
Xəbərlər
21.02.2024, 22:59
Fərid, şəhid dayınla fəxr et!.. - FOTO
Fərid, şəhid dayınla fəxr et!..
Şəhid Xaqaninin atasına son sözü:
“Öləndə vəsiyyət edərəm ki, meyidimi bura gətirməyin, harda həlak olsam, orda da basdırın məni…”
“…Mən, Qurbanov Xaqani Paşa oğlu Azərbaycan Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin 687-ci qrup tələbəsiyəm. Bugünkü iclasa məni xüsusi maraq gətirib. Bizim Vətənimizdə bu gün nahaq qanlar axıdılır, biz isə hələ təklif irəli sürürük. Bu gün namusun, qeyrətin sınağa çəkildiyi bir vaxtdır. Belə vaxtda ölmək lazımdırsa, ölməli, vuruşmaq lazımsa, vuruşmalıyıq. Ona görə də mən könüllü olaraq cəbhəyə getməyə hazıram!”
Bu fikirlər qeyrətli vətən oğullarının harayı, çağırışı və milli-mənəvi dəyərlərlə aldığı tərbiyəni əks etdirir. Deyərdik ki, belə fikirlərin müəllifləri bu gün aramızda, sıramızda yox, haqqın ucalığında - şəhidlik məqamındadırlar!
Gəlin onlardan biri ilə, elə bu fikirlərin müəllifi olan Xaqani Paşa oğlu Qurbanovun qısa ömür və döyüş yoluna boylanaq.
Xaqani 1970-ci il mayın 17-də anadan olub. Öz həmyaşıdları kimi, ata-ana nəvazişiylə boya-başa çatdı. Ala gözləri daim gülərdi Xaqaninin. Atası Paşa müəllim hər gün oğlu ilə evdən qoşa çıxıb məktəbə bir gedərdi…
İllər bir-birini əvəz etdikcə Xaqani qeyrətli, vətənpərvər bir gənc kimi boy aır, bəxtəvərcəsinə yetişirdi. Atasının köməkçisi, bacısının isə fəxri idi. Xaqaninin 23 illik nakam, yarımçıq qalmış ömür salnaməsindən danışmaq çox ağırdır, ürəkyandırıcıdır…
“…Həmişə ailəmizə, şəxsən mənə qarşı mehriban olub, xatirimə dəyəsi hələ bir söz eşitməmişdim ondan. Vətənpərvər, qeyrətli Xaqani instituta (indiki Azərbaycan Neft Akademiyası) qəbul olduqdan sonra keçmiş Sovet Ordusunda hərbi xidmətə getdi. Elə həmin illərdə də eməni-müsəlman davası (ötən əsrin 88-ci illəri) başladı. Mənfur ermənilər bizi də öz tarixi ata-baba yurdumuzdan didərgin saldılar.
Xaqani ordudan evimizə deyil, birbaşa Bakıya gəlmişdi. Hər dəfə söhbət düşəndə “bu işlər belə getməyəcək”,-deyirdi. 20 Yanvar 1990-cı il qətliamında anam onu küçəyə çıxmağa qoymadı. Pəncərəyə sığınıb o qədər həycanlı hadisələri izləyirdi ki, burnu gömgöy göyərmişdi.
Hadisələr bir-birini əvəz etdkcə çox qərarsız olmuşdu: özünə yer tapa bilmirdi. Nəhayət, Xocalı soyqırımı onu son qərarını verməyə vadar etdi. Bizim narahat olacağımızı bilib, gizlicə, heç kimə demədən gedib könüllülər dəstəsinə yazılmışdı. Təlimlərə gedib-gəldiyini də bilməmişdik. Bir gün hərbi paltarda evə gəldi. Nə qədər şux, vüqarlı görünürdü. Əsl türk oğlu kimi gülümsəyərək:
-Hə, ana, mən gedirəm,-dedi. Mən hərbi biletini alıb gizlətmək istədim və yalvardım:
-Getmə, nolar, hamı necə, sən də elə. İnstitutu atıb gedirsən?!
Bileti vermək istəmədim. O isə gülərək, əllərimdən tutub dedi:
-Bacı, mən biletsiz də gedəcəm. Qoy Fərid böyüyəndə dayısı ilə fəxr etsin, deməsin ki, dayım vaxtilə fərarilik edib.
Xaqani sanki məni də özü ilə döyüşə apardı. Hər dəqiqə televizorda xəbərləri izləyir, telefon zəngini gözləyirdim. Sorağı Qarabulaq, Sarısu, Tərtər, Ağdərədən gəlirdi. Tez-tez danışır və bizi arxayın edib: “Qorxmayın, düşmənin başını əzib gələcəm. Qoy Xankəndiyə Qələbə bayrağını sancım, orada məskən salacam”,-deyirdi.
Döyüş yoldaşları danışırdılar ki, o, çox şücaətliklər göstərirdi. Hətta, öz ixtisası olmasa da belə, bir neçə minanı zərərsizləşdirmişdi. Döyüşə gedəndə öndə olmağa can atır, “əzizinəm Qarabağ, əldən getməz Qarabağ!”-Deyərək yoldaşlarını döyüşə ruhlandırırdı.
Nə qədər dostürəkli idisə, düşmənə qarşı da bir o qədər amansız idi. Axırıncı dəfə zəng edəndə “10 günlük məzuniyyətlə gələcəm evə”,-dedi. Anama da tapşırdı ki, məzuniyyət götürsün. Anam səhərsi gün məzuniyyət götürüb evə gəldi.
Bu danışıqdan sonra Xaqanigil mövqe döyüşünə girir. Komandiri Şahlar (soyadını bilmirəm) ona yaralı əsgəri arxaya aparmağı əmr edir. O isə yoldaşları ilə birlikdə maşına minərək, “mən sizi tək buraxmaram, komandir, qoy yaralını başqası aparsın”,-deyir.
Danışandan iki gün sonra əmim də bizdə idi. Televiziyada bizim bir hərbi maşınımızın düşmən snayperi ilə vurulduğunu eşidəndə o qədər ağladım ki. Şəhid olanların bacısı kimi sızıltıyla ağlayırdım. Ürəyim yanırdı, axı, mənim də qardaşım ön cəbhədə, düşmənlə üz-üzə idi. Amma bilmirdim ki, öz qardaşıma ağlayıram…”
Bu göz yaşları ilə yazılanlar Xaqaninin bacısı Esmiranınkıdır.
1970-ci il mayın 17-də Mehri rayonunun Nüvədi kəndində Paşa Qurbanovun ailəsində bir körpə dünyaya gəldi. Adını Xaqani qoydular. Çoxları kimi, o da valideynlərinin, doğma bacı-qardaşının nəvazişi ilə boy atdı. Xoşbəxt günlərinin birində məktəbli çantasını çəkə-çəkə dərsə getdi. Müəllimlərin sevimlisi, burada qazandığı sinif yoldaşlarının yaxın dostu oldu. Həyatda ən müqəddəs kəlməsi “Ana”, “Vətən” sözlərini yazmağı-oxumağı burada öyrəndi. Xoşbəxt günlər onu necə də ağuşuna almışdı. 10 il sanki bir göz qırpımında ötüb-keçdi, yetkin bir gənc kimi orta məktəb illərinə əlvida deyib, Vətən qarşısında borcunu verməyə - orduya getdi.
O, bu borcun sınağından məharətlə çıxdı. Sonra Neft Akademiyasının tələbəsi oldu. Bu, o vaxtlar idi ki, ermənilər soydaşlarımızı dədə-baba yurdlarında tədricən sıxışdırmağ başlamışdılar. Vəziyyət yavaş-yavaş gərginləşirdi. 200 min qaçqın Bakıya pənah gətirəndə Xaqanigilin ailəsi də onların arasında idi. Xain qonşuların namərdliyi onun gənc qəlbinə sağalmaz yara vurdu. Ürəyində intiqam hissi baş qaldırdı. Şərəfsiz düşmənlə açıq meydanda vuruşmağa məqam axtarırdı. Nəhayət, belə məqam gəlib çatdı.
Qurban Abidoğlu “Neft kadrları uğrunda” qəzetinin 30 oktyabr 1992-ci il tarixli 9-cu sayında “Şəhid Xaqani” məqaləsində yazır: “…Akademiyanın akt zalında mövcud vəziyyətlə əlaqədar iclas keçirilirdi. İclasda çoxlu təkliflər irəli sürüldü. Bir tələbə oğlan da əlini qaldırıb söz istədi və cəsarətli addımlarla kürsüyə qalxaraq dedi:“…Mən, Qurbanov Xaqani paşa oğlu Azərbaycan Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin 687-ci qrup tələbəsiyəm. Bugünkü iclasa məni xüsusi maraq gətirib. Bizim Vətənimizdə bu gün nahaq qanlar axıdılır, biz isə hələ təklif irəli sürürük. Bu gün namusun, qeyrətin sınağa çəkildiyi bir vaxtdır. Belə vaxtda ölmək lazımdırsa, ölməli, vuruşmaq lazımsa, vuruşmalıyıq. Ona görə də mən könüllü olaraq cəbhəyə getməyə hazıram!”
…Tərlan baxışlarıyla zalı ani süzdükdən sonra o, kürsünü tərk etdi.
…Martın 20-də Tərtər rayonunun ağır vaxtlarında düşmənin başına od ələdi. Goranboy rayonun Yuxarı Ağcakənd, Erkəc, Buzluq kəndlərinin erməni daşnak quldur dəstələrindən azad edilməsində yüksək döyüş şücaətlikləri göstərdi. Vuruşa-vuruşa, arxada qalan valideynlərinə təsəlli dolu məktublar da yazdı Xaqani…
Atası Paşa müəllimlə görüşmək qərarına gəldik. Darısqal qaçqın evində oturub drdləşirik. Paşa müəllim siqaretə ara vermir. Tüstüsü başından qalxır. Oğul dağı atanın şux qamətini əymişdi. Şəhid atasının dil-dodaqları əsə-əsə dediklərindən bəzilərini köçürürdük:
-Oğul, Xaqani haqqında nə deyim?! Nüvədi gənclərindən ilk döyüşə gedən o olub. Bilirsiz də, erməni şərəfsizlərin Şərqi Zəngəzur əhalisini də qaçqın saldı öz dədə-baba yurdumuzdan. Orada daşnakların qəfil hücumlarına sinə gərən, qorxmayan, yer-yurdunu ən son tərk edən də Mehri rayonunun Nüvədi kəndi olub. Koroğlu Rəhimovun dəstəsində vuruşurdu. 1992-ci il mayın 7-də istədim ki, saxlayım. Vallah, ürəyimə nəsə dammışdı. Təkid etməyimə baxmayaraq, dediyindən dönmədi. Onu bu fikrindən daşındırmaq üçün dedim ki, bala, qaçqınıq, dərdimizin üstünə dərd gətirmə. Cavabı bu oldu: “…Öləndə vəsiyyət edərəm ki, meyidimi bura gətirməyin, harda həlak olsam, orda da basdırın...”
…Elə həmin il iyul ayının 3-də Xaqaninin özü yox, şəhidlik xəbəri döydü Paşa müəllimin qapısını…
Bu, onların son görüşü və Xaqaninin atasına verdiyi son təsəlli imiş. Görəsən, ata ürəyi bu təsəllidən azca da olsa, toxtaqlıq hiss etdimi?
Xaqani də minlərlə şəhidimiz kimi, Ağdərə döyüşlərindən sonra Qarabağ torpağını öz qanı ilə suvardı və Bakıda Şəhidlər Xiyabanına üz tutdu…
Yeriniz behişt olsun, xaqanilərimiz, xaqanlarımız! Paşlarımız, siz də dərd çəkməyin, şəhid ata-anaları, bacı-qardaşları: “ Qarabağ Azərbaycandır!” Yolumuz Zəngəzura, Göyçəyə, son gedəcəyimiz ünvan İravandır…
Məhəmməd Nərimanoğlu,
“Qanlı köynəklər” kitabından
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














