Xəbərlər / Nesr
31.01.2024, 20:12
HAMIMIZ TORPAĞINIQ - FOTO
HAMIMIZ TORPAĞINIQ
Vaqif Əkbəroğlunun işıqlı xatirəsinə dərin hörmət və ehtiramla
Torpağın üstündə doğuluruq, yalın ayaqlarımızla onun köksündə ilk addımlarımızı atırıq, bərəkətindən güc alaraq böyüyürük, “ana” dediyimiz bu varlığa ömrümüz boyu borclarımızı qaytarmağa çalışırıq və nəhayətdə dövrə qapanır, yenidən müqəddəs torpağın ağuşuna qayıdırıq.
Bu, hər insanın taleyidir.
Amma dəyərli Azərbaycan ağsaqqalı, yaddaşlarda və ürəklərdə həmişəlik qalmaq haqqı qazanmış Vaqif Əkbər oğlunun torpaqla təmaslarının hər kəsə nəsib olmayan başqa özəllikləri də var.
O, torpaqşünas KİŞİ idi, torpağın təbibi, loğmanı idi. Torpağın dərdlərinə çarə qılmağın, torpağın ağrılarını müalicə eləyərək onu insanlarçün daha faydalı etməyin yollarını, üsullarını, sirlərini də bilirdi.
Torpağı hamımız sevirik, amma bu bilgin insanın torpaq sevgisində xüsusi bir nəvaziş, qayğıkeşlik duyğusu da vardı.
Canına duz işləmiş, şoranlaşmış, əkilib-becərilməyən torpağı sağaldaraq onu yenidən əbədi vəzifəsini yerinə yetirməyə hazırlamaq, ölmüş torpağa bu yaşında da dirilik vermək Vaqif əminin vətəndaş, bu torpağın dilini bilən bir adam kimi axtarışlarının başlıca qayəsi idi.
Elə bir şair Əli Tudə bu şeiri yazanda Vaqif əmi kimi KİŞİlərin məziyyətlərini doğru tutub yazıb:
Aran qucağında, yaylaq üstündə,
Nə rütbə, nə də ki şöhrətdir andı.
Yox, yox, bərəkətli torpaq üstündə,
Anamız torpağa xidmətdir andı.
Nə rütbə, nə də ki şöhrətdir andı.
Yox, yox, bərəkətli torpaq üstündə,
Anamız torpağa xidmətdir andı.
Zəkasını və gəncliyinin ən gözəl illərini bu niyyətə yönəltmək, əlbəttə ki, ən əvvəl daxildən gələn bir sevgiylə bağlıdır. Həmin sevginin nəticəsidir ki, universal qabiliyyətlər sahibi olmuş Vaqif əmi ata-babalarına xas bu keyfiyyətdən xali deyilmiş.
İnsanlar arasındakı ən ali münasibətlərdən biri xeyirxahlıq və səmimilikdir. Xeyirxahlıq ən yüksək insani keyfiyyətdir. Hər dəfə xeyirxahlıqdan, yaxşılıqdan söz düşəndə böyük şairimiz Səməd Vurğunla bağlı bir epizodu xatırlayıram. Xarici ölkədən vətəninə qayıdan şairi aeroportda qarşılayan ən yaxın dostlarından biri hal-əhvaldan sonra ona belə bir sual verir: «Şair, çox ölkələr gəzib, çox adamlar görübsən, Bəs deyə bilərsənmi ki, səadət nədir?»
Səməd Vurğun dostuna belə cavab verir: «Dostum, sən bu sualı öz ürəyinə ver! Neçə insan övladının üzünə ürəyinin qapılarını açmısan? Neçə insan övladının qolundan tutub ayağa qaldırmısan? Bu dünyada ən böyük nemət insanlıq, insanlığın əsas şərti isə xeyirxahlıqdır. Bu dünyada ancaq yaxşılıq qalacaqdır. Bax, əsl səadət budur!»
Yanvarın 30-da doğulduğu Basqal adlı yurdundakı qəbiristanlıqda torpağa tapşırılan Vaqif əmi də ömürlüyündə etdiyi yaxşılıqlarla, nəcib və savab işlərlə yadımızda bax beləcə qaldı. Bu xəbəri eşidəndən Vaqif əmi ilə son vaxtlar keçirdiyimiz günləri, mərhum Miryavər müəllimin böyük oğlu, yaxın dostum Hacı İlqar Hüseynzadə ilə onun qonağı olarkən etdiyimiz maraqlı, şirin, duzlu-məzəli söhbətləri, zarafatları xatırlamalı oldum, mərhumun ürəkdən gələn sözlərində kamil bir insanın könül duyğularını bir daha hiss etdim, onun vaxtilə telefonuma yazdığım məlhəm səsinə qulaq asaraq yenidən yaşadım, qarşımda əsl insanı gördüm. Onun həyatı da, ömrü də bu hisslərlə təşəkkül tapmış, insanlıq və xeyirxahlıq lirikası kimi meydana çıxmışdı.
Deyirəm ki, rast gəldiyim bir yetim uşaq
Ata desin, ata bilsin məni görəndə.
Kim istəməz yıxılanın dayağı olmaq?
Kim sevinməz bir xeyirxah ömür sürəndə?
Ata desin, ata bilsin məni görəndə.
Kim istəməz yıxılanın dayağı olmaq?
Kim sevinməz bir xeyirxah ömür sürəndə?
Xeyirxahlıq - təmənnasız edilən yaxşılıq, əvəzi güdülmədən göstərilən köməkdir. Bu isə bəşər tarixində insanlığın ən böyük arzusu, ən yüksək amalıdır. Vicdanı pak, nəfsi təmiz olan adamlar həmişə başqalarına göstərdikləri təmənnasız yaxşılıqdan, darda olana əl uzatmalarından mənəvi zövq alıb, ali insanlar kimi yaddaşlarda qalıblar. Mənim, sənin, onun – hamının tanıdığı Vaqif əmi də artıq ali İNSAN kimi yaddaşımıza yazılıb.
Özü evlərində olarkən dəfələrlə bu fikri səsləndirmişdi: - Qardaşoğlu (özünə yaxın, səmimi hesab etdiyini həmişə belə çağırırdı), yaxşılıq, xeyirxahlıq heç vaxt itmir, gec-tez yaxşılıq edən şəxsin özünə qayıdır, onu əsl insan kimi tanıdır, ucaldır, şöhrətləndirir. Xeyirxahlıq əsl tərbiyə məktəbi, tərbiyə vasitəsidir. Biz də bu məktəbin şagirdləri kimi xeyirxah olmalı, bizdən kömək umanlara, dara, çətinə düşənlərə qayğı göstərməli, onların harayına, köməyinə çatmalıyıq. Bu, bizim qəlb istirahətimiz, könül dincliyimiz olmalıdır.
Və Vaqif əmi belə də etdi, nə istirahət bildi, nə də dinclik. Vaxt olurdu ki, yurdunda gündə müxtəlif vaxtlarda yas mərasimi düşürdü. Vaqif əmi düz 3 dəfə Bakıya gedib qayıdırdı ki, o məclislərdə iştirak etsin, el-oba yanında üzüqara olmasın. Kənardan baxanlar onun bu qeyrətinə, cəsarətinə, yaşının çoxluğuna və səhhətinin elə də yaxşı olmamasına (son vaxtlar gözləri görmürdü) baxmayaraq heyran qalır, onun kimi olmağa çalışırdılar. Amma kənardakılar onun kimi ola bilməzdilər. Çünki bu KİŞİ rəhmətlik Əkbər əminin oğlu idi. Bu iş onun böyuna biçilmişdi, bu missiya sanki elə bil təkcə onun üzərinə düşmüşdü. Vaqif əmi isə Allah qarşısında borclu qalmasın deyə üzərinə düşən missiyanı KİŞİ kimi daşıdı, son nəfəsinədək. Xeyir işlərində də həmçinin, həmişə bir ağsaqqal kimi başda oturdulur, hörmət və sayğı göstərilir, bir sözlə, hər kəs bacardığını edirdi ki, Vaqif əminin ruhu inciməsin. Çünki Vaqif əmi özü son nəfəsinədək heç kəsi incitməmiş, kiminsə xətrinə dəyməmişdi. Axı necə də incidə bilərdi? Başının üstündə Allahı hiss edən şəxs belə addımı necə ata bilərdi ki?
Xeyriyyəçiliyə, xeyriyyə əməllərinə, savab işlər görməyə çağırış həm də dinimizdən, müqəddəs İslam dinindən irəli gələn bir məsələdir. Ümumiyyətlə, bütün səmavi dinlərdə, o cümlədən İslam dinində xeyriyyəçiliyə, insanlara rəhm və mərhəmət göstərməyə, əl tutmağa, savab əməllər sahibi olmağa çağırışlar var. Bu, həm də bir könül, ruh işidir. Yəni, xeyriyyəçilik, əl tutmaq, savab əməllər sahibi olmaq, ilk növbədə insanın içindən, daxili aləmindən, mənəviyyatından, ruhundan doğan bir məsələdir. Burada zorla nəyi isə etdirmək, əldə etmək mümkün deyil. Bu, ya olur, ya da olmur. Həmçinin bu xeyirxah işlə, bu xeyirxah missiya ilə məşğul olan və məşhurlaşan, insanların qəlblərində əbədi taxt ucaldan insanlar, şəxsiyyətlər tarixən mövcud olublar və bu gün də vardırlar. Onlar öz işıqlı əməlləri ilə özlərinə hələ sağlıqlarında rəhmət qazandırmağı bacarıblar. Əkbər əminin oğlu Vaqif kişi də sadalaqılarımdan xali deyildi. Sağlığında özünə rəhmət də qazandıra, həm də özünə abidə ucalda bildi.
Vaqif əmi barədə nə qədər deyilsə, yazılsa, yenə də azdır. Çünki o elə bir möhtəşəm kitabdır, elə bir möhtəşəm əsərdir ki, oxunduqca, oxunur, vərəqləndikcə, vərəqlənir, bitmək bilmir ki, bilmir. O, bir sonsuz ümman, bir sirli xəzinədir…
Yaxşı insan idi Vaqif əmi...
Təbii ki, bunu mən öz qənaətim kimi deyil, onunla oturub-durmuş, uzun illər boyu ünsiyyət saxlamış, dostluq, qonşuluq etmişlərin, yaşıdlarının, övladlarının inamlı, etibarlı, bir-birini təsdiqləyən və biri digərinə söykək duran xatirələrinin əsasında bildirirəm.
Onun yaxşılığını, qüdrətini, ötkünlüyünü sübut edən ilk növbədə onun özündən sonda bu dünyaya qoyub getdiyi əmanətidir. O özü həyatda olmayanda da, lap yüz il sovuşsa da, əməlləri onun əvəzindən danışa, onun parlaqlığına, böyüklüyünə şahidlik edə bilər.
Yaxşı insan olmağın əsəri isə ürəklərdə, hafizələrdə qalır.
Qəlpə-qəlpə xatirələr üst-üstə qalaqlanır və artıq bir gün sən dünyada olmayanda həmin yaddaşlar ən ədalətli münsif kimi mövqe bildirir.
Səni olduğun kimi tanıdır!
Xeyrə-şərə yarayan, mərhəmətli, qayğıkeş olmusansa, xatirələr səni vaxtın güzgüsündə məhz o cür, bunlara əks olan xasiyyətləri daşımısansa, həmin təhər nahamvar göstərəcək.
Anların donub qaldığı fotoşəkil, videolent kimi. Daha nəyisə dəyişmək, təzədən başlayıb ayrı cür etmək imkanı yox!
Ona görə də ailəsində sıxıntılar yaşasa da, müxtəlif vaxtlarda itkiləri olsa da, tale qırıqlığı baş versə də, arzularının çoxu ürəyində qalsa da, hər halda Vaqif əmi xoşbəxt insanmış. Onun haqqında indi saatlar ayrılığından sonra xatirə bölüşənlərin hərəsi bir xarakterdir, cəmiyyətdə, həyatda hərəsinin öz fəth etdiyi ucalıq, çatdığı zirvə var.
Onların hər birinin ömründən çox insan keçib və bir də Vaqif Əkbər oğlu.
Biri onunla məktəb yoldaşı olub, həmin illərin axarındakı məsum, sabaha ümidli Vaqif əmini anır.
Bir başqası onunla enişli-yoxuşlu əmək yollarında addımlamağa lap ilk gənclikdən birgə başlayıb – fəhlə olublar, eyni illərin, ayların, bənzər sualların, oxşar çətinliklərin qayğıları, həyəcanları ilə yaşayıblar.
Bir başqası onu iş yoldaşı, bir ayrısı yol yoldaşı, bir digəri yaxın qonşusu kimi yada salır.
O ömür dəmləri bir-birindən seçilir, ayrılır, lakin hamısını qovuşduran cəhət budur ki, eyni hədəfə vurur.
Hansı gözlə, hansı məsafədən baxılmasından asılı olmayaraq, Vaqif əmini sadə, təvazökar, müdam kömək əlini uzatmağa hazır olan, həlim, mehriban, şəfqətli bir insan kimi təqdim edirlər.
Ona görə bu qəbil xatirələrin həm də başqalarına dərs, ibrət olan tərəfi də var - elə yaşamalı ki, həyatda olmayanda da yaşaya biləsən, işığın kəsilməsin, rəhmətlə anılasan, səndən ötrü balaların başıaşağı olmasın, əksinə, iftixar edə bilsinlər ki, belə valideynləri olub.
Varlığında və hər əməlində işıq gəzdirən adam.
Nə qədər yaxşı insan olduğunu görməkçün əlavə çırağa, işığa ehtiyac qalmayan insan.
Özü də bir işıq, çıraq olan adam!
P.S. Mən bu yazını sağlığında yazmağa söz vermişdim. Amma son vaxtlar başım bir kitabın hazırlanmasına qarışdığından unutmuşşdum. Amma sənin qəfil bizləri tərk etməyin unutqanlığımı götürdü, bu kövrək xatirə yazısını yazmağa təhrik etdi. Nə deyə bilərəm?
Allah sənə rəhmət eləsin, Vaqif əmi! Nə vaxtsa görüşəcəyik!
Qardaşoğlun Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay