Dövlətimiz hər bir imkanı şəhid ailələri və qazilərin xeyrinə maksimum dəyərləndirir

Baxış Sayı:77

Dövlətimiz hər bir imkanı şəhid ailələri və qazilərin xeyrinə maksimum dəyərləndirir
Azərbaycan Respublikası Milli Məclisinin dekabrın 3-də keçirilmiş iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Dəyişikliyə əsasən Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilib.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Milli Məclisin dekabrın 3-dəki iclasında müzakirəyə çıxarılan bu dəyişiklik hər şeydən öncə dövlətin şəhid ailələri və qazilərə qayğı və diqqətinin növbəti təzahürüdür: “Bu dəyişiklik Vətən müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsinə, onların sosial müdafiəsinin güclənməsinə xidmət edir.

Bir fakta nəzər salım ki, dövlətimiz bugünə qədər şəhid ailələrinin, o cümlədən müharibədə əlil olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı və çoxşaxəli addımlar atıb. Şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunub ki, bu da dövlətimizin bu kateqoriyadan olan şəxslərə hansı miqyasda diqqət göstərdiyini əks etdirir".

Polkovnik qeyd edib ki, Qarabağda geniş quruculuq işlərinin həyata keçirildiyi bir zamanda dövlətin şəhid ailələrinə, qazilərə yönəlik sosial layihələri genişləndirməsi, dövlətin vətən müdafiəçilərinə olan münasibətini əks etdirir. Artıq bir ilə yaxındır ki, erməni işğalı nəticəsində viran qalan Qarabağ və ətraf rayonlarda geniş quruculuq işləri həyata keçirilir. Bu işlər böyük maliyyə vəsaiti tələb edir. Lakin buna baxmayaraq dövlətimiz şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahını daha da yaxşılaşdırmaq üçün heç bir fədakarlıqdan çəkinmir, hər bir imkanı Vətən müharibəsi iştirakçılarının xeyrinə maksimum dəyərləndirir. Bu yanaşma Prezident İlham Əliyevin müharibə iştirakçılarına, vətən müdafiəçilərinə nə qədər böyük dəyər verdiyini göstərir”.

“Mən Milli Məclisin iclasında müzakirə edilən vergi dəyişikliklərini alqışlayıram. Əminəm ki, bu dəyişiklik şəhid ailələrinin, qazilərin, müharibə əlillərinin sosial rifahını daha da yaxşılaşdıracaq, onların sosial müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək”, - deyə polkovnik vurğulayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR