Xəbərlər / Nesr
18.01.2024, 19:13
QƏDİM NAXÇIVAN DİYARININ SEMİNARİSTLƏRİ - FOTO
QƏDİM NAXÇIVAN DİYARININ SEMİNARİSTLƏRİ
RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ
pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim
LALƏ ZAHİR QIZI ALLAHVERDİYEVA
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin dekanı.
Azərbaycanda elmi-pedaqoji kadrların yetişməsində, xalqın mədəni inkişafında XIX əsrin 70-ci illərinin ortalarında Gürcüstanın Qori şəhərində yaradılmış Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının böyük rolu olmuşdur Bu seminariya 1876- cı ilin 12 sentyabrında fəaliyyətə başlamış, 1879-cu il 1 sentyabrda seminariyanın Azərbaycan şöbəsi açılmış, 1918-ci ildə isə seminariyanın Azərbaycan şöbəsi Firudin bəy Köçərlinin rəhbərliyi ilə Qazaxa köçürülmüşdür.
Seminariyanın Azərbaycan şöbəsinin 40 illik fəaliyyəti dövürndə 300 – yaxın müəllim kadrları hazırlanmışdır. Bu məzunlar Azərbaycanın müxtəlif guşələrindən buraya gələrək təhsillərini başa vurmuş, öz yurdlarına dönərək xalqın maariflənməsində, tərəqqi etməsində, təhsilin inkişafında dəyərli işlər görmüşlər.
Seminariyanın yetirmələri nəinki Azərbaycanda, həmçinin Zaqafqaziyada ictimai-siyasi, elmi-pedaqoji mühitin inkişafında, təhsilin, maarif və mədəniyyətin yüksəlişində, xalqlar arasında dostluq əlaqələrinin yaranmasında mütərəqqi rol oynamışlar.
Qədim Naxçıvan diyarı tarix boyu elm və mədəniyyətin mərkəzi oilmuşdur. Naxçıvan dünya elminə, təhsilinə maarif və mədəniyyətinə layiqli töhfələr vermişdir. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev 2023- cü ilin 30 dekabrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamında qeyd edilir ki,“Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir (1).
Naxçıvan diyarı qədim və orta əsrlərdə olduğu kimi, sonrakı dövrlərdə XIX əsrin sonlarında da Naxçıvan gəncləri elm və təhsil almaq üçün başqa ölkələrə də üz tutmuşlar. Gürcüstanın Qori şəhərində yaradılan Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına qədim Naxçıvan diyarından gedən məzunalar olmuşdur ki, onlar elmin, maarif və mədəniyyətin yayılmaısnda, təhsilin inkişafında böyük xudmətlər göstərmişər.
Qori Müəllimlər Seminariyasının naxçıvanlı məzunlarından biri Mirzə Əliməmməd Xəlilov Naxçıvanın mötəbər ziyalılarından olmuşdur. O, 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Mirzə Əliməmməd Xəlilov şəhər ikisinifli məktəbini bitirdikdən sonra 1879-cu ildə Qori Seminariyasının ilk müdavimlərindən olmuş və xüsusi istedadı sayəsində beş illik seminariya təhsilini iki ilə başa vurmuş, yalnız “əla” qiymətlərlə oxumuş, 1881-ci ildə buranı bitirmişdir ki, seminariyanın ilk azərbaycanlı məzunlarından biri hesab edilir.
Mirzə Əliməmməd Xəlilov 1881-1885-ci illərdə Naxçıvan şəhər üç sinifli məktəbində müəllim və inspektor köməkçisi kimi çalışmış, 1881-1882-ci tədris ilində isə yeniyetmə Cəlil Məmmədquluyevə dərs demişdir. M.Ə.Xəlilovun Qori Müəllimlər Seminariyasının ənənələri haqqında, oradakı təhsil sistemi haqqında öz şagirdlərinə, gənclərə danışması, maraq yaratması heç şübhəsiz onların da bu seminariyaya üz tutmasında böyük rol oynamışdır.
Arxiv sənədinə əsasən Qori Müəllimlər Seminariyasını bitirmiş Mirzə Əliməmməd Xəlilov 1885-ci ilin 20 sentyabrında açılmış Baş Noraşen (İndiki Cəlilkənd) ikisinifli kənd məktəbinin ilk müdir –nəzarətçisi təyin olunmuşdur... (3) .
Mirzə Əliməmməd Xəlilov məktəbdarlıqla, mətbuat və teatr işləri ilə fəal məşğul olmuşdur. O Naxçıvan teatrının inkişafında böyük xidmətlər göstərmişdir. Bir çox teatr tamaşaları 1890-cı illərdə Mirzə Əliməmməd Xəlilovun evində təşkil olunmuş və özü də aktyor və ya rejissor kimi fəaliyyət göstərmişdir (6, s. 475). Mirzə Əliməmməd Xəlilov rus dilli qəzet və jurnalların fəal oxucusu olmuş, mətbuat orqanları ilə sıx əməkdaşlıq etmiş, şərq və qərb cərəyanlarının, yeniliklərin Naxçıvanda yayılmasına şərait yaratmışdır. Naxçıvanda “Qafqaz” qəzetinin təmsilçisi funksiyasını yerinə yetirmişdir. Həmin qəzetdə Naxçıvandan verilmiş xəbərlər və məlumatların əksəriyyəti onun tərəfindən yazılmışdır. Onun “Qafqaz” qəzetindən alınaraq “Tərcüman” qəzetində dərc edilmiş bir məqaləsində milli maarifçilik hərəkatında məktəbin, teatr və ədəbiyyatın rolu yüksək qiymətləndirilmişdir. Qori Seminariyasının müəllimi, inspektoru A.O.Çernyayevski Mirzə Əliməmməd Xəlilovu nəşr etmək istədiyi “Fikir” adlı qəzetdə əməkdaşlığa dəvət etmişdi. Lakin, bu qəzetin nəşrinə A.O.Çernyayevski çox çalışmışdırsa da buna nail ola bilməmişdir.
Qori Müəllimlər Seminariyasının məzunu Mirzə Əliməmməd Xəlilov 1881-1882-ci illərdə tanınmış alim-pedaqoq Simferopol Gimnaziyasını bitirmiş (1852-ci il) Naxçıvan Şəhər Məktəbinə müəllim-inspektor vəzifəsinə təyin olunmuş (1879 -1883-cü illər) K.A.Nikitin (1832-1894) və 1875-ci ildə Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunu bitirmiş mükəmməl biliyə, demokratik dünyagörüşə, malik gürcü ziyalısı 1881-1884-cü illərdə Naxçıvan Şəhər Məktəbində coğrafiya müəllimi kimi çalışmış G.Uturqauri hər üçü birlikdə “Naxçıvan şəhərinin meteoroloji gündəliyi”ni hazırlamışlar (7, s. 476). K.A.Nikitin özü isə Naxçıvan Şəhər Məktəbində 1879-1882-ci illərdə Cəlil Məmmədquluzadənin müəllimi olmuş və o Naxçıvanda olduğu müddətdə “Naxçıvan mahalı və Naxçıvan qəzası”, “Naxçıvan əyalətində xalq inamları” adlı əsərlər də yazıb Tiflisdə nəşr etdirmişdir.
Naxçıvandan Qori Müəllimlər Seminariyasının ilk məzunlarından biri də Mirzə Ələkbər Süleymanov (1862-1921) olmuşdur . O birinci buraxılış ilində - 1882-ci ildə Seminariyanı bitirərək Naxçıvana qayıtmış, Şərur rayonunun Yengicə kənd məktəbinə müdir təyin edilmiş, 1890 - 1894-cü illərdə Baş Noraşen 2 sinifli zemstvo məktəbində müəllimlik etmiş, 1894-cü ildən isə ilk açılış ilindən M.T.Sidqinin Naxçıvanda təşkil və təsis etdiyi məşhur “Tərbiyə” məktəbində rus dili dərsi demişdir (1894-1906) (8).
Seminariya məzunu M.Ə.Süleymanov Naxçıvanın ictimai-siyasi, elmi-pedaqoji və ədəbi həyatında fəal iştirak etmiş, xalqı, tərəqqiyə, elmə, maarifə çağırmışdır. O 1882-ci ildə yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi Eynəlibəy Sultanovun (1866-1935) Naxçıvanda ilk dəfə evində yaratdığı “Ziyalı cəmiyyəti”nin fəal üzvü olmuşdur.
M.Ə. Süleymanov Naxçıvan şəhər üçsinifli məktəbində ana dili və ilahiyyat müəllimi (1906-1909), daha sonra da həmin məktəbdə inspektor köməkçisi kimi də çalışmışdır (1910-1914).
Böyük demokrat yazıçı, dramaturq, böyük müəllim və pedaqoq Cəlil Məmmədquluzadə (1869-1932) Qori Müəllimlər Seminariyasına daxil olmaq arzusunda olanların ən fəalı, ən səbatlısı və ən inadcılı olmuşdur.
Cəlil Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasına kim tərəfindən cəlb edilməsi, necə getməsi, oradakı təhsil illəri, seminariya tələbəsi kimi pedaqoji təcrübələri, imtahanları, seminariyadakı zaçot və sınaq dərslərinin protokol və icmalları ilk dəfə olaraq Akademik İsa Həbibbəyli dəyərli monoqrafiaysında sənədlər əsasında geniş və ətraflı təhlil və tədqiq etmiş, yazıçının tərcümeyi-halı, şəxsiyyəti, müasirləri, ədəbi-pedaqoji mühiti haqqında qiymətli məlumatlar üzə çıxarararq ədəbi və pedaqoji ictimaiyyətimizə çatdırmışdır (5).
C.Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasına müdavim kimi yazılması hələ 1879-cu ildə - A.O.Çernyayevski Naxçıvana müdavim toplamağa gələrkən qeydə alınmışdır. Lakin o zaman gələcək böyük insanın yaşının az olması (10 yaş) buna imkan verməmişdi. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu övladının Qori Müəllimlər Seminariyasına daxil olması haqqında arzusunu yerinə yetirmək üçün üç dəfə -1880, 1881, 1882-ci illərdə ərizə ilə seminariyanın rəhbərliyinə müraciət etmişdir. Lakin, hər dəfə “yaşı azdır” – deyə onu seminariyaya qəbul etməmişlər. Nəhayət sonuncu dəfə “C.Məmmədquluzadənin yaşı seminariyanın tələblərinə uyğunlaşdırılaraq “16 yaş kimi” göstərildikdən sonra 1882-ci ilin 02 iyulunda onun imtahanlara buraxılmasına icazə verilmişdir (5, s.34). Beləliklə, C.Məmmədquluzadə ilahiyyatdan, rus dilindən, hesabdan, ana dilindən müvəffəqiyyətlə qəbul imtahanları verərək 1882-ci ilin 08 sentyabrından seminariyada dərslərinə başlamışdır.
Qori Müəllimlər Seminariyası Cəlil Məmmədquluzadənin həyatında mühüm müsbət dəyişikliklər yaratmış, əlamətdar izlər buraxmışdır. Seminariya dövrü Mirzə Cəlilin ümumi inkişafında, yazıçılıq taleyində, mənəvi zənginliyində mühüm rol oynamışdır. C.Məmmədquluzadə seminariyada N.Nərimanovla (1870-1925), S.S.Axundovla (1875-1939), F.Köçərli (1863-1920) ilə bir dövrdə təhsil almışdır ki, bu böyük insanların dostluğu, əməl və məslək birliyinin təməli də məhz Qoridə - pedaqoji elm məbədində qoyulmuşdur.
C.Məmmədquluzadə seminariyada oxuduğu illərdə seminarist İsmayılbəy Şəfibəyovla yaxın dostluq münasibətlərində olmuşdur. İ.Şəfibəyov 1882-cı ildə seminariyaya daxil olmuş 1887-ci ildə seminariyanı bitirmişdir. (1884-1885-ci illərdə rus dili fənnindən “qeyri kafi” qiymət aldığından sinifdə də saxlanılmışdır). İ.Şəfibəyovun təhsilində irəliləməsinə kömək göstərilməsində C.Məmmədquluzadənin qayğısı və köməyi pedaqoji sənədlərdə aydın hiss edilməkdədir. İ.Şəfibəyov Seminariyanı bitirərkən C.Məmmədquluzadəni Şuşaya dəvət etmiş və orada C.Məmmədquluzadə Xurşudbanu Natəvanla, Ə.Haqverdiyevlə görüşmüşdür.
C.Məmmədquluzadə Qori seminariyasını bitirdikdən sonra İrəvan quberniyasının Uluxanlı məktəbində, Baş Noraşen (indiki Cəlilkənd) iki sinifli zemstvo məktəbində, Naxçıvan və Nehrəm məktəblərində müəllimlik etmiş, ədəbi, bədii, pedaqoji yaradıcılıqla məşğul olmuş, dəyərli hekayələr, ölməz dram əsərləri yazmış, maarifçilik ideyalarını yaymış, mədəni - maarif tədbirlərində iştirak etmiş, fəal ictimai-ədəbi, pedaqoji mühit yaratmış, xalqın maariflənməsi, tərəqqi etməsi üçün Tiflisdə bütün Şərqdə tanınan və məşhur olan, ətrafına yaradıcı qüvvələri birləşdirən “Molla Nəsrəddin” jurnalı nəşr etdirmiş (1906, 20 aprel), ömrünü xalqın maarifinə, mədəniyyətinə və tərəqqisinə həsr etmişdir.
Mirzə Əbülqasım Sultanov Mirzə Cəlillə eyni illərdə Naxçıvan şəhər üçsinifli məktəbində, daha sonra da Qori Müəllimlər Seminariyasında bir yerdə təhsil almışdır. Lakin Ə. Sultanov 1885-ci ildə xəstələndiyindən bir il sinifdə saxlanılmış və 1888-ci ildə seminariyanı bitirərək Şərur qəzasının Şahtaxtı kənd məktəbinə təyinat almışdır. O Seminariyada oxuduğu dövrdə “Ədəbiyyatşünaslıq dəftəri” adlı dərs vəsaiti yazmışdır ki, bu gün o vəsait Naxçıvan MR Tarix- Diyarşünaslıq muzeyində saxlanılır ( fond KP, № 2320). Onun “Ədəbi nümunələr müntəxəbatı” adlı yenə bir dərs vəsaiti də vardır.
Mirzə Əbülqasım Sultanov ömrünün sonlarını Qəzvində keçirmiş orada da 1916-cı ildə dünyasını dəyişmişdir. Qəzvindən yazdığı məktublarından onun xalqın maariflənməsi üçün nə qədər qayğı göstərdiyi görünür: ”İnsanın cövhəri, qədr və qiyməti elm təhsil etməsidir. Hərgah müsəlman milləti sair millətlər kimi elmi vacib bilib oxusaydı, bu gün başına cürbəcür bəlalar gəlib, vadiyi-zülmətdə qalmazdı, abu-xak və müqəddəs Vətən əldən getməzdi. Nə deyim, nə yazım, qoy qalsın. Ancaq suznak ah çəkməkdən başqa özgə bir əlac əldən gəlmir. Lənət gəlsin o atalara ki, elm, fənn və sənətdən kənar düşüb, bəzi biməna sözlərə inanıb öz övladlarının haqqında zülm ediblər. Yan, qəlbim, yan! Şölə çək!” (4, s.275).
Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Yavuz Axundlu baba və nəvə Əbülqasım Sultanovlar haqqında çox səmimi və tarixi dəyərə malik sözlər deyir: “Mənim gənclik dostlarımdan olan Əbülqasım Sultanov səmimiliyi, xeyirxahlığı, sədaqəti ilə xatirəmdə yaşayır. Babası Əbülqasım Sultanovun adını daşısa da hamı onu şəhərdə də, evdə də Fikrət kimi tanıyırdı...Fikrət ömrünün sonuna kimi Naxçıvan Mədəniyyət Nazirliyi sistemində işləyirdi. 30 ilə yaxın Bəhruz Kəngərli adına Naxçıvan Tarix muzeyinin direktoru vəzifəsində çalışmışdır ...Fikrətin atası Mənsur Sultanov Yerevan Seminariyasını bitirmiş ziyalı idi... Baba Əbülqasım Sultanov...C.Məmmədquluzadə ilə birlikdə Qori seminariyasında oxumuş, 1888-ci ildə seminariyanı bitirib Şahtaxtı kəndində pedaqoji fəaliyyətə başlamışdır. Sonra Naxçıvan şəhərində müəllimlik etmiş, yerli ziyalılarla birlikdə Naxçıvan şəhərində teatrın yaradılmasında fəal iştirakçı olmuş, uzun illər müxtəlif tamaşalarda ayrı-ayrı rollarda oynamışdır...”(9, s. 121).
Seminariyanın naxçıvanlı məzunlarından biri də Məmmədhüseyn Mirzə Tağı oğlu Xəlilovdur. M.Xəlilov Naxçıvanda C.Məmmədquluzadənin təhsil aldığı şəhər məktəbini bitirmiş və oradan da onların böyük dostluğu başlamışdır. Məmmədhüseyn Xəlilov seminariyanı bitirərkən “Qafqazlı yetirmələrin Rusiya taxt – tacına və Vətəninə xidmətləri” mövzusunda yazdığı buraxılış işində sərkərdə Lazarevin, knyaz Baqrationun və Kalbalı xan Naxçıvanskinin hərbi və maarifçilik fəaliyyətini geniş işıqlandırmışdı. Əsər məşhur Paris sərgisində nümayiş etdirilmişdir (8). Müasirləri Məmmədhüseyn Xəlilovu “Xalq müəllimi” kimi yüksək ada layiq görmüşlər. Məmmədhüseyn Xəlilov Naxçıvan teatrında aktyorluq və suflyorluq etmişdir.
Qori Müəllimlər Seminariyanın daha bir naxçıvanlı məzunu Xəlil İsmayıl oğlu Hacılarov (1895-1970) olmuşdur. O “1922-ci ildən fəaliyyətə başlayan Naxçıvan Müəllimlər Seminariyasının ilk direktoru olmuşdur ki, bu Seminariya 1923-1924-cü tədris ilində pedaqoji texnikuma çevrilmişdi. Xəlil Hacılarovun köməkçisi Əbdüləzim Talıb oğlu Rüstəmov (1887-1953), coğrafiya müəllimi, Həsən Səfərli riyaziyyat müəllimi, Həsən Qazıyev təbiət müəllimi, İbrahimxəlil Axundov bədən tərbiyə müəllimi təyin olundular” (6. s. 24).
Əziz Şərif Xəlil Hacılarov haqqında yazır: “Naxçıvan ziyalılarından Xəlil Hacılarov Qori Seminariyasında oxuyurdu. Onu qurtarandan sonra Tiflisdə Müəllimlər İnstitutunu da qurtarıb, bütün ömrünü müəllimliyə həsr etmişdi. Əvvəlcə, Naxçıvan mahalında, sonra isə Gürcüstanda və Tiflisdə maarif sahəsində çalışırdı. Mən də Tiflisdə yaşayan zaman onunla köhnə dost və yerli kimi tez-tez görüşərdik” (4, s. 254). “İstiqlal” ordenli, Əməkdar Müəllim, dosent Lətif Hüseynzadənin xatirələrindən, yazılarından məlum olur ki, Xəlil Hacılarov Naxçıvan Müəllimlər Seminariyasında direktor, sonrakı illərdə isə yeni üsul məktəbi olan “Rüşdiyyə” məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. Sonralar bu Seminariya Cəlil Məmmədquluzadə adına Naxçıvan Pedaqoji Texnikimu adlandırılmışdır ki, Ulu Öndərimiz Heydər Əliyev 1938-1939-cu tədris ilində bu pedaqoji texnikumun məzunu olmuş və yalnız “Əla” qiymətlərlə buranı bitirmişdir.
Qori Müəllimlər Seminariyasının bir naxçıvanlı məzunu da, Sidqinin “Tərbiyə” məktəbinin yetirməsi, yazıçı, jurnalist, tərcüməçi Əli Səbri Qasımov (15.04.1892-19.02.1983) olmuşdur. O Babək rayonunun Nehrəm kəndində doğulmuşdur. 1909-cu ildə Qori seminariyasına daxil olmuş və 1913-cü ildə bu seminariyanı bitirdikdən sonra bir müddət Bakıda rus-tatar məktəbində müəllimlik etmişdir. Birinci Dünya Müharibəsi illərində Xeyriyyə Cəmiyyətlərinin xətti ilə Azərbaycanın, Gürcüstanın, Türkiyənin müxtəlif bölgələrində fəaliyyət göstərmişdir. 1918-ci ildə Naxçıvanda erməni təcavüzünə qarşı könüllü xalq dəstələrinin yaradılmasında təşəbbüskarlıq göstərmiş və özü də bu dəstəyə qoşulmuşdur. Naxçıvanın Azərbaycanın tərkibində qalması haqqında Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskelə təqdim etdiyi sənədin altında Əli Səbri Qasımovun da imzası vardır. Sənədi təqdim edərkən Əli Səbri demişdir: “Əgər bizim tələblərimiz qəbul edilməzsə, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silah qoruyacaqlar”. 1919-cu ilin yayında ingilis-daşnak birləşmələri Naxçıvanda kütləvi həbslərə və repressiyalara başlayarkən Əli Səbri Qasımov da həbs olunaraq Aleksandropola (Gümrüyə) sürgün edilmişdir. Daha sonralar sovetləşmədən sonra da repressiya illərində Ə.Səbri bir neçə dəfə həbs olunmuşdur. Bütün bu əzablı, mürəkkəb həyat yoluna baxmayaraq o bədii, publisistik yaradıcılığını həmişə davam etdirmişdir.
Əli Səbri “Molla Nəsrəddin” jurnalında “Tağyanuszadə” imzası ilə çıxışlar etmiş, “Solğun çiçək” romanını, “Balaca və Xallı” povestini yazmışdır. Əli Səbrinin “Xatirələr”indən məlum olur ki, o seminariyada dərs deyən Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev və başqa ziyalılarla həmişə yaxın əlaqə və münasibətdə olmuş, F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları”nın üzünü köçürmüş, bədii yazılarını, başqa dillərdən etdiyi tərcümələrini də Firudin bəyə oxumuş, ondan məsləhətlər almışdır.
Əli Səbri Qasımov 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil almışdır. “Maarif işçisi” jurnalının redaktoru, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor, Azərbaycan yazıçılar İttifaqı ədəbi fondunun sədri olmuş, bir çox povest və hekayələr yazmış, rus və dünya ədəbiyyatından Azərbaycan dilinə tərcümələr etmişdir.
Qori Müəllimlər Seminariaysının daha bir çox məzunları vardır ki, onlar da maarif və mədəniyyətimzin, təhsiliminz inkişlafında böyük xidmətlər göstərmişlər.
Ümumiyyətlə Qori Müəllimlər Seminariyasının məzunları Qafqazda, Azərbaycanda, o cümlədən Naxçıvanda elmin maarif və mədəniyyətin tərəqqisinə xeyli kömək etmiş, yeni məktəblər açmış, qəzet və jurnallar buraxmış, mütərəqqi ideyaları təbliğ etmiş, dərslik və dərs vəsaitləri yazmış, qadınları təhsilə cəlb etmiş, savadsızlığı ləğv etmiş, teatr tamaşaları vermiş, aktyor və rejissor kimi fəaliyyət göstərmişlər.
Ə D Ə B İ Y Y A T
1. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi haqqında sərəncamı. 30 dekabr, 2023- cü il.
2. Ağayev Ə.Ə., Rzayev V.M. Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən. Bakı, Təhsil, 2004, 136 s.
3. Cəfərov F. 120 yaşlı məktəb.”Şərq qapısı” qəzeti, 23 iyun, 2006-cı il.
4. Əziz Şərif. Keçmiş günlərdən. Bakı, Yazıçı, 1983, 614 s.
5. Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə mühiti və müasirləri. Bakı, Azərnəşr, 1997, 684 s.
6. Hüseynzadə L.T. Naxçıvan teatr tarixindən. Bakı, Araz, 2002, 65 s.
7. Hüseynzadə R.L. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı, ADPU, 2020, 538 s.
8. Xəlilov T. F. XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə Qori Müəllimlər Seminariyası məzunlarının rolu. Məqalə. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2014, №1 (57)
9. Yavuz Axundlu. Məqalələr və xatirələr. Naxçıvan, 2007, 128 s.
SUMMARY
Dr.prof. R.L.Huseynzadeh
Dr.doç. L.Z. Allahveriyeva
SEMINARISTS OF THE ANCIENT LAND OF NAKHCHIVAN
Graduates from Gori Seminari are much spoken in this article. Many outstanding persons such as. C.Mammedquluzade, A. Suleymanov, E. Sultanov, M. A. Halilov who were very famous for their works studied in this seminary. They were graduates of this seminary.
РЕЗЮМЕ
СЕМИНАРИСТЫ ДРЕВНЕЙ ЗЕМЛИ НАХЧИВАН
Проф. Р.Л.Гусейнзаде
Доц. Л.З.Аллахвердиева
В статье говорится о Нахчыванских выпускниках семинарии Гори. Указывается что, многие выдающийся люди, такие как Дж.Мамедкулизаде, Алекпер Сулейманов, Абулкасим.Султанов, Mамедгусейн Халилов, Халил ага Гаджиларов, Алекпер Мамедханов, Али Сабри Касумов и др.были выпускниками этой семинарии.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay