol nemətlər yetirməsindən ruhlanar. Onun canlanmağı ilə barını görmək insan ehtiyaclarından biridir. Nisan(leysan) yağışı görməyən torpaq xəstələnir. Əgər “kiçik -kiçik xəstəliklərdən qorunmasa” böyük ölümə çatıb, barsız qalar. Yazıda “torpaq yetişdirir” hikmət kəlamında insanın üzərində böyüdüyü torpağın xasiyyətini daşıması, o xasiyyətin nəsil-nəsil itməməsi düşüncə konfiqurasiyasında sahmanlı formada tərtib olunmuşdur. İnsan ruhən və cismən “kiçik- kiçik xəstəliklərdən qorunub özünü böyük ölümə çatdırma” yolundadır.
“Oğlanın anası tütün yerini suvarmaq üçün dəyirmanın suyundan bir- iki bel ağzı ayırıb öz tütün sahəsinə tərəf yönəltmişdi. O, bilirdi ki, bu işin qarşılığında hansısa əzab- əziyyətə düçür ola bilər. Amma min bir əziyyətlə əkib becərdiyi tütün yerinin susuzluqdan yanıb torpağa qarışmaması üçün bu addımı atmaq məcburiyyətində qaldı.” O, əziyyəti, övladlarının bir illik ruzisi batmasın deyə dəyirmanın suyunu öz tütün yerinə yönəltmişdi. Dəyirmançı da öz dən uyutməyinin hayında idi, suyun azaldığını görüb, püştənin yanı ilə gələ-gələ axırda qadını tapıb və onu itələyib suya salıb. Oğlan bu hadisəni görüb güclü mənəvi zərbə aldığı, bu zərbənin onun həyatı boyu yaddaşında çat kimi qaldığı müəllif tərəfindən səlis stildə mənalandırılmışdır. Göyçə ictimaiyyətində şüurlu və tədbirli olan, xüsusilə el arasında öyüd-nəsihətilə təsir qoyan, həmçinin sözlərinə camaatın qarşılıqlı əməllərlə riayət etdiyi seçilmiş ağsaqqallar vardı. Elin hörmət etdiyi ağsaqqala irad tutmaq, onu məzəmmət etmək olmazdı. O, hər zaman haqlı idi, əgər haqsız idisə buna da haqqı var idi. Hər kəsə mərhəm olan bu yaşlı dəyirmançı ağsaqqal oğlanın anasını suya basmaqdan çəkinməyərək belə hərəkətə yol vermişdi. Hamı bilirdi ki, əgər bu işi edibsə, boş yerə etməyib, ona görə də heç kəs onun qabağından qayıtmırdı. Ədəb -əxlaq normaları, namus və ləyaqət formullarına elə qarışmışdı ki, qadınlar ağsaqqalların yanında yaşmaq alar, bir kəlimə də olsun danışmazdılar. Bu el-oba camaatının müqəddsələşmiş meyarlarından idi, müvafiq bölümdə gözəl tərənnüm olunmuşdur.
Anasının tütün yerini suvarmaqdan ötəri düşdüyü bu vəziyyət oğlanı qarşılaya bilmədiyi hala salmışdı, həmin tütün yerinin üzərində ayaqyalın gəzərkən qədəmlərinin bərkidiyi, müvazinətinin düzəldiyi günlərdən yaddaşında ayağının altındakı xoş bir gizilti qalmışdı. ”Övladının yuxudan ata -ata deyə qışqıraraq qan- tər içində oyanması” oğlanın uşaqlığından yadında qalmış ən dərin xatirəsini- anasının dəyirmançı tərəfindən püştəyə salınaraq boğulmasını yadına saldı. İnsanın təfəkküründə özündən asılı olmayan həyəcanlı momentlərdə əvvəllər yaşadığı gərgin anların yada düşməsi kimi dominant spesifiklik var. Həyəcan dalğası içərisində övlad məhəbbətinin ana mehri ilə bərabər şahə qalxması atifənin iki ən güclü tərəfidir. Bir-birini istisna etməyən şüuru seçimin tərəzi üzərindəki kütlə balansı...
Uşağının bu halını həyəcanlı vəziyyətdə gördüyündən yaşıdığı o epizod yenidən gözlərinin qarşısına gəlir. Əslində zaman və məkan deyil, məhz insan həyəcanının hakimliyi bu duyğuları bir- birinə bağlayır. “Uşaq yuxudan qan -tərdə, ağlaya- ağlaya oyanırsa ya toxunması var, ya da nəzərə gəlib” deyərdilər. Uşaqlar məsumdurlar, xüsusi bioritmlərlə ruhən ya atasına, ya da anasına daha çox bağlı olurlar. Valideynlərin psixoloji gərgin vəziyyəti övladlara da sirayət edir. Oğlu ruhən daha çox atasına bağlı olduğundan “ata -ata” deyə qışqırıb oyanmışdı. Bu oyanma atasının ən əski yaddaşında qalmış tütün yerindəki torpaq üzərində yarıçılpaq belədən -elə, elədən- belə qaçıb, ayaqyalın gəzərkən yaranmış giziltilərı oyatdı!
“...Atası paltarını geynib şəhərə çıxmaq istdikdə oğlu yuxudan oyanıb; “Ata, məni də özünlə apar” deyə yenidən ağlamağa başladı!” Evdəkilərin cəhdinə baxmayaraq uşaq inadından dönmür. Atası ayaqqabılarını və pencəyini söyunub, uşağı aparıb dibdəki otaqda çarpayıya qoyub, özü də onun böyründə uzanır. Və uşağa qoşulub nə vaxt yuxaya getdiyindən xəbəri olmadan yuxuya gedir. Birdən gördüyü yuxuda “ay nənə, qoyma anam boğulur, ay nənə qoyma anam boğlur” qışqırtısına oyanıb, oğlunun “ata-ata” qışqırdığını eşidir. Altı cizilmiş olan bu epizodu nə demək olduğunu qoy hörmətli oxucu dəyərləndirsin. Uşaq qışqırıb atasını səsələyir, atası isə qışqırıb suda boğulan anasını xilas etmək üçün nənəsini.
Övlad ruhən hansı valideyninə bağlanırsa, təsəllisini, güvənlyini onunla təmin etmiş olur. İkincisi də “ananın ürəyi balasında olar” deyib atalar.Yuxuda anasını suda boğulmaqdan xilas etmək üçün nənəsini haraylaması ruhi bağlılığın davranışı tənzimləyən , həyat fəaliyyətini şərtləndirən psixi xüsusiyyəti, insan təfəkkürünün, idrak prosesinin tabe olduğu ümumi qanunauyğunluqlarıdır. Həssaslıqla təsvir edlmişdir, ailə və gen daxilində olanların ünsiyyət mənası və səbəbləri haqqında sualları cavablandırır.
“...Yenidən yuxuya gedib sinəsində yatmış oğlunun eyni qaydada tez-tez döyünən uşaq ürəyinin döyüntüsünü, aramla dərindən alıb- buraxdığı üzünə yayılan isti nəfəsinin sifətində əmələ gətirdiyi tər damlalarını öz bədənindəki kimi hiss eliyirdi.” Bu duyğulu mənzərəndə genetik kodlarla bir-birinə calanmış valideyin-övlad bağlılığındakı impulsların induksiyası Yaradanın zati və feli sifətlərindəki möcüzəvi əlamətlər fonunda göstərilmiş, uyğunluq, idrakın sirrli nəzəri əsasları incə nümunələrlə ruhi və mənəvi rabitənin tərənnümü kimi verilmişdir. “Torpağın ruhu” bölümünün finalında anlaşılır ki, torpağın ruhu onun yetirdikləri insanların ruhunda təcəlla edir. “... Birdən ona elə gəldi ki, canındakı o torpağın xoş giziltisi onu qucaqlayıb yatmış oğluna keçdi... Və əminliklə inandı ki, günlərin birində belədən-elə, elədən belə qaçdığı o torpağın üstündə oğlu da qaçacaq və onun varlığına da bu xoş gizilti hakim kəsiləcək və nə qədər başını sındırsa da, canındakı ağrının haradan ona tanış olduğunu heç cür tapa bilməyəcək. Bunun belə olacağına inanan müəllifin 1989 -cu ildə düşündükləri və əsərdə təsvir etdikləri 2024-cü ildə aktuallaşmaqdadır. İllər öncəki düşüncələr indi real görünür. Rüstəm Dastanoğlunun fikirləri bu gün reallığa çevrilməsi onun həyatı gördüklərində yox, gerçək qanunların düsturlarını dərk etməsindən qaynaqlanır. O, ağıldankənar dünyəvi proseslərin mümkünlüyünü təsəvvür sistemində realizm qanunları ilə dəqiq proqnozlaşdıran mütəfəkkirdir.
Dünyanın qaydasıdır, kimin dədəsinin nəyi olubsa, balasının da o olacaq. Zaman və məkan fəlsəfəsi isə həyat olaylarını dəyişə bilir. İnsanlar yaşadıqca əcdadlarının qanında, genində olan “xoş giziltilər”in gələcək nəsilə necə ötütrülməsi bilinməyən gerçəklikdir.
Bölümün son cümləsi- “...oğluna qoşulub dərin yuxuya getdi...” və bu dünya özü bir yuxudur!
Yola tez çıxan mənzil başına tez çatar. Günortayadək kölgə qısalmağa, sonra uzanmağa başlayır. Ömür yolunun yolçuluğu da buna bənzərdir. Müəllif hekayədə hər kəsin murada çatmaq üçün seçdiyi yola köklənib ona tərəf addımlamaq əzminin mahiyyətini göstərir. Materiya və ömür yollarında istər- istəməz yol yoldaşları ilə bərabər qət etdiyin vektorlar mövcuddur. Yol yoldaşınla səciyyəvi qarşılıqlı münasibətlər eyni müstəvidə bölüşə bir- birini tamamlayan harmoniya, sosiallşama, inteqrasiya yaranar, sənə babdırsa yol da yorucu olmaz. Ünsiyyət yalnız sosiallaşma ehtiyacı tarazlaşdıqda dayanıqlı hala gələ bilər. Cəmiyyətin yaşam qanunları təklik şərtləri daxilində mümükünsüzdür. İki sinif yoldaşının yol boyu ünsiyyətində birinin o birinə verdiyi bir çox sualların cavabsız qalmasının mahiyyəti mövqe və düşüncə uyğunsuzluğunu göstərir. Onların mövcud fərqli mövqe və imkanları hələ kiçik yaşlarda Həsən müəllimin sinifdə uşaqlara baxıb dərin xəyala daldığı gündən başlayıb. 20-30 il keçəndən sonra elə Həsən müəllimin düşündüyü kimi bu uşaqların taleyi heç də eyni olmadı. Çün ki, hər ikisi eyni məqsədə, amal və əqidəyə tərəf köklənib yön almadılar. Məfkurə insani hisslərin fövqündə formalaşır və onu potensialının ən yetkin, ən uca həqiqət məqamına çatmasına dayaq olur. Məfkurə mücərrəd məfhum olsa da ideya kimi həyatın rəhini artıran, ömrü izzətləndirən təbəddülatın özəyidir. Bərabər yol gedən sinif yoldaşlarının biri arzuları üzərində köklənib onları reallığa çevirə bildi, digəri isə həsəd içərisində öz həyat tərzini qəbul etmədi. Onların bu günkü fərqli imkanları Həsən müəllimin sinfində oxuyarkən düşünüb qərarlaşdırdıqları istiqaməti fərqli olan rasional düşüncələrin üstqurumu idi.
Rüstəm Dastanoğlu əqli biliyə istinad edən həqiqət spektrini hisslərində deyil, düşünüb nəticə əldə etmək iqtidarında görən şəxsiyyətdir. Rasionallığı biliyinin, təfəkkür və düşüncəsinin əsasları üzərində qurulduğundan ağıl, məntiq baxımından genetik dəyişməzliyi reallıqları müstəqil qəbul edib, bu istiqamətdə cəsarəti artıran ibrətdən inkişaf etmişdir. Öz düşüncələrinə etiqadı ilə həqiqi həyati hadisələrə istinad edərək, elm və biliyə əsaslanmayan düşüncələrdən ayrılıb öz uğurlarını inamla qurdu. Ətrafdakılara kömək etmək, əl tutmaq imakanlarına malik olduğundan, onun ömrü də düşüncə və yazıları kimi parlaq mücəssiməyə çevrildi.
Hələ Həsən müəllimin dərs keçdiyi dövrdən əllərindəki kassetli maqnitifonları ucadan oxuda- oxuda sevdiyi qızın məhləsindən gündə 10 yol keçən “əlaçılar” həyat imtahanından kəsildilər. Kamil olmaq üçün özünü deyil, başqalarını yaşatmaq arzuları qurub ona köklənməlisən, şəxsi maraqlarından çox ictimai maraqları üstün tutmalısan. Belə olduğu halda yolun yorucu olmaz. Kölgənin ən qısa vaxtında mənzil başına çatıb, ömür kolgəsinin ən uzununu qazanarsan.” Düşüncələrimin kölgəsi” kitabının müəllifi kimi...
(ardı var)
Həkim, provizor,Tibb üzrə fəlsəfə doktoru,
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru,
Hacı Abbas Əli oğlu Bağırov (Göyçəgöl)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay